Məhkəmə qərarları › İş №2-1(103)-2055/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2055/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2055/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət inayıt qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)-879/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «iddiaçıya əlillik dərəcəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)-879/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Bakı 33 nömrəli Şəhər Poliklinikasının 01.10.2019-cu il tarixli 2767003AACQ8 saylı göndərişi əsasında müayinə olunmuş və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ63 - Beyin infarktı => İ63.0 - Beyinönü arteriyanın trombozu nəticəsində törənən beyin infarktı; Diaqnozun mətni: Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin diaqnozuna uyğun stasionar müalicə müddəti azdır, əsas xəstəliyin ağırlaşması göstərilməmişdir. Uroloqun qeydiyyatı yoxdur. İnstrumental müayinələr və labarator analizlər tam aparılmamışdır” səbəbi ilə imtina verilmişdir. İddiaçıya daha sonra, həmin xəstəxananın 26.12.2019-cu il tarixli, 2767003AACSN saylı göndərişi əsasında müayinə olunmuş və “Səbəbi: Ümumi xəstəlik, X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => 160-169- Serebrovaskulyar xəstəliklər => İ63 - Beyin infarktı => 163.5 – Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində...; Diaqnozun mətni: 163.5 Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı. 2019 ci il. Ağırlaşma R47.1 Dizartriya və anartriya, .motor afoziya. Ağırlaşma İ69.3 Beyin infarktının nəticələri, 2017 ci il 2019 cu il. Ağırlaşma F06.6 Üzvi mənşəli emosional labil [astenik] pozğunluq. Ağırlaşma H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, hipertonik angiopotiya OD-görmə diskin atrofiyası. Ağırlaşma G81.1 Spastik hemiplegiya, sag tərəfli. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, İİİ mərhələ. Yanaşı xəstəliklər N40 Prostat vəzinin hiperplaziyası. Yanaşı xəstəliklər 125.1 Ürəyin aterosklerotik xəstəliyi; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir” səbəbi ilə imtina verilmişdir. İddiaçının sənədlərinə əsasən aidiyyəti sənədləri toplayaraq əlillik dərəcəsinin alınması ilə bağlı hər hansı yeni "Forma 88” göndərdiyi aşkar edilməmişdir. Qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq ambulator və/və ya stasionar müalicə alaraq xəstəliyini (xəstəliklərini) təsdiq edəcək sənədləri topladıqdan sonra yuxarıda göstərilən qaydada tibbi müəssisəsi vasitəsilə göndərişi yenidən göndərməyi məqsədə müvafiqdir. Apellyasiya baxışı zamanı məhkəmənin iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olnmamasını, Bakı İnzibati Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)-879/2021 saylı qərarının dəyişdirirlmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 2767003AACQ8 saylı göndərişi əsasında 01.10.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir Qiymətləndirməyə əsas verən 2767003AACQ8 saylı göndərişin təhlili göstərmişdir ki, xəstəlik 22.10.2017-ci il tarixdə başlamışdır. Əsas diaqnoz kımı 'Beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralması nəticəsində yaranan beyin infarktı” xəstəliyi, ağırlaşma kimi isə “Üzvi mənşəli emosional labil [astenik] pozuntu, Dizartriya və anartriya, Beyin infarktının nəticələri” xəstəlikləri, yanaşı xəstəlik kimi “Essensial (birincili) hipertenziya. 3-cü mərhələ. Prostat vəzinin hiperplazıyası Cərrahi əməliyyatdan sonrakı vəziyyət.(2019-cu il.)” xəstəlikləri qeyd edilmişdir. Əsas xəstəliyin ağırlaşmaları dəqiqləşdirilməyib, qeyd edilən ağırlaşmalar isə əlilliyin təyininə əsas vermir. Keçirilmiş beyin infarktından sonra şəxsdə hansı qalıq əlamətlərin olması nə diaqnozda, nə obyektiv müayinələrin nəticələrində, nə də ki köməkçi diaqnostik müayinələrdə qeyd edilməyib. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və ətraflı müayinələrin aparılması üçün əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə səhiyyə müəssisəsinin 2767003AACSN saylı göndərişi əsasında 26.12.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 2767003AACSN saylı göndərişin təhlili göstərmişdir ki, əsas əvvəlki göndərişdən fərqli olaraq diaqnozun ağırlaşması kimi “sağ tərəfli spastık hemiplegiya” xəstəliyi əlavə olaraq qeyd edilmişdir. Lakin ststus lokalisdə reflekslər və əzələ gücü barədə qeyd edilən məlumatlar həmin ağırlaşmanı təsdiq etmir, əzələ gücün göstərən köməkçi diaqnostik müayinə EMQ-nin nəticələri isə qeyd edilməyib. Eləcə də göndərişin “ağırlıq dərəcəsi” və "funksional pozğunluğu” qrafalarına heç bir qeyd aparılmamışdır. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Birinci instansiya məhkəməsinin 7 sentyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi AR SN Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə olunmuşdur: - xx xxxxxx 1957-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar aşkar olunur? - bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsas verirmi? 7 sentyabr 2020-ci il tarixli qərardadın icrası üzrə AR Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin 13 noyabr 2020-ci il tarixli məktubu ilə həmin qurumun T 283/2020 nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Rəydə göstərilmişdir ki, 1957-ci il təvəllüdlü İddiaçı adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlir: - Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, “beyin qan dövranının kəskin pozğunluğu, beyin arteriyalarının dəqiqləşdirilməmiş tıxanma və ya daralma nəticəsində törənən beyin infarktı, mülayim ifadəli motorafaziya, deviasiya, kəskin asteno-nevrotik vəziyyət, essensial hipertenziya İİİ mərhələ, keçirilmiş işemik insultun nəticələri”ndən əziyyət çəkir və bu xəstəliklər onun müxtəlif tibb müəssisələrində müalicələri zamanı həm klinik, həm də baş beyinin KT, MRT müayinələri ilə təsdiq olunmuşdur. Hal-hazırda onda müəyyən edilmiş “baş beyin multi infarktı, arterial hipertenziya, təkrari baş beyin qan dövranının kəskin pozulmasının (işemik insult) qalıq əlamətləri, sağ tərəfli hemiparez və motorafaziya” xəstəlikləri AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əsasnamənin meyarlarına” uyğun olaraq ona İİ qrup əlillik dərəcəsi verilməsinə uyğun gəlir. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, işdə olan ekspertiza rəyinə əsasən İddiaçı səhhətində mövcud olan xəstəliklər ona (iddiaçıya) əlilliyin təyin olunmamasına əsas verir. Nəzərə alınmalıdır ki, məhkəmə icraatda iş üzrə xüsusatlar nəzərə alınaraq ekspert rəyi ilə razılaşmamaq üçün hər hansı hal müəyyən etməmişdir. İmtinada göstərilən “iddiaçının müayinəsi üzrə tibb müəssisəsinin cavabdehə ünvanladığı məlumatların tam olmaması”na münasibətdə isə, məhkəmə qeyd etmişdir ki, bu hal formal xarakterli olduğundan iddiaçıya əlilliyin təyin olunmasından imtina üçün əsas kimi çıxış edə bilməz. Beləliklə məhkəmə hesab etmişdir ki, iddia təmin edilərək, İddiaçı müraciət edilən tarixdən əlillik dərəcəsinin verilməsi öhdəliyi cavabdeh Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş üzrə müəyyən edilir ki, iddiaçının aidiyyəti sənədləri müvafiq tibbi müəssisə tərəfindən toplanaraq əlillik dərəcəsinin alınması ilə bağlı hər hansı yeni "Forma 88” göndərildiyi aşkar olunmur. İddiaçı qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müvafiq ambulator və/və ya stasionar müalicə alaraq xəstəliyini (xəstəliklərini) təsdiq edəcək sənədləri topladıqdan sonra yuxarıda göstərilən qaydada tibbi müəssisəsi vasitəsilə göndərişi yenidən göndərməlidir. Qeyd olunanlar əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət olunmadığından iddia əsassızdır. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın rədd edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)-879/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(112)-879/2021 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar