Məhkəmə qərarları › İş №2-1(103)-2053/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2053/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2053/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2053/2023 (Açar sözlər: “qərarların ləğv edilməsi”) Bakı şəhəri 26 sentyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3326/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya xx.xx.2016-cı il tarixdən yaşa görə müavinət təyin edilmişdir. İddiaçının adına xx.xx.2018-ci il tarixdən xx.xx.2022- ci il tarixədək aktiv VÖEN hesabı aşkar edilmişdir. Nəticə etibarilə, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 5043.06 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Bununla yanaşı, iddiaçıya sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmış, xx.xx.2022-ci il tarixdən isə 180 manat məbləğində sosial müavinətin ödənişi bərpa edilmişdir. Artıq ödənilmiş yaşa görə sosial müavinətin məbləği haqqında xx.xx.2022-ci il tarixdə 13594 nömrəli qərar qəbul edilmişdir. Buna uyğun olaraq 5043.6 manat məbləğ bölünərək hər ay 20% olmaqla (36 manat) iddiaçının aylıq sosial müavinətindən tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmaqdadır.

2. İddiaçı həmin xx.xx.2022-ci il tarixdə 13594 nömrəli qərarın əsassız olduğunu iddia edərək məhkəməyə müraciət etmiş və həmin qərarı mübahisələndirmişdir.

3. Cavabdeh inzibati orqan mübahisələndirilən qərarların qəbul edilməsini iddiaçının adına xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv VÖEN hesabı aşkar edilməsi ilə əsaslandırmışdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir: “Vergi ödəyicisinin fəaliyyəti barədə arayışın təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********143800 nömrəli) aidiyyəti üzrə Bakı şəhəri X4 üzrə Baş İdarəsində baxılmışdır. Bildiririk ki, uçot baza məlumatlarına əsasən X1 xx.xx.2011-ci il tarixdə vergi uçotuna alınması, xx.xx.2012-ci il tarixdə vergi uçotunun ləğv edilməsi, xx.xx.2012-ci il tarixdə "Fəliyyətinə xitam veriliş fiziki şəxsin fəaliyyətinin bərpası" ərizəsinə əsasən fəaliyyəti bərpa edilmiş, fəaliyyətinin xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2018-ci il tarixdə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2042-ci il tarixədək dayandırılması, xx.xx.2022-ci il tarixdə vergi uçotunun ləğv edilməsi barədə məlumat müəyyən edilmişdir.”

5. Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli Arayışında göstərilmişdir: “Verilir ünvan 1 ünvanda yaşayan vət. İddiaçı ondan ötəri ki, xx.xx.2018-ci il tarixdə PB-nə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən fəaliyyətsiz olan “iki qardaş" kafesindən oğurluq hadisəsi baş vermiş və nəticədə təxminən 2160 manat maddi ziyan vurulduğu aşkar edilmişdir. Həmin kafe hal-hazırda da fəaliyyətsizdir.

6. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir: Uçot baza məlumatlarına əsasən X1 (VÖEN:**********) xx.xx.2011-ci il tarixdə vergi uçotuna alınması, xx.xx.2012-ci il tarixdə vergi uçotunun ləğv edilməsi, xx.xx.2012-ci il tarixdə "Fəliyyətinə xitam veriliş fiziki şəxsin fəaliyyətinin bərpası" ərizəsinə əsasən fəaliyyəti bərpa edilmiş, fəaliyyətinin xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2018-ci il tarixdə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2042-ci il tarixədək dayandırılması, xx.xx.2022ci il tarixdə vergi uçotunun ləğv edilməsi barədə məlumat müəyyən edilmişdir. xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə dövriyyə məbləği 1.371,00 manat, ödənilmiş vergi məbləği isə 20,0 manat təşkil etmişdir.

7. Apellyasiya baxışı zamanı inzibati iş üzrə zərurət yarandığından məhkəmə xx.xx.2011ci il tarixdə vergi uçotuna alınmış İddiaçı (ünvan 3 ünvanı, VÖEN ********** ) xx.xx.2018-xx.xx.2022-ci illər ərzində vergi fəaliyyəti olması, vergi bəyənnamələri təqdim etməsi, qeyd edilən xx.xx.2018-xx.xx.2022-ci illər ərzində gəlirlərləri barədə vəziyyətin necə olması barədə məlumatın məhkəməyə təqdim olunması xahiş olunmuşdur.Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir:Uçot baza məlumatlarına əsasən X1 (VÖEN:**********) xx.xx.2022-ci il tarixə vergi qydiyyatı ləğv olunduğundan qeyd olunan məlumatların təqdim edilməsi mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli 13594/**********7 nömrəli qərarın ləğv edilməsi, tutulmuş pul vəsaitlərin İddiaçı geri ödənilməsi, artıq ödəmənin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya yaşa görə sosial müavinət təyin edilmişdir. Sonradan xx.xx.2021-ci il tarixindən dayandırılmış və xx.xx.2022-ci ildən bərpa edilərək 180 manat ödənilməyə başlanılmışdır, 2022-ci ilin əvvəlindən müavinətdən tutulmalar edilmiş, hal-hazırda isə 20 faiz yəni 36 manat tutulmaqda davam etdirilir. Bununla əlaqədar olaraq cavabdehə ərizə ilə müraciət edərək bildirmişdir ki, tutulmanın səbəbi barədə ona rəsmi məlumat verilməsi və bunu ləğv edərək onun 180 manat ödənişini bərpa etsin. Cavabdeh **********2 nömrəli məktubla onun ərizəsinə cavab olaraq qeyd etmişdir ki, adına VÖEN olmuş və bu səbəbdəndə sosial müvinətin ödənişində artıq ödəmə baş vermiş və onun aradan qaldırılması üçün isə hər ay müavinətdən tutulmalar ediləcəkdir. Bununla bağlı 13594/**********7 nömrəli qərar qəbul edilmişdir. Qeyd edir ki, onun adında VÖEN olması o demək deyilki o, aktiv vergi ödəyicisidir, onun istifadəsində olan ünvan 4 ünvanda yerləşən “iki qardaş” kafesindən xx.xx.2018-ci il tarixində oğurluq hadisəsi baş vermiş və obyekt dağıdılmış və ona bunun nəticəsində 2160 manat ziyan dəymişdir. Bundan sonra o, fəaliyyət göstərməmidir. VÖEN isə formal olaraq açıq qalmış və heç bir ödəniş edilməmişdir, çünki artıq iş yeri olan kafe dağıdılmış və oğurlanması ilə əlaqədar olaraq fəaliyyəti dayanmışdır. Suraxanı RPİ -nin 31-ci PB -də bununla əlaqədar olaraq iş açılmışdır və ona arayış təqdim edilmişdir. Cavabdehin məktubu və qərarı tamamilə əsassızdır hesab edir ki, qərar ləğv edilməli ondan tutulmuş vəsaitlər geri qaytarılmalıdır.

10. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının “xx.xx.2022-ci il tarixli 5515 nömrəli və xx.xx.2022-ci il tarixli 13594/**********7 nömrəli qərarların ləğv edilməsi, xx.xx.2022-ci il tarixli 5515 nömrəli qərarla tutulmuş 320.52 (üç yüz iyirmi m, 52 qəpik) manatın və xx.xx.2022-ci il tarixli 13594/**********7 nömrəli qərarla hazırki günədək tutulmuş pul vəsaitlərinin iddiaçının hesabına geri ödənilərək bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.

11. İddia ərizəsinə Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək qəbul edilmiş xx.xx.2022-ci il tarixli 13594 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq, cavabdeh orqan tərəfindən 17 avqust 2022-ci il tarixli **********2 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, xidməti yoxlama zamanı iddiaçının adına xx.xx.2018-ci il tarixdən 13.01 2022-ci il tarixədək aktiv VÖEN hesabı aşkar edilmişdir. Nəticə etibarilə, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 5043.06 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Bununla yanaşı, iddiaçıya sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmış, xx.xx.2022-ci il tarixdən isə 180 manat məbləğində sosial müavinətin ödənişi bərpa edilmişdir. Artıq ödənilmiş yaşa görə sosial müavinətin məbləği haqqında xx.xx.2022-ci il tarixdə 13594 nömrəli qərar qəbul edilmişdir. Buna uyğun olaraq 5043.6 manat məbləğ bölünərək hər ay 20% olmaqla (36 manat) iddiaçının aylıq sosial müavinətindən tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmaqdadır. Bu əsaslara görə cavabdeh orqan iddiaçının xahişinə münasibətdə qərarı ləğv etməkdən imtina etmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə sosial müavinətin təyin edilməsi şərti kimi əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququnun olmaması və işləməməsi faktı çıxış edir. Həmin Qanunun 11.1.2-ci maddəsində qeyd edilir ki, yaşa görə sosial müavinət şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. 12.1-ci maddədə göstərilir ki, Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Qanunun 12.2-ci maddəsində əlavə olaraq bildirilir ki, müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergi tutma obyekti vergilərin müəyyən edilməsi şərtlərindən biridir. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Həmin Məcəllənin 16.1.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vəzifələrindən biri də onun VÖEN almasıdır. 34-cü maddədə isə qeyd edilir ki, vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. Yuxarıda qeyd olunan hüquq normalarının və işin faktiki hallarının qarşılıqlı təhlilindən aydın olur ki, cavabdeh orqanın iddiaçı barədə çıxarmış olduğu 13594/**********7 nömrəli qərar düzgündür. Belə ki, iddiaçıya yaşa görə sosial müavinət təyin edilərkən Qanunun 7.0.2-ci maddəsinin tələbinə əsasən yaşa görə sosial müavinət təyin edilmişdir. Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********322200 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə vergi uçotu bərpa edilmiş, xx.xx.2022-ci il tarixdə isə vergi uçotu ləğv edilmişdir. Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi gəlirinin, mənfəətinin, işinin və ya xidmətinin dəyərinə adekvat şəkildə vergi ödəyir. Buna uyğun olaraq vergi uçotuna alınır və VÖEN əldə edir. İddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək VÖEN-i olmuşdur, buradan belə nəticə çıxır ki, həmin dövr ərzində iddiaçı işləmişdir. Buna uyğun olaraq 5043.06 manat artıq ödəmə yaranmış və artıq ödənilmiş məbləğin geri qaytarılması barədə qərar qəbul edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, həmin dövrdə işləməmişdir və vergi uçotu “formal” olaraq aktiv qalmışdır. Vergi ödəyicisi olaraq iddiaçının vəzifəsi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında hər hansı dəyişikliyin baş verməsi zamanı 40 gün müddətində vergi orqanına bu barədə məlumat verməli idi. Həmin məlumata əsasən isə iddiaçı vergi uçotunun ləğvi barədə müraciət etməli olduğu təqdirdə belə müraciəti 03 il 09 ay sonra etmişdir. Beləliklə, iddiaçı ona yaşa görə sosial müavinət təyin edilərkən qanun normaları ilə bağlı bir problemi olmadan ona müavinət təyin edilməsinə razı olmuşdursa, eyni qanun normalarına əsasən aşkara çıxarılmış artıq ödəmənin tutulmasından razı deyil.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3326/2023 xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, xx.xx.2022-ci il tarixli 5515 nömrəli və xx.xx.2022-ci il tarixli 13594/**********7 nömrəli qərarlar ləğv edilməsi, xx.xx.2022-ci il tarixli 5515 nömrəli qərarla tutulmuş 320.52 (üç yüz iyirmi m, 52 qəpik) manatın və xx.xx.2022-ci il tarixli 13594/**********7 nömrəli qərarla hazırki günədək tutulmuş pul vəsaitlərinin iddiaçının hesabına geri ödənilərək bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulması qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici cavabdeh inzibati orqan tərəfindən artıq ödəniş məbləğinin tutulması haqqında qərar (inzibati akt) qəbul edilərkən müavinət alan şəxsin razılığının olmasını şərtləndir. Belə razılıq olmadıqda, yəni ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı iş üzrə, müavinət alan şəxs (iddiaçının) artıq ödənilmiş məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş məbləğin qaytarılmasından imtina olunması ilə bağlı olaraq cavabdeh orqan tərəfindən məhkəməyə müraciət etmək hüququndan da istifadə etməmişdir.

14. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən eyni zamanda “İnzibati icraat haqqında” Qanunun tələblərinə də riayət etməmiş, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati akt qəbul edilən şəxsi inzibati icraata dəvət etməmiş, inzibati icraat barəsində maraqlı şəxsə (iddiaçıya) məlumat verməmiş, və sosial müavinərin təyin edilməsi barədə inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə olduğu halda icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmişdir.

15. Mübahisələndirilən inzibati akt həmçinin inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində də qəbul edilmiş inzibati aktdır.

16. Belə ki, cavabdeh tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən müəyyən edilir ki, hazırda mübahisələndirilən qərar qəbul edilərkən İddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmişdir.

17. Birinci instansiya məhkəməsi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1.-ci, 1.0.2-ci, 4.0.-cı, 4.0.1.2-ci, 7.0.-cı, 14.4-cü, 7.0.2.-ci, 11.1-ci, 11.1.2.-ci, 12.1-ci ,12.2-ci maddəsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci, 2.0.2-ci, 2.0.10-cu, 21-ci, 24-cü, 25.1-ci, 67.1-ci, 67.2-ci, 67.3-cü, 67.5-ci, 67.6-cı, 67.6.1-ci, 67.6.2-ci, 67.6.3-cü, 67.7-ci, 2.0.3cü, 21.1-ci, 21.2-ci, 21.3-cü, 21.3.1.-ci, 21.3.2.-ci, 21.3.3.-cü. 21.3.4.-cü, 21.3.5.-ci, 21.3.6.-cı maddəsinə maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

18. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3326/2023 xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan hüquq normalarının və işin faktiki hallarının qarşılıqlı təhlilindən aydın olur ki, cavabdeh orqanın iddiaçı barədə çıxarmış olduğu 13594/**********7 nömrəli qərar düzgündür. Belə ki, iddiaçıya yaşa görə sosial müavinət təyin edilərkən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 7.0.2-ci maddəsinin tələbinə əsasən yaşa görə sosial müavinət təyin edilmişdir.Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********322200 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə vergi uçotu bərpa edilmiş, xx.xx.2022-ci il tarixdə isə vergi uçotu ləğv edilmişdir. Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi gəlirinin, mənfəətinin, işinin və ya xidmətinin dəyərinə adekvat şəkildə vergi ödəyir. Buna uyğun olaraq vergi uçotuna alınır və VÖEN əldə edir. İddiaçının xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək VÖEN-i olmuşdur, buradan belə nəticə çıxır ki, həmin dövr ərzində iddiaçı işləmişdir. Buna uyğun olaraq 5043.06 manat artıq ödəmə yaranmış və artıq ödənilmiş məbləğin geri qaytarılması barədə qərar qəbul edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, həmin dövrdə işləməmişdir və vergi uçotu “formal” olaraq aktiv qalmışdır. Vergi ödəyicisi olaraq iddiaçının vəzifəsi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında hər hansı dəyişikliyin baş verməsi zamanı 40 gün müddətində vergi orqanına bu barədə məlumat verməli idi. Həmin məlumata əsasən isə iddiaçı vergi uçotunun ləğvi barədə müraciət etməli olduğu təqdirdə belə müraciəti 03 il 09 ay sonra etmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(112)-3326/2023 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.

e) Prosses iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

23. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununu: - 1.0.1.sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; - 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları (1 yanvar 2020-ci il tarixədək qüvvədə olan redaksiyada). - 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: - 4.0.1.2. yaşa görə müavinət; - 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: -7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; -11.1-ci maddəsinə əsasən müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: -11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda -12.1-ci maddəsinə əsasən bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. -12.2-ci maddəsinə əsasən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. - 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1 rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3 inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; - 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: - 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; - 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; - 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; - 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; - 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; - 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

29. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

30. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən yaşa görə müavinət təyin edilmişdir. İddiaçının adına xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv VÖEN hesabı aşkar edilmişdir. Nəticə etibarilə, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 5043.06 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Bununla yanaşı, iddiaçıya sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmış, xx.xx.2022-ci il tarixdən isə 180 manat məbləğində sosial müavinətin ödənişi bərpa edilmişdir. Artıq ödənilmiş yaşa görə sosial müavinətin məbləği haqqında xx.xx.2022-ci il tarixdə 13594 nömrəli qərar qəbul edilmişdir. Buna uyğun olaraq 5043.6 manat məbləğ bölünərək hər ay 20% olmaqla (36 manat) iddiaçının aylıq sosial müavinətindən tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmaqdadır.

31. İddiaçı həmin xx.xx.2022-ci il tarixdə 13594 nömrəli qərarın əsassız olduğunu iddia edərək məhkəməyə müraciət etmiş və həmin qərarı mübahisələndirmişdir.

32. Göründüyü kimi, cavabdeh inzibati orqan mübahisələndirilən qərarların qəbul edilməsini iddiaçının adına xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv VÖEN hesabı aşkar edilməsi ilə əsaslandırmışdır.

33. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir: “Vergi ödəyicisinin fəaliyyəti barədə arayışın təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********143800 nömrəli) aidiyyəti üzrə Bakı şəhəri X4 üzrə Baş İdarəsində baxılmışdır. Bildiririk ki, uçot baza məlumatlarına əsasən X1 xx.xx.2011-ci il tarixdə vergi uçotuna alınması, xx.xx.2012-ci il tarixdə vergi uçotunun ləğv edilməsi, xx.xx.2012-ci il tarixdə "Fəliyyətinə xitam veriliş fiziki şəxsin fəaliyyətinin bərpası" ərizəsinə əsasən fəaliyyəti bərpa edilmiş, fəaliyyətinin xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2018-ci il tarixdə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2042-ci il tarixədək dayandırılması, xx.xx.2022-ci il tarixdə vergi uçotunun ləğv edilməsi barədə məlumat müəyyən edilmişdir.”

34. Həmçinin, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli Arayışında göstərilmişdir: “Verilir ünvan 1 ünvanda yaşayan vət. İddiaçı ondan ötəri ki, xx.xx.2018-ci il tarixdə PB-nə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən fəaliyyətsiz olan “iki qardaş" kafesindən oğurluq hadisəsi baş vermiş və nəticədə təxminən 2160 manat maddi ziyan vurulduğu aşkar edilmişdir. Həmin kafe hal-hazırda da fəaliyyətsizdir.

35. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir: Uçot baza məlumatlarına əsasən X1 (VÖEN:**********) xx.xx.2011-ci il tarixdə vergi uçotuna alınması, xx.xx.2012-ci il tarixdə vergi uçotunun ləğv edilməsi, xx.xx.2012-ci il tarixdə "Fəliyyətinə xitam veriliş fiziki şəxsin fəaliyyətinin bərpası" ərizəsinə əsasən fəaliyyəti bərpa edilmiş, fəaliyyətinin xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək dayandırılması, xx.xx.2018-ci il tarixdə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2042-ci il tarixədək dayandırılması, xx.xx.2022ci il tarixdə vergi uçotunun ləğv edilməsi barədə məlumat müəyyən edilmişdir. xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə dövriyyə məbləği 1.371,00 manat, ödənilmiş vergi məbləği isə 20,0 manat təşkil etmişdir.

36. Qeyd olunanlardan əlavə cavabdeh inzibati orqan mübahisələndirilən qərarların qəbul edilməsini iddiaçının adına xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv VÖEN hesabı aşkar edilməsi ilə əsaslandırdığından, İddiaçı (ünvan 3 ünvanı, VÖEN ********** ) xx.xx.2018-xx.xx.2022-ci illər ərzində vergi fəaliyyəti olması, vergi bəyənnamələri təqdim etməsi, qeyd edilən xx.xx.2018-xx.xx.2022-ci illər ərzində gəlirlərləri barədə vəziyyətin necə olması barədə məlumatın məhkəməyə təqdim olunması xahiş olunmuşdur.Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir:Uçot baza məlumatlarına əsasən X1 (VÖEN:**********) xx.xx.2022-ci il tarixə vergi qydiyyatı ləğv olunduğundan qeyd olunan məlumatların təqdim edilməsi mümkün olmamışdır.

37. Beləliklə, iş materiallarından iddiaçının adına xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv VÖEN olması müəyyən edilsə də, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli Arayışında göstərilənlərə əsasən ünvan 2 ünvanda yerləşən fəaliyyətsiz olan “iki qardaş" kafesinin xx.xx.2018-xx.xx.2022-ci illər ərzində, o cümlədən məktubun tarixinə (xx.xx.2022-ci il tarixinə) kimi fəaliyyətsiz olması təsdiq edilmiş, qeyd edilən dövrlərdə gəlirinin olmasına dair isə hər hansı sübut təqdim edilməmişdir.

38. Bundan başqa tətbiq edilən hüquq normaları cavabdeh inzibati orqan tərəfindən artıq ödəniş məbləğinin tutulması haqqında qərar (inzibati akt) qəbul edilərkən müavinət alan şəxsin razılığının olmasınını şərtləndir. Belə razılıq olmadıqda, yəni ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir.

39. Hazırkı iş üzrə, müavinət alan şəxs (iddiaçının) artıq ödənilmiş məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş məbləğin qaytarılmasından imtina olunması ilə bağlı olaraq cavabdeh orqan tərəfindən məhkəməyə müraciət etmək hüququndan da istifadə etməmişdir.

40. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən qərar qəbil edilərkən eyni zamanda “İnzibati icraat haqqında” Qanunun tələblərinə də (Qərarın 24-cü bəndi) riayət etməmiş, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati akt qəbul edilən şəxsi inzibati icraata dəvət etməmiş, inzibati icraat barəsində maraqlı şəxsə (iddiaçıya) məlumat verməmiş, və sosial müavinərin təyin edilməsi barədə inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə olduğu halda icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmişdir.

41. Məhkəmə Kollegiyası qeyd edir ki, mübahisələndirilən inzibati akt həmçinin inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində də qəbul edilmiş inzibati aktdır.

42. Belə ki, cavabdeh tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən müəyyən edilir ki, hazırda mübahisələndirilən qərar qəbul edilərkən İddiaçı inzibati icraata maraqlı şəxs kimi cəlb edilməmişdir.

43. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir.

44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati 2-1(112)-3326/2023 xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3326/2023 xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar