Məhkəmə qərarları › İş №2-1(103)-2058/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2058/2021

07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2058/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Mursaqulov Vaqif Ənvər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı1 və vəkili X1 iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi, iddiaçının tutduğu vəzifəyə uyğun başqa vəzifəyə bərpa olunması tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2129/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 4 fevral 2019-cu il tarixli 0119 nömrəli əmrin ləğv edilməsi və iddiaçının tutduğu vəzifəyə uyğun başqa vəzifəyə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 12.08.2006-cı i tarixinədək Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində kursant kimi, 23.06.2010-cu il tarixdən 19.02.2018-ci il tarixədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində zabit qismində hərbi xidmət keçmişdir. Xidməti dövründə qarşısına qoyulan tapşırıqları vaxtında yerinə yetirdiyinə, döyüş hazırlığının yüksəldilməsinə və hərbi intizamın yüksəldilməsində fəal iştirak etdiyi üçün həmişə komandanlıq tərəfindən yüksək qiymətləndirilmişdir. Xidməti dövründə verilən tapşırıqları vaxtında icra etmiş, hərbi nizam-intizama riayət etmiş, subardinasiya qaydalarına riayət etmişdir. Lakin onunla birlikdə N saylı hərbi hissədə xidmət edən miçman X2 yalandan şikayəti əsasında onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi açılmışdır. Qeyd edilən cinayət işi üzrə barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitenisar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Həmin cinayət işi üzrə bildirmək istəyir ki, o, qeyd edilən əməli törətməmişdir və Bakı Hərbi Məhkəməsinin 1-1(093)-23/2019 saylı iş üzrə 22 yanvar 2019-cu il tarixli hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.3 və 32.4, 312.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 1000 (min) manat miqdarında cərimə cəzası ilə məhkum edilmişdir. Bundan sonra o, 2019cu il tarixdə ərizə ilə müraciət edərək qeyd edilən məhkumluğun üzərindən götürülməsini xahiş etmiş və Bakı Hərbi Məhkəməsinin 26.07.2019-cu il tarixli qərarı ilə məhkumluğu üzərindən götürülmüşdür. O, konandanlığa qeyd edilən əməli törətmədiyini və ordu sıralarında qalıb xidmət etmək istəməyini bildirməsinə baxmayaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 04.02.2018-ci il tarixli 0119 nömrəli əmri və “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-ci maddəsinin “e” bəndinə əsasən Ordu Sıralarında tərxis olunmağı barədə qərar qəbul edilmişdir. O, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “e” bəndinə əsasən xidmətə uyğunsuzluğa görə tərxis olunmağına etiraz etdiyini, ailə vəziyyətini və xidmətini nəzərə alıb ön xətdə yerləşən hərbi hissələrə xidmət etmək üçün göndərilməsini xahiş etsə də Ordu Sıralarından tərxis olunmuşdur. O, işə bərpa olunmağı ilə bağlı Müdafiə Nazirliyinə müraciət etsə də onunla heç bir söhbətləşmə aparılmadan işə bərpa edilməyinin mümkün olmadığı ona bildirilmişdir. Eyni zamanda o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 04.02.2018-ci il tarixli 0119 nömrəli əmrinin hal hazıradək rəsmi olaraq ala bilməmişdir. Onun çoxsaylı müraciətlərindən sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nəsimi rayon İdarəsi 17.08.2020-ci il tarixdə 184 № arayış təqdim etmişdilər. Bundan sonra o, 15 sentyabr 2020-ci il tarixdə ərizə ilə Müdafiə Nazirliyinə müraciət etsə də Müdafiə Nazirliyi tərəfindən onun ərizəsinə hərbi xidmətə qəbul olunmağı barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməməsi göstərilmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2129/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməmiş və iddia mümkün sayılmamışdır. (hakim: R.Kərimli) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və buraxılmış prosessual müddəti bərpa edib iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, müddəti buraxmağının üzrlü səbəbi kimi ərizəsində qeyd etmişdir ki, müvafiq əmr verilən tarixdə, yəni 4 fevral 2019-cu il tarixdə övladı doğulmuş və həmin uşağın səhhətində nasazlıqlar olduğundan, əmri qanunda nəzərdə tutulmuş müddətdə mübahisələndirə bilməmişdir. Həmçinin həmin vaxt işə bərpa edilməyi barədə Komandanlığa çoxsaylı ərizələrlə müraciət etsə də, həmin ərizələrin cavabını gec aldığından vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməmişdir. Hesab edir ki, ərizəsində qeyd etdiyi səbəblər üzrlü olsa da, məhkəmə həmin halları üzrsüz hesab edərək ərizəsini təmin etməmişdir. Əslində isə məhkəmə həmin dəlilləri üzrlü hesab edib iddianı mümkün sayaraq işə mahiyyəti üzrə baxıb qərar qəbul etməli idi. Apelyasiya baxışı zamanı İddiaçı1 və vəkili X3 apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və buraxılmış prosessual müddəti bərpa edib iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçını və vəkilinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 4 fevral 2019-cu il tarixli 0119 nömrəli əmrin ləğv edilməsi və iddiaçının tutduğu vəzifəyə uyğun başqa vəzifəyə bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iddiaçının tələbi mübahisələndirmə haqqında iddiaya aiddir və mövcud qanunvericilik inzibati aktın mübahisələndirilməsi ilə bağlı 1 ay iddia müddəti müəyyən etmişdir. Hazırkı işin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçı 4 fevral 2019-cu il tarixli əlverişsiz inzibati aktın (əmrin) mübahisələndirilməsi tələbi ilə iddianı 13 oktyabr 2020-ci il tarixdə, yəni inzibati aktın qəbulundan 1 il 8 ay müddət keçdikdən sonra qaldırmışdır. Məhkəmənin qənaətinə görə mübahisə predmeti olan 4 fevral 2019-cu il tarixli əmr xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur. Bu qənaət həm də ondan irəli gəlir ki, o, daşıdığı vəzifəni icra etmədiyi halda xidməti münasibətlərdə digər nəticələrin (işə gəlməməyə, vəzifəni lazımi qaydada icra etməməyə görə intizam məsuliyyəti) yaranma ehtimalı böyük olmuşdur, halbuki, belə nəticə olmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı özü də əmrin ona həmin vaxt elan olunmasını inkar etmir və bununla bağlı müəyyən dəlillərlə buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edir. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi dəlilləri müddətin buraxılmasının üzürlü sayılmasına əsas vermir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı İPMin 24.4-cü maddəsində göstərilən hallara dair heç bir dəlil və sübut bildirmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməməlidir, iddia isə qanunla müəyyən edilmiş 1 aylıq iddia müddəti buraxılmaqla qaldırıldığlndan, mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1-ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İş materiallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 04.02.2019-cu il tarixli 0119 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 04.02.2019-cu il tarixli əmrini 13.10.2020-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmişdir. Göründüyü kimi qeyd olunan əmr xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi ərəfədə məlumatı olduğu halda həmin əmri mübahisələndirmək hüququnu qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. Eyni zamanda iddiaçı həmin müddətin üzrlü səbəbdən buraxılması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qanunverici müddət buraxılarkən konkret hansı halların üzrlü olmasını qeyd etməsə də, bu hamıya məlum olan hallarla əlaqədar olur (məsələn, şəxsin xəstəliyi, ailə üzvlərindən hər hansı birinin ölməsi, xidməti ezamiyyətdə olması, təbii fəlakətin baş verməsi və s.) “Üzrlü” sözünün terminoloji təhlilindən görünür ki, həmin söz leksik mənasına görə “səbəbi qəbul oluna bilən” hallarda işlədilir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının göstərdiyi dəlillər müddətin buraxılmasının üzrlü sayılmasına əsas vermir və bu səbəbdən də, iddiaçının müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2129/2021 saylı 01 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar