Məhkəmə qərarları › İş №2-1(103)-2055/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2055/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2055/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X8 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-941/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İİ dərəcə əlilliyinin təsdiq edilməsinə dair inzibati aktın qəbul olunması üçün müddət təyin edilməsini, inzibati akt qəbul edilməsə, İİ dərəcə əlil olmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xidməti fəaliyyəti dövründə səhhətində yaranmış kəskin xəstəliyə görə Milli Təhlükəsizlik Nazirliyinin klinikasında xəstəlik haqqında şəhadətnamə tərtib edilib, 2005-ci il tarixdə “astma bronxialı” diaqnozu ilə “Əmək pensiyaları haqqında” Qanununa əsasən hərbi xidməti dövrü ilə əlaqədar ona İİ dərəcəli əlillik təyin olunmuşdur. 2022-ci ilin fevral ayında iddiaçı müayinədə olmuşdur. Ona müddətsiz təyin edilməli olduğu halda, onun əlillik dərəcəsi dayandırılmışdır. İddiaçı hesab edir ki, cavabdeh əssasız olaraq onun əlilliyini dayandırmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, iddia tələbinin “cavabdehin verdiyi rəy əsasında çıxan ədalətsiz imtina qərarının ləğv edilməsi və işin hərtərəfli, tam və obyektiv araşdırılaraq iddiaçının “Əlilliyin müəyyən olunması meyarları”na əsasən müddətsiz 65-80 faiz üzrə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-941/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müddətsiz orqanizm funksiyalarının 65-80 faiz pozulması üzrə əlillik təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hərhansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. X2 İnstitutunun xx.xx.2023-cü il tarixli 9726 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu qeyd olunur, FVC- 39%,FEV-30%,” kimi qeyd olunsa da, videogörüntüdə vətəndaşın habitusu və klinik əlamətləri ilə öz təsdiqini tapmamışdır. Xəstədə əlillik təyinatına əsas verə biləcək tənəffüs çatışmazlığı əlamətləri (sianoz, durğunluq əlamətləri, xırıltılar, taxipnoe) müşahidə edilməmişdir. Videogörüntüdə simulyasiya edərək təngnəfəslik göstərməyə çalışmışdır. Ekspertiza üçün əhəmiyyətli yeni spirometriya müayinəsinin nəticəsi, astma tutma videosu, şəkərli diabet xəstəliyinin ağırlaşmalarını təsdiqləyən doppler müayinəsi nəticəsi təqdimedilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-941/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən edilir ki; iddiaçıya xx.xx.2005-ci il tarixdən 1 il müddətinə olmaqla “bronxial astma, infeksion allergik forma, orta ağır gedişi, İİ dərəcə tənəffüs çatışmazlığı, burun tənəffüsünün pozulması, burun çəpərinin sağa əyilməsi” diaqnozu üzrə Hərbi xidmət dövrü ilə əlaqədar səbəbi ilə 2-ci dərəcə əlillik təyin olmuş, növbəti illərdə 1 il olmaqla uzadılmışdır. xx.xx.2014-cü il tarixli 498114 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, iddiaçıya ikinci dərəcə əlillik müddətsiz təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə yenidən iddiaçının əlillik vəziyyəti cavabdehin öz təşəbbüsü ilə elektron qaydada qiymətləndirilərək, Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X3: X Sinif – Tənəffüs sistemi xəstəlikləri => J40-J47 – Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 – Astma => J45.0 – Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma, infeksion allergik forma, orta ağır gedişi, İİ dərəcə tənəffüs çatışmazlığı. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bronxial astma, infeksion allergik forma, orta ağır gedişli, İİ dərəcə tənəffüs çatışmazlığı” olmaqla 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitməsi ilə əlaqədar Bakı ƏN Penitensiar Xidmətinin Müalicə müəssisəsi tərəfindən daxil olan xx.xx.2022-ci il tarixli, 4449003AABRA nömrəli göndərişi əsasında iddiaçının əlilliyinə baxılmış və AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində əyani müayinəsi həyata keçirilərək “Diaqnozun mətni: Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxial astma qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi..Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir..” səbəbi ilə imtina verilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin 4449003AABRA nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsində Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X9-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər, həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə, eləcə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 20 fevral 2023-cü il tarixli, 3-17-4/3-966/2023 nömrəli qərarından görünür ki, Bakı şəhər sakini xx.xx.1959-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və qərar verilməsi Agentliyə göndərilmişdir (unikal kod). Hazırkı sağlamlıq vəziyyəti AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində DTSERA tabeliyində 7 saylı TSEK həkimləri tərəfindən əyani müayinə olunmuş, aktlaşdırılmışdır (AKT: 3-17-4/3-1-685/2023). Akta əsasən əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2005-ci il tarixli 350/417 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Bronxial astma infeksion allergik forma, orta ağır gedişli, natamam remissiya mərhələsində, İİ dərəcə tənəffüs çatmamazlığı ilə. Sağ gözün zəif dərəcəli hipermetropiyası (korreksiya görmə itiliyi 1.0). sol gözün sadə düz tipli dərəcəsi 0.75D olan hipermetropik astiqmatizmi (korreksiya görmə itiliyi 1.0). Burun tənəffüsün birtərəfli pozulması ilə burun çəpərinin sağa doğru əyriliyi" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin Aktda təqdim edilmiş video materiala əsasən təngnəfəslikdən, boğulmadan şikayətlənmiş, düzgün bədən quruluşlu, sianoz və durğunluq əlamətləri qeyd olunmamışdır. Qeyd edilmişdir ki, TSEK əməkdaşları tərəfindən təqdim edilmiş video görüntüdə vətəndaş danışarkən təngnəfəs olmamış, verilən suallara dolğun və ətraflı cavab vermiş, video material tam tərtib edilməmişdir. Təqdim edilmiş X2 İnstitutunun xx.xx.2022-ci il tarixli 7458 nömrəli Spirometriya müayinəsinin nəticəsi "Bronxial astma, qarışıq forma, nəzarət olunmayan, kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu" kimi, xx.xx.2022-ci il tarixli 5169 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd olunur, FVC-58%,FEV-36%” kimi qeyd olunmuşdur. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə görə əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə olan “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin 1-ci bəndinə əsasən - Tənəffüs sistemi orqanlarının xəstəlikləri - J45: ağır gedişli – tez-tez baş verən kəskinləşmələr (ildə 6 dəfədən artıq) və ağır tutmalarla (nəzarət olunmayan, ağır persistə edən bronxial astma) İİ-İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA mərhələdə xroniki ağciyər-ürək çatışmazlığı ilə 65-80 faiz pozulması- iki il müddətinə əlillik təyini üçün əsasdır. Həmçinin həmin Meyarların J95-J96 kod altında nəzərdə tutulan tənəffüs sistemi orqanlarının digər xəstəlikləri - orqanizmin funksiyalarının 65-80 faiz pozulması- 2 il müddətinə əlillik təyini üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, Meyarlar şəxsdə XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu üzrə J45 və J96.1 diaqnozuna uyğun xəstəliyin olmasını əlilliyin təyini üçün əsas hesab etmişdir, hansı ki, bu xəstəliklər iddiaçı barəsində verilmiş göndərişdə təsbit edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 İnstitutu” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, keçdiyi müayinə nəticələrinə əsasən İddiaçı sağlamlıq vəziyyəti - J45.8 (Bronxial astma, qarışıq forma) və J96.1 (Xroniki respirator çatışmazlığı) - diaqnozuna uyğun gəlir. İddiaçı ağır gedişli - tez-tez baş verən kəskinləşmələr (ildə 6 dəfədən artıq) və ağır tutmalarla (nəzarət olunmayan, ağır persistə edən bronxial astma), İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı müşahidə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. İş materiallarından müəyyən edilir ki, iddiaçı 2005-ci ildən etibarən 2014-cü il tarixə kimi ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra isə 2014-cü ildə ona əlillik müddətsiz təyin edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinin tələbinə əsasən iddiaçı ona ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin sübut edilməsi öhdəliyi cavabdehin üzərinə düşsə də, həmin hallar sübut edilməmiş, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-941/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-941/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar