Məhkəmə qərarları › İş №2-1(103)-2055/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2055/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2055/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" QSC) “fərdi yaşayış evinin məhv olması faktının cavabdeh tərəfindən təsdiq edilməsi və daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazısının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1052/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" QSC) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında "xxxx" QSC-nin adına qeydiyyata alınmış fərdi yaşayış evinin məhv olması faktının cavabdeh tərəfindən təsdiq edilməsi, həmçinin ünvan 1 ünvanındakı fərdi yaşayış evinə dair "xxxx" QSC-nin adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazısının ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1052/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərardadı ilə (hakim E.Əliyev) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasının təmin edilməsi üçün işin Bakı İnzibati Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarışın verilə bilməsi (qeydiyyat yazısının aparıla bilməsi) üçün müvafiq əsas müqavilə olmuş olsa da, cavabdeh təşkilat təmamilə qanunsuz olaraq mövcud olmayan daşınmaz əmlaka dair müvafiq qeydiyyat aparmaqla, mülkiyyət hüququna dair Çıxarış vermişdir ki, bu da qanunsuzdur. Məhkəmənin iddia tələbinin “ünvan 1 ünvanında "xxxx" QSC-nin adına qeydiyyata alınmış fərdi yaşayış evinin məhv olması faktının cavabdeh tərəfindən təsdiq edilməsi” hissəsinin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddialara aid olmaqla, xüsusi icraat qaydasında baxılmalı olması barədə qeyd etdikləri fikirlər də tamamilə əsassızdır. Hazırkı halda iddia tələbinin “ünvan 1 ünvanında "xxxx" QSC-nin adına qeydiyyata alınmış fərdi yaşayış evinin məhv olması faktının cavabdeh tərəfindən təsdiq edilməsi” hissəsi "xxxx" QSC tərəfindən mübahisələndirildiyindən, həmin tələbə xüsusi icraat qaydasında baxılması qeyri-mümkündür. Göründüyü kimi işə baxan məhkəmə tərəfindən qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmiş və əsassız olaraq iddia tələbi qeyri-mümkün sayılmışdır. Buna görə də Məhkəmənin 21 fevral 2023-cü il tarixli qərardadı ləğv edilməli və iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1052/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1052/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən görünür ki, iddia tələbi ünvan 1 ünvanında LUKOYL Azərbaycan” QSC-nin adına qeydiyyata alınmış fərdi yaşayış evinin məhv olması faktının cavabdeh tərəfindən təsdiq edilməsi və "xxxx" QSC-nin adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazısının ləğv edilməsindən ibarətdir. Məlum olduğu kimi, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İş materiallarından görünür ki, "xxxx" QSC və "xxxx" Firması arasında xx.xx.2014-cü il tarixli “Kommersiya subkonsessiyası (subfrançayzinq)” müqaviləsi bağlanmış və sözügedən müqavilə üzrə öhdəliklərin icrasının əsas təminatı məqsədi ilə xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi üzrə X2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13649/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" QSC-nin xeyrinə "xxxx" Firmasından 57.722,47 AZN əsas borc və 5.800,00 AZN cərimə məbləğin tutulması, tutmanın ipoteka predmeti olan X2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2( 102)-3854/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən ipoteka predmeti hərraca çıxarılmış və “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə uyğun olaraq "xxxx" QSC tərəfindən alınmış və xx.xx.2020-ci il tarixli hərrac yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə və protokol tərtib edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" QSC-nə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Cümşüdov küçəsi ünvanında yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı xx.xx.2020-ci il tarixli elektron çıxarış verilmişdir. Həmin çıxarışın verilməsinə əsas xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın müvafiq müqavilə əsasında verildiyi müəyyən olunur ki, bu da mübahisələndirilən aktın inzibati akt deyil, mülki-hüquqi akt olmasına əsas verir və belə aktın mübahisələndirilməsi inzibati məhkəmə icraatının predmeti ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci və İPM-in 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. İddia tələbinin “ünvan 2 ünvanında "xxxx" QSC-nin adına qeydiyyata alınmış fərdi yaşayış evinin məhv olması faktının cavabdeh tərəfindən təsdiq edilməsi” hissəsinə münasibətdə qeyd olunmalıdır ki, mübahisələndirilən tələb (hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə) xüsusi icraat qaydasında mülki məhkəmə icraatında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 203.1.-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mülki Prosessual Məcəllənin 305.1-ci maddəsində nəzərdə tutulmuş işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış müvafiq müqavilə əsasında verildiyindən, fərdi yaşayış evinin məhv olması faktının təsdiq edilməsi xüsusi icraat qaydasında (hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) mülki məhkəmə icraatında müəyyən edildiyindən iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün deyil. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1052/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar