Məhkəmə qərarları › İş №2-1(103)-2054/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2054/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2054/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X2 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi Fomin Vadim və tərcüməçi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7105/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu 4 saylı Xidmət Mərkəzinin notariusu Cavabdeh2 hərəkətlərinin qanunsuz hesab edilməsi, ondan dövlət nəfinə müəyyən edilmiş məbləğdə cərimənin tutulması, notariusun 29 noyabr 2024-cü il tarixli 3763 nömrəli qanunsuz hərəkətinin ləğv edilməsi, iddiaçının ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzildə 1/2 payın vərəsəsi kimi tanınması, X1 2V-475 saylı vərəsəlik işində dəyişiklik edilməsi - 21 fevral 2018-ci il tarixli 400/12 nömrəli vətəndaşlıq vəziyyəti arayışının surətinin və 21 iyun 2016-cı il tarixli 1442 nömrəli vətəndaşlıq vəziyyəti arayışının surətinin vərəsəlik işinə daxil edilməsinin notariusa həvalə edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzildə əmlakın 1/2 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin notariusa həvalə edilməsi, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilin 1/2 payının mülkiyyət hüququ üçün sənədin düzgün tərtib edilməsinin tapşırılması, ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilin 1/2 payına mülkiyyət hüququ haqqında sənədin müvafiq qaydada rəsmiləşdirilməsi, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddələrinə uyğun olaraq xüsusi qərardad çıxarılması və bu barədə səlahiyyəti olan prokurora məlumat verilməsi və ya iş materiallarını araşdırmaq və cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsi, iddiaçının arzusu ilə Bakı İnzibati Məhkəməsi tərəfindən notariusun 29 noyabr 2024-cü il tarixli 3763 nömrəli aktının məcburi edilməsi və ləğv edilməsi haqqında qərarın qəbul edilməsi mümkün olmadıqda, təqsirkar şəxsdən əmlakın 1/2 payına görə 70.000 min manat məbləğdə pul vəsaitinin tələb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya iddianın mümkünlüyü ilə bağlı xx.xx.2025-ci il tarixli hüquqi yardım məktubu göndərilərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəməyə təqdim etdiyi iddia ərizəsində adını cavabdeh kimi qeyd etdiyi Cavabdeh2 hazırkı iş üzrə cavabdeh qismində çıxış edə bilməz. Belə ki, inzibati işlər üzrə cavabdeh qismində fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq inzibati orqanlar çıxış edə bilər. İddiaçıya iddia tələbini dəqiqləşdirərək, konkret pozulmuş hüquqlarının nədən ibarət olduğunu və bir cavabdeh göstərməklə iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddia ərizəsində göstərilən cavabdehlərə münasibətdə nəzərinə çatdırılmışdır ki, inzibati məhkəmə icraatı çərçivəsində fərqli cavabdehlərə qarşı irəli sürülən müxtəlif tələblərə dair iddialara bir icraat çərçivəsində baxılması yolverilməzdir. Ona bu növ iddialar mümkün hesab edilməməli olduğundan iddia tələbini müvafiq şəkildə düzgün cavabdehə qarşı konkret tələb göstərilməklə dəqiqləşdirilməsi təklif olunmuşdur. Bundan əlavə olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən iddiaçının hüquqi marağının bir hissəsinin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, bina 32 ünvanında yerləşən 4 saylı mənzilə dair iddiaçının payına düşən ½ hissəyə dair ayrıca olaraq mülkiyyət hüququnun qeydiyyata alınması barədə çıxarışın əldə edilməsindən ibarət olduğu müəyyən edilmişdir. Onunla bağlı müvafiq prosessual hərəkətlərin edilməsi iddiaçıya təklif edilmişdir. Belə ki, həmin hissədə iddia tələbi iddiaçının hüquqi marağına müvafiq olaraq vərəsəlik hüququ haqqında şəhadətnaməyə nəzərən mülki məhkəmə icraatı qaydasında həll edilməlidir. İddiaçıya izah edilmişdir ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. İddia ərizəsinə cavabdeh inzibati orqana iddia tələbində göstərilən məsələ ilə bağlı müraciət etməsini təsdiq edən sənəd və cavabdehin bu məsələ ilə bağlı müraciətinə imtinası əlavə edilmədiyindən, qaldırdığı iddia üzrə cavabdeh DƏDKR 1 saylı Bakı ərazi idarəsinin münasibəti məlum deyildir. Məhkəmə zəruri qaydada tələb edir ki, imtina məktubu iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2025-ci il tarixdən əvvələ aid olmalıdır. Eləcə də, iddia ərizənizin xahiş etdi hissəsinə əsasən iddiaçının hüquqi marağının, həmçinin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsin ibarət olduğu müəyyən edilir. Yuxarıda da qeyd edildiyi kimi, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Hazırkı iddia üzrə isə vərəsəlik haqqında şəhadətnamə inzibati akt olmadığından, vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbi üzrə işə inzibati deyil, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən, qeyd olunanlara yazılı şəkildə münasibət bildirməsi üçün iddiaçıya müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi, həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə biləcəyi iddiaçının diqqətinə çatdırılmışdır. İddiaçı tərəfindən məhkəmənin yardım məktubuna cavab olaraq Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən müxtəlif tarixlərdə fərqli sənədlər, məhkəmə aktları, həmçinin məhkəmənin ona ünvanlanmış yardım məktubu sistemə yüklənmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddia tələbi dəqiqləşdirilmədən, iddiaçı tərəfindən mülki iş üzrə onun iddialarının rədd edildiyi, ümumi qaydada məhkəməyə müraciət edə bilmədiyi, iddiasının təmin edilməsi hüququna malik olduğu bildirilmişdir. Həmçinin həmin ərizədə cavabdeh Daşınmaz Əmlakın Reyestri Xidmətinə notariusdan vərəsəlik şəhadətnaməsi almadan, ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilin ½ hissəsinə mülkiyyət hüququ haqqında sənədin verilməsinin tapşırılmasını xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia tələbinə dəqiqləşmə və məhkəmənin hüquqi yardım məktubuna dair əsaslı yazılı münasibət təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7105/2025 saylı,xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatının digər iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7105/2025 saylı,xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə Kollegiyası qeyd edir ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından (İPM-34.1, ikinci cümlə), sadalanan tələblər bu iddia növü üçün də eynilik təşkil edir. “İnzibati icraat haqqında” AR Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbi müxtəlif cavabdehlərə (cavabdehlərin adı düzgün göstərilməmişdir) qarşı yönəlmiş, qeyri-müəyyən və fərqli tələblərdən ibarətdir. Bununla bərabər, cavabdehlərdən biri inzibati orqan olmayan fiziki şəxsdir. Həmçinin tələb alternativ şəkildə formulə edilmişdir. Belə ki, iddiaçı tələbi təmin edilməyəcəyi təqdirdə kompensasiyanın ödənilməsini tələb edir. Kompensasiyanın kimdən tutulmalı olması tələbdə göstərilməmişdir. İddiaçının hüquqi marağı qeyri-müəyyəndir. Əgər tələb üzrə iddiaçının hüquqi marağı vərəsəlik qaydasında əmlakın əldə edilməsindən ibarətdirsə və həmin əmlaka münasibətdə vərəsəlik haqqında şəhadətnamə verilmişdirsə, iddiaçı ilk növbədə həmin vərəsəlik haqqında şəhadətnaməni mülki qaydada mübahisələndirməli, onun adının da vərəsələr siyahısında payçı qismində göstərildiyi yeni vərəsəlik haqqında şəhadətnamənin verilməsinə nail olmalı, bundan sonra ƏMDX DƏDKR 1 saylı Bakı ərazi idarəsi tərəfindən daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınmayacağı təqdirdə, müvafiq imtina məktubunu əlavə etməklə sonuncuya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Əgər iddiaçının hüquqi marağı ona dəymiş zərərə görə kompensasiyanın ödənilməsindən ibarətdirsə o müvafiq inzibati orqana kompensasiya tələbi ilə müraciət etməklə, imtina cavabı alacağı təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Hazırkı tələb üzrə isə iddiaçı tərəfindən məhkəmənin yardım məktubunu almasına baxmayaraq qeyd olunan çatışmazlıq və nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə Kollegiyası iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda da inzibati orqanlara Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Yardım məktubunda da qeyd edildiyi kimi, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Hazırkı iddia üzrə vərəsəlik haqqında şəhadətnamə inzibati akt olmadığından, vərəsəlik haqqında şəhadətnamənin verilməsi tələbi üzrə işə inzibati deyil, mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İddiaçının qeyd edilən tələb üzrə cavabdeh inzibati orqana müraciəti də iş materialları ilə müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən kompensasiya tələbi alternativ tələb olaraq irəli sürülsə də, bununla bağlı hansı cavabdehdən kompensasiyanın tutulmalı olması iddia ərizəsində yazılmamışdır. Həmçinin kompensasiya tələbi ilə bağlı hər-hansı inzibati orqana müraciəti də iş materialları ilə aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı tələb üzrə iddiası mümkün sayılmamalıdır. Belə ki, İPM-in 13-cü maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu ünvanlanmış, iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin tələbləri, iddia tələbinin hansı şəkildə dəqiqləşdirilməli olması ona izah edilmiş, arzuladığı məqsədə və hüquqi marağına nail olmaq üçün hansı ardıcıllıqla və hansı prosessual davranış həyata keçirilməli olması diqqətinə çatdırılmış, dinlənilmə hüququ təmin edilmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, ifadə tərzi ilə bağlı olmasa da, iş üzrə hazırkı vəziyyətdə məhkəmə tərəfindən iddianın mümkünlük şərtinə cavab verməsi üçün hər-hansı əlavə tədbirin görülməsi və əlavə yardımetmənin prosessual qanunvericiliyin tələbləri baxımından imkan xaricində olması səbəbindən İPM-in 16.3-cü maddəsinə əsasən yazılı icraat qaydasında iddianın mümkünlüyü məsələsinə qiymət verilməsi yolveriləndir. Apellyasiya şikayəti iddia ərizəsi ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırıldığını və həmin əsaslara yuxarıda hüquqi qiymət verildiyini nəzərə alan məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək şikayətin dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7105/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, iddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7105/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar