Məhkəmə qərarları › İş №2-1(103)-2051/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2051/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2051/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı “icra hərəkətlərinin qanunsuz hesab edilməsi, buraxılmış nöqsanların aradan qaldırlmsı və icra işinin qanuni yolla icra edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-6414/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı qarşı məhkəmə qətnaməsinin icra vərəqinin icrası zamanı cavabdehin icra hərəkətlərinin qanunsuz hesab edilməsi, buraxılmış nöqsanların aradan qaldırılması və icra işinin qanuni yolla icra edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-6414/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-6414/2021 saylı qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində cavabdeh Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmurlarının qətnaməni icra edərkən yol verdikləri qanunsuz əməlləri, buraxdıqları nöqsanlar barədə ətraflı məlumat versə də birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyətini tam mənimsəmədən guya iddiaçının inzibati məhkəməyə aid olmayan iddia tələbi ilə çıxış etməsini zənn etmişdir. Məhkəmə iclası zamanı iddiaçı şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-6414/2021 saylı qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-6414/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə icra sənədi icra olunmuş və bu barədə icra qurumu tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı icra sənədinin düzgün icra edilmədiyini mübahisələndirdiyindən hüquqi marağı icranın qətnaməyə uyğun icra edilməsindən ibarət olmuşdur. İddiaçı həmin məqsədə isə bilavasitə icra sənədini vermiş və icraya nəzarət etməli olan ümumi məhkəmədə və icra məmurunun icra ilə bağlı hərəkətlərindən, icraata xitam verilməsi haqqında qərarından şikayət verməklə həllinə nail ola bilərdi. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, hazırki tələblə inzibati məhkəmə icraatında müstəqil inzibati iddia qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. «İcra məmurları haqqında» AR Qanununun 11-ci maddəsinə əsasən icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müəssisə, təşkilat, idarə və vətəndaşlara İcra məmurları tərəfindən vurulmuş ziyan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir. Məhkəmələrin mülki, inzibati və iqtisadi mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə probasiya nəzarəti ilə əlaqədar tədbirlərin düzgün və vaxtında icra edilməsinə nəzarət icra və probasiya qurumlarının rəhbərləri və hakim tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik icra işi çərçivəsində icra məmurunun hərəkətlərindən şikayətə iddia qismində inzibati məhkəmə icraatı qaydasında baxılmasını yox, ona icra sənədini vermiş məhkəmə tərəfindən baxılmasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırki iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-6414/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar