Məhkəmə qərarları › İş №2-1(103)-2053/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2053/2021

03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2053/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4384/2021 saylı 24 may 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********144376 saylı 5 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qeyd edilən vergi yoxlaması ilə bağlı aşkar edilmiş faktlarla əlaqədar Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində cinayət işi üzrə icraatın davam etdiyini bildirərək və İPM-in 7.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraat başa çatana kimi hazırkı icraatın dayandırılmasına dair vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, qeyd olunan iş üzrə aparılan cinayət təqibinin icraatda olan mübahisənin həllinə təsir etməsi halları mövcuddur və həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. Vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq izahatlar əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər. Belə ki, məhkəmədə baxılan cinayət işi üzrə vergidən yayınma faktı təsdiqini tapacağı halda, həmin hal birbaşa hazırkı işin nəticəsinə təsir edəcəkdir. Eyni məsələlər üzrə iki paralel icraatların aparılmasının və vaxt itkisinə yol verilməməsinin qarşısını almaq məqsədi ilə müvafiq cinayət işi üzrə icraat başa çatana kimi hazırki iş üzrə icraatın dayandırılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4384/2021 saylı 24 may 2021-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilməmişdir. (hakim: S.Salahova) Həmin qərardaddan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və “İddiaçı MMC-nin iddia tələbi üzrə məhkəmə baxışının həmin iş üzrə başlanmış cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi izahat verərək apelyasiya şikayətinin mümkün hesab edilərək onun təmin edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçınə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, cavabdehin apelyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Şikayətin mümkünlüyünə dair məsələni tənzimləyən İnzibati Prosessual Məcəllənin 83.1-ci maddəsində qeyd edilir ki, şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Hazırkı iş üzrə cavabdehin mübahisələndirdiyi qərardad iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməməsi barədə olmuşdur. Qeyd olunan qərardaddan cavabdeh apelyasiya şikayəti vermişdir. İnzibati Prosessual Məcəlləsinin 7.1-ci maddəsinə əsasən mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Göründüyü kimi istinad edilən normada hakimin qəbul etdiyi qərardadın müstəqil mübahisələndirilməsi nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Yuxarıda qeyd olunan normaların təhlilindən də göründüyü kimi, məhkəmə qərardadından şikayət vermək hüququ İPM-də konkret olaraq göstərilməlidir. Bu hüquq göstərilmədikdə qərardaddan şikayət verilmir. İşdə iştirak edən şəxslər şikayət verilməsi nəzərdə tutulmayan qərardadlardan narazı qaldıqda məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verə bilər. Hazırki halda isə cavabdeh müstəqil mübahisələndirilməsi yol verilməyən qərardaddan şikayət vermişdir. İPM-in 87.3-cü maddəsinin tələbinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsində isə qeyd edilib ki, apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət qanunvericilikdə nəzərdə tutulmadığından mümkün sayılmamalı və bununla da apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4384/2021 saylı 24 may 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar