Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2049/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X5) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8537/2022 nömrəli 20 oktyabr 2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8537/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim Həmid Ağalarov) iddia təmin edilmiş, ünvan 1 ünvanından X2 qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs X5 apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar tam qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən bir sıra maddi və prosesual huquq normalarının tələbləri pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, işdə olan sübutlar sadalansa da, həmin sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İddiaçının mübahisəli ünvanda olan yaşayış sahəsinə heç bir mülkiyyət hüququ yoxdur, həmin yaşayış sahəsi özbaşına tikilidir, həmin yaşayış sahəsindən hər ikisinin istifadə hüququ eynidir və qeydiyyatları da eyni vaxtdan (2005-ci ildən) vardır. Həmin özbaşına tikilini birgə nikah müddətində almışlar və qeydiyyata alınmışlar. Ona görə də adı çəkilən qərar tam ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırkı iş üzrə 3-cü şəxs olan Abasova (Bayramova) Rəna Fazil qızı hazırda iddiaçı olan İddiaçı ilə Saatlı rayonunun Xanlarkənd kəndində 1994-cü ildə faktiki olaraq ailə qurmuşlar, lakin nikahlarını 1996-cı ildə rəsmiləşdirmişlər, ailə qurduqdan sonra 3-4 il müddətində kənddə yaşamışlar, təxminən 1998-ci ildə ünvan 2 ünvanda olan 2 otaqlı özbaşına tikilini almışlar. Həmin yaşayış sahəsində 6-7 il qeydiyyatsız yaşamışlar və 2005ci ildə məhkəmə qətnaməsinə əsasən qeydiyyata düşmüşlər. Uzun müddət həmin evdə birgə yaşamışlar, lakin ailə münasibətlərində problemləri olduğundan 2012-ci ildə məhkəmə qaydasında boşanmışlar. Boşandıqdan sonra da 3-4 il Rəna həmin evin bir otağında yaşamış, keçmiş əri Rafiq isə digər otaqda yaşamışdır. Onun bütün cehiz əşyaları da həmin evdə olmuşdur. Hazırda iddaçı olan keçmiş əri Rafiqin ona qarşı olan təzyiq və təhdidlərinə dözməyərək 2016-cı ildə həmin evdə çıxmağa məcbur olmuş, təxminən bir il anasının, qardaşının yanında yaşamışdır. Rafiq ondan yenə də əl çəkməmiş, təhdidlərini davam etdirmiş və bu səbəbdən də ölkəni tərk etməyə məcbur olmuşdur. Hal-hazırda müvəqqəti olaraq Avstriya Respublikasında yaşayır. Bu müddətdə Rəna Abasova heç kimlə ailə qurmamışdır. Onun cehiz əşyaları da hazırda mübahisəli ünvanda olan 2 otaqlı evdədir. Yaxın vaxtlarda Rəna Abasova Azərbaycan Respublikasına qayıtmaq istəyir və qeydiyyatda olduğu həmin evə köçmək istəyir. Azərbaycan Respublikasının vətəndaşı olaraq Rəna Abasovanın həmin ünvanda olan qeydiyyatdan çıxarılması nəticəsində isə onun hüquqları kobud şəkildə pozulmuş olur. Məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, işdə olan sübutlara, habelə için faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, həmin sübutlara iddiaçının xeyrinə hüquqi qiymət verilmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi ünvan 3 ünvanda olan 2 otaqlı yaşayış sahəsi olan ev özbaşına tikilidir, həmin ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət kimi qeydiyyata alınmamışdır. Bu fakt onu təsdiq edir ki, hazırda iddiaçı olan İddiaçı həmin ünvanda olan evin mülkiyyətçisi deyildir. Rəna Abasovanın da onunla bərabər hüququ vardır, yəni həmin ünvanda qeydiyyatdadır. Həmin yaşayış sahəsində yaşamamasının səbəbi də üzrlüdür. Belə ki, nikahları pozulduqdan sonra da Rəna həmin evdə 3-4 il iddiaçı ilə birlikdə, lakin ayrı-ayrı otaqlarda yaşamışdır. Rəna Abasova keçmiş ərinin təzyiq və təhdidlərinə dözməmiş, həmin evdən çıxmağa məcbur olmuşdur. Belə olan halda onun həmin evdən istifadə etməməsi üzrlü səbəbdən olmuşdur. Məhkəmə qərarında istinad etdiyi maddi hüquq normalarında, habelə adları yuxarıda qeyd olunan qanun və qərarlarda mülkiyyətçi hüquqlarına istinad edilir. İddiaçı mülkiyyətçi deyildir. Onun ümumiyyətlə belə bir iddia qaldırmaq hüququ olmamışdır. Cavabdeh olan Nərimanov rayon Polis İdarəsinin imtinası tam qanuni və əsaslı olmuşdur. Ona görə də iddia tələbi təmin edilməməli idi. X2 Azərbaycan Respublikasında yeganə yaşayış sahəsi olan qeydiyatda olduğu ünvan 4 ünvandan qeydiyyatdan çıxarılması barədə həmin yaşayış sahəsinin mülkiyyətçisi olmayan İddiaçı Bakı şəhəri Nərimanov RPİ-nə qarşı olan iddia tələbi tam qanunsuz və əsassızdır. Eyni zamanda həmin iddianın təmin edilməsi barədə olan Bakı İnzibati Məhkəməsinin adı çəkilən qərarı da tam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qeyd olunanlara əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə istinad edilərək iddiaçıya üçüncü şəxsin pasport qeydiyyatından çıxarılması ilə əlaqədar olaraq məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəriman Rayon Məhkəməsinin 2-1574/2005 nömrəli, 08 sentyabr 2005-ci il tarixli qətnaməsindən görünür ki, Nərimanov rayon Pİ-nin Q və ŞVB-nin rəisinin hərəkətsiziliyinin qeyri-qanuni hesab edilməsi, İddiaçı Bakı şəhəri, A.Qərib küçəsi 61 «a» saylı evdə istifadə hüququnun tanınması və həmin evə pasport qeydiyyatına alınması, qətnamənin icrasının Nərimanov rayon Pİ-nin Q və ŞVB-yə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-74/2012 nömrəli, 08 may 2012-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X3 ilə İddiaçı arasında 23 avqust 1996-cı il tarixdə Saatlı rayon Xanlarkənd İƏV-də bağlanmış və 06 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahları pozulmuşdur. İş materiallarında olan AZ-İ № 343888 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 ilə İddiaçı arasında nikah ləğv edilmişdir, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 220 nömrəli ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Abasova soyadı verilmişdir. İş materiallarında olan “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X5 (xx.xx.1974) ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 7 ünvanında yerləşən mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda məktubunda qeyd edilmişdir ki, ünvan 7 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş 18 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 Qərib küçəsi 61A №-li evdə pasport qeydiyyatındadır. Hal-hazırda faktiki olaraq bu ünvanda yaşamır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X5 xx.xx.2005-ci il tarixdən ünvan 7 ünvanında qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərilməsi mümkün deyildir. İş materiallarında olan Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, X5 xx.xx.2017-ci il tarixdə ölkədən çıxmışdır. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə üçüncü şəxs X5 xx.xx.1996-cı ildə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-74/2012 nömrəli, 08 may 2012-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuşdur. Bakı şəhəri Nəriman Rayon Məhkəməsinin 2-1574/2005 nömrəli, 08 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, A.Qərib küçəsi 61 «a» saylı evdə istifadə hüququ tanınmış və o, həmin evə pasport qeydiyyatına alınmışdır. X5 isə həmin ünvanda xx.xx.2005-ci il tarixdən qeydiyyatdadır. İddiaçı üçüncü şəxsin həmin ünvandan qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə nəzərdə tutulmuş sənədlərdən hər hansı birini təqdim etmədiyi üçün müraciətin təmin edilməsindən imtina etmişdir. Hal-hazırda iddiaçı cavabdeh orqanın imtinasını mübahisələndirir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında qeyd olunan mövqe yaşayış sahəsinə istifadə hüquqları ilə bağlı ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan hallardır. Hazırki halda isə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan biri təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nəriman Rayon Məhkəməsinin 2- 1574/2005 nömrəli, 08 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə iddiaçının Bakı şəhəri, A.Qərib küçəsi 61 «a» saylı evdə istifadə hüququ tanınmışdır və o, həmin evə pasport qeydiyyatına alınmışdır. Həmin qətnamədə iddiaçı tərəfindən verilmiş izahatda o, həmin ünvanda 1990-cı ildən ailə üzvləri ilə birlikdə yaşadığını qeyd etmişdir. xx.xx.1996-cı ildən isə iddiaçı üçüncü şəxslə nikah münasibətlərində olmuşdur və üçüncü şəxs həmin ünvanda xx.xx.2005-ci il tarixdən qeydiyyatdadır. Üçüncü şəxs isə apellyasiya şikayətində həmin ünvanda 1998-ci ildən yaşadığını qeyd etmişdir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasların dairəsi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində konkret müəyyən edilmişdir. Üçüncü şəxsə münasibətdə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birininin, o cümlədən üçüncü şəxsin yaşayış sahəsindən çıxarılması və ya onun yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu müəyyən edilmir. İddiaçı ilə üçüncü şəxs arasında xx.xx.1996-cı ildən ailə münasibətləri mövcud olduğundan və üçüncü şəxs xx.xx.2005-ci il tarixdən qeyd olunan ünvanda qeydiyyatda olduğundan, eyni zamanda iddiaçı digər mülki işdə verdiyi izahatında həmin ünvanda 1990-cı ildən ailə üzvləri ilə birlikdə yaşadığını təsdiq etdiyi üçün qeyd olunan hallar, o cümlədən üçüncü şəxsin həmin ünvanda hansı tarixdən yaşamaması və bunun səbəbləri araşdırılmalıdır. Bu səbəbdən də üçüncü şəxsin istifadə hüququnun itirilməsi (və ya xitam verilməsi) və ya üçüncü şəxsin yaşayış sahəsindən çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu zəruridir. Lakin iddiaçı üçüncü şəxsə münasibətdə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birini məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Ona görə də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8537/2022 nömrəli 20 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2049/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2049/2023
14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver