Məhkəmə qərarları › İş №2-1(103)-2050/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2050/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2050/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-2709/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş aylıq pensiya məbləğlərinin hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Quba rayonunda doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.1973-cü il tarixdən əmək fəaliyyətinə başlamış, hərbi xidmətdə olmuş və müxtəlif məsul vəzifələrdə çalışmışdır. Onun müraciətinə əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1061/2018 saylı 02 fevral 2018-ci il tarixli qərarı ilə ona 04 dekabr 2006-cı il tarixdən 52 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 04 dekabr 2006-cı il tarixdən 04 dekabr 2011-cı il tarixinə qədər olan müddət üçün əmək pensiyası məbləğinin və həmçinin 04 dekabr 2011-cı il tarixdən hazırki vaxtadək ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci və 27-ci maddələrinin 04 dekabr 2006-cı il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 779/2018 saylı 16 mart 2018-ci il tarixli qərarı ilə DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)1061/2018 saylı 02 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. DSMF Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən verilmiş 15/3656 saylı xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, o, DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinin kompüter bazasının məlumatına əsasən yaşa görə ayda 3167,63 manat pensiya alır. Pensiyanın müddəti ömürlük təyin edilmişdir. Arayış H.Əliyev adına Dərin Özüllər zavoduna təqdim etmək üçün verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd edilən qərarı 16 aprel 2018-ci il tarixdən qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən icra edilərək, 01 iyun 2021-ci il tarixədək iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hər ay ödənilmişdir. Lakin bu ilin iyun ayından iddiaçının aylıq əmək pensiyasının ödənişi qanunsuz və əsassız olaraq dayandırılmış və cavabdeh tərəfindən onun yaşayış ünvanına 01 iyun 2021-ci il tarixli **********3 saylı məktub göndərilmişdir. Həmin məktubda göstərilir: “Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq pensiya təminatı sahəsində müxtəlif risk qrupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.8.3-cü maddəsinə əsasən dayandırılır. Qeyd olunanlarla əlaqədar, qanunvericiliyin tələblərinə uğun olaraq ona müvafiq növə görə əmək pensiyası hüququ yaradan zəruri sənədlərin üzləşdirilərək araşdırılması məqsədi ilə onların əsillərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tərəfindən təqdim edilməsi xahiş olunur. Araşdırmanın nəticəsindən asılı olaraq ondan əmək pensiyası hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən yenidən baxılacaqdır.” Cavabdehin bu xahişi əmək pensiyası qanunvericiliyinin tələblərinə zidd olsa da, səhhətindəki ciddi xəstəliklərə və çətinliklə hərəkət etməsinə baxmayaraq, əvvəllər işlədiyi aidiyyəti idarələrdən bütün sənədləri toplayaraq cavabdehin müvafiq şöbəsinin işçisinə bu ilin iyun ayında təqdim etmişdir. Bundan sonra cavabdehin müvafiq şöbəsinin işçisi ilə dəfələrlə əlaqə saxlasa da, ona araşdırmanın hələ davam etdiyi bildirilmişdir. Cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının (pensiya işi № 153625) ödənişinin bu ilin iyun ayından (artıq 3-cü aydır) dayandırılması səbəbi və bununla bağlı aparılan araşdırmanın nəticəsi barədə müvafiq məlumat verilməsi” barədə xx.xx.2021-ci il tarixli 294 saylı vəkil sorğusu göndərilmiş, sorğuya DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 01 sentyabr 2021-ci il tarixli **********3 saylı məktubu ilə cavab verilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.8.3-cü maddəsinə əsasən dayandırılır. Bununla əlaqədar olaraq, vaxtı ilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədi ilə adı çəkilən şəxsə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Pensiya ödənişinin bərpa edilməsi barədə bu günədək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına hər hansı məlumat daxil olmamışdır. Onun aylıq əmək pensiyası hazırki vaxtadək (bu ilin iyun, iyul, avqust və sentyabr ayları) cavabdeh tərəfindən ödənilməmişdir. Onun artıq 67 yaşı vardır, səhhətində yaranmış xəstəliklərlə bağlı mütəmadi olaraq müalicələr alır, həkim nəzarəti altındadır, ciddi cərrahi əməliyyata ehtiyacı vardır və hazırda aylıq pensiyasının verilməməsi səbəbindən nəinki, müalicə xərclərini, hətta gündəlik dolanışıq xərclərini ödəyə bilmir. Odur ki, ağır maddi, mənəvi və psixoloji sarsıntılar keçirir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-2709/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: N.Abıyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, araşdırma nəticəsində qüvvədə olan qanunvericiliyə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olmadığı, məhkəmə instansiyalarının qərarlarında vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında (qüvvədə olan), habelə Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və ya 2 №-li Siyahılarında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) (hazırda qüvvədə olmayan) uyğunluğunun əsaslandırılmadığı, vətəndaşın işlədiyi bir çox peşə və vəzifələrin qeyd olunan siyahılarda ümumiyyətlə nəzərdə tutulmadığı halda qüvvədə olan normativ hüquqi aktların tələblərinə zidd olaraq ümumi mülahizələr əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə müvafiq məhkəmə qərarlarının qəbul edilməsinə nail olunması müəyyən edilmişdir. Göstərilənlər təsdiq edir ki, məhkəmə baxışları formal olaraq keçirilmiş, məhkəmə qərarlarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti ötən dövrlərdən yenidən hesablanmaqla vətəndaşa təyin edilmiş əmək pensiyasının aylıq miqdarının yüksək məbləğə çatdırılması və ötən dövrlərdən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Qeyd olunanlarla yanaşı, İddiaçı əmək kitabçasında qeyd olunmuş və təyinat zamanı nəzərə alınmış iş stajlarının və hesablanma zamanı əsas götürülmüş əməkhaqlarının düzgünlüyünün ilkin sənədlərlə qarşılıqlı yoxlanılması həm şöbə, həm də məhkəmələr tərəfindən bu işdə maraqlı olan şəxslərə görə təmin edilməmiş, pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmış 2004-2005-ci illərin əməkhaqlarına görə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə Fondun müvafiq qurumlarından zəruri arayışlar alınmamışdır. Bununla belə, pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2018-ci il tarixədək İddiaçı 12 il əvvəl, yəni 2006-cı ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qərarları istisna olunmaqla qanunvericiliklə İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yaranmadığı, onun ümumi əsaslarla 63,5 yaşdan (63 il 06 ay), yəni xx.xx.2018cı il tarixdən yaşa görə əmək pensiyası hüququna malik olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara istinad edərək, cavabdeh Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-2709/2022 nömrəli qərarını ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı və nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə iddiaçını və nümayəndəsi-vəkilinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən heç bir qanuni əsas olmadan iddiaçıya pensiyanın ödənilməsi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçıya təyin olunmuş pensiyanın dayandırılması barədə cavabdeh inzibati orqan tərəfindən müvafiq qərarın qəbul edilib-edilməməsi ilə bağlı heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, həmin halların yarandığı aydan sonrakı ayın 1dən dayandırılır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-1061/2018 saylı Qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı “04 dekabr 2006-cı il tarixdən ona 52 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 04 dekabr 2006-cı il tarixdən 04 dekabr 2011-ci il tarixinə qədər olan müddət üçün əmək pensiyasının məbləğinin və həmçinin 04 dekabr 2011-ci il tarixdən bu günə qədər ona ödənilən əmək pensiyasında yaranacaq məbləğ fərqinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 10.2-ci və 27-ci maddələrinin 04 dekabr 2006-cı il tarixdə qüvvədə olan tələbləri əsasında hesablanıb birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” tələbi ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin qeyd olunan qərarı ilə iddia tələbi təmin edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 mart 2018-ci il tarixli 2-1(112)-779/2018 saylı qərarının surətindən müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-1061/2018 saylı qərarından narazı qalan cavabdeh DSMF Nizami rayon şöbəsinin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 fevral 2018-ci il tarixli, 2- 1(82)-1061/2018 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 15/3656 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı DSMF Nizami rayon şöbəsinin kompüter bazasının məlumatına əsasən yaşa görə 3.167,63 manat pensiya alır. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********3 saylı məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar olaraq, müraciətçinin vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılması məqsədilə adıçəkilən şəxsə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Müraciətçinin pensiya ödənişinin bərpa edilməsi barədə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı məlumat daxil olmamışdır. Hazırda iddiaçının tələbi ona məhkəmə qərarı ilə təyin olunmuş pensiya ödənişinin bərpa edilməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, məhkəmə aktı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Əgər iddiaçıya pensiya təyin edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, pensiyanın dayandırılması məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əmək pensiyalarına münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrası qaydasında təyin edilmiş pensiya ödənişlərinin aparılması üçün yenidən eyni məzmunlu iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə müraciət etməlidir. Qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-2709/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar