Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-205/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1597/2021 saylı 02.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 22-25 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Gənc yaşlarından əmək fəaliyyətinə başlamışdır. Ümumi 30 ilə yaxın iş stajı vardır. İşlədiyi Dövlət şirkəti ləğv edilərək, Dövlət Əmlak Komitəsinin sərəncamına verilməsi ilə əlaqədar sonuncu tutduğu vəzifədən 10.03.1999-cu il tarixdə azad edilmişdir. İşlədiyi müddət ərzində vəzifə borcunu layiqincə icra etdiyinə görə dəfələrlə mükafatlandırılmışdır. 17.01.2020-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi xahişi ilə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə ərizə və sənədləri təqdim etmişdir. Ancaq dəfələrlə müraciət etməyinə baxmayaraq, qeyd etdiyi məsələnin nə yerdə olması barədə ona məlumat verilməmişdir. Bu səbəbdən o, 20.06.2020-ci il tarixdə yenidən lazımi sənədləri Binəqədi rayon şöbəsinə təqdim olunması üçün 1 saylı ASAN Xidmət Mərkəzinə vermişdir. Bundan sonra dəfələrlə 1 saylı ASAN Xidmət Mərkəzində və Binəqədi rayon şöbəsində olmuşdur. 31.08.2020-ci il tarixdə ona rəsmən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin 04.03.2020-ci il tarixli, **********3 №li məktubu təqdim edilmişdir. Onun müraciətindən 7 ay 14 gün keçdikdən sonra aldığı məktubdan məlum olmuşdur ki, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin olunması barədə xahişindən imtina olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tələbinin təmin olunması məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə mərkəzi filialının inzibati məhkəmə prosesinə cavabdeh qismində cəlb olunması barədə qərardad çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının 27.02.2019-cu il tarixdən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1597/2021 saylı 02.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: Ş.Həsənova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, yaşa görə əmək pensiyası təyin olunması və keçmiş illərə görə almadığı pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılması xahişi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. O, eyni zamanda iddia tələbinin tam əsaslı olmasını sübut edən lazımi sənədləri 1ci instansiya məhkəməsinə təqdim etmişdir. Lakin Bakı İnzibati Məhkəməsi mübahisələndirdiyi məhkəmə qərarını çıxarmazdan əvvəl onun təqdim etdiyi sübutları araşdırmamış, ona görə də iş üzrə səhv qərar qəbul etmişdir. Qeyd edilən məhkəmə qərarında göstərilir ki, onun ümumi iş stajı 22 ildir və qanunla tələb olunan 25 il müddətindən azdır. Belə hesab edir ki, məhkəmənin bu faktla bağlı gəldiyi nəticə tamamilə səhvdir və real vəziyyətə uyğun deyildir. O, məhkəməyə əmək kitabçanın notarial qaydasında təsdiqlənmiş surətini və əslini təqdim etmişdir. Əmək kitabçasında işə qəbul olunmaq və işdən azad olunmaq barədə qeydlər müvafiq vəzifəli şəxslərin imzaları və müəssisələrin möhürləri ilə təsdiqlənmişdir və əmək kitabçasında iş stajı 25 il 11 ay 8 gün göstərilib. Əgər məhkəmə aparılmış qeydləri saxta və ya mövcud olmadığını hesab edirdisə məhkəmə-xətşünaslıq ekspertizası təyin edə bilərdi. Əgər belə bir ekspertiza təyin olunmayıbsa bu onun günahı deyildir. Çünki əmək kitabçasına əsasən onun ümumi iş stajı 25 il 11 ay 8 gün təşkil edir. Bu məsələdə məhkəmə yalnız cavabdeh tərəfin irəli sürdüyü mülahizəyə əsaslanaraq qərar çıxarmışdır. Bundan əlavə o, birinci instansiya məhkəməsinə 2 il müddətində Azərbaycan SSR Təhsil Nazirliyinin Ticarət Kulinar peşə məktəbində əyani təhsil almağı barədə şəhadətnamənin əslini və notariat qaydada təsdiqlənmiş surətini təqdim etmişdir. Onun əmək kitabçasında 15.12.1991-ci il tarixdən 10.03.1999-cu il tarixə kimi “X4 şirkəti”nin 272 №li mağazasında müdir vəzifəsində işləməsi qeyd edilib. Məhkəmə qərarında göstərilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanlanmış **********740800 №-li, 18.12.2020-ci il tarixli məktubundan görünür ki, “X4 Şirkəti” Azərbaycan Respublikasının Prezidentinin 3 may 1993-cü il 546 nömrəli fərmanı ilə dövlət qeydiyyatına alınmış, strukturu və nizamnaməsi 29.12.1994-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 423 nömrəli qərarına əsasən təsdiq edilmişdir. Şirkət təsdiq edilmiş nizamnaməsinə əsasən keçmiş Azərbaycan Respublikası Taxıl Məhsulları Nazirliyinin əsasında yaradılmış və onun hüquqi varisidir. Şirkət VÖEN almaqla uçota dayanmaq üçün vergi orqanına müraciət etməmişdir. Eyni zamanda məhkəmə qərarında qeyd olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanlanmış **********20 №-li, 05.03.2021-ci il tarixli məktubundan görünür ki, müraciətlə əlaqədar müvafiq araşdırma aparılmış, lakin Əmlak Məsələləri Dövlət Xidmətində "xxxx" Dövlət Şirkətinin 26.12.1991-ci il tarixli, 156 iş nömrəli və 10.03.1999-cu il tarixli, PK-İİ nömrəli əmrləri aşkar edilməmişdir. O cümlədən qeyd olunur ki, Filial tərəfindən iddiaçının 23.06.2020-ci il tarixli ərizəsinə cavab olaraq ünvanladığı 29.09.2020-ci il tarixli, **********4 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 22 il olmaqla qanuni tələb olunan müddətdən (25 ildən) azdır. 23.10.1972-ci il tarixli əmək kitabçasında qeyd olunmuş “X4 Şirkəti”ndə işlədiyi dövr araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, müəssisənin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bu səbəbdən həmin dövrün sığorta stajına əlavə olunması mümkün hesab olunmur. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (16308.00 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin baxımından mümkün olmadığından yaşa görə sosial müavinətin təyin edilməsi üçün müvafiq xidmət nümayəndəliyinə müraciət etməsi tövsiyə olunur. Qeyd edilənlərlə əlaqədar bildirir ki, “X4 şirkəti”nin hüquqi varisi kimi qeydə alınmış şirkətin vergi ödəyicisi kimi uçota alınmaq üçün vergi orqanlarına müraciət etməməsinin onun iddia tələbinə heç bir aidiyyəti yoxdur. O cümlədən “X4 şirkəti”nin 26.12.1991-ci il tarixli 156 iş saylı və 10.03.1999-cu il tarixli PK-ll №li əmrlərinin Dövlət Vergi xidmətində aşkar edilməməsinin səbəbini bir vətəndaş kimi araşdırmaq səlahiyyətində yoxdur. Bu fakta məhkəmə qərarında istinad olunması heç bir hüquqi müstəviyə sığmır. Bundan əlavə “X4 şirkəti”ndə işlədiyi dövrü əhatə edən arxiv sənədlərinin müəssisə tərəfindən Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsini əsas götürərək belə hesab etmişdir ki, bu səbəbdən həmin illər onun əmək stajına daxil edilməməlidir. Ancaq qeyd olunan dövrdə həmin şirkətdə işləməsini əmək kitabçasında olan qeydlərlə təsdiqinə diqqət yetirməyi lazım bilmir. Məhkəmə çıxardığı qərarda haqlı olaraq “Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanunu”nun 7-ci maddəsinə istinad etsə də həmin maddənin tələbinə zidd olan qərar qəbul etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının 27.02.2019-cu il tarixdən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcud olsa da həmin sənəddə qeyd olunmuş 26.12.1991-ci il tarixli, 156 ls nömrəli və 10.03.1999-cu il tarixli, PK-İİ nömrəli əmrlərinin mövcudluğu öz təsdiqini tapmadığından cavabdeh inzibati orqanın həmin müddətlərı sığorta stajına daxil edilməməsi ilə bağlı mövqeyi əsaslıdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı 25 ildən az sığorta stajına malik olduğundan, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan SSR Təhsil Nazirliyinin Respublika Ticarət-kulinar peşə məktəbinin 31.05.1972-ci il tarixli, 456 №-li şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı həmin məktəbə 01.09.1970-ci ildə daxil olmuş və 30.05.1972-ci ildə bitirmişdir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının notarial qaydada surətindən görünür ki, iddiaçı 07.10.1972-ci ildən 09.11.1972-ci ilədək “Gənclik” restoranında aşbaz, 21.12.1972-ci ildən 01.04.1973-cü ilədək Kirov rayon Qarışıq Mallar Ticarəti İdarəsində aşbaz, 07.06.1973-cü ildən 12.08.1973-cü ilədək Bakı 1 №-li Ayaqqabı fabrikində aşbaz, 20.08.1973-cü ildən 14.08.1975-ci ilədək Əzizbəyov otelində yük-daşıyıcı, 22.09.1975-ci ildən 03.07.1977-ci ilədək “İnturist” Mehmanxanasında 4-cu və 5-ci dərəcəli aşbaz, 18.07.1977-ci ildən 17.02.1978-ci ilədək “Azneft” Trestində 5-ci dərəcəli aşbaz, 15.03.1978ci ildən 17.12.1990-ci ilədək Oktyabr rayonu Birləşmiş Yeməkxanasında, “Ana və Uşaq” kafesində aşbaz, 18.12.1990-cı ildən 30.09.1991-ci ilədək “Abşeron” Mehmanxanasında aşbaz, 15.12.1991-ci ildən 10.03.1999-cü ilədək "xxxx" Şirkətinin 272 №-li mağazasının müdir müavini vəzifələrində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanlanmış **********740800 №-li, 18.12.2020-ci il tarixli məktubundan görünür ki, “X4 Şirkəti” Azərbaycan Respublikasının Prezidentinin 3 may 1993-cü il 546 nömrəli fərmanı ilə dövlət qeydiyyatına alınmış, strukturu və nizamnaməsi 29.12.1994-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 423 nömrəli qərarına əsasən təsdiq edilmişdir. Şirkət təsdiq edilmiş nizamnaməsinə əsasən keçmiş Azərbaycan Respublikası Taxıl Məhsulları Nazirliyinin əsasında yaradılmış və onun hüquqi varisidir. Şirkət VÖEN almaqla uçota dayanmaq üçün vergi orqanına müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanlanmış **********20 №-li, 05.03.2021-ci il tarixli məktubundan görünür ki, müraciətlə əlaqədar müvafiq araşdırma aparılmış, lakin Əmlak Məsələri Dövlət Xidmətində "xxxx" Dövlət Şirkətinin 26.12.1991-ci il tarixli, 156 ls nömrəli və 10.03.1999-cu il tarixli, PK-İİ nömrəli əmrləri aşkar edilməmişdir. İş materiallarında olan Filial tərəfindən iddiaçının 23.06.2020-ci il tarixli ərizəsinə cavab olaraq ünvanladığı 29.09.2020-ci il tarixli, **********4 №-li məktubdan görünür ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 22 il olmaqla qanuni tələb olunan müddətdən (25 ildən) azdır. 23.10.1972-ci il tarixli əmək kitabçasında qeyd olunmuş “X4 Şirkəti”ndə işlədiyi dövr araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, müəssisənin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bu səbəbdən həmin dövrün sığorta stajına əlavə olunması mümkün hesab olunmur. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (16308.00 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin baxımından mümkün olmadığından yaşa görə sosial müavinətin təyin edilməsi üçün müvafiq xidmət nümayəndəliyinə müraciət etməyi tövsiyə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Cavabdehin imtinasının əsası ondan ibarətdir ki, “iddiaçının əmək kitabçasında qeyd olunmuş “X4 Şirkəti”ndə işlədiyi dövr araşdırılmış və araşdırma zamanı məlum olmuşdur ki, müəssisənin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bu səbəbdən həmin dövrün sığorta stajına əlavə olunması mümkün hesab olunmur.” Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dövrlər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrə aid əmək fəaliyyətini əhatə edir və müvafiq olaraq həmin dövrlərdəki əmək fəaliyyətinin pensiya hüququ verən sosial sığorta stajına hesablanıb-hesablanmaması məsələsinə də məhz həmin Qanunun müddəalarından çıxış etməklə qiymət verilməlidir. Belə ki, həmin dövrdə əmək haqqının alınmaması və ya alınsa belə həmin əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 01 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 15.12.1991-ci ildən 10.03.1999-cü ilədək işlədiyi "xxxx" Dövlət Şirkətində işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********740800 №-li, 18.12.2020-ci il tarixli məktubuna əsasən “X4 Şirkəti” Azərbaycan Respublikasının Prezidentinin 3 may 1993-cü il 546 nömrəli fərmanı ilə dövlət qeydiyyatına alınmış, strukturu və nizamnaməsi 29.12.1994-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 423 nömrəli qərarına əsasən təsdiq edilmişdir. Şirkət təsdiq edilmiş nizamnaməsinə əsasən keçmiş Azərbaycan Respublikası Taxıl Məhsulları Nazirliyinin əsasında yaradılmış və onun hüquqi varisidir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının işlədiyi müəssisələrin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr 01.07.2018 - 30.06.2019, kişilər üzrə pensiya yaşı 64 il. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İddiaçıya məxsus əmək kitabçasına əsasən, iddiaçı 07.10.1972-ci ildən 09.11.1972-ci ilədək “Gənclik” restoranında aşbaz (1 ay 2 gün), 21.12.1972-ci ildən 01.04.1973-cü ilədək Kirov rayon Qarışıq Mallar Ticarəti İdarəsində aşbaz (3 ay 10 gün), 07.06.1973-cü ildən 12.08.1973-cü ilədək Bakı 1 №-li Ayaqqabı fabrikində aşbaz (2 ay 05 gün), 20.08.1973-cü ildən 14.08.1975-ci ilədək Əzizbəyov otelində yük-daşıyıcı (1 il 11 ay 24 gün), 22.09.1975-ci ildən 03.07.1977-ci ilədək “İnturist” Mehmanxanasında 4-cu və 5-ci dərəcəli aşbaz (1 il 9 ay 11 gün), 18.07.1977-ci ildən 17.02.1978-ci ilədək “Azneft” Trestində 5-ci dərəcəli aşbaz (06 ay 29 gün), 15.03.1978-ci ildən 17.12.1990-ci ilədək Oktyabr rayonu Birləşmiş Yeməkxanasında, “Ana və Uşaq” kafesində aşbaz (12 il 09 ay 02 gün), 18.12.1990-cı ildən 30.09.1991-ci ilədək “Abşeron” Mehmanxanasında aşbaz (09 ay 12 gün), 15.12.1991-ci ildən 10.03.1999-cü ilədək "xxxx" Şirkətinin 272 №-li mağazasının müdir müavini (07 il 02 ay 25 gün) vəzifələrində işləmişdir. İddiaçının əmək kitabçasına əsasən ümumilikdə 25 il 8 ay sosial sığorta stajı mövcud olmuşdur. Yaş həddinə gəlincə isə 2019-cu ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 ildir. İddiaçının xx.xx.1955-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 64 yaşında, 27.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Göründüyü kimi, iddiaçının 64 yaşı tamam olduğu dövrdə əmək kitabçasına əsasən ümumilikdə 25 ildən artıq sığorta stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1597/2021 saylı 02.06.2021-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının 27.02.2019-cu il tarixdən təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-205/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-205/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver