Məhkəmə qərarları › İş №2-1(103)-2059/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2059/2021

05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2059/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2002/2021saylı 29 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 03-05 avqust 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, o, xx xxxx 1956-cı il tarixdə doğulmuşdur. O, 07 mart 1978-ci il tarixdən 12 iyun 1981-ci il tarixədək, yəni 3 il 3 ay, 8 gün “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində izolyasiyaçı vəzifəsində işləmişdir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının 22900000- 12520 kodu üzrə güzəştli pensiya şərtlərlə pensiya hüququ yaranmışdır. Bu barədə arayış da mövcuddur. İddiaçı 13 iyun 1988-ci il tarixdən 18 yanvar 1996-cı il tarixədək “Xəzər” Gənclərin X1 baş iş icraçısı vəzifəsində, 01 dekabr 2014-cü il tarixdən 01 aprel 2017-ci il tarixədək “Xəzər” GETYM-in tikintisində iş icrası vəzifəsində işləmişdir. Bu vəzifələr isə, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının XXVİİ bölməsinin “b” bəndində sadalanan güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Qeyd olunanlardan da görünür ki, iddiaçı 1978-ci ildən 2017-ci ilədək müxtəlif işlərdə işləmiş, stajının kifayət qədər hissəsini zərərli iş şəraitində həyata keçirmişdir. Bu səbəbdən də stajının bir hissəsinin AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş vəzifələrdə işləmişdir. Stajının digər hissəsi isə, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının XXVİİ bölməsinin “b” bəndinə əsasən 1 nömrəli siyahıda sadalanan güzəştli vəzifələrdə işləmişdir. O, 04 mart 2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh 17 mart 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdehin məktubunu gec əldə etmişdir. O, hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə də cavabdehin imtinası qanunsuz hesab edilməli və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, həmin dövrdən indiyədək ödənilməmiş pensiya məbləği ödənilməlidir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2002/2021saylı 29 aprel 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə” müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, inzibati icraat zamanı iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə işləyib-işləməməsi barədə Mərkəzi Filial tərəfindən kifayət qədər ətraflı araşdırma aparılmışdır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 04 noyabr 1974-cü il tarixli əmək kitabçasında qeyd olunan 03.02.2005- 03.09.2006 və 01.04.2017-03.09.2018 tarixləri arasındakı dövr ərzində müvafiq olaraq “Xəzər GETYM”-də işlədiyi baş iş icraçısı və mühəndis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və qeyd etmişdir ki, iddiaçının işlədiyi “izolyasiyaçı”, “iş icraçısı” və “baş icraçısı” vəzifələri AR Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, “baş iş icraçısı” ilə “iş icraçısı” vəzifələrinin əhəmiyyətli fərqi barədə inzibati orqan hər hansı dəlil gətirmədiyindən, məhkəmə bu əsasla verilmiş imtinanı formal mülahizələrə əsaslanan imtina kimi qiymətləndirmiş və iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işlədiyinin təsdiqləndiyi qənaətinə gəlmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən vurğulamışdır ki, iddiaçının inzibati orqana müraciəti ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olsa da, inzibati orqan inzibati icraat üzrə imtina qərarını “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”ndan vermişdir. İddiaçı isə, hazırda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşdan təyin olunması tələbini irəli sürür. Hansı ki, 60 yaşdan ona əmək pensiyasının təyin olunması məsələsi araşdırılmamışdır və bununla bağlı məhkəmə araşdırılmasına nisbətən inzibati icraat üzrə araşdırmanı daha məqsədəuyğun hesab etmişdir. Məhkəmənin hüquqi mövqeyi o olmuşdur ki, cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçının müraciəti üzrə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi məsələsinə onun «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması, o cümlədən pensiya kapitalının məbləğinin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan veribverməməsi araşdırılmaqla, lakin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 aydan artıq iş stajının olması nəzərə alınmaqla yenidən baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus 04.11.1974-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 29.10.1974-cü il tarixdən 25.11.1975-ci il tarixədək Az.SSR X6 STN trestin 16№ Tikinti İdarəsində 2-ci dərəcəli dülgər peşəsində işləmiş, 04.12.1975-ci il tarixdən 24.11.1977-ci il tarixədək sovet ordusunda xidmət etmiş, 24.01.1978-ci il tarixdən 01.03.1978-ci il tarixədək Az.SSR X6 STN trestin 16№ Tikinti İdarəsində 2-ci dərəcəli dülgər peşəsində işləmiş, 01.03.1978-ci il tarixdən 12.06.1981-ci il tarixədək 2 saylı Trestin 27№li Tİ-ndə izolyasiyaçı, briqadir izolyasiyaçı peşəsində işləmiş, 15.06.1981-ci il tarixdən 14.03.1988-ci il tarixədək tarixədək Az.SSR STN 2 saylı trestin 28№ Tikinti İdarəsində izolyasiyaçı, briqadir izolyasiyaçı peşəsində işləmiş, 16.03.1988-ci il tarixdən 15.11.1988-ci il tarixədək Az.SSR Tikinti Nazirliyi DSK 3№li Tikinti İdarəsində növbə rəisi, iş icraçısı peşəsində işləmiş, 13.06.1988-ci il tarixdən 18.01.1996-cı il tarixədək BPO “Radiostansiya” nəzdində “Strimer” Kooperativində tikinti, maddi-texniki və təsərrüfat təminatı üzrə sədr müavini vəzifəsində işləmiş, 06.03.1996-cı il tarixdən 01.02.2005-ci il tarixədək “Qlobus” Kommersiya firmasında direktor vəzifəsində, 03.02.2005-ci il tarixdən 09.03.2006-cı il tarixədək “Xəzər” GETYM-də baş iş icraçısı vəzifəsində, 09.03.2006-cı il tarixdən 22.06.2007-ci il tarixədək həmin qurumda iş icraçısı vəzifəsində, 22.06.2007-ci il tarixdən 01.12.2014-cü il tarixədək sahə rəisi, 01.12.2014-cü il tarixdən 01.04.2017-ci il tarixədək Mərkəzin tikintisində iş icraçısı, 01.04.2017-ci il tarixdən 03.09.2018-ci il tarixədək Mərkəzdə mühəndis vəzifəsində işləmişdir. İş materiallarında olan “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsinin 09/6 saylı arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 07.03.1978-ci il tarixdən 12.06.1981-ci il tarixədək “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsində izolyasiyaçı vəzifəsində işləmişdir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının 22900000-12520 şifri (kodu) üzrə ona güzəştli şərtilə pensiya təyin olunması hüququ verilir. Öz hesabına məzuniyyətdə olmamışdır. Qeyd: Azərbaycan Respublikası Prezidentinin 16 iyul 1998-ci il tarixli 851 nömrəli sərəncamı ilə “Azərsənayetikinti” SC-nin tərkibinə daxil edilmiş, “Sənayekommunaltikinti” Birliyinin bütün filialları 3 nömrəli Sumqayıt filialına birləşdirilmişdir. 02.09.1999-cu il tarixli 09/1 saylı əmrə əsasən “Sənayekommunaltikinti” Birliyinin 3 nömrəli Filialı “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsi adlandırılmışdır. İş materiallarında olan Azərbyacan SSR Tikinti Nazirliyinin 2 nömrəli Trestin 28 nömrəli Tikinti İdarəsinin keçmiş rəisi tərəfindən verilmiş 16.01.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 16.06.1981-ci il tarixdən 14.02.1988-ci il tarixədək 2 nömrəli Trestin 28 nömrəli Tikinti İdarəsində izolyasiyaçı və usta vəzifəsində işləmişdir. İş materiallarında olan “Strimer” SEİSin prezidenti tərəfindən verilmiş 15.01.2020-ci il tarixli 001 nömrəli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 13.06.1988-ci il tarixdən 18.01.1996-cı il tarixədək sahələrarası Elmi-İstehsalat Şirkətinin texniki və təsərrüfat təminatı üzrə vitse-prezident vəzifəsində işləmişdir. İş materiallarında olan "xxxx" İstehsalat – Kommersiya Firması tərəfindən verilmiş 16.01.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 06.03.1996-cı il tarixdən 01.02.2005-ci il tarixədək “Qlobus” Kommersiya firmasında direktor vəzifəsində işləmişdir. İş materiallarında olan “Xəzər” GETYM-nin 10 yanvar 2020-ci il tarixli 03 nömrəli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 03.02.2005-ci il tarixdən 03.09.2006-cı il tarixədək “Xəzər” GETYM-də baş iş icraçısı vəzifəsində, 09.03.2006-cı il tarixdən 22.06.2007-ci il tarixədək həmin qurumda iş icraçısı vəzifəsində, 01.12.2014-cü il tarixdən 01.04.2017-ci il tarixədək Mərkəzin tikintisində iş icraçısı vəzifəsində işləmişdir. Göstərilən vəzifə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda sadalanan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” istehsalatında güzəştli şərtlərlə pensiya almaq hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 17.03.2020-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) a) bəndinə əsasən izolyasiyaçılar vəzifəsi və Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər yarım bölməsinin b) bəndinə əsasən iş icraçıları vəzifəsi nəzərdə tutulduğu, iddiaçının idarəyə təqdim etdiyi 04.11.1974-cü il tarixli əmək kitabçasında Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 2 saylı Trestində 02.06.1980-23.07.1986-cı il tarixləri arasındakı dövr ərzində briqadir-izolyasiyaçı vəzifəsində, “Xəzər Gənclərin X1" 03.02.2005-03.09.2006-cı il tarixləri arasındakı dövr ərzində baş iş icraçısı və 01.04.2017-03.09.2018 tarixləri arasındakı dövr ərzində mühəndis vəzifələrində işlədiyi qeyd olunduğu, iddiaçının həmin işlədiyi vəzifələr yuxarıda qeyd edilən vəzifələrə uyğun olmadığı və bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçının işlədiyi izolyasiyaçı peşəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində izolyasiyaçılar peşəsi 2290000a – 12520 kodla nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir. İddiaçının işlədiyi iş icraçıları peşəsi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “b” bəndində nəzərdə tutulmuşdur. İşə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçı 03.02.2005-ci il tarixdən 03.09.2006-cı il tarixədək “Xəzər” GETYM-də baş iş icraçısı vəzifəsində, 09.03.2006-cı il tarixdən 22.06.2007-ci il tarixədək həmin qurumda iş icraçısı vəzifəsində, 01.12.2014-cü il tarixdən 01.04.2017-ci il tarixədək Mərkəzin tikintisində iş icraçısı vəzifəsində, 07.03.1978-ci il tarixdən 12.06.1981-ci il tarixədək “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsində izolyasiyaçı vəzifəsində, 16.06.1981-ci il tarixdən 14.02.1988-ci il tarixədək 2 nömrəli Trestin 28 nömrəli Tikinti İdarəsində izolyasiyaçı və usta vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışlardan göründüyü kimi iddiaçı 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajına malik olmuşdur. «İnzibati icraat haqqında» AR Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin imtinası iddiaçının ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair müraciəti ilə bağlı olmuşdur. Hazırda isə, iddiaçı iddia tələbini dəqiqləşdirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşdan təyin olunması tələbini irəli sürür. Hansı ki, cavabdeh orqan tərəfindən 60 yaşdan iddiaçıya əmək pensiyasının təyin olunması məsələsi araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə, (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2002/2021saylı 29 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar