Məhkəmə qərarları › İş №2-1(103)-205/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-205/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-205/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun müharibə veteranı statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixə qədər döyüşlərdə iştirak etmişdir. xx.xx.2001-ci ildə ona müharibə veteranı vəsiqəsi verilmişdir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı şəhər Ərazi Şöbəsi 24 aprel 2020-ci il tarixli, **********9 nömrəli məktubla ona bildirmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin göndərdiyi siyahıya əsasən onun veteran statusu ləğv olunduğu üçün ona müharibə veteranlığına görə təyin olunan Azərbaycan Respubliaksı Prezidentinin təqaüdü dayandırılmışdır. Ona xx.xx.2006-cı ildən xx.xx.2020-ci il tarixədək ödənilmiş vəsaitin dövlət büdcəsinə ödəməsi xahiş olunmuşdur. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. O, bu məktubdan sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi xx.xx.2020-ci il tarixli məktuba əsasən bildirmişdir ki, o, hərbi hissəni özbaşına tərk etdiyinə görə müharibə veteranı statusunun ləğv olunması qanunauyğun hesab edilmişdir. O, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı statusunun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin cavabdeh bu məsələnin onlara aidiyyəti olmadığını, qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməli olduğunu bildirmişdir. O, müharibə veteranı statusunun bərpa edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 02 fevral 2021-ci il tarixli başa düşülməyən, ziddiyyətlərlə dolu arxiv arayışı təqdim etmişdir. Həmin arayışdan sonra isə Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla sənədlərlə birlikdə onun ətraflı ərizəsini Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Komissiyaya göndərdiyi təqdirdə Komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul olunacağı bildirilmişdir. O, ətraflı ərizə ilə müvafiq sənədlər əlavə edilməklə yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Bu dəfə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli məktubu ilə ona “müharibə veteranı’' adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi xx.xx.2020-ci il tarixli məktubla ona bildirmişdir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 07 aprel 2006-cı il tarixli Qanununa əsasən əvvəllər «Müharibə veteranı» vəsiqəsi almış şəxslərin yenidən qeydiyyata alınması ilə əlaqədar onun xidmət müddətinin dəqiqləşdirilməsi məqsədilə Azəraycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinə sorğu göndərilmiş və Arxivdən alınmış N saylı hərbi hissə komandirinin xx.xx.1992- ci il tarixli əmrindən çıxarışda onun şəxsi heyətin siyahılarına alınması və batalyonu icazəsiz tərk etdiyinə görə xx.xx.1993-cü il tarixli əmrlə hərbi hissənin ərzaq təminatından çıxarılması qeyd olunmşdur. Bu da onun hərbi hissəni guya özbaşına tərk etməsi faktını müəyyən edir. Odur ki, onun hərbi hissəni guya özbaşına tərk etdiyinə görə müharibə veteranı statusunun ləğv olunmasının qanunauyğun olduğu hesab edilmişdir. O, 29 iyun 1992-ci ildən 08 noyabr 1992-ci il tarixə qədər N nömrəli hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2001-ci ildə ona Bakı şəhəri Yasamal rayon Hərbi Komissarlığı tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. O, döyüşlərə könüllü olaraq qatılmışdır. Könüllü olmasına baxmayaraq, onu şəxsi heyətə daxil etmişlər. 1992-ci ilin noyabr ayının 8-də isə ona daha ehtiyac olmadığını bildirərək təxris etmişlər və həmin tarixdən evə qayıtmışdır. O, 1993-cü ildə döyüş zonasında olmamışdır. O, qeyd edilən məsələyə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikasının Müdafiə Nazirinə ərizə ünvanlayaraq onun müharibə veteranı statusunun bərpa edilməsinə, eyni zamanda N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli əmrinin və veteran statusunun ləğv edilməsinə əsas olmuş xx.xx.1993-cü il tarixli əmrin surətinin ona təqdim edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Onun həmin ərizəsinə cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivindən xx.xx.2021-ci il tarixli, 9/2-683 №-li başa düşülməyən, çox qarışıq şəkildə yazılmış, qeyd edilən məlumatlar bir-birinə uyğun gəlməyən, ziddiyyət təşki edən Arxiv arayışı, eyni zamanda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, 1/Q-2488 №-li məktubu gəlmişdir. Arxiv arayışı onun qeyd etdiyi kimi yalnız ziddiyyətli məqamlardan ibarət olmaqla ona hər hansı aidiyyəti yoxdur. Əgər o, hərbi hissəni özbaşına tərk etmişdirsə, hansı səbəbdən onun barəsində hər hansı bir araşdırma aparılmamışdır, cinayət və ya inzibati qaydada cəzalandırılmamışdır? Çünki belə bir hadisə olmamışdır. O, könüllü olaraq döyüşlərə qatılmış və 1992-ci ilin noyabr ayının 8-də onları təxris edərək evə göndərmişlər. Orada hər hansı bir rəsmiləşmə aparılmayıbsa, bu, onun günahı deyil. Orda işləyənlərin səhlənkarlığı ucbatından onun hüquqları pozulur. 2001-ci ildə o, müharibə veteranı vəsiqəsi adı və vəsiqəsi almışdır. Həmin adı o, məhz hərbi hissənin verdiyi arayış və digər təqdim etdiyi sənədlər əsasında almışdır. Əgər o, hərbi hissəni özbaşına tərk etmişdirsə, həmin arayışı ona necə verə bilərdilər. 19 ildən sonra məlum olmuşdur ki, guya o, hərbi hissəni özbaşına tərk etmiş, bunun nəticəsində 14 il ona ödənilən vəsait geri tələb olunur. Bu, cəfəngiyyatdır. Ola bilər həmin tarixlərdə N nömrəli hərbi hissədə Sumqayıt ŞHK-dan çağırılmış 1960-cı il təvəllüdlü X4 adlı birisi olmuşdur. Həmin şəxsin məlumatları ilə ona aid məulamatları qarışdırmışlar. Arxiv arayışında istinad olunan əmrlərdə hərbi hissəni özbaşına tərk edən şəxsin çağırıldığı hərbi komissarlıq, təvəllüd, hətta adının son hərfi ona uyğun gəlmir. Belə olan halda nəyə görə onun veteran statusu ləğv edilməli və müharibə veteranı kimi illərdir ona ödənilən müavinət ondan geri tələb edilməlidir? Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11-ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Müdafiə Nazirliyinin Mərkəzi arxivindən verilən xx.xx.2021-ci il tarixli 9/2-683 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissədən batalyonun tərkibinə göndərilmiş Yasamal RHK-dan çağırışçısı 1967-ci il təvəllüdlü sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrilə (əsas: səh.35, §2) gəlmiş hesab edilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 19 nömrəli əmrilə (əsas: səh.48) pulemyotçu təyin edilmişdir. Hərbi hissəni icazəsiz olaraq tərk etdiyinə görə X4 N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 32 nömrəli əmrilə (əsas: səh.72, qeyd: əmrdə adı Namik yazılmışdır) ştatdan xaric edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2018-ci il tarixli 422 saylı Qərarına əsasən - “Müharibə veteranı” adı və vəsiqəsini verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşlərdə iştirakı sübut edən) sənədlər təqdim olunmalıdır. Belə ki, məhkəməyə təqdim olunan arxiv arayışından müəyyən olunur ki, İddiaçı hərbi hissəni özbaşına tərk etməsi səbəbindən hərbi hissənin şəxsi heyətin siyahısından çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibai-İqtisadi Kolleqiyasının 06 iyun 2018-ci il tarixli 2-1(102)-1224/18 nömrəli iş üzrə Qərarında da göstərilmişdir ki, “Normanın məzmununda aşkar olaraq göstərilir ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. İddiaçının hal hazırda hərbi xidmət keçdiyinə (qulluq etdiyinə) və ya hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur.” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: "... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2022 saylı, xx.xx.2022-ci il tarixli tarixli qərarı ilə iddia tələbinin rədd olunması Qərara alınmışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2022 saylı, xx.xx.2022-ci il tarixli tarixli qərarından apellyasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, döyüşlərə könüllü olaraq qatılmışdır və onu şəxsi heyətə daxil etdilər. Hərbi hissəni özbaşına tərk etməmişdir. 1992-ci ilin noyabr ayının 8-də onlara daha ehtiyac olmadığını bildirərək arayışla tərxis etmişdilər və həmin tarixdən evə qayıtmışdır.O tarixdən sonra, ümumiyyətlə, 1993-cü ildə döyüş zonasında olmamışdır.Arxiv arayışlarında (xx.xx.2021-ci il tarixli) ziddiyətli məqamlar var və ardıcıllıqla qeyd edir:Ziddiyyətlər ondan ibarətdir ki, N nömrəli hərbi hissədən batalyonun tərkibinə göndərilmiş Yasamal RHK-dan çağırışçısı 1967-ci il təvəllüdlü sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrilə (əsas: səh 35, & 2) gəlmiş hesab edilmişdir.Qeyd:Göstərilən tarix deyil xx.xx.1992-ci il olmalıdır. Arxiv arayşında hərbi hissəni icazəsiz olaraq tərk etdiyinə görə X2 N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 32 nömrəli əmrilə ştatdan xaric olduğu göstərilib (əmrdə adı Namik yazılıb).Qeyd: İddiaçının adı Namik yox, Namiqdir və o, heç vaxt hərbi hissəni icazəsiz tərk etməmişdir.Bu arayışda ilk arayışda göstərilməyən və üç dəfə fərqli tarixlərdə ştatdan xaric edilmə yazılıb. 1) xx.xx.1992-ci il , 2) xx.xx.1992-ci il (ətraflı 3-cü bənddə), 3) xx.xx.1993-cü il (ətraflı 4-cü bənddə). Arxiv arayışında hərbi hissəni icazəsiz olaraq tərk etdiyinə görə Yasamal RHK-dan çağırılmış 1960-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992- ci il tarixli 68 nömrəli əmrilə (əsas:& 2, sıra 6 , qeyd:əmrdə təvəllüd 1960-cı il qeyd olunmuşdur) ştatdan xaric edilmişdir.Qeyd: İddiaçı 1960-cı il təvəllüdlü deyil, 1967-ci il təvəllüdlüyəm. N nömrəli hərbi hissədən də xx.xx.1992-ci il tarixində ştatdan xaric edilmə olmayıb. Çünki, iddiaçı o tarixdən öncə, xx.xx.1992-ci il tarixli arayışla təxris edilmişdir.2-ci Arxiv arayışında Sumqayıt ŞHK-dan çağırılmış İddiaçı 3 (üç) ay müddətində hərbi xidmətə çağırılaraq noyabr-oktyabr aylarında (3-4-cü bəndə uyğun gəlir) Respublika Müdafiə nazirinin əmrini pozaraq N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 37 nömrəli əmrilə (əsas: səh 25, sıra 90, qeyd:əmrdə ŞHK Sumqayıt yazılmışdır) ştatdan xaric edilərək Füzuli ərazi hərbi prokurorluğuna verilmişdir.QEYD: iddiaçı Sumqayıt ŞHK-dan deyil, Yasamal RHKdan könüllü olaraq getmişdir, onun barəsində heç vaxt prokurorluqda hər hansı bir cinayət işi olmayıb, hər hansı xəbərdarlıq almamışdır.Bu məzmunla da onu 3-cü dəfə xx.xx.1993cü il tarixli ştatdan xaric etmiş oldular. 1-ci gələn, yəni xx.xx.2020-də arxiv cavabında isə bu tarixdən təxminən 7 ay sonra xx.xx.1993-cü il ərzaq təminatı siyahısndan çıxarılmağı yazılıb. Bu da həqiqətə uyğun olmayan tarix və heç bir əmr sənədi olmadan çıxarılan nəticədir.Çünki, o, xx.xx.1992-ci il arayışla artıq təxris olumuşdur.Yenə də 2-ci arxiv sənədindən “xx.xx.1993-cü il tarixli 37 nömrəli əmrilə (əsas: səh 25, sıra 90, qeyd:əmrdə ŞHK Sumqayıt yazılmışdır) ştatdan xaric edilərək Füzuli ərazi hərbi prokurorluğuna verilmişdir. xx.xx.1993-cü il ərzaq təminatı siyahısından adı çıxarılmış, pul təminatı dayandırılmışdır”QEYD: Həqiqətə uyğun olmayan tarixlər və uyğunsuzluq içərisində daha bir uyğunsuzluq. Hərbi prokurorluğa verilən şəxsin 28 gün sonra ərzaq təminatı siyahısından və pul təminatından çıxarılması! Hərbi hissəni icazəsiz tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 113 nömrəli əmrilə (əsas: səh 34, :& 5„ sıra-60, qeyd: əmrdə ŞHK Sumqayıt yazılmışdır) ərzaq təminatı siyahısından çıxarılaraq pul təminatı dayandırılmışdır.QEYD: Bir daha bildirir ki, o, 1992-ci ilin noyabr ayının 8-də təxris olunub evə qayıtmışdır. Sözsüz ki, pul təminatı və ərzaq siyahısından çıxarılmağı təxris olunduğu gündən dayandırılmalı idi.Bu qədər çoxsaylı yalnış məlumatların, tarixlərin ardıcıl düzülərək, gözdən keçirilərək, araşdırılmağa ehtiyacı var. 2001-ci ildə o, müharibə veteranı adı və vəsiqəsi almışdır.Həmin adı o, məhz hərbi hissənin verdiyi arayış əsasında almışdır. Əgər o, hərbi hissəni özbaşına tərk etmişdimsə, həmin arayışı ona necə verə bilərdilər? 19 ildən sonra məlum olub ki, guya o, hərbi hissəni özbaşına tərk etmişdir və bunun nəticəsində 14 il ona ödənilən vəsait geri tələb olunur. Bu səbəbdən də qeyd edilən ziddiyyətlərin araşdırılmasını və müharibə veteranı statusunun bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdirşdir. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi iclasda iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2022 saylı, xx.xx.2022-ci il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin və apellyasiya şikayətinin mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə Kollegiyası gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli, 9/2-683 saylı arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissədən batalyonun tərkibinə göndərilmiş Yasamal RHK-dan çağırışçısı 1967-cı il təvəllüdlü sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 16 №-li əmrilə (əsas: səh.35, §2) gəlmiş hesab edilmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 19 Nə-li əmrilə (əsas: səh.48) pulemyotçu təyin edilmişdir. Hərbi hissəni icazəsiz olaraq tərk etdiyinə görə X4 N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 32 №-li əmrilə (əsas: səh.72, qeyd: əmrdə adı Namik yazılmışdır) ştatdan xaric edilmişdir. Hərbi hissəni icazəsiz olaraq tərk etdiyinə görə Yasamal RHK-dan çağırılmış 1960-cı il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 68 №-li əmrilə (əsas: §2, sıra-6, qeyd: əmrdə təvəllüdü 1960-cı il qeyd olunmuşdur) ştatdan xaric edilmişdir. Sumqayıt ŞHK-dan çağırılmış İddiaçı 3 (üç) ay müddətində hərbi xidmətə çağırılaraq noyabr və oktyabr aylarında Respublika Müdafiə nazirinin əmrini pozaraq N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il traixli 37 №-li əmrilə (əsas: səh.25, sıra-90, qeyd: əmrdə ŞHK Sumqayıt yazılmışdır) ştatdan xaric edilərək Füzuli ərazi hərbi prokurorluğuna verilmişdir. Hərbi hissəni icazəsiz tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 113 №-li əmrilə (əsas: səh.34, §5, sıra-60, qeyd: əmrdə ŞHK Sumqayıt yazılmışdır) ərzaq təminatından siyahısından çıxarılaraq pul təminatı dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli 1/Q-7318 nömrəli məktubda qeyd olunur: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2021-ci il tarixli 9/2-683 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman xx.xx.1992-ci və 31 01.1993-cü il tarixlərdə N nömrəli hərbi hissədə xidmət yerini özbaşına tərk etdiyinizə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 2N nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli Q-709 nömrəli məktubda qeyd olunur: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə daxil olmuş ərizənizə cavab olaraq bildirir ki, “Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 07 aprel 2006-cı ıl tarixli Qanununa əsasən əvvəllər "Müharibə veteranı'’ vəsiqəsi almış şəxslərin yenidən qeydiyyata alınması ilə əlaqədar Sizin xidmət müddətinizin dəqiqləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi arxivinə sorğu göndərilmişdir.Arxivindən alınmış N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci ıl tarixli əmrindən çıxarışda Sizin şəxsi heyətın sıyahılarına alınmanız və batalyonu icazəsiz tərk etdiyinizə görə xx.xx.1993-cü il tarıxli əmrilə hərbi hissənin ərzaq təminatından çıxarılmanız qeyd olunub. Bu da Sizin hərbi hissəni özbaşına tərk etməyiniz faktını müəyyən edir. Bu səbəbdən mövcud qanunvericilik aktlarının tələblərinə əsasən keçmiş Yasamal Rayonu Hərbi Komissarlığında sənədlərinizə yenidən baxıldıqdan sonra hərbi hissəni özbaşına tərk etdiyinizə görə müharibə veteranı statusunuzun ləğv olunmasının qanuna uyğun olduğu hesab edilmişdir. “Müharibə veteranı” statusunun ləğv olunması barədə 2011-cı ildə Yasamal rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə, 2020-ci ildə isə Dövlət social Müdafiə Fondunun 1 saylı Bakı Ərazisi şöbəsinə müvafiq məlumat göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş M/V seriyalı 049659 nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 2199 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər Yasamal rayon Hərbi Komissarı tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Hərbi Komissarının 1968 saylı 15 avqust 2006-cı il tarixli göstərişinin tələblərinə müvafiq qaydada Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən verilmiş vəsiqələrin verilməsinin düzgünlüyünün yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi arxivinə aparılmış sorğuların cavablarına əsasən adları göstərilən, qanuni əsaslarla ehtiyata buraxılması faktı təsdiq olunmayan şəxslərin “Müharibə veteranı” vəsiqələrinin geri alınması və nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququnun itirildiyi müəyyən edilmişdir (Siyahıda 17ci sırada İddiaçı adı qeyd edilmişdir).Yoxlamadan sonra adları göstərilmiş şəxslərin siyahısı hazırlanaraq Yasamal rayon Sosial Müdafiə Mərkəzinə təqdim olunmuş, vəsiqələri geri alınmış və imtiyazlardan istifadə etmə hüququ dayandırılmışdır. Həmin məktuba əlavə edilmiş N saylı hərbi hissə komandirinin N nömrəli 20 avqust 1992ci il tarixli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 1976-ci il təvəllüdlü döyüşçü İddiaçı 002 №-li korpusundan 831 №-li batalyonun tərkibinə göndərilmişdir. ƏSAS: 702 №-li briqadadan göndərilən siyahı. Həmin məktuba əlavə edilmiş N saylı hərbi hissə komandirinin N nömrəli 31 yanvar 1993cü il tarixli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, əsgər İddiaçı 831 №-li batalyonu icazəsiz olaraq tərk etdiyi üçün batalyonun ərzaq təminatı siyahısından çıxarılmış, pul təminatı dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteran adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin maddənin qeydində göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeydində göstərilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmçinin, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 2N nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir Göründüyü kimi, qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da yuxarıda qeyd edilən sənədlərin siyahısına daxil edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2001-ci ildə müharibə veteranı statusu verilmişdir.Lakin iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 2199 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər Yasamal rayon Hərbi Komissarı tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli akta əsasən qanuni əsaslarla ehtiyata buraxılması faktı təsdiq olunmayan şəxslərin, o cümlədən iddiaçının vəsiqəsi geri alınmış və imtiyazlardan istifadə etmə hüququ dayandırılmışdır. Həmin məktuba əlavə edilmiş N saylı hərbi hissə komandirinin N nömrəli 31 yanvar 1993-cü il tarixli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, əsgər İddiaçı 831 №-li batalyonu icazəsiz olaraq tərk etdiyi üçün batalyonun ərzaq təminatı siyahısından çıxarılmış, pul təminatı dayandırılmışdır. İddiaçı onun müharibə veteranı statusunun bərpa edilməsi üçün cavabdehə müraciət etmişdir, lakin xidmət yerini özbaşına tərk etdiyinə görə cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı apellyasiya şikayətində hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərindəki və ya arxiv arayışlarındakı uyğunsuzluq və ziddiyyətlərə (adının “Namik” deyil “Namiq” kimi, təvəllüdünün fərqli tarixlər-1960-cı il təvəllüdlü deyil, 1967-ci il təvəllüdlü olduğunu, hərbi xidmətə çağrıldığı komissarlığın Sumqayıt deyil, Bakı şəhəri Yasamal rayonu üzrə Hərbi Komissarlıq olduğunu qeyd edir.) istinad edərək məhkəmənin qərarı ilə razılaşmadığını bildirir. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia arxiv sənədlərindəki uyğunsuzluğun aradan qaldırılması, yaxud müvafiq düzəlişlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı deyil, iddiaçının müharibə veteranı statusunun bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbdir. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, hazırkı tələb üzrə obyektiv qərarın qəbul edilməsinin hüquqi əsası yuxarıda adıçəkilən qanunvericilik normalarına dayanır.Məhkəmə həmin qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 2N nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə edilmiş dəyişikliklər (“hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir) hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da yuxarıda qeyd edilən sənədlərin siyahısına daxil edilmişdir. Göründüyü kimi, iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması ziddiyyətsiz və mötəbər sübutlar ilə öz təsdiqini tapmamışdır. İddiaçı bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasına dair arxiv sənədlərində iddiaçının iddia etdiyi ziddiyyət və uyğunsuzluğun aradan qaldırılması hazırkı icraatda mümkün deyildir. Sonda məhkəmə Kolleiyası vurğulamağı vacib sayır ki, apellyasiya baxışı zamanı iddiaçının hərbi biletinə baxış keçirilərkən hərbi biletdə iddiaçının xidmətdən buraxılması barədə aparılmış qeyd möhürlə təsdiq edilmədiyi müəyyən olunmuşdur.İddiaçı verilən suala cavab olaraq bunun səbəbini bilmədiyini qeyd etmişdir. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-961/2022 saylı, xx.xx.2022-ci il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar