Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-205/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X13, İddiaçının nümayəndəsi və vəkili X5 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə , İddiaçı (xx.xx.1973-cü il tarixində İmişli rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2-1(81)-1285/2017 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 21.12.2016-cı il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi, ev 3 saylı mənzilin mövcud vəziyyətinə əsasən adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* nömrəli, 16.12.2004-cü il tarixli çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 0.02643 kv.metr torpaq sahəsi dövlət istifadəsində olan torpaq sahəsi və 188.5 kv.metr ümumi sahədən, 88.2 kv.metr yaşayış və 100.3 kv.metr yardımçı sahələrdən ibarət 3 nömrəli ev xüsusi olaraq iddiaçının mülkiyyətindədir. Göstərilən çıxarışa əsasən bu evə X2 4/35 hissə payı (15.05.2006), X3 4/35 hissə (15.05.2006), X4 4/35 hissə (15.05.2006), İddiaçı 16/35 hissə (16.12.2014) və X7 1/5 hissə (29.11.2007) payı vardır. Nərimanov Rayon Məhkəməsinin iş № 1787/2004 saylı qətnaməsinə əsasən X7 1/5 hissə payı evin digər payçılarının payından ayrılmış və Bakı şəhəri, H.Sarabski küçəsi 3 saylı fərdi yaşayış evinin vətəndaş X6 məxsus hissəsi mövcud vəziyyətdə təsbit edilmişdir. Bu hal Bakı şəhəri, H.Sarabski küçəsi 3 saylı fərdi yaşayış evinin kartoçqasından da görünür. X8 (mərhumə) Bakı şəhəri, H.Sarabski küçəsi 3 saylı fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2-1(81)- 1285/2017 nömrəli qərarı ilə (hakim S.Alıyeva) iddia təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi 3 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus hissəsinin X7 ünvanından ayrılması, İddiaçı adına yeni ünvanın mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınaraq texniki pasportun və çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Qərar 09.03.2017-ci il tarixdə icra olunması üçün cavabdehə ünvanlanmışdır. 05.10.2020-ci il tarixdə cavabdeh qərardan apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2-1(81)-1285/2017 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 188,5 kv.m olan, 6 otaqlı fərdi yaşayış evi (yerləşdiyi 0,02643 ha torpaq sahəsi üzərində mülkiyyət növü – dövlət, hüququn növü - istifadə) paylı mülkiyyətdə olmaqla 4/35 hissəsi X2 (15.05.2006), 4/35 hissəsi X3 (15.05.2006), 4/3 hissəsi X4 (15.05.2006), 1/5 hissəsi X7 (29.11.2007) və 16/35 hissəsi isə İddiaçı (16.12.2014) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda da onların paylı mülkiyyətindədir. Lakin müvafiq ünvanda aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, müvafiq ünvanda sonradan yenidənqurma işləri aparılaraq əlavə sahələr (2-ci mərtəbə və mansard mərtəbəsi) inşa edilmişdir və müvafiq fərdi yaşayış evinin faktiki ümumi sahəsi 619,5 kv.m, 17 otaqdan ibarətdir. Həmçinin, müvafiq fərdi yaşayış evi vahid dam altında yerləşdiyindən və payçılara məxsus sahələr bir-birindən ortaq divarla ayrıldığından müvafiq ünvanda əlavə tikinti və yenidənqurma işləri aparılmadan evin naturada ayrılması mümkün deyil. Bu səbəbdən də mövcud qanunvericiliyin tələblərinə əsasən fərdi yaşayış evlərində əlavə tikinti inşa edilməsi və yenidənqurma işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Lakin müvafiq fərdi yaşayış evinin naturada ayrılmasına razılıq verilməsi ilə bağlı icra hakimiyyəti orqanının sərəncamı təqdim edilməmiş və faktiki olaraq evin naturada bölünməsi mümkün olmamışdır. Əlavə sahələrə dair təqdim olunmuş Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 86 saylı, 04.05.2015-ci il tarixli sərəncamı ilə razılaşdırılmış eskiz layihəsi arasında fərqlər mövcuddur. Belə ki, sərəncamda fərdi yaşayış evinin ümumi sahəsi 781,8 kv.m, 9 yaşayış otağı qeyd olunsa da, layihədə fərdi yaşayış evinin ümumi sahəsi 619,5 kv.m, 13 yaşayış otağı göstərilmişdir. Bundan əlavə, paylı mülkiyyətdə olan fərdi yaşayış evinin naturada bölünməsinə dair notarial qaydada təsdiqlənmiş və bütün payçılar tərəfindən imzalanmış bölgü sxemi, digər payçıların notarial qaydada təsdiq edilmiş razılıq ərizələri təqdim edilməmişdir. Bundan başqa, ərizəyə surəti əlavə edilmiş sənədlərin əsilləri təqdim edilməmişdir. Qeyd olunan səbəblərə görə, ərizələrin icrası tərəflərindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, müvafiq fərdi yaşayış evinin naturada ayrılması ilə İdarənin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi olmamış və bununla bağlı inzibati orqanın hər hansı hərəkət və ya hərəkətsizliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Lakin qeyd olunan hallar, o cümlədən iddiaçının iddia tələbinin mümkünlüyü birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, məhkəmə tərəfindən qeyd olunan hallar əsassız olaraq nəzərə alınmamış, digər payçılar məhkəmə tərəfindən üçüncü şəxs qismində cəlb edilməmiş, fərdi yaşayış evinin naturada bölünüb-bölünməməsini müəyyən etmək məqsədilə müvafiq ünvanda ekspertiza keçirilməmiş və müvafiq daşınmaz əmlaka dair qanunvericiliyin tələblərinə uyğun olan hüquqmüəyyənedici sənədlər olmadan qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Lakin müvafiq məhkəmə qərarı qanunvericiliyə uyğun qaydada düzgün əsaslandırılmamışdır. Bu səbəbdən də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2-1 (81 )-1285/2017 nömrəli qərarı ləğv olunmalı və İddiaçı iddia tələbi qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarından göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi, ev 3 saylı mənzilin mövcud vəziyyətinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2-1(81)-1285/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş, qərar qanuni qüvvəyə minmiş və icra olunması üçün cavabdehə ünvanlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski küçəsi 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində paylı mülkiyyət hüququ mövcud olmaqla, 4/35 hissəsi X2 (15.05.2006), 4/35 hissəsi X3 (15.05.2006), 4/3 hissəsi X4 (15.05.2006), 1/5 hissəsi X7 (29.11.2007) və 16/35 hissəsi isə İddiaçı (16.12.2014) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, işə birinci instansiya məhkəməsi icraatı qaydasında baxılarkən qeyd edilən fərdi yaşayış sahəsi üzərində paylı mülkiyyət hüququna malik olan şəxslər X9, X10, X11, X14 məhkəmə icraatına cəlb edilməlidir. Azərbaycan Respublikası İPM-nin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2017ci il tarixli, 2-1(81)-1285/2017 nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli, 2-1(81)- 1285/2017 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-205/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-205/2021
13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver