Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2056/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə yaşayış sahəsinin yenidən planlaşdırılması və qeyri-yaşayış kateqoriyasına keçirilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-579/2021 saylı 07 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanındakı evin birinci mərtəbəsində yerləşən 36 və 27 saylı mənzillərin yenidən planlaşdırılmasını, onların faktiki vəziyyəti və sahəsinə uyğun olaraq mənzillərə aid sənədlərdə müvafiq dəyişdirmələr aparılmasını və adı çəkilən mənzillərin qeyri-yaşayış sahəsi kateqoriyasına keçirilməsi barədə sərəncam verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanındakı evin birinci mərtəbəsində yerləşən 36 və 27 saylı mənzillərin mülkiyyətçisidir. Adı çəkilən mənzillərə mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınaraq, bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq 27.03.2010-cu il tarixli ******* saylı və 06.05.2013-cü il tarixli ******* saylı çıxarışlar verilmişdir. Bakı şəhəri Oktyabr rayon Sovetinin İcra Komitəsi (hal-hazırda Bakı şəhəri Cavabdeh) Bakı şəhər Sovetinin (hal-hazırda Bakı şəhər İcra Hakimiyyəti) 7/421 saylı 29.06.1988-ci il tarixli qərarına əsaslanaraq, özünün 8/4 saylı 21.04.1989-cu il tarixli qərarı ilə ünvan 2 saylı evin birinci mərtəbəsində yerləşən 16, 3, 17, 26, 27, 36, 37 və 46-cı mənzillərdə balkonların quraşdırılmasına və onların şüşələndirilməsinə icazə verilmişdir. Həmin vaxtdan yuxarıda göstərilən mənzillərdə müəyyən olunmuş qaydada balkonlar quraşdırılmış və şüşələndirilmişdir. Göründüyü kimi, adı çəkilən balkonların quraşdırılması və şüşələnməsi tam qanuni yolla baş versə də, sovet hakimiyyətinin dağılma vaxtına təsadüf etmişdir. Bu səbəbdən onların yerli icra orqanları tərəfindən istismara qəbul olunması, balansa götürülməsi, mənzillərin yenidən planlaşdırılması, həmin mənzillirin texniki pasportunda və bunun nəticəsi kimi reyestr xidməti tərəfindən verilmiş çıxarışlarda göstərilməməsi baş vermişdir. O, adı yuxarıda göstərilən mənzilləri alanda, onların artıq balkonları quraşdırılmış, mənzillərin arasında ümumi arakəsmə sökülmüş və həmin yaşayış mənzillərində müəyyən yenidənqurma işləri aparılaraq qeyri-yaşayış sahəsi kimi işlənmişdir. Mənzillərin yenidənquraşdırma işlərinin binanın ümumi konstruksiyasına və qonşuların təhlükəsizliyinə xələl gətirmədiyinə əmin olmaq məqsədi ilə, o, ekspert rəyi almaq üçün qanunla müəyyən olunmuş qaydada Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu ilə 21/2-12 saylı 04.12.2012-ci il tarixli müqavilə bağlamışdır. Adı çəkilən institut göstərilən mənzillərdə yenidənqurma işləri aparılmış hissəyə texniki baxış nəticələri və binanın həmin hissəsinin yükdaşıyan konstruksiyalarının texniki vəziyyəti ilə əlaqədar texniki rəyində görülmüş yenidənqurma işlərinin düzgün aparılması, binanın konstruksiyasına heç bir xələl vurmamasını, təhlükəsizlik normalarına riayət edilməsini göstərmişdir. Bu ekspert rəyindən sonra onun mülkiyyəti Dövlət Reyestrində qeydiyyata alınmışdır. Buna baxmayaraq, Dövlət Reyestrindən çıxarışlarda mülkiyyətində olan mənzillər yaşayış sahəsi kimi qeydiyyata alınmış, onların texniki pasportunda heç bir dəyişiklik edilməmiş, mənzillərin sahələri yenidənqurma işlərinin aparılmasına qədər olan dövrdəki qaydada göstərilmişdir. Bu gün mülkiyyətində olan ünvan 2 ünvanındakı evin birinci mərtəbəsində yerləşən 36 saylı mənzilin bütün rəsmi sənədlərdə göstərilən ümumi sahəsi 73,9 kv.m, həmin ünvanda yerləşən 27 saylı mənzilin ümumi sahəsi 75,3 kv.m göstərildiyi halda, həmin mənzillər birləşdirilərək, faktiki ümumi sahəsi 266 kv.m olan bir qeyri-yaşayış sahəsidir və iddiaçı onları aldığı gündən qeyri-yaşayış sahəsi kimi işlətmişdir. Yuxarıda adı çəkilən mənzillərin yenidən planlaşdırılması və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə etdiyi müraciətə Bakı şəhəri Cavabdeh 19.12.2019-cu il tarixdə əsassız və qanunsuz olaraq rədd cavabı vermişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2775/2020 saylı 01 iyun 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-579/2021 saylı 07 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, mübahisəli mənzillərdə yenidənquma işləri cavabdehdən gizli aparılmayıb və aparıla bilməzdi, ən azı ona görə ki, həmin mənzillərin yenidənqurma işləri qısa müddət ərzində aparılmayıb, mübahisəli mənzillər 10 ildən artıq müddətdir ki, qeyri-yaşayış sahəsi kimi istismar olunur və onlarla cavabdehin arasında olan məsafə 50 metrdən artıq deyil. On ildən artıq müddətdə cavabdeh mübahisəli mənzillərin yenidən qurulmasına, onların qeyri-yaşayış sahəsi kimi istismarına görə iddiaçıya heç bir irad bildirməyib. Birinci instansiya məhkəməsi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş texniki rəy ilə qane olmayaraq, yenidən tikinti-texniki ekspertizanın aparılması barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2695 saylı 02.04.2021-ci il tarixli rəyinə əsasən, Azərbaycan İnşaat və Memarlıq Elmi- Tədqiqat İnstitutunun 03.10.2021-ci il tarixli texniki rəyinə əsasən, aparılmış təmir və yenidənqurma işləri binanın adı keçən sahədə yükdaşıyan konstruksiyalarına müdaxilə olunmadan, binanın özül konstruksiyalarına ötürülən yüklərin artırılmadan həyata keçirildiyindən ümumilikdə binanın yükdaşıyan konstruksiyalarının işini pozmur. Birmənalı olaraq ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli binanın 27 və 36 saylı mənzillərinin sahəsini əhatə edən qeyri-yaşayış sahəsi istismar və təyinatından asılı olmayaraq təmir-bərpa işlərində nəzərdə tutulan işlər sonradan istismar zamanı yükdaşıyan konstruksiyalara hərhansı müdaxilələr istisna olunmalıdır. Eyni zamanda aparılmış genişləndirmə işləri Bakı şəhəri Oktyabr rayon Sovetinin İcra Komitəsi (hal-hazırda Bakı şəhəri Cavabdeh) 8/4 saylı 21.04.1989-cu il tarixli qərarı ilə Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 510-cu məhəllə, 15a saylı evin birinci mərtəbəsində yerləşən 27-ci və 36-cı mənzillərdə balkonların quraşdırılmasına və onların şüşələndirilməsinə icazə verildiyini nəzərə alaraq, aparılmış genişlənlirmə işləri qeyri-qanuni tikinti işləri yol verilməsi halı olmadığı müəyyən olunur. Bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi qərəzli mövqe tutaraq, işin mahiyyətini tam araşdırmadan, işdə olan sübutlara, qərarda istinad edilən maddi və prosessual normalara düzgün qiymət vermədən, iddianın təmin edilməsini mümkünsüz hesab etmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı evin birinci mərtəbəsində yerləşən 36 və 27 saylı mənzillərin yenidən planlaşdırılmasını, onların faktiki vəziyyəti və sahəsinə uyğun olaraq mənzillərə aid sənədlərdə müvafiq dəyişdirmələr aparılmasını və adı çəkilən mənzillərin qeyri-yaşayış sahəsi kateqoriyasına keçirilməsi barədə sərəncam verilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və müəyyən etmişdir ki, çoxmənzilli binanın birinci mərtəbəsində yerləşən iddiaçıya məxsus mənzillərdə yenidənqurma və (və ya) yenidən planlaşdırma işləri aparılaraq 36 və 27 saylı mənzillər birləşdirilmiş, mövcud çıxarışlarda və texniki pasportlarda mənzillərin ümumi sahəsi 74 kv.m və 75.3 kv.m qeyd olunduğu halda, ümumi sahəsi 266 kv.m-ə genişləndirilərək vahid qeyriyaşayış sahəsi kimi istifadə edilməkdədir. Lakin bu zaman Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-ci və 22-ci maddələrində nəzərdə tutulmuş yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi şərtlərinə riayət olunmamışdır. İddiaçı tələbinin əsası kimi yalnız Oktyabr rayon X2 İcraiyyə Komitəsinin 8/4 saylı 21.04.1989-cu il tarixli qərarına əsaslanaraq, mənzillərdə balkonların quraşdırılmasına və onların şüşələndirilməsinə icazə verildiyinə istinad etmiş, lakin qanunda nəzərdə tutulan əsas barədə cavabdehə mötəbər sübut, o cümlədən Mənzil Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan sənədləri təqdim etməmişdir. İşin obyektiv, hərtərəfli araşdırılması və ədalətli qərar qəbul edilməsi məqsədilə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində müəyyən edilmişdir ki, tədqiq olunan ünvanda aparılmış tikinti işlərinə dair hər hansı bir icazə sənədləri olmadığı üçün həmin tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1. və 4.2. bəndlərinin və AzDTN 2.6.1-4,9-cu bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş həmin ekspertiza rəyi də iddiaçı tərəfindən aparılan yenidənqurma və (və ya) yenidən planlaşdırmanın qanunvericilinin tələblərinə zidd olduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan DƏDRX tərəfindən verilmiş çıxarışlardan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 27 və 36 saylı mənzillər üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 02.10.1999-cu il tarixdə tərtib edilmiş fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, ünvan 4 ünvanında yerləşən 36 saylı mənzilin otaqlarının sayı 3, ümumi sahəsi 74 kv.m, yaşayış sahəsi 54 kv.m, köməkçi sahəsi 20 kv.m-dir. İş materiallarında olan DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06.09.07-ci il tarixli texniki pasportdan müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 27 saylı mənzilin otaqlarının sayı 3, ümumi sahəsi 75.3 kv.m, yaşayış sahəsi 55.3 kv.m-dir. İş materiallarında olan Oktyabr rayon X2 İcraiyyə Komitəsinin 8/4 saylı 21.04.1989-cu il tarixli qərarından görünür ki, ünvan 2 saylı evin birinci mərtəbəsində yerləşən 16, 3, 17, 26, 27, 36, 37 və 46-cı mənzillərdə yeni balkonların quraşdırılmasına icazə verilmişdir. İş materiallarında olan Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun 03.10.2012-ci il tarixli texniki rəyindən görünür ki, iddiaçıya məxsus ünvan 5 ünvandakı 36 və 27 saylı mənzillərə texniki baxış keçirilərək sahədə yükdaşıyan konstruksiyaların texniki vəziyyətinin qənaətbəxş sayıla bilməsi qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Cavabdeh 19.11.2019-cu il tarixli 7-33162 saylı və 19.12.2019-cu il tarixli 2-33/2-162/2/H1 saylı məktublarından görünür ki, iddiaçıya mülkiyyətində olan Ə.Ələkbərov küçəsi, 510-cu məhəllə, ev 15A ünvandakı 36 və 27 saylı mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün təqdim olunmuş sənədlərdən əlavə mənzillərin texniki pasportları və mənzillərdə aparılmış dəyişikliklərin qanuniləşdirilməsi ilə bağlı sənədlərin təqdim edilməli olduğu bildirilmişdir. İş materiallarında olan iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02.04.2021-ci il tarixli 10/2695 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan İnşaat və Memarlıq İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun 03.10.2012-ci il tarixli texniki rəyinə əsasən, aparılmış təmir və yenidənqurma işləri binanın adı keçən sahədə yükdaşıyan konstruksiyalarına müdaxilə olunmadan, binanın özül konstruksiyalarına ötürülən yüklərin artırılmadan həyata keçirildiyindən ümumilikdə binanın yükdaşıyan konstruksiyalarının işini pozmur. Birmənalı olaraq ünvan 6 ünvanda yerləşən 5 mərtəbəli binanın 27 və 36 saylı mənzillərinin sahəsini əhatə edən qeyri-yaşayış sahəsi istismar və təyinatından asılı olmayaraq təmir-bərpa işlərində nəzərdə tutulan işlər sonradan istismar zamanı yükdaşıyan konstruksiyalara hər-hansı müdaxilələr istisna olunmalıdır. Eyni zamanda aparılmış genişləndirmə işləri Bakı şəhəri Oktyabr rayon Sovetinin İcra Komitəsi (hal-hazırda Bakı şəhəri Cavabdeh) 8/4 saylı 21.04.1989-cu il tarixli qərarı ilə ünvan 2 saylı evin birinci mərtəbəsində yerləşən 27-ci və 36-cı mənzillərdə balkonların quraşdırılmasına və onların şüşələndirilməsinə icazə verildiyini nəzərə alaraq, aparılmış genişləndirmə işləri qeyri-qanuni tikinti işləri aparılmasına yol verilməsi halı olmadığı müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan ünvanda aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün həmin tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1. və 4.2. bəndlərinin və AzDTN 2.6.1-4,9-cu bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. İşdən görünür ki, iddiaçı mülkiyyətində olan mənzillərin təyinatını dəyişdirərək həmin mənzillərin qeyri-yaşayış sahəsi kateqoriyasına keçirilməsi barədə sərəncam verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona mənzillərin texniki pasportları və mənzillərdə aparılmış dəyişikliklərin qanuniləşdirilməsi ilə bağlı sənədlərin təqdim edilməməsi səbəbindən imtina edilmişdir. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri, qaydaları və imtinanın əsasları Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-ci və 22-ci maddələrində öz əksini tapmışdır. Belə ki, həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyriyaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Həmin Məcəllənin 20.4-cü maddəsinə əsasən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: - 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); - 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); - 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); - 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Həmin Məcəllənin 21.4-cü maddəsinə əsasən sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 21.5-ci maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. Həmin Məcəllənin 21.6-cı maddəsinə əsasən keçirilən sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Həmin Məcəllənin 21.8-ci maddəsinə əsasən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. Həmin Məcəllənin 21.9-cu maddəsinə əsasən bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Həmin Məcəllənin 21.10-cu maddəsinə əsasən keçirilmiş sahə yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyriyaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: - 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; - 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; - 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 22.3-cü maddəsinə əsasən sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə əsasən, yerli icra hakimiyyəti başçısı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Əsasnamənin 3.11.1-ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının preambulasına əsasən bu Qaydalar təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, mülkiyyət formasından asılı olmayaraq bina və qurğularda genişləndirmə, yenidənqurma işlərinin aparılması və mühəndis-nəqliyyat təminatı üzrə obyekt və kommunikasiyaların yenidən qurulması, texniki yeniləşdirilməsi və onlarda dəyişikliklər edilməsi qaydalarını və ümumiyyətlə mövcud obyektlərin layihə-planlaşdırma, həcm-fəza həllərinin və təyinatının dəyişdirilməsini şəhərsalma sənədlərini işləyən layihə müəllifi (tərtibatçı) və təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılma qaydalarını müəyyən edir və tənzimləyir. 1.2. Bu Qaydalar: hüquqi və fiziki şəxslər tərəfindən əsassız olaraq və nəzarətsizlik şəraitində aparılan tikinti-quraşdırma və yenidənqurma işlərinin; binaların və qurğuların dayanıqlığını, zəlzələyə davamlılığını, uzunömürlülüyünü təmin edən normativ sənədlərin tələblərinin pozulması hallarının; ümumi istifadə sahələrinin, xüsusilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması və bununla əlaqədar binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinin, mövcud binalarda artırmaların tikilməsi, eyvanların genişləndirilməsi və yenilərinin quraşdırılması, bünövrələrin, mərtəbəarası örtüklərin, yükdaşıyan divarların, arakəsmələrin sökülməsi, əlavə qapı və pəncərə boşluqlarının açılması hallarının qanunsuz olaraq müvafiq orqan və təşkilatlarla razılaşdırmadan həyata keçirilməsinin; tikintinin sifarişçisi tərəfindən əsaslı təmir əvəzinə icazəsiz olaraq yenidənqurma və yaxud texniki yeniləşdirmə işlərinin həyata keçirilməsinin; bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən icazəsiz olaraq yükdaşıyan divarların və bünövrələrin konstruktiv həllinin dəyişdirilməsinin, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasının; tikinti normalarına əməl olunmadan qəbul edilən ixtiyarı yenidənqurma həllərinin; yaşayış və ictimai binalarda, piyadaların yeraltı keçidlərində, metropolitenin daxili dəhlizində, xüsusən əhalinin kütləvi toplandığı ərazilərdə neqativ amillərin olmasının, sanitar-gigiyenik, hərəkət təhlükəsizliyinin və ekoloji norma tələblərinin pozulmasına, yanğın, təbii fəlakət, kütləvi əhali qırğınına gətirib çıxara biləcək halların qarşısının alınması, mülkiyyət formasından asılı olmayaraq bina və qurğularda genişləndirmə, texniki yeniləşdirmə işlərinin yerinə yetirilməsində şəhərsalma və tikinti norma və tələblərinin pozulması hallarının qarşısının alınması məqsədini daşıyır. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən memarlıq-tikinti xidmətinin müvafiq rəyi nəzərə alınmaqla, obyektdə dəyişikliklərin edilməsi yerli icra hakimiyyəti ilə razılaşdırılır. Göründüyü kimi, inzibati orqan mənzillərin qeyri-yaşayış sahəsi kateqoriyasına keçirilməsi ilə bağlı qərar verməkdə tam səlahiyyətlidir və bununla bağlı ona kifayət qədər diskresion səlahiyyətlər verilmişdir. Verilmiş bu geniş səlahiyyətlə birlikdə, imtina edildiyi halda isə, inzibati orqanın bu imtinanın bütün pozuntular göstərilməklə əsaslandırılması vəzifəsi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı ünvan 2 saylı evin birinci mərtəbəsində yerləşən ona məxsus 27 və 36 saylı mənzillərin Oktyabr rayon X2 İcraiyyə Komitəsinin 8/4 saylı 21.04.1989-cu il tarixli qərarına əsasən mənzillərdə balkonların quraşdırılmasına və onların şüşələndirilməsinə icazə verildiyinə istinad edərək yenidən planlaşdırılması və qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən iddiaçının müraciətin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün təqdim olunmuş sənədlərdən əlavə mənzillərin texniki pasportları və mənzillərdə aparılmış dəyişikliklərin qanuniləşdirilməsi ilə bağlı sənədlərin təqdim edilməli olduğu bildirilmişdir. Həmçinin müəyyən olunur ki, iddiaçı qeyd olunan mənzillər barəsində edilmiş dəyişikliklərə dair qanunvericilikdə nəzərdə tutulan sənədləri, o cümlədən razılıq sənədi (texniki pasport) təqdim etməmişdir. Eyni zamanda iş üzrə keçirilmiş ekspert rəyinə əsasən tədqiq olunan ünvanda aparılmış tikinti işlərinə dair hər-hansı bir icazə sənədləri olmadığı üçün həmin tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1. və 4.2. bəndlərinin və AzDTN 2.6.1-4,9-cu bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Başqa sözlə, iddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi şərtlərinə riayət olunmasını sənədlərlə sübut etməlidir. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-579/2021 saylı 07 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2056/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2056/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver