Məhkəmə qərarları › İş №2-1(103)-206/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-206/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-206/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X19 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X6 və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs Cavabdeh2) qarşı “torpaq sahəsinin planı və ölçüsünün ləğv edilərək, sxematik xəritəyə uyğun yeni torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)- 1394/2020 saylı qərarından 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı bağlarının şimal hissəsində dədə-baba torpağında yerləşən 1.200 kv. metr torpaq sahəsi 1960-cı ilədək atasının, sonradan isə onun istifadəsində olmuşdur. Vaxtı ilə atası həmin torpaq sahəsində quyu qazmış, ağaclar əkmiş, ev tikmiş və ailəsi ilə orada yaşamışdır. Atası öldükdən sonra həmin bağdan hazırkı vaxtadək o, istifadə etmişdir. Torpaq vergisi verilməsi məqsədilə 13 fevral 2006-cı il tarixdə Kürdəxanı bələdiyyəsi ilə aralarında 537 saylı torpağın icarəyə verilməsi barədə müqavilə imzalanmışdır. Həmin torpaq sahəsinin uzun illərdir ki, onun istifadəsində olmasını çoxsaylı şahidlər də təsdiq edə bilərlər. Təxminən 2017-ci ilin fevral ayında bağ evinə gəldiyi zaman bağda hasarın uçurulduğunu, evinin dəmir qapısının aparıldığını, pəncərələrinin sındırılaraq evin yararsız hala salındığını görmüş və bu barədə DİN “102” xidmətinə zəng vurub məlumat vermişdir. Bundan sonra istifadəsində olan torpaq sahəsinin kim tərəfindən zəbt olunduğunu müəyyən etmək məqsədilə sahə müvəkkilinin tövsiyyəsinə görə bağın hasarını bir qədər də qaldırmışdır. Məlum olmuşdur ki, həmin şəxs Cavabdeh2dur. Cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Buna görə də cavabdehlər Cavabdeh2 və DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 adına olan 11 fevral 2017-ci il tarixli RX ******* seriyalı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh2 iddiaçının istifadəsində olan 0,12 ha mübahisəli torpaq sahəsindən istifadəsi ilə bağlı hər hansı maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh2 cavabdehlər ona və Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, Kürdəxanı Bələdiyyəsi ilə aralarında bağlanmış 11 fevral 2006-cı il tarixli, 537 saylı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindən sahəsi 0,12 ha olan 1141 saylı bağ sahəsindən cavabdehin çıxarılması, 5 mişar daşı hündürlüyündə çəkilmiş hasarın üstünə əlavə olaraq tikilən hissəsinin sökülməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 2- (008)-4098/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı çıxarışın etibarsız hesab edilməsi və bağ sahəsindən istifadəsi ilə bağlı maneələrin aradan qaldırmasına dair ilkin iddia tələblərinin rədd edilməsi, Cavabdeh2 ona qarşı qarşılıqlı iddiasının təmin edilərək, Kürdəxanı Bələdiyyəsi tərəfindən 11.02.2006-cı il tarixli 537 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi və onun Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus 1141 saylı bağ sahəsindən çıxarılması, həmin bağ sahəsində 5 mişar daşı hündürlüyündə çəkilmiş hasarın üstünə əlavə olaraq tikilən hissəsinin onun hesabına sökülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən vermiş olduğu apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli 2(103)-2720/2018 saylı qətnaməsi ilə qismən təmin edilərək Cavabdeh2 qarşılıqlı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 26.02.2019- cu il tarixli 2(102)-1214/2019 saylı qərarı ilə qismən təmin edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03.06.2019-cu il tarixli 2(103)-5996/2019 saylı qətnaməsi ilə qismən təmin edilərək ilk iddia hissəsində icraata xitam verilmişdir. Bundan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş “torpaq sahəsinin planı və ölçüsü sənədi”nin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmənin 2(008)-4835/2019 saylı 19.06.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, həmin tələbə inzibatiiqtisadi məhkəmələri tərəfindən baxılır. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Onun heç zaman Zeynal adında bağ qonşusu olmamışdır. Həmin şəxsi o və digər qonşular tanımamışlar. Cavabdeh2 adına verilmiş Çıxarışda bağın ünvanı kimi ünvan 1 verilməsi üçün əsas kimi isə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05 avqust 1994-cü il tarixli, 1085 saylı sərəncamı və bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 20 saylı order olmuşdur. Lakin, qeyd olunan sənədlərdə ünvan kimi 1141 “t” saylı bağ sahəsi göstərildiyi halda çıxarış və torpaq sahəsinin plan və ölçüsündə yalnız 1141 saylı bağ sahəsi qeyd edilmişdir. Həmçinin torpaq sahəsinin plan ölçüsü sənədi Dövlət Torpaq kadastr kitabında hansı tarixdə, hansı nömrə ilə qeydə alınması göstərilməmişdir. “Google yer” proqramının illər üzrə ortofoto görüntülərindən də müəyyən olunur ki, onun istifadəsində olan 1140 saylı bağ sahəsi hələ uzun illər bundan əvvəl daş hasara alınmışdır. Cavabdeh2 tərəfindən bağ sahəsində heç vaxt hasarlama işləri aparılmamışdır. Əvvəlki məhkəmələr tərəfindən keçirilmiş ekspertiza zamanı da məlum olmuşdur ki, onun istifadəsində olan torpaq sahəsi ümumilikdə daş hasara alınmış, hasar arasında hər hansı calaq, sonradan birləşmə yoxdur. Cavabdeh tərəfindən orada hər hansı tikinti işlərinin aparılması əvvəlki məhkəmələrdə sübuta yetirilməmişdir. Əgər cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmış olsa idi, o, özünə məxsus torpaq sahəsinə hər tərəfdən hasar inşa edərdi. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh2 bağ sahəsinə heç vaxt hasar çəkmədiyini, çıxarış aldıqdan sonra mübahisəli bağ sahəsinə gəldiyini bildirmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə tərəflərindən göndərilmiş vəkil sorğusuna 10.04.2018-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, onun istifadəsində olan 1140 və 1141 saylı bağ sahələri bağların sxematik xəritəsinə əsasən üst-üstə düşmür. 1141 saylı bağ sahəsi onun istifadəsində olan bağ sahəsinin mövcud hasarına uyğun qeydiyyata alınmışdır. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1141 saylı bağ sahəsi 1139 saylı bağ sahəsinin şərqində yerləşir. Cavabdehə ayrılmış torpaq sahəsinə dair 20 saylı orderdə ünvan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 1141T olmuş, sonra ******* saylı çıxarışda isə bağın nömrəsi 1141 kimi qeyd edilmişdir. Tərəflərindən verilmiş vəkil sorğusuna göndərilmiş 05.06.2018-ci il tarixli cavab məktubunda 1141T nömrəli bağ sahəsi JN 30938D kod 00500066, 26.05.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ ilə X11 və X4 adlarına 31.08.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, seriya RX ******* nömrəli 31.06.2016-cı il tarixli Çıxarışla rəsmiləşdirilmişdir. Göründüyü kimi 1141T saylı bağ sahəsi başqa şəxsə məxsus olmaqla başqa ünvanda yerləşir. Yəni, cavabdeh saxta sənədlər əsasında onun istifadəsində olan bağ sahəsinin bir hissəsinə öz adına çıxarış və plan ölçüsü sənədi almağa nail olmuşdur. Bütün bu halları nəzərə alan DƏDRX tərəfindən bildirilmişdir ki, cavabdehin bağ sahəsinin plan ölçüsü sənədinin koordinatları dəyişdirilərək, bağların sxematik xəritəsinə uyğun yeni plan-ölçü sənədi veriləcəkdir. Lakin, verilən söz bu günədək icra olunmur. Çoxsaylı müraciətləri əsasında 07 aprel 2018-ci il tarixdə DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı “T” bağlar massivində 1140 saylı bağ sahəsinə təkrar baxış keçirilmişdir. Mütəxəssislər araşdırma zamanı müəyyən etdilər ki, 1140 saylı bağ sahəsi ilə 1141 saylı bağ torpaq sahələri bağların yerquruluşu xəritəsinə əsasən üst-üstə düşmür, biri-birinə heç bir aidiyyəti yoxdur, uyğunsuzluqlar baş vermişdir. Yəni, 1141 saylı bağ torpaq sahəsinin plan ölçüsü sənədində uyğusuzluq vardır. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən 1140 saylı bağın sahibi kimi onun faktiki istifadəsində olan 16 sot torpaq sahəsindən 12 sot hissəsi koordinatlar müəyyən edilməklə ayrılaraq, mərz nişanları qoyularaq yenidən naturada ona təhvil verilmişdir. Əvvəlki məhkəmə araşdırmaları ilə bağlı DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı “T” bağlar massivində 1140 saylı bağ sahəsinə təkrar baxış keçirilmişdir. Mütəxəssislər araşdırma zamanı müəyyən etmişlər ki, 1140 saylı bağ sahəsi ilə 1141 saylı bağ torpaq sahələri, bağların yerquruluşu xəritəsinə əsasən üst-üstə düşmür, yəni, 1141 saylı bağ torpaq sahəsinin plan ölçüsü sənədində uyğusuzluq vardır. Əvvəlki məhkəmə işi üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 05 sentyabr 2017-ci il tarixli 16212 saylı ekspert rəyindən müəyyən olunur ki, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsi tərəfindən verilmiş 21 avqust 2017-ci il tarixli **********64 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 13 fevral 2006-cı il tarixli, 537 saylı icarə müqaviləsinə əsasən İddiaçı verilmiş torpaq sahəsi ilə Bakı şəhəri Kürdəxanı qəsəbəsində yerləşən Kürdəxanı bağlarının Şimal hissəsindəki ümumi sahəsi 1200 kvadrat metr olan torpaq sahəsi DƏDRX-nin 01 fevral 2017-ci il tarixdə ******* saylı, RX seriya nömrəli çıxarışı ilə Cavabdeh2 məxsus torpaq sahəsinin (Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1141 saylı bağ sahəsi) plan və ölçüsündə göstərilən torpaq sahələrinin göstəriciləri ilə üstüstə düşür. Mübahisəli torpaq sahəsinin yol tərəfdən inşa olunmuş beş daş hündürlüyündə mişar daşından olan hissəsinin nə vaxt inşa olunub-olunmasını, mübahisəli torpaq sahəsində məftil ilə çəkilən sərhədin yol tərəfdən sağ və sol tərəflərində hörülmüş hasarın eyni vaxtda tikilib-tikilməməsini, mübahisəli torpaq sahəsində məftil ilə çəkilən sərhədin yol tərəfdən sağ və sol tərəflərində hörülmüş hasarın mişar daşları və suvağı nə dərəcədə oxşar olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Lakin, tədqiq olunan hasar tikilisinə vizual baxış zamanı 12 nöqtəsi ilə 11 nöqtəsinin orta hissəsindən başlayaraq 10,9,8 nöqtələri daxil olmaqla, təxminən 46 metr uzunluğunda 9 mişar daşı hündürlüyündə (1.8 m) inşa olunmuş hasarın 5 mişar daşının hörgüsü ilə alt hissəsində inşa olunmuş dörd mişar daşından fərqləndiyi, həmin fərqin hasarın digər hissələrində aşkar edilməməsi müəyyən edilmişdir. Cavabdeh2 qarşılıqlı iddiasında həmin torpaq sahəsinin 1994-cü ildən hazırkı vaxtadək boş qaldığını və orada quyu olmadığını bildirmişdir. Bu isə bir daha sübut edir ki, cavabdeh heç zaman mübahisəli ərazidə olmamış, torpaq sahəsindən istifadə etməmiş, heç bir tikinti işləri aparmamışdır. Mübahisəli sahədə mövcud olan su quyusu 1931-ci ildə atası tərəfindən inşa edilmiş, atası həmin ərazidə ağaclar əkmiş, ev tikmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə də quyunun mövcud olduğu öz təsdiqini tapmışdır. Sözügedən torpaq sahəsində beş daş hündürlüyündə hörülmüş hasar həmin hasarın məftillə çəkilən hissənin hər iki tərəfində eyni vaxtda inşa edildiyi vizual baxışdan da bilinir. Cavabdeh2 bildirmişdir ki, ona ayrılmış bağ sahəsini 5 daş hündürlüyündə hasar hörmüş, torpağının yanında olan boş 0,04 ha torpaq sahəsini öz torpağından dirək və məftillə ayırmışdır. Necə olur ki, bağ torpaq sahəsi hər tərəfdən daş hasara alınır, yalnız onunla sərhəd olan hissə məftillə ayrılır. Buna görə də 1139 saylı bağın sahibi X12 **********95-1131 saylı reyestr nömrəsi ilə ona verilmiş çıxarışa əsasən Pirşağı bağ massivində yerləşən 1139 saylı bağ sahəsinin həmin ərazidə qonşular arasında hasarlama işlərinin düzgün aparılmaması nəticəsində yerquruluşu xəritəsinə əsasən Cavabdeh2 mülkiyyətində olan 1141 saylı bağ sahəsinin 800 kv.metr hissəsinin 1139 saylı bağ sahəsinin hasarı daxilində yerləşdiyini nəzərə alaraq, DƏDRXnin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edilərək 1139 saylı bağ sahəsində əlavə istifadəsində olan sənədləşdirilməmiş 1650,0 kv metr sahənin 800,0 kv. m-nin Cavabdeh2 adına sənədləşdirilməsinə, Cavabdeh2 adına olan torpaq sahəsinin plan və ölçüsündə düzəliş aparılmasına, həmin 800,0 kv. metr sahədə hasarın sökülməsinə DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 1139 və 1141 saylı bağ sahələrinin bölgü sxemi ilə razı olduqlarını bildirmiş və bölgü sxeminə imza etmişlər. Lakin, cavabdeh DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən ******* saylı, RX seriya nömrəli çıxarışla Cavabdeh2 adına rəsmiləşdirilmiş 1141 saylı bağın torpaq sahəsinin planı və ölçüsü sənədində düzəliş etməkdən imtina etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1141 saylı bağ sahəsinə dair Cavabdeh2 adına verilmiş “torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilərək, həmin bağ sahəsinə dair sxematik xəritəyə uyğun yeni “torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 26 sentyabr 2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “torpaq sahəsinə aid plan-ölçü sənədinin etibarsız hesab edilməsi barədə” iddiası üzrə Cavabdeh2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş Cavabdeh2 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etiraza əlavədə göstərmişdir ki, İddiaçı belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmadığına görə iddia mümkünsüz hesab edilməlidir. Belə ki, müharibə əlili kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 05.08.1994cü il tarixli, 1085 saylı sərəncamı ilə ona Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindən sahəsi 0,12 ha olan 1141 saylı bağ torpaq sahəsi ayrılmış və torpağa dair 20 saylı order verilmişdir. Qeyd olunan bağ sahəsini 2017-ci ilin fevral ayında özəlləşdirərək, torpağa dair ona ƏMDK yanında DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №li, 11.02.2017-ci il tarixli çıxarış verilmişdir. Çıxarış verilməzdən əvvəl torpağın peyklə edilmiş çəkilişlə torpağın mövcud olduğu yeri, ölçüləri müəyyən edilmişdir. Torpağı qanunsuz olaraq İddiaçı tərəfindən zəbt olunmuş və qanunsuz olaraq Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən İddiaçı icarəyə verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə İddiaçı ona və DƏDRX-yə qarşı çıxarışın ləğv olunması barədə iddiası təmin olunmamışdır. Belə olan halda İddiaçı tərəfindən Pirşağı qəsəbəsi ərazisindən 0,12 ha olan 1141 saylı bağ sahəsinə dair onun mülkiyyət hüquqları mübahisələndirə bilməz. Məhkəməyə təqdim olunmuş Pirşağı qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 1141 T saylı bağ sahəsinin X7 məxsus olmasına dair bağ sənədlərinə gəlincə, həmin sahənin onun torpaq sahəsinə heç bir aidiyyatı yoxdur. Qeyd olunan torpaq sahəsi tamam başqa yerdə yerləşir. Lidiya Zeynalovanın mərhum əri Nazim Zeynalova 6 iyun 1994-cü il tarixli 976 saylı qərara əsasən 4 saylı orderlə Pirşağı bağlar massivində (yeni Pirşağı olduğuna görə orderin nömrəsindən sonra “T” hərfi, yəni təzə Pirşağı sahəsi qeyd olunurdu) sahəsi 0,12 ha olan 533/T saylı torpaq sahəsi verilmişdir. N.Zeynalovun 1998-ci ildə ölümündən sonra həmin bağ sahəsi 09 saylı orderlə 2005-ci ildə onun arvadı Lidiya Zeynalovanın adına keçir. Lakin qeyd olunan bağ sahəsi digər şəxsə verildiyindən Lidiya Zeynalovanın Bakı şəhər Bağlar təsərrüfatı birliyinin rəisi T.T.Allahverdiyevin adına yazılmış ərizədən sonra (ərizədə 1141 “b” bağ sahəsinin verilməsindən bəhs olunur) ona 1141 “B”/t sahəsinə 09 saylı order verilir. Bundan sonra Lidiya Zeynalova 1141 “b” torpaq sahəsinin özəlləşdirilməsi üçün ərizə verir və ona Pirşağı qəsəbəsi 1141 T ünvanla bağ sahəsi verilir. Həmin torpaq sahəsi başqa yerdə yerləşdiyindən onun mülkiyyətində olan torpaqla üstüstə düşmür. Mülkiyyətində olan torpaq sahəsinə dair Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 11.02.2006-cı il tarixli, 537 №li müqavilə saxtadır. Həmin müqavilə ƏMDK yanında DƏDRX-də qeydiyyatdan keçməmişdir, torpağın İddiaçı adına plan kadastrı mövcud deyil. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1394/2020 saylı qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 11.02.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh2 adına qeydə alınmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1141 saylı bağ sahəsinə dair Cavabdeh2 adına verilmiş “torpaq sahəsinin planı və ölçüsü” ləğv edilərək, həmin bağ sahəsinə dair Bağların bölgüsünə dair sxematik xəritəyə uyğun yeni “torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan 3-cü şəxs iddia ərizəsinə yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh tərəfindən 19.11.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş ərizədə apellyasiya şikayətinin geri götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2020-ci il tarixli, 2-1(103)-1843/2020 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1394/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilmiş, apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 və vəkili X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə kollegiya iddiaçının subyektiv hüququnun olub-olmaması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli 2(102)-6016/2019 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının ƏMDK-nin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 17 sentyabr 2018-ci il tarixli **********89 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan 1140 saylı) 1644 kv. metr torpaq sahəsinin 1200 kv. metr hissəsi 1141 saylı bağ sahəsi kimi Cavabdeh2 adına (reyestr nömrəsi **********47) qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumatına əsasən mübahisələndirilən ərazidə yerləşən bağ sahələrində qonşular arasında hasarlanma işləri düzgün aparılmadığından 1141 saylı bağ sahəsinin bir çox hissəsi 1139 saylı bağ sahəsinin mövcud olan hasarının hüdudları daxilində qalmışdır. İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan 1140 saylı) 1644 kv. metr torpaq sahəsinin 1200 kv. metr hissəsi 1141 saylı bağ sahəsi kimi Cavabdeh2 adına qeydiyyata alındığından iddiaçının mübahisə açdığı torpaq sahəsinə subyektiv hüquqa malik olması müəyyən olunur. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının hüquqlarının pozulması təsdiqini tapdığından, iddiaçı mübahisə açdığı torpaq sahəsinə dair subyektiv hüquqa malik olduğundan iddianın mümkün sayılmaması üçün əsaslar mövcud deyildir. Hazırkı işin hallarından görünür ki, Bakı şəhər İH-nin 06.07.1994-cü il tarixli 976 saylı qərarı, BTİ-nin 4 saylı orderi və 09.04.1998-ci il tarixli V-JQ 251628 saylı ölüm haqqında şəhadətnaməsinə əsasən sahəsi 0,12 ha olan Pirşağı bağ massivində yerləşən 1141 b/t saylı bağ sahəsi X11 və X4 mülkiyyətinə verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1141 T saylı bağ sahəsi 31.08.2016-cı il tarixdə ümumi birgə xüsusi mülkiyyət hüququ ilə X8 adına Daşınmaz əmlakın dövlət reyestrində 661 nömrəli reyestr kitabının 62631 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 20 №li orderin surətinə əsasən Cavabdeh2 Bakı Şəhər İcra Hakimiyyətinin 5 avqust 1994-cü il tarixli 1085 №li qərarına əsasən Pirşağı bağlar sahəsində 218 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1141 t №li bağ ayrılıb. Bakı Şəhər İcra Hakimiyyət Başçısının 05.08.1994-cü il tarixli, 1085 saylı sərəncamının arxiv çıxarışının surətinə əsasən BTK 218 1141t №li bağ Cavabdeh2 istifadəsinə verilmişdir. DƏDRX Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1141 saylı bağ sahəsi 11.02.2017-ci il tarixdə tam xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına Daşınmaz əmlakın dövlət reyestrində 704 nömrəli reyestr kitabının 66672 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli 2(008)- 4098/2017 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsindən istifadə ilə bağlı yaranan hər hansı maneçiliyin aradan qaldırılması” barədə ilk iddiası rədd, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, bağdan çıxarılma, əlavə tikililərin sökülməsi” barədə qarşılıqlı iddiası təmin edilərək, Kürdəxanı Bələdiyyəsinin 11 fevral 2006-cı il tarixli, 537 saylı torpaq icarə müqaviləsi etibarsız hesab edilərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən və Cavabdeh2 mülkiyyətində olan 1141 saylı bağ sahəsindən çıxarılması və həmin bağ sahəsində 5 mişar daşı hündürlüyündə çəkilmiş hasarın üstünə əlavə olaraq tikilmiş hissənin İddiaçı hesabına sökülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli 2(103)- 2720/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi qismənqarşılıqlı iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli 2(102)-1214/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2018-ci il tarixli 2(103)- 2720/2018 saylı qətnaməsi qismən - iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı “torpaq icarə müqaviləsinin etibarsız sayılması, torpaq sahəsindən çıxarılma və daş hasarın üstünə əlavə olaraq tikilən hissənin sökülməsi” qarşılıqlı iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 iyun 2019-cu il tarixli qərardadı ilə (2(103)-5996/2019 saylı mülki iş) iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4098/2017 saylı iş üzrə 12 oktyabr 2017-ci il tarixli qətnaməsi qismən - ilk iddia ərizəsinin təmin edilməmiş “çıxarışın etibarsız hesab edilməsi” hissəsində ləğv edilərək, həmin hissədə işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, İddiaçı aidiyyəti üzrə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək hüququnun olması, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə (2(103)-5996/2019 saylı mülki iş) iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4098/2017 saylı iş üzrə 12 oktyabr 2017-ci il tarixli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən istifadə ilə bağlı yaranan hər hansı maneçiliyin aradan qaldırılması” barədə ilk iddiasının rədd, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, bağdan çıxarılma, əlavə tikililərin sökülməsi” barədə qarşılıqlı iddiasının təmin edilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli 2(102)-6016/2019 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 iyun 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli 2(102)-6016/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2020-ci il tarixli 2(103)- 950/2020 saylı qərardadı ilə qeyd olunan iş üzrə icraat hazırkı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli 2(102)-6016/2019 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi 06 dekabr 2017-ci il tarixli M533 №li arxiv arayışının notariat qaydada təsdiq edilmiş surətinə əsasən Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə “Bakı qradonaçalnikliyinin dəftərxanası” fondunun sənədlərində Kürdəxanı kəndi üzrə istifadələri üçün ayrılmış həyətbaşı miras torpaqları olan şəxslərin 15 may 1916-cı ilə dair siyahısından məlum olur ki, Balaxanı kənd sakini Abas Mustafa oğlunun Kürdəxanı kəndində 1 desyatin 1200 kv. sajına bərabər olan torpaq sahəsi olmuşdur. İddiaçı tərəfindən Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsinə ünvanlanmış və həmin bələdiyyə tərəfindən təsdiq edilmiş ərizənin surətinə əsasən 13 fevral 2006-cı il tarixli 537 saylı torpaq icarə müqaviləsi ilə 1200 kv metr Kürdəxanı Bələdiyyəsi tərəfindən ona torpaq sahəsi ayrılmışdır. Bağ qonşuları X14, X3, X2 tərəfindən Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinə ünvanlanmış və həmin bələdiyyə tərəfindən təsdiq edilmiş ərizələrin surətlərinə əsasən Quliyev X9 qəsəbəsinin şimal hissəsində yerləşən 1200 kv. metrlik ata-baba bağ sahəsindən 1960-cı ildən istifadə etmiş və abadlıq işləri aparmışdır. Qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12925 saylı 21 sentyabr 2018-ci il tarixli məhkəmə-tikintitexniki ekspertizasının rəyinə əsasən, Azərbaycan Respublikasının ƏMDK-nin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 17 sentyabr 2018-ci il tarixli **********89 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən, İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan) 1140 saylı bağ sahəsi naturada 1644 kv metr təşkil edir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən həmin (mübahisələndirilən hissədə) ərazidə 1139, 1140 və 1141 saylı bağ sahələrinin nömrələri qeyd edilmişdir. İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan) bağ sahəsinə, keçmiş BTİ və İB tərəfindən heç bir ilkin hüquqmüəyyənedici sənədlər icarə müqaviləsi və yaxud order verilməmişdir. Mübahisələndirilən ərazidə bağların bölgü xəritəsinin sxematik olması səbəbindən (xəritədə miqyas və yaxud ölçülər göstərilməməsi səbəbindən) hüquqların dövlət qeydiyyatına alınması işləri naturada faktiki mövcud olan hasar daxilində aparılaraq, İddiaçı faktiki iddia etiyi (iddiasına əsasən istifadəsində olan 1140 saylı) 1644 kv. metr torpaq sahəsinin 1200 kv. metr hissəsi 1141 saylı bağ sahəsi kimi Cavabdeh2 adına (reyestr nömrəsi **********47) qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının ƏMDKnin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məlumatına əsasən mübahisələndirilən ərazidə yerləşən bağ sahələrində qonşular arasında hasarlanma işləri düzgün aparılmadığından 1141 saylı bağ sahəsinin bir çox hissəsi 1139 saylı bağ sahəsinin mövcud olan hasarının hüdudları daxilində qalmışdır. İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan) torpaq sahəsinə Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi tərəfindən iddiaçının (İddiaçı) adına 13 fevral 2006-cı il tarixli 537 saylı icarə müqaviləsi verilmişdir. İddiaçının cavabdeh inzibati orqana etdiyi müraciətlərə cavab olaraq bildirilmişdir ki, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 1140 və 1141 saylı bağ sahələri bağların yerləşməsinə dair sxematik xəritəyə əsasən üst-üstə düşmür. 1141 saylı bağ sahəsi təqdim olunmuş hüquqmüəyyənedici sənədlərə əsasən (Bakı şəhər İcra hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsinin 218 nömrəli kooperativinin 20 nömrəli orderi və Bakı şəhər İcra Hakimiyyəti başçısının 05.08.1984-cü il tarixli, 1085 saylı sərəncamının arxiv çıxarışı) mövcud hasarına uyğun olaraq qeydiyyata alınmışdır. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1141 saylı bağ sahəsi 1139 saylı bağ sahəsinin şərqində yerləşir (DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********50 №li 10.04.2018-ci il tarixli məktubunun surəti). Cavabdeh2 mülkiyyətində olan 1141 nömrəli, 0,12 torpaq sahəsinin plan ölçü sənədində düzəliş aparılmamışdır. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə məhkəmə tikninti-texniki ekspertizası təyin edilməsi barədə 16 iyun 2020-ci il tarixli qərardadının icrası ilə bağlı “Hüquq və Torpaq Məsələləri” məhdud məsliyyətli cəmiyyətinin 68 №li 30 iyul 2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində göstərilmişdir ki; 1) DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.02.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh2 adına rəsmiləşdirilmiş 0.12 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri (çıxarış və torpaq sahəsinin planı və ölçüsü) ərazinin plan cizgisinə uyğun deyil, həmin plan ölçü sənədi İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş 13 fevral 2006-cı il tarixli 537 saylı torpaq icarə müqaviləsi ilə ona ayrılmış 1200 kv. metr) torpaq sahəsinə işlənmişdir. 2) İddiaçı faktiki istifadə etdiyi (iddiasına əsasən istifadəsində olan Kürdəxanı Bələdiyyəsi tərəfindən 13 fevral 2006-cı il tarixli 537 saylı torpaq icarə müqaviləsi ilə ona ayrılmış 1200 kv. metr torpaq sahəsi) su quyusu DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.02.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh2 adına rəsmiləşdirilmiş 0.12 ha torpaq sahəsinin hüdudlarına (torpaq sahəsinin planı və ölçüsü) daxil edilmişdir. 3) “Google Yer” proqramının 27 aprel 2008-ci il tarixdə qeydə alınmış görüntülərindən 2020-ci ilədək olan görüntülərindən məlum olur ki, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.02.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh2 adına rəsmiləşdirilmiş 0.12 ha torpaq sahəsi İddiaçı faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş 13 fevral 2006-cı il tarixli 537 saylı torpaq icarə müqaviləsi ilə ona ayrılmış 1200 kv. metr) torpaq sahəsi arasında arakəsmə (daş hasar və başqa bir arakəsmə) olmamışdır, yəni torpaq sahələri bir-birindən təcrid olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2.2-ci bəndinə əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir (Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 775 nömrəli Fərmanı ilə 2.2-ci bəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir). Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü” qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 saylı Fərmanına əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi və verilməsini təmin etmək Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda mübahisələndirilən cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin adına 11.02.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsinin planı və ölçüsü ərazinin Bağların bölgüsünə dair sxematik xəritəyə uyğun deyil, həmin plan ölçü sənədi iddiaçının faktiki iddia etdiyi (iddiasına əsasən istifadəsində olan Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş 13 fevral 2006-cı il tarixli 537 saylı torpaq icarə müqaviləsi ilə ona ayrılmış 1200 kv. metr) torpaq sahəsinə işlənmiş və həmin torpaq sahələri birbirindən təcrid olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası 3-cü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2-1(112)-1394/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar