Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2056/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı firmasının Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X6 və X5 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərindəki qeyriyaşayış binasına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-179/2025 saylı 23 yanvar 2025-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 16 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən torpaq sahəsinə və üzərində tikilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının İddiaçı firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, xx.xx.2023-cü il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti, xx.xx.2024-cü il tarixli qərardadı ilə isə “Binəqədi OYL Kompani” şirkəti üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən 0,01 ha torpaq sahəsinə və üzərində tikilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının İddiaçı firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-179/2025 saylı 23 yanvar 2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 823 nömrəli sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən 0,01 ha torpaq sahəsinə İddiaçı firmasının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı firması tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-179/2025 saylı qərarının iddianın təmin olunmayan- tikililərə dair hissəsində ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və 3-cü şəxslər tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-179/2025 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2056/2025 saylı 16 iyul 2025-ci il tarixli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Binəqədi OYL Kompani” şirkətinin 3-cü şəxs qismində cəlb edilmələri ləğv olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2056/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Binəqədi OYL Kompani” şirkətinə münasibətdə ləğv edilmiş və Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Binəqədi OYL Kompani” şirkətinin apellyasiya şikayətləri qeyri-mümkün sayılaraq, şikayətlərin qəbulundan imtina edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2056/2025 saylı 16 iyul 2025-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 2-1(112)- 179/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı “iddianın təmin edildiyi” hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı firmasının apellyasiya şikayətinin dəlilləri: Məhkəmə İddiaçı Firmasının 0,01 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması hissəsində iddianı təmin etsə də, torpağın üzərindəki tikiliyə münasibətdə iddianı təmin etməmişdir. Hesab edir ki, məhkəmə qərarı iddianın təmin olunmayan hissəsində qanunsuz və əsassızdır. Belə ki, məhkəmə öz qərarını AR Dövlət Əmlakı Nazirinin xx.xx.2000-ci il tarixli əmri ilə təsdiq olunmuş “Qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydaları haqqında” Təlimata (bundan sonra - Təlimat) istinad edərək əsaslandırmış, mübahisə predmeti olan tikililərə dair texniki pasportun tərtib edilsə də, iddiaçı obyektə dair mülkiyyət hüququ haqqında şəhadətnaməni almadığına görə iddianı tikililərə münasibətdə təmin etməmişdir. İddiaçının məhz mülkiyyət hüququ haqqında şəhadətnamə almadığına görə məhkəmənin iddia tələbinin tikililərə münasibətdə təmin etməməsi əsassızdır. Məhkəmənin tikililərə münasibətdə bu mövqeyi ilə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin mövqeyi üst-üstə düşür. 2000-ci il tarixli “Qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydaları haqqında” Təlimat özü fiziki və hüquqi şəxslər tərəfindən inşa olunmuş müəssisə və obyektlər üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi qaydalarını özündə ehtiva edir. İddiaçı Firması da məhz Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən qeyri-yaşayış binası və torpağa çıxarış alınması üçün cavabdehə müraciət etmişdir. Təlimatda mülkiyyət hüququ haqqında şəhadətnamə alınması üçün tələb olunan sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim olunmuşdur. Cavabdeh isə öz etirazında tikilinin xx.xx.2004-cü il tarixdə verilmiş texniki pasport ilə göstərilən torpaq sahəsi arasında ciddi konfiqurasiya fərqi mövcud olduğunu, daşınmaz əmlaka keçirilən baxış zamanı torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri ziddiyyət təşkil etdiyini, torpaq sahəsinin 1475,6 kv.m təşkil etməklə 475,6 kv.m artıq olduğunu, A tikilisinin bir hissəsi və B,D,C tikililərinin artıq torpaq sahəsinə düşdüyünü iddia etsə də, məhkəmə prosesi zamanı keçirilmiş ekspertizaların rəyləri bunları inkar etmiş, faktiki və sənəd üzərində həm torpaq, həm də tikili arasında heç bir uyğunsuzluq olmadığına dair rəy verilmişdir. Eyni zamanda iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən sərəncam, həmin sərəncamla ayrılmış torpaq sahəsinin cizgisi, inşaat pasportu olduğu təqdirdə, həmçinin sərəncamın nüsxəsi torpaq ayıran qurumda olduğu təqdirdə cavabdeh (1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən hüquqmüəyyənedici sənəd qismində qəbul edilməməsi əsaslandırılmamışdır. İddiaçıya torpaq sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər nə qədər ki, mövcuddur və ləğv edilməmiş, etibarsız hesab olunmamışdır, iddiaçının həmin sənəd əsasında etimad hüququ mövcuddur. Həmin etimad hüququna əsasən də cavabdeh inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırmanı aparıb, onun tələblərinin təmin olunması istiqamətində müəyyən hərəkətlər etməlidir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətinin dəlilləri: Torpaq sahəsinə və qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən qeyd olunan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla sahəyə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. Bundan əlavə, təqdim olunmuş sənədlərdə hüquqi şəxsin təşkilati-hüquqi formasında uyğunsuzluq mövcuddur. Belə ki, hüquqi şəxsin təşkilati hüquqi forması ilə əlaqəli sənəddə “Okean MMC” kimi, digər sənədlərdə isə “Okean firması” kimi qeyd olunmuşdur. Odur ki, hüquqi şəxsin keçidlə bağlı əlaqələndirici sənədi təqdim edilməlidir. Təqdim edilmiş Azərbaycan RespublikasıDövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən xx.xx.2004cü il tarixdə verilmiş texniki pasport ilə göstərilən torpaq sahəsi arasında ciddi konfiqurasiya fərqi mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 1475.6 kv.m təşkil etməklə 475.6 kv.m artıqdır. A tikilisinin bir hissəsi, B, D və C tikililəri artıq torpaq sahəsində yerləşir. Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil3 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını, cavabdehin apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, hər iki şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin mahiyyətinə gəldikdə müəyyən olunur ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən 0,01 ha torpaq sahəsi və üzərindəki qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının İddiaçı firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası iddiaçının “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən 0,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə tələbinin birinci instansiya məhkəməsi tərəfindən təmin olunması ilə razılaşsa da, həmin torpaq sahəsi üzərindəki tikililərə münasibətdə iddia tələbinin təmin olunmaması barədə məhkəmənin gəldiyi nəticə ilə aşağıda göstərilənlərlə bağlı razılaşmır. Əvvəla, nəzərə alınmalıdır ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını və s. yoxlamalıdır (9-cu bənd)”. Qeyd olunan normalar prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır. Hazırki işdə İddiaçı firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ikinci tələbi “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən 0,01 ha torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının İddiaçı firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədədir. Həmin tələblə məhkəməyə müraciət edərkən iddiaçı hüquqmüəyyənedici sənəd qismində yem satışı mağazasının layihələndirilməsi və tikintisi üçün 0,01 ha torpaq sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 823 saylı sərəncamına, həmin torpaq sahəsinin ayrılmasına dair 10584 saylı inşaat pasportuna və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş, xx.xx.2004-cü il tarixdə tərtib və təsdiq edilmiş qeyri-yaşayış binasının texniki pasportuna istinad etmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi Normalaşdırmaya və Tikintilərə Nəzarət Şöbəsi tərəfindən verilmiş NTNŞ-2744 saylı, 20 oktyabr 1998-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Sərdarov adına zavodun cənub hissəsində yerləşən yem zavodu mağazasının layihələndirilməsi və tikintisi üçün 0,01 ha torpaq sahəsi mövcud bina və qurğularla yanğına qarşı ara məsafəyə riayət edilməsi şərti ilə yararlıdır. Rəyin qüvvədə qalma müddəti iki il müəyyən edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə qeyd olunan tikililərlə bağlı iddia tələbini rədd edərkən Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinin 25 mart 2000-ci il tarixli əmri ilə təsdiq edilmiş “Qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydaları haqqında” Təlimatın tələbləri baxımından mübahisə predmeti olan tikililərə dair iddiaçının texniki pasportu olsa da, obyektə dair iddiaçının mülkiyyət hüququ haqqında şəhadətnamə almalı olduğu, lakin hazırda belə şəhadətnaməni almadığına əsaslanmışdır. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakı hüquq normalarını diqqətə çəkir: “Daşınmaz əmlakı dövlət reyestri haqqında” Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2. ... qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki işdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinin tələbləri ödənilmir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlər mötəbər olub, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 823 nömrəli sərəncamı tikintiyə icazə barədə inzibati akt kimi qiymətləndirilsə də, həmin qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 302 saylı 11 sentyabr 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına İcazə” əlavə verilməli idi. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş 4.11.11.5-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdi. Hazırki işdə yuxarıda da qeyd olunduğu kimi, iddiaçının adına özəlləşdirilməsini tələb etdiyi tikililərə münasibətdə “Tikinti obyektinin istismarına İcazə” sənədi verilməmişdir. Lakin bu fakt onu deməyə əsas vermir ki, iddiaçının inşa edilmiş tikililərlə bağlı istədiyi məqsədə nail olmaq üçün onun hüquqlarını müdafiə etmə vasitəsi tükənmişdir. Bu barədə məhkəmə kollegiyası onu qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qeyriyaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli, 2181 saylı Fərman qəbul edilmişdir. Həmin Fərmanın 1.1-ci bəndinə əsasən: 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) və nəqliyyat, rabitə, energetika və digər mühəndis-kommunikasiya obyektlərinin (bundan sonra – infrastruktur obyekti) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinin (sahibinin) 2026-cı il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyriyaşayış binasının (infrastruktur obyektinin) müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir; 1.1.2. Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyriyaşayış binasının (infrastruktur obyektinin) və onların yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə, habelə qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir. 1.1.3. Nazirlik:
1. daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən, başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən və barəsində müraciətə həmin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilməyən qeyri-yaşayış binaları istisna olmaqla, bu Fərmanın 1.1.2-ci yarımbəndində göstərilən planın göndərildiyi, yaxud bu Fərmanın 1.9-cu bəndinə uyğun olaraq sifarişçinin yenidən müayinə aparılması üçün müraciət etdiyi tarixdən 30 (otuz) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) döngə nöqtələrinin koordinatları daxil olmaqla faktiki vəziyyətini əks etdirən tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda, habelə infrastruktur obyektinə münasibətdə həmçinin mühəndis-axtarış işlərinə dair hesabatlar və konstruksiya bölməsi (bundan sonra – layihə) əsasında qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndis-kommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinə edir, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəyi (bundan sonra – rəy) tərtib edərək, həmin layihə və rəyi Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Mərkəzə və Komitəyə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir;
2. bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən aparılmış müayinənin nəticələri mənfi olduqda, müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini onun tərtib edildiyi gündən 1 (bir) iş günü müddətində qeyri-yaşayış binasının (infrastruktur obyektinin) sifarişçisinə (sahibinə) göndərir; 1.1.4. Mərkəz bu Fərmanın 1.1.3-cü yarımbəndinin 1-ci abzasına əsasən göndərilmiş layihəni və rəyi aldıqdan sonra 3 (üç) iş günü müddətində həmin sənədləri kameral şəraitdə təhlil edir və qeyri-yaşayış binası (infrastruktur obyekti) barədə məlumatları Tikintilərin Dövlət reyestrində uçota alınmaq üçün Komitəyə təqdim edir; 1.6. bu Fərmanın məqsədləri üçün qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi və fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin mülkiyyətinə satılan və ya icarəsinə verilən torpaq sahəsinin ölçüləri torpağın ayrılması barədə və ya torpağa dair hüquqmüəyyənedici sənədlərdə göstərilən, yaxud tikinti layihəsində əks olunan tikinti ərazisinin hüdudları ilə müəyyən olunur. Belə sənədlər olmadığı hallarda fiziki və ya qeyridövlət hüquqi şəxslərin mülkiyyətinə satılan və ya icarəsinə verilən torpaq sahəsinin ölçüləri qeyri-yaşayış binasının (infrastruktur obyektinin) tikinti sahəsindən az olmamaq şərtilə Xidmət tərəfindən müəyyən olunur;... Hazırki işdə iddiaçı yuxarıda qeyd edilən Fərmanın tələblərindən irəli gələn hərəkətləri, o cümlədən qeyri-yaşayış sahəsinin istismarına icazə verilməsi üçün müvafiq orqanlara müraciət etməli olduğu halda, bu hərəkətləri etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçının sözügedən Fərman kontekstində müraciətləri olmalı, bu müraciətləri üzrə icraat çərçivəsində tələbinə qiymət verilməlidir. Həmin müraciətləri üzrə tələblərinin təmin olunmasından imtina edildiyi halda iddiaçı məhkəməyə müraciət etməlidir. Qeyd olunan halı işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin bu aspektdən də ödənilib-ödənilmədiyini yoxlamadan işə mahiyyəti üzrə baxaraq iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qərar qəbul etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər yuxarıda qeyd olunanlarla bağlı iddiaçının iddia tələblərinə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-179/2025 saylı 23 yanvar 2025-ci il tarixli qərarı qismən, "Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən 0,01 ha torpaq sahəsi üzərində tikilmiş qeyriyaşayış binasına dair mülkiyyət hüquqlarının İddiaçı firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbin təmin olunmadığı” hissədə ləğv edilməli, iddia həmin hissədə bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı mümkün sayılmamalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı firması tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-179/2025 saylı 23 yanvar 2025-ci il tarixli qərarı qismən, "Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, B.Sərdarov adına zavodun cənub hissəsində yerləşən 0,01 ha torpaq sahəsi üzərində tikilmiş qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının İddiaçı firmasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair tələbin təmin olunmadığı” hissədə ləğv edilsin. İddia həmin hissədə mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Orxan İsmayılov