Məhkəmə qərarları › İş №2-1(103)-2052/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2052/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2052/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2279/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli qərarının və xx.xx.2022-ci il tarixli göstərişinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-154/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi dəqiqləşdirmiş və iddia tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin X3 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” kimi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2279/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslanıdırılmışdır ki, cavabdehin iddiaçıdan “DEKOR” əmtəə nişanı ilə oxşar olan “DECOR” sözündən istifadə edən sənədlərin olub-olmaması barədə məlumat və bu sənədlərin təsdiq olunmuş surətini, habelə mənşəyini təsdiq edən sənədləri tələb etməsinin icrası təbii ki, iddiaçının iradəsindən kənardır. Çünki iddiaçı nə həmin malları ölkəyə gətirmiş, nə də onun istehsalı ilə məşğul olmuşdur. İddiaçı ölkədə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq müxtəlif malların satışını özünə məxsus mağazada həyata keçirir. Qeyd olunmalıdır ki, Xidmətdən “DEKOR” əmtəə nişanı ilə oxşar olan “DECOR” sözüyazılmış malların ölkəyə idxalını həyata keçirən "xxxx" MMC barəsində iş qaldırılmış və müvafiq araşdırma aparılaraq maliyyə sanksiyaları tətbiq olunmuşdur.Başqa sözlə, bu hal özlüyündə iddiaçının hər hansı qanunvericiliyin tələbini pozmadığını, malların mənşəyini və alışını sübut edən sənədlərin onun tərəfindən təqdim edilməsinin imkanı xaricində olduğunu, hər hansı təqlid fəaliyyətinə yol vermədiyini sübut edir. "xxxx" MMC ilə bağlı Xidmətin müvafiq qərarları birinci instansiya məhkəməsinə təqdim olunsa da, məhkəmə bunu görməzdən gəlmişdir. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin icrası məcbur olan göstərişində sadalanan sənədlərə heç bir vaxt malik olmamış, adı çəkilən xidmətin göstərişi doğru olmayan subyektə yönəlmişdir. İddiaçı həmin araşdırmanın subyekti olmadığı üçün onun fəaliyyəti barədə olan araşdırmalar Xidmətdə dayandırılmışdır. Lakin adı çəkilən xidmətin doğru olmayan subyektə yönləndirdiyi icrası məcburi olan göstərişin icra olunmaması ilə bağlı maliyyə sanksiyası şəklində olan cərimə qərarı ləğv edilməmişdir. İddiaçı onda olmayan sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edə bilməzdi və təqdim etməyib. Buna görə də iddiaçının əməllərində (hərəkətsizliyində) “Antiinhisar fəaliyyəti haqqnda” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 3-cü abzasında göstərilən qanun pozuntusu yoxdur. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi qərarının qanunsuz olduğunu və ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdeh tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, “X5 Sanayi və Ticaret Limited Şirketi” xx.xx.2021-ci il tarixli müracət ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və qanunsuz olaraq “DEKOR" əmtəə nişanı ilə oxşar olan “DECOR” əmtəə nişanı adı altında malların satışını həyata keçirdiyini bildirmiş və bu cür pozuntuların dayandırılmasını xahiş etmişdir. Müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılması haqqında” xx.xx.2022-ci il tarixli FA-04 əmri ilə komissiya yaradılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin iddiaçı tərəfindən pozulması əlamətləri üzrə iş qaldırılmış, işə baxılması həmin Komissiyaya tapşırılmışdır. Cavabdeh tərəfindən qəbul edilmiş 12 iyul 2019-cu il tarixli qərar ilə, qərara alınmışdır ki, ərizə verən “X5 Sanayi ve Ticaret Limited Şirketi”nin nümayəndəsi Vüqar Əmrahovun xx.xx.2022-ci il tarixinə kimi “DEKOR” əmtəə nışanından qanunsuz istifadə etdiyini iddia etdiyi fiziki şəxs İddiaçı tərəfindən həmin əmtəə nişanının sahibinə və ya əmtəə nişanından istifadə hüququ olan digər bazar subyektlərinə ziyan vurulubvurulmadığı, ziyan vurulduğu təqdirdə onun məbləği barədə zəruri sənəd və məlumatlar cavabdeh Xidmətə təqdim edilsin. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işin təxirə salınması və maliyyə sanksiyasının tətbiq edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə, fiziki şəxs İddiaçı tələb olunan məlumatları və sənədləri təqdim etmədiyinə görə "Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1-ci bəndinin üçüncü abzasına əsasən 5500 manat (beş min beş yüz manat) maliyyə sanksiyası şəklində cərimə tətbiq edilmiş, eyni zamanda müvafiq sənəd və məlumatlar tələb edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsinə dair qərar qəbul edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İPM-in 87.8-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Xidmətə məktub (daxilolma qeydiyyatı: xx.xx.2022-ci il tarixli 5/1502 nömrəli) daxil olmuşdur. Məktubda fiziki şəxs İddiaçı Rusiya Federasiyasının “Namerenie” şirkəti ilə xx.xx.2021-ci il tarixində 21/06/206 nömrəli müqavilə bağladığını, xx.xx.2021-ci il tarixində müqaviləyə uyğun olaraq həmin şirkətdən müxtəlif tikinti mallarını aldığını, müqaviləyə əlavə olunmuş sənədlərdə (invoice, YNB və s.) DECOR-la bağlı heç bir məlumat göstərilməməsinə baxmayaraq, daxil olunmuş malları açarkən, içərisindən qablaşdırılmasının üzərində DECOR sözü yazılmış müxtəlif tikinti mallarının (Mini valik, Valik struktıy, Rolik) çıxdığını, bu malların bir hissəsini öz satış mağazasında, digər hissəsini isə müxtəlif alıcılara realizə etdiyini, hazırda DECOR sözü yazılmış malların olmadığını, həmin malların sahibkar kimi öz adına olmadığını, həmin malların direktoru və sahibi olduğu “MGM-21 GROUP MMC”- nin adına daxil olduğunu bildirmişdir. İnzibati iş materiallarına əsasən müəyyən edilir ki, “DEKOR” təsvirli əmtəə nişanı (iddia sənədinin nömrəsi: 2007 0382, ilkinlik tarixi: xx.xx.2007, dövlət reyestrində qeyd olunub: xx.xx.2008) 2008 0748 nömrəsi ilə “X5 Sanayi ve Ticaret Limited Şirkətinin” adına əmtəə nişanının sahibi kimi qeydiyyata alınmışdır. Həmin əmtəə nişanı 16-cı sinif - fırçalar, rəngsaz valcıqları və rəssamlar üçün fırçalar üzrə qeydiyyata alınmışdır. Əmtəə nişanının rəngi qara, ağdır. İş materiallarında olan fotoşəkildən görünür ki, iddiaçıya məxsus satış mağazasında (İddiaçı məxsus VÖEN **********) üzərində “DECOR” yazısı qeyd olan fırça satılmışdır. İnzibati icraat materiallarında olan, iddiaçı tərəfindən “MGM-21 GROUP“ Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) direktoru İddiaçı (satıcı) və Sahibkar (VÖEN.**********) İddiaçı (alıcı) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 01-1 nömrəli Alqı-Satqı Müqaviləsində və xx.xx.2021-ci il tarixli 01-1-QM-2021 qiymətlərin razılaşdırma protokolu təqdim edilmişdir. Təqdim edilmiş heç bir sənəd “DECOR” sözü ilə əlaqəli sənədlər olmamışdır. İddiaçı apellyasiya şikayətində malların mənşəyini və alışını sübut edən sənədlərin onun tərəfindən təqdim edilməsinin imkanı xaricində olduğunu, bildirmiş və səbəb olaraq onu göstərmişdir ki, o nə həmin malları ölkəyə gətirmiş, nə də onun istehsalı ilə məşğul olmuşdur. Qeyd etmişdir ki, o ölkədə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq müxtəlif malların satışını özünə məxsus mağazada həyata keçirir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı üzərində “DECOR” sözü yazılmış fırçaları təsisçisi və direktoru olduğu "xxxx" MMC-dən aldığını, lakin həmin malların qeyd olunan firmadan alışına dair sənəd tərtib edilmədiyini, buna görə də qeyd olunan malların fiziki şəxs kimi öz adına sənəd tərtib edilmədiyini, həmin malların "xxxx" MMC-nin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində idxal etdiyi malların içərisində olduğunu və ordan da tərəfindən fiziki şəxs kimi fəaliyyət göstərdiyi mağazada 476,41 manat dəyərində mal satıldığını və üzərində “DECOR” sözü yazılmış fırçalar və rulonların xx.xx.2021-ci ildən fiziki şəxs kimi satışını həyata keçirtdiyini və xx.xx.2022-ci ildən satışın tam dayandırıldığını bildirmişdir. Üzərində “DECOR” sözü yazılmış fırçalar kassa çeki ilə satıldığına görə bununla bağlı sənədləri təqdim edə bilmədiyini, 476,41 manat dəyərində mal satıldığını və bunun 18%-ni 72,67 manatını ƏDV ödədiyini qeyd etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin də qərarında qeyd etdiyi iddiaçı “MGM-21 GROUP“ Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı (satıcı) və sahibkar İddiaçı (alıcı) arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 01-1 nömrəli Alqı-Satqı müqaviləsinə istinad edərək bildirir ki, qeyd edilən müqaviləyə əsasən “DECOR” sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların satışına başladığı tarixi, DECOR" sözü yazılmış fırçalar, rəngsaz valcıqları, rəssamlar üçün fırçaların satışına başlandığı tarixdən hazırkı tarixədək həmin malların satışından əldə olunmuş gəlirlər barədə məlumatı, 2021ci ilin oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar və fevral ayları ərzində (hər ay üzrə ayrı-ayrılıqda) əldə edilmiş ümumi gəlirlər (əlavə dəyər, sadələşdirilmiş və aksiz vergiləri çıxılmaqla) barədə cədvəl məlumatı və bunu təsdiq edən sənədlər iddiaçının özündə olmuş, lakin aşkar qaydada təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”nə əsasən müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq Xidmətin hüquqlarındandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 120 nömrəli “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları haqqında” Qərarının 3.1-ci maddəsinə görə antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir: a) Antiinhisar orqanının göstərişləri vaxtında icra olunmadıqda; b) antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci maddələrində göstərilən ərizə və sənədlər təqdim edilmədikdə; c) antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1- ci və 16-cı maddələrində nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar vaxtında təqdim edilmədikdə; ç) antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 4.1-4.3-cü bəndlərinə əsasən hüquqi və fiziki şəxslər malların qəbulunu müvafiq sənədlərə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirirlər. Hüquqi və fiziki şəxslərin ticarət obyektlərinin anbarında və satışda olan mallar üzrə təchizatçının (malgöndərənin) rekvizitləri, daxil olmuş malın miqdarı, qiyməti və ümumi məbləği əks etdirilmiş müvafiq təsdiqedici sənədlər olmalıdır. Malların mənşəyini və qiymətini təsdiq edən qaimə, uyğunluq sertifikatı (məcburi sertifikatlaşdırılmalı mallar üçün) olmadıqda, həmçinin pirat və ya kontrafakt malların ticarət şəbəkələrinə daxil edilməsi, saxlanılması və satışı qadağandır. “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinə əsasən təsərrüfat subyektlərinin hökmran mövqelərindən sui-istifadə və ya rəqabəti məhdudlaşdıran hərəkətlərinin qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı aşağıdakılara dövlət nəzarətini həyata keçirir:

1. Təsərrüfat subyektləri: müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə - beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. Beləliklə, yuxarda sadalanları nəzərə alan Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən aparılmış icraat zamanı iddiaçı tərəfindən tələb edilən sənədlərin (məlumatların) cavabdeh orqana əsassız olaraq tam təqdim edilməməsi müəyyən edildiyindən, apellyasiya şikayətinin dəlilləri isə bunun əksini sübut etmədiyindən, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğvi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2279/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar