Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2059/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1227/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X6 İcraiyyə Komitəsinin 12 mart 1990-cı il tarixli 1/23 saylı qərarına əsasən nənəsi X3 153 nömrəli Ləhiş bağ- tikinti kooperativi tərəfindən ayrılmış 0.12 ha bağ torpaq sahəsinin mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhər X6 İcraiyyə Komitəsinin (“XDS İK”) 12 mart 1990-cı il tarixli 1/23 saylı qərarına əsasən onun mərhum nənəsi, X3, 153 nömrəli Ləhiş Bağ-Tikinti Kooperativi tərəfindən Kooperativin üzvlərinin siyahısına daxil edilməklə, 0.12 ha bağ torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan bag sahəsi onun ailəsinin istifadəsində olmuşdur. Lakin həmin bağ sahəsinə dair nənəsinin mülkiyyət hüququnun tanınmaqla, adına arayışın verilməsi üçün cavabdehə müraciət etsə də, iddiaçıya ərizəsini təmin etməkdən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır...” Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Bununla yanaşı, idarənin arxivində X2 adına hüquqmüəyyənedici sənəd, həmçinin, ayrılması nəzərdə tutulan bağın nömrəsi və ölçüsü barədə məlumat aşkar edilməmişdir. Bundan əlavə, torpaq sahəsinə texniki baxış keçirilməsi üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1227/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri XDS İK-nin 12 mart 1990-cı il tarixli 1/23 saylı qərarına əsasən iddiaçının mərhum nənəsi X3 153 nömrəli Ləhiş bağ-tikinti kooperativi tərəfindən Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş ərazisində ayrılmış 0.12 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Torpaq sahəsi Nardaran mişardaşı(əhəngdaşı) yatağının konturu daxilində yerləşir. Torpaq sahəsi DTXK tərəfindən X1 adına verilmiş JN-28577 saylı şəhadətnamənin baza məlumatı ilə üst-üstə düşür. Sxematik xəritəyə əsasən 4166 saylı bağ və bölünənlərinin ərazisinə uyğun gəlir. Təqdim edilmiş 1/23 saylı, xx.xx.1990-cı il tarixli Qərarında ayrılması nəzərdə tutulan bağın nömrəsi və ölçüsü qeyd edilməmişdir. Torpaq sahəsinin yol tərəfindən hasarın üstündən 6 kvt-luq elektrik xətti keçir. 3-4 metr məsafədə transformator var. Bakı İnzibati Məhkəməsi torpaq sahəsinin JN-28577 saylı şəhadətnamənin baza məlumatı ilə üstüstə düşməsi, sxematik xəritəyə 4166 saylı bağ və bölünənlərinin ərazisinə uyğun gəlməsi, 1/23 saylı, xx.xx.1990-cı il tarixli Qərarında ayrılması nəzərdə tutulan bağın nömrəsi və ölçüsü qeyd edilməməsi dəlillərinə münasibət bildirməmişdir...” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil cavabdehin apellyasiya şikayətini əsassız hesab edərək iddia ərizəsinə uyğun izahatında, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri XDS İK-nin 12 mart 1990-cı il tarixli 1/23 saylı qərarına əsasən 153 nömrəli Ləhiş bağ- tikinti kooperativi tərəfindən nənəsi X3 ayrılmış 0.12 ha bağ torpaq sahəsinin mülkiyyət hüququ üzrə ona məxsus olması barədə arayışın verilməsini tələb etmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, vətəndaşların qanuni istifadəsindəki torpaqlar faktiki olaraq artıq əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir (de-fakto), yerdə qalan yeganə məsələ həmin torpaqların daşınmaz əmlakın dövlət reyestrində sözügedən vətəndaşların adına mülkiyyət hüquqlarının qeydiyyata adlınmasından ibarətdir (“de yure”). Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İş materiallarına əsasən mübahisəli torpaq sahəsi iddiaçının nənəsi X2 qanuni istifadəsində olduğu və iddiaçının onun vərəsəsi olduğu aşavğıdakı sənədlərələ öz təsdiqini tapır. Belə ki, Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-ci il tarixli, 1/23 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışından görünür ki, Ləhiş 153 nömrəli bağ-tikinti kooperativinin üzvlərinin siyahısına uygun olaraq X3 bag sahəsi ayrılmışdır (Milli Arxiv İdarəsinin işə əlavə olunmuş arxiv arayışından da görünür ki, Bakı şəhər XDS İK-nin qərarı ilə təsdiq olunmuş Ləiş 153 No-li bağ-tikinti kooperativinin üzvləri sıyahısında X7 3cü sırada iddiaçının adı təsbit olunmuşdur.) Eyni zamanda, Cavabdehin 3-213-30/2-21461 **********61 nömrəli xx.xx.2023-cü il tarxili məktubunda mərhum X2 adına 153 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair sənəd (order) idarənin arxivində aşkar edilmədiyi qeyd edilsə dəsorğunun icrası ilə əlaqədar olaraq 153 saylı BTK üzvlərinin siyahısının, yerləşmə sxeminin və həmin BTK-ya dair arxiv qovluğunda mövcud olan sənədlərin məhəkəmyə təqdim edilən təsdiq edilmiş surətlərinə əsasən Bakı Şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin xx.xx.1990-cı il 1/23 nömrəli qərarına əsasən aşağıdakı bağ-tikinti kooperativlərinin tərkibi təsdiq olunmuşdur: 153 nömrəli BTK-22 nəf., 154 nömrəli BTK-17 nəfər, 155 nömrəli BTK-27 nəfər, 156 nömrəli BTK-23 nəfər, 157 nömrəli BTK- 28 nəfər, 158 nömrəli BTK- 11 nəfər, 159 nömrəli BTK-27 nəfər. Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli bağ sahəsinin iddiaçının nənəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeyd alınması üçün əsas mövcud olmuşdur. Lakin işə əlavə olunmuş 352304 nömrəli, xx.xx.1993-cü il tarixli ölüm haqqında şəhadətnaməyə və Azərbacan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 31 saylı notariat ofisinin 605 nömrəli xx.xx.2021-ci il tarixli məktuba əsasən müəyyən olunur ki, 1917-ci il təvəllüdlü X4 xx.xx.1992-ci il tarixində vəfat etmiş və ondan miras qalmış Bakı şəh, Ləhiş bağları ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə dair İddiaçı vərəsə kimi tanınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisəli ünvanda yerləşən bağ sahəsinin iddiaçının mərhum nənəsi X3 məxsus olması barədə arayış verilməsindən imtina olunması əsassızdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə və işə əlavə olunmuş mütəxəssis rəyinə əsasən bağ sahəsinin scematik xəritəyə və baza məlumatına əsasən dögər şəxsin (o cümlədən, Nardaran mişardaşı (əhəngdaşı) yatağının) adına olan əraziyə uyğun gəldiyinə gəldikdə, birincisi,bununla bağlı cavabdeh tərəfindən əsaslandırıcı sübutlar məhkəməyə təqdim edilməmişdir. İkincisi, naturada həmin sahələrin ayrı-ayrı sahələri olduğu işin mübahisəsiz halıdır. Üçüncüsü, cavabdehdən tələb edilərək işə əlavə edilmiş, qonşu bag sahələrinə dair çıxarışlardan aydın olur ki, həmin ərazidə ayrı-ayrı vətəndaşların bağ sahələrinə mülkiyyət hüquqları artıq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bütün bu hallar özü-özlüyündə cavabdehin istinad etdiyi, digər şəxsin bağ sahəsinin, iddiaçının iddia etdiyi hazırkı bag sahəsinin ərazisinə aid oldugunu istisna edir . Qeyd olunanlar baxımından, həm də, 1990-cı ildən etibarən bağ sahəsinin iddiaçının mərhum nənəsinin, daha sonra onun vərəsəsinin faktiki istifadəsində olması və bütün bu müddət ərzində onlara qarşı qonşuları və ya digər şəxslər tərəfindən hər hansı bir iddianın verilmədiyi halda, mütəxəssis rəyi ilə qeyd olunan hissəsidə məhkəmə kollegiyası razılaşmır. Torpaq sahəsinin yol tərəfindən hasarın üstündən 6 kvt-luq elektrik xətti keçməsinə və 3-4 metr məsafədə transformatorun yerləşməsinə gəldikdə, həmin hallar, qanuni əsaslarla mərhumun nənəsinin istifadəsinə verilmiş və «Torpaq islahatı haqqında» Qanunun qeydolunan 9-cu maddəsinə əsasən əvəzzsiz olaraq mülkiyyəti hesab edilən torpaq sahəsi üzərində onun hazırkı vərəsəsi iddiaçının qanunla qounan hüquqlarını məhdudlaşdıra bilməz. Ən azından, sözügedən məsələ həmin elektrik xəttinin və qurğusunun mülkiyyətçisi ilə iddiaçı arasında olan münasibətləri ehtiva edir ki, bununla bağlı da iddiaçıya ötən müddət ərzində hər hansı iddia irəli sürülməmişdir. Beləliklə,də cavabdeh orqan iddiaçıya mübahisələndirilən arayışın verilməsindən imtina etməklə onun qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosesual hüquq normalarının pozulması ilə çıxarıldığğını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1227/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1227/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2059/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2059/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver