Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2057/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X10 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X16 cəlb edilməklə) “reyestr qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(112)-4583/2025 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 adına MA seriyalı, ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışın və sonradan həmin çıxarış əsasında əldə edilmiş X10 adına olan, xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi, ev 1/3 ünvanında yerləşən 33 nömrəli mənzilə dair X2 adına dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Tələbin əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 19 iyul 1989-cu il tarixdə X8 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur və ərinin anasına məxsus olan ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüşdür. Qayınanası, yoldaşı və iddiaçı həmin evdə birgə yaşamışlar, təsərrüfat aparmışlar, mənzillə bağlı xərclər çəkmişdirlər, övladları olmasa da, nikahı normal qaydada davam edib. 1990-cı ildə qayınanası vəfat edib. Yoldaşı X8 isə 14 mart 2013-cü ildə vəfat etmişdir. Yoldaşı rəhmətə gedənə qədər onunla birgə yaşamışdırlar, daha sonra isə iddiaçı həmin mənzildə bu günə qədər fasiləsiz olaraq tək yaşayır. Qayınanası rəhmətə gedən tarixdən mərhum həyat yoldaşı ilə iddiaçı həmin dövrdən indiyədək miras qalmış əmlak payını faktiki olaraq qəbul etmişdirlər. Ona görə də, əri və iddiaçı əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqları və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirdiyinə görə miras vərəsə tərəfindən qəbul edilmiş hesab olunur. İddiaçının əri ilə birlikdə 1989-cu ildən həmin mənzildə yaşamasını şahid qismində qonşuları X17 və X18 öz ifadələri ilə və 81 saylı MTK-nın arayışı ilə də təsdiq edirlər. Mənzilə görə kommunal haqları, MTK-ya ödənilən təsərrüfat xərcini, məişət tullantılarının atılmasına görə ödənişi həmişə əri ilə iddiaçı ödəmişdirlər. Hazırda kart vasitəsi ilə kommunal xərcləri abunə kartı vasitəsi ilə iddiaçı ödəyir, evin təmiri işlərini isə yoldaşı ilə bərabər aparmışlar. ünvan 2 ünvanında yerləşən 33 nömrəli mənzil Bakı şəhəri Nəsimi rayon Xalq Deputatları İcrayyə Komitəsinin 43/5 nömrəli xx.xx.1986-cı il tarixli qərarına əsasən qayını X5 və qayınanası X13 verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Cavabdehin etirazı: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan başqa, ünvan 4 ünvanında yerləşən 33 saylı mənzil 216803 nömrəli order və maliyyə arayışı əsasında xx.xx.2010-cu il tarixdə X2 adına qeydiyyata alınmışdır. Sonradan 4Ə-1977 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə X10 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(112)-4583/2025 saylı qərarı ilə (hakim T.Məlikov) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X11 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsini pozub ünvan 5 ünvanda yerləşən 33 nömrəli mənzildə yaşayan İddiaçı subyektiv hüququnu tapdalayıb, onun xəbəri olmadan mənzilə X2 adına qeydiyyata almış, sonuncunun adına MA seriyalı ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarış vermişdir. Bakı İnzibati Məhkəməsi qərar verərkən buna əhəmiyyət verməmişdir. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil-istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. xx.xx.2023-cü il tarixdə X16 ona qarşı Bakı şəhəri Nəsimi rayon məhkəməsində “mənzildən məcburi çıxartma” barədə iddia qaldıranda ona məlum olmuşdur ki, ünvan 5 ünvanda yerləşən 33 nömrəli mənzil xx.xx.1986-cı il tarixli 216803 nömrəli orderə, xx.xx.2010-cu il tarixli 43 nömrəli maliyyə arayışına, Nəsimi rayon Xalq Deputatları İcrayyə Komitəsinin 43/5 nömrəli xx.xx.1986-cı il tarixli qərarına və xx.xx.2010-cu il tarixli 32 nömrəli Forma 2 arayışına əsasən ilkin olaraq X2 adına qeydiyyata alınmışdır. Həmin mənzil özəlləşdirilən zaman onun razılıq ərizəsi alınmamış, İddiaçı özəlləşdirmədə iştirakı məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi həmin mənzilə çıxarış verə bilməzdi. Çünki MA seriyalı ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışın əsası 216803 nömrəli order, 81 saylı MTK-nın maliyyə arayışı göstərilmişdir. Həmin binanın kommunal-məişət vəziyyəti barədə mənzilistismar təşkilatının arayışı mövcud deyildir. ünvan 6 ünvanda binanın 81 saylı MTK-nın balansına nə cür və hansı qərarla verilməsi müəmmalıdır. Bakı İnzibati Məhkəməsi qərar verərkən buna əhəmiyyət verməmişdir. MA seriyalı ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarışın əsası kooperativ üzvünün mülkiyyətinə keçməsi üçün pay hüququnun tam ödənilməsi barədə həmin mənzil kooperativinin idarə heyətinin arayışı deyildir. Bakı İnzibati Məhkəməsi qərar çıxararkən özü dövlət orqanı olaraq digər dövlət orqanının xeyrinə, vətəndaş olaraq onun əleyhinə qərar qəbul edib, onun tələbinin mahiyyətini tam öyrənmədən məhkəmə qarşısında bərabərlik prinsipini pozmuş, mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmamışdır. Bakı İnzibati Məhkəməsi qərar çıxararkən onun yazdıqlarını araşdırmamış və işin hallarının araşdırılması prinsipini pozmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi qərar çıxararkən həmin qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəbləri göstərməmiş, həmin qərar faktlar və sübutlara əsaslanmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X16 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdən müəyyən olunur ki, Nəsimi rayon XDS İK-nın 17 yanvar 1986-cı il tarixli, 43/5 saylı qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi 3/1 saylı evin 33 saylı mənzil iki nəfər ailə tərkibndə (özü və anası) X3 ayrılmışdır. Orderə daxil edilmişdir: 1. X11 və 2. X19-anası. Bakı şəhər X21 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 216803 orderə əsasən ünvan 7 ünvanında yerləşən 33 nömrəli mənzil X5 verilmişdir. Ailə tərkibi X11 və X7 ibarətdir. xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən 33 nömrəli mənzil mülkiyyət hüququ ilə X1 adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X9 ünvan 7, mənzil 33-ü X14 bağışlamışdır. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən 33 nömrəli mənzil X10 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 340/2024 №-li qətnaməsinə əsasən məhkəmə ilk iddia üzrə cavabdeh İddiaçı Əliəşrəf qızının ünvan 4 saylı evin 33 saylı mənzilindən məcburi çıxarılmasını, ilk iddia üzrə iddiaçı X10 həmin mənzilə köçürülməsini, həmçinin qarşılıqlı iddia üzrə İddiaçı Əliəşrəf qızının qarşılıqlı iddia üzrə cavabdeh X14 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsini qət etmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 8 ünvanda yerləşən mənzilə dair mərhum qayını X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvini xahiş etmişdir. İddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Nəsimi rayon XDS İK-nın 1986-cı il tarixli qərarı ilə mübahisəli mənzil X5 2 nəfər ailə üzvü ilə birlikdə (anası X20) ayrılmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Qeyd olunan sərəncam əsasında X5 mənzilə dair order verilmiş və həmin orderdə yalnız X20 göstərilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, norma “müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş şəxslər və kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış” şəxslərin razılığını nəzərdə tutur. Bu razılığın da mahiyyəti ondadır ki, həmin şəxslər dövlət mənzil fonduna aid konkret mənzili əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüquqlarından digər ailə üzvünün xeyrinə könüllü imtina etmək iradəsini ifadə edirlər. Hazırkı halda isə iddiaçı nə mənzil ayırma qərarında, nə də orderdə icarədarın ailə üzvü kimi göstərilmədiyindən, həmçinin mənzilə dair hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyindən o, Mənzil Məcəlləsinin 146-cı maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs sayılmır. Ona görə də iddiaçı qeyd olunan “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsində mənzil fondunun özəlləşdirilməsi üçün razılığı tələb olunan şəxslərin dairəsinə düşmür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi ona istinad edir ki, 1989-cu ildən mərhum əri ilə birlikdə həmin mənzilə köçmüşdür. 1990-cu ildə qayınanası vəfat etdikdən sonra ailəsi ilə birlikdə həmin mənzildə yaşamış və mənzilə dair bütün kommunal xərcləri ödəmişdir. Qayınanası vəfat etdikdən sonra əmlak faktiki olaraq o və mərhum həyat yoldaşı tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun: 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Biri digərindən təcrid olunmamış məhdud kommunal şəraitli mənzillər (evlər) özəlləşdirilərkən, həmin mənzillərdəki (evlərdəki) ümumi istifadə yerləri mülkiyyətçilərin ümumi mülkiyyətinə verilir. 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulan sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; -8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; -8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; -8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);(....) 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -23.1-ci maddəsinə görə qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göründüyü kimi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hazırkı iş üzrə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Nəsimi rayon XDS İK-nın 1986-cı il tarixli qərarı verilən anda, həmçinin order verilən anda mənzillə bağlı hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Bu səbəbdən iddiaçı adıçəkilən qərarlarda X2 ailə üzvü kimi göstərilməmiş, mənzil fondunun mənzillərini özəlləşdirmək hüququnu saxlamadığından onun icazəsinin alınması zəruri olmamışdır. İddiaçının apellyasiya şikayətinin dəlili olaraq qeyd etdiyi hallar onun mənzillə bağlı hüquqlarını təsdiq edən hallar kimi qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2-1(112)-4583/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2057/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2057/2025
20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver