Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2057/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı diplom üzrə ixtisasın tanınması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5078/2021 saylı 09 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, diplom üzrə ixtisasın tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5078/2021 saylı 09 iyun 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (hakim: M.Qarayeva) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, iş üzrə məhkəmənin hazırlıq iclasında məhkəmə iclas katibi tərəfindən ona məzmunu məlum olmayan və ona mahiyyəti izah olunmadan A4 formatında bir vərəqdə çap ilə yazılmış hazır mətnə imza etdirilmişdir. Nəticədə iddianın geri qaytarılması barədə 09.06.20121-ci il tarixli qərardad qəbul eidlmişdir. Belə ki, bundan sonra ona məlum olmuşdur ki, iddianın geri qaytarılmasına dair hazır tərtib olunmuş sənədə məhkəmə iclas zalında imza etdirilmişdir. O, bu hal ilə razı deyil və bu hal qəbul olunmazdır. Belə ki, o, öz iradəsi əsasında iddianın geri qaytarılması barədə ərizəyə imza edə bilməz. Bu hal məhkəmə tərəfindən mahiyyəti ona izah olunmayan qeyri-hüquqi addımdır. Çünki, haqlı tələbi üzrə pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etdiyi halda, iddiadan geri çəkilməyi heç bir məntiqə uyğun deyildir. Bu səbəbdən hesab edir ki, ona mahiyyəti izah olunmayan və tərəfindən imza etdirlməyə sövq edilmiş qeyd olunan sənədin hüquqi əhəmiyyət yoxdur və belə ki, iddianın geri qaytarılması ilə bağlı iradəsi yoxdur. O, işə mahiyyəti üzrə baxılmasını tələb edir. Bu səbəbdən qeyd olunan 2-1(112)- 5078/2021-saylı qərardad ləğv olunmalı və işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı diplom üzrə ixtisasın tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmış və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170-ci maddəsinə istinad edərək iddiaçının vəsatət verməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Qeyd edilən Məcəllənin 55-ci maddəsində iddiaçının iddiadan imtina etmək hüququ və onun hüquqi nəticələri təsbit edilmişdir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını istəməsi iddiaçının hüququdur. Lakin apelyasiya şikayətindən görünür ki, iddiaçı ona məzmunu məlum olmayan və ona mahiyyəti izah olunmadan A4 formatında bir vərəqdə çap ilə yazılmış hazır mətnə imza etdirildiyini və bundan sonra ona iddianın geri qaytarılmasına dair hazır tərtib olunmuş sənədə məhkəmə iclas zalında imza etdiyini bildirərək, öz iradəsi əsasında iddianın geri qaytarılması barədə ərizəyə imza edə bilmədiyini qeyd edərək bu hal ilə razı deyil. Göründüyü kimi iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə öz xətti ilə yazılmış ərizə verməmiş və o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəyir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən iddianın geri götürülmüş sayılmasının qanunvericilikdə nəzərdə tutulmuş hüquqi nəticələri iddiaçıya izah olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən qərardadı prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv olunmalı və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.7.2, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5078/2021 saylı 09 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2057/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2057/2021
21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver