Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2060/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(112)-737/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiya təyin edərkən hər il məzuniyyətə görə bir aylıq əmək haqqı miqdarında müavinəti, qulluq stajına görə aylıq vəzifə maaşına 30% əlavəni, 3 vəzifə maaşı məbləğində mükafatı nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1947-ci ildə anadan olmuşdur və yaşa görə 2009-cu ilin iyul ayından əmək pensiyası alır. Əmək fəaliyyətinə 20.02.1967ci ildə Mərkəzi texniki invertarlaşdırma bürosunda texnik vəzifəsində başlamış, sonra həmin təşkilatda 01.10.1967-ci ildən böyük-texnik, 01.06.1968-ci ildən mühəndis vəzifələrində çalışmışdır. 07.07.1976-ci ildən Bakı Texniki İnvertarlaşdırma bürosunda mühəndis, 01.09.1976-cı ildən qrup rəhbəri, 19.03.1979-cu ildən baş mühəndis vəzifələrində işləmişdir. 03.06.1981-ci ildən Bakı Şəhəri İcra Hakimiyyəti aparatının Mənzil- Kooperativ idarəsində mühəndis, 02.02.1983-cü ildən şöbə rəisi, 13.11.1992-ci ildən həmin idarənin rəis-müavini vəzifələrinə təyin olunmuşdur. 13.01.1994-cü ildə qanunsuz işdən azad edilmiş (ixtisarla bağlı) və məhkəmə aktlarına əsasən əvvəlki işinə bərpa edilmiş, boş dayanma vaxtları əmək stajına daxil edilmişdir. Bu barədə sonuncu məhkəmə qərardadı 1997-ci ildə Azərbaycan Respublikası Ali Məhkəmə tərəfindən qəbul edilmiş və 13.01.1994-cü ildən 1997-ci ilədək olan müddət əmək stajına daxil edilmişdir. Beləliklə, iddiaçının 30 il ümumi əmək stajı var və bunun 15 ilindən çoxunu dövlət qulluğunda (9 il 9 ay 11 gün şöbə rəisi və daha 6 il 11 ay 8 gün rəis müavini) işləmişdir. Hazırda dövlət qulluqçusu kimi 446,77 manat pensiya alır. Cavabdeh pensiya məbləğini düzgün müəyyən etməmişdir. Bu səbəbdən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş və 20.02.2020-ci il tarixli **********7 nömrəli məktubla xahişi rədd edilmişdir. Şəxsi uçot vərəqəsindən, 13.04.2009-cu il tarixli 23/11-08 saylı arayışdan və 13.11.1992-ci il tarixli 1877 saylı Bakı şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamından görünür ki, onun 30 ildən çox ümumi əmək stajı var və Bakı şəhər X1 İcrayə Komitəsi Aparatının Mənzil Kooperativ İdarəsində 04.06.1981-ci ildən mühəndis, 23.02.1983-cü ildən şöbə rəisi və 13.11.1992-ci ildən 20.05.1997-ci ilədək idarə rəisinin müavini vəzifəsində dövlət qulluğunda qulluq etmişdir. Dövlət qulluğunda qulluq stajının 15 il 11 ay 16 gün gün təşkil etdiyini və bunun üzərində xüsusi dayanmaq istədiyini aşağıdakılarla izah etmişdir. 04.06.1981-ci ildən 04.01.1994-cü ilədək dövlət qulluğunda olmağını cavabdeh mübahisələndirməmişdir. 13.01.1994-cü ildən 20.05.1997-ci il tarixinədək dövlət qulluğunda olma müddəti cavabdeh tərəfindən qəbul edilmir. Bu da qanunun tələbinə ziddir. Belə ki, 13.01.1994-cü il tarixdə qanunsuz olaraq (ixtisarla bağlı) işdən azad edilmişdir və həmin vaxtdan başlayaraq 20.05.1997-ci il tarixədək işə bərpa barədə iddia tələbi ilə bağlı məhkəmə çəkişmələri getmişdir. İşə dəfələrlə rayon və Bakı şəhər məhkəmələrində baxılmış və sonda Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.05.1997-ci il tarixli qərarı ilə əvvəlki işinə (Mənzil Kooperativ İdarəsinin rəis müavini vəzifəsinə) bərpa edilmişdir. Belə olan halda cavabdeh həmin müddəti dövlət qulluğunda olma müddəti kimi qəbul etməyə borcludur. Beləliklə, iddiaçının dövlət qulluğunda qulluq stajı 12 il 7 ay 11 gün yox, 15 il 11 ay 16 gün təşkil etdiyi sənədlərlə və məhkəmə aktları ilə təsdiq edilir. Belə olan halda cavabdehin iddiaçıya ünvanlandığı 20.02.2020-ci il tarixli **********7 nömrəli məktubdakı hesablamalar həqiqəti əks etdirmir və guya iddiaçıya “16.562,58 manat artıq vəsait köçürülməsi aşkar edilmişdir” fikri işin həqiqi hallarına uyğun gəlmir, qanuna ziddir. Qanunun tələbinə və işin faktiki hallarına müvafiq qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə haqq və orta əmək haqqının 80 faizi miqdarında əmək pensiyası almaq hüququ var. Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununa görə dövlət qulluqçularına Respublikada mövcud olan bayramlarla əlaqədar 3 dəfə bir maaş həcmində mükafatlar verilir. Həmin məbləğ pensiya hesablanarkən orta əmək haqqına əlavə edilməli və bundan sonra 80% miqdarında iddiaçıya pensiya təyin edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 avqust tarixli 948 nömrəli Fərmanına əsasən dövlət qulluqçusu növbəti məzuniyyətə çıxdıqda ona bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. Bu arayış əvvəllər işlədiyi təşkilat üzrə verilmişdir. Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(112)-737/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(112)-737/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iş stajına əlavə ilə bağlı 13.01.1994-cü ildə qanunsuz olaraq işdən azad edildiyi və qüvvədə olan məhkəmə aktları ilə əvvəlki vəzifəsinə bərpa olunduğuna baxmayaraq məhkəmə məcburi işburaxma dövrünü iş stajına salınmasını məhkəmə qətnamələrinin icrası ilə əlaqələndirilmiş və həmin dövr üzrə dövlət məvacibi almadığını göstərmişdir. Bütün bunlarla yanaşı iddiaçının məcburi iş buraxma dövrü (13.01.1994-20.05.1997) əmək stajına daxil edilməlidir. Beləliklə iddiaçının Mənzil-Kooperativ Təsərrüfatı İdarəsində qulluğunda qulluq stajı 12 il 7 ay 11 gün yox 15 il 11 ay 16 gün təşkil edir. Bu səbəbdən cavabdeh 15 ildən yuxarı qulluq stajına görə hesablanmalı olan 30 faiz əlavə haqq qanunvericiliyə əsasən nəzərə alınmalıdır. Məhkəmə işə bərpa və məcburi işburaxma dövrünün məhkəmə aktları ilə təsdiqini tapması ilə razılaşmış lakin sonradan bundan imtina etmiş, bunu əsassız hallarla əlaqələndirmişdir. Belə təsəvvür yaradılmışdır ki, iddiaçını işə bərpa etmək, dövlət məvacibi vermək istəmişlər, iddiaçı isə bundan etiraz etmişdir. Bundan başqa iddiaçı 1976cl ildən Bakı ş. X1 İcraiyyə Komitəsinin nəzdində olan Bakı Texniki İnventarlaşdırma bürosunda 1981-ci ilədək müxtəlif vəzifələrdə - mühəndis, qrup rəhbəri və 1979-cu ildən baş mühəndis vəzifələrində işləmişdir. Həmin vəzifələr də dövlət qulluğu vəzifəsi hesab edilir. Bu müddət də nəzərə alınarsa dövlət qulluğunda qulluq stajı 20 ildən yuxarı təşkil edəcəkdir. İş fəaliyyəti dövründə hər il mükafat almağı biletində ödəniş etməyi ilə təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Səbail RPİ tərəfindən 24.03.2005-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1947-ci ildə doğulmuş İddiaçı yaşayış yeri üzrə Lənkəran rayonu, Vilvan kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış 20.02.2020-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən iddiaçıya 12 iyul 2009-cu il tarixindən aparılmış dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətinizə əsasən araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçıya 12.07.2009 - 29.02.2020-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş pensiya məbləği qanunvericiliyə uyğun olmayaraq hesablanmışdır. Belə ki: -1 iyul 2009-cu il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 312,00 manat və qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəniz-62,40 manat olmaqla qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız 374,40 manat təşkil etmişdir. -1 dekabr 2013-cü il tarixindən dövlət qulluqçularının vəzifə maaşlarının artımı ilə əlaqədar vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınızın 430,00 manata artırıldığından qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəniz - 86,00 manat olmaqla qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız 516,00 manat təşkil etmişdir. -1 mart 2018-ci il tarixindən dövlət qulluqçularının vəzifə maaşlarının artımı ilə əlaqədar vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınızın 475,00 manata artırıldığından qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəniz - 95,00 manat olmaqla qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız 570,00 manat təşkil etmişdir. -1 sentyabr 2019-cu il tarixindən dövlət qulluqçularının vəzifə maaşlarının artımı ilə əlaqədar vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınızın 715,00 manata artırıldığından qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəniz - 143,00 manat olmaqla qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız 858,00 manat təşkil etmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, sizə ödənilən əmək pensiyası 12 iyul 2009cu il tarixindən 243,36 manat hesablanmalı olduğu halda 436,80 manat, 1 dekabr 2013-cü il tarixindən 335,40 manat hesablanmalı olduğu halda 436,80 manat, 1 mart 2018-ci il tarixindən 358,38 manat hesablanmalı olduğu halda 436,80 manat, 1 sentyabr 2019-cu il tarixindən isə 480,78 manat hesablanmalı olduğu halda 446,77 manat müəyyən edilmişdir. Göründüyü kimi sizə 12.07.2019 - 31.08.2019-cu il tarixiləri arasındakı dövr ərzində 16.766,64 manat məbləği artıq vəsait, 01.09.2019 - 29.02.2020-ci il tarixləri arasındakı dövr ərzində isə 204,06 manat əskik vəsait ödənilmişdir. Ümumilikdə, 16.562,58 manat məbləğində artıq vəsaitin hesabınıza köçürüldüyü aşkar edilmişdir. Bununla əlaqədar sizdən artıq ödənilmş vəsaitin qaytarılması ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığınızı qısa müddət ərzində idarəyə təqdim etməyiniz xahiş olunur. Əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyanızdan tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəkdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, araşdırma zamanı pensiya işinizə aid sənədlər işlədiyiniz dövrdə ərizənizdə qeyd etdiyiniz mükafatlar və müavinətin sizə ödənildiyinə məlumatların mövcud olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də həmin pul təminatları qanunvericiliyin tələbləri baxımından sizə münasibətdə tətbiq edilməsi mümkün hesab olunmur. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci madddəsinə əsasən əmək pensiyası “bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinin 10 fevral 2020-ci il tarixli 10/02-19/195 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsində onun işlədiyi Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi işçilərinə üç aylıq mükafatın və məzuniyyətə çıxarkən bir aylıq müavinətin ödənilməsinin şamil olunub-olunmaması barədə ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinə müvafiq, dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində dövlət orqanlarında dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 948 №-li Fərmanına əsasən isə dövlət qulluqçusu növbəti məzuniyyətə çıxdıqda, ona bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 10.12.2019-cu il tarixli 71-15 saylı arayışından görünür ki, İddiaçı Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsində 04.06.1981-ci il tarixdən 23.02.1983-cü il tarixədək mühəndis, 23.02.1983-cü il tarixdən 13.11.1992-ci il tarixədək Təşkilat şöbəsinin rəisi, 13.11.1992-ci il tarixdən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02.10.1992-ci il tarixli 1531 saylı Sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin yaradılmasını nəzərə alaraq, 1877 saylı 13.11.1992-ci il tarixli Sərəncamı ilə 14.03.1994-cü il tarixədək idarənin rəisinin müavini vəzifəsində işləmişdir. - Nəsimi rayon Xalq Məhkəməsinin 2-425 saylı 20 may 1997-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin rəisinin müavini vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma üçün ştat cədvəlinə uyğun olaraq əmək haqqı alınıb verilməsi qət edilmişdir. - Bakı şəhər Məhkəməsinin Rəyasət Heyətinin 15 avqust 1997-ci il tarixli qətnaməsi ilə Bakı şəhər prokurorun protesti rədd edilmiş, Nəsimi rayon rayon Xalq Məhkəməsinin 20 may 1997-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 noyabr 1997-ci il tarixli 3д-5/327 saylı qərardadı ilə Azərbaycan Respublikasının Baş Prokurorunun müavinin Nəsimi rayon rayon Xalq Məhkəməsinin 2-425 saylı 20 may 1997ci il tarixli qətnaməsindən və Bakı şəhər Məhkəməsinin Rəyasət Heyətinin 15 avqust 1997-ci il tarixli qərarından verdiyi protest təmin olunmamışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin 31 avqust 1998-ci il tarixli 4г-46/98 saylı qərarı ilə Ali Məhkəmə sədrinin Nəsimi rayon rayon Xalq Məhkəməsinin 2-425 saylı 20 may 1997-ci il tarixli qətnaməsinin, Bakı şəhər Məhkəməsinin Rəyasət Heyətinin 15 avqust 1997-ci il tarixli qərarının və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 05 noyabr 1997-ci il tarixli 3д-5/327 saylı qərardadının ləğv edilərək yeni qərar qəbul edilməsi barədə protesti təmin olunmamışdır. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı pensiya işinin təsdiq edilmiş surətindən göründüyü kimi, Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin 26.12.2009-cu il tarixli qərarı ilə iddiaçıya 12.07.2009-cu il tarixdən yaşa görə dövlət qulluqçusu kimi 12 il əmək (sosial sıgorta) stajı hesablanmaqla ömürlük 202,02 manat məbləğində pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” 30.03.2020-ci il tarixli qərarından görünür ki, 12.07.2009-cu il tarixdən 30.11.2013-cu il tarixə qədər 243,6 manat məbləğində, 01.12.2013-cü il tarixdən 28.02.2018-ci il tarixə qədər 335,4 manat məbləğində, 01.03.2018-ci il tarixdən 01.09.2019-cu il tarixə qədər 358,38 manat məbləğində, 01.09.2019-cu il tarixdən müddətsiz olaraq 480,78 manat məbləğində pensiya təyin edilmiş, 30.03.2020-ci il tarixli qərarla isə iddiaçıya 446,77 manat məbləğində pensiya təyin edilmişdir. Dövlət qullugu stajı 12 il 9 ay əsas götürülməklə qulluq stajına görə əlavə 20% hesablanmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 18.03.2021-ci il tarixli 23/14-07 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 12-ci bəndinə müvafiq olaraq, Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 948 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” fərmanına əsasən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilir. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil- Kooperativ Təsərrüfatı İdarəsində işlədiyi 04.06.1981-14.03.1994-cü illərdə İdarənin fəaliyyəti “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə deyil, digər qanunvericilik aktları ilə tənzimləndiyindən, ona hər il məzuniyyətə görə bir aylıq əmək haqqı miqdarında müavinət, habelə üç vəzifə maaşı məbləğində mükafat verilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanunun 2.1.2, 12.1-ci maddələrini, “Dövlət qulluğu haqqında” Qanunun 22.1, 22.2, 23.4, 24.1-ci maddələrini, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7, 20.12-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında” Əsasnamənin 2, 5, 12-ci bəndlərini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nı, “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003cü il tarixli 943 nömrəli Fərmanının 1-ci bəndini, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarının 2, 3-cü bəndlərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilərkən hər il məzuniyyətə görə bir aylıq əmək haqqı miqdarında müavinəti, qulluq stajına görə aylıq vəzifə maaşına 30% əlavəni, 3 vəzifə maaşı məbləğində mükafatı nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göründüyü kimi baxılan iş üzrə iddiaçının Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin rəisinin müavini vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma üçün ştat cədvəlinə uyğun olaraq əmək haqqı alınıb verilməsi qət edilməsinə baxmayaraq qərar icra olunmamış, iddiaçı vəzifəsinə bərpa edilməmiş və ona məcburi işburaxma üçün ştat cədvəlinə uyğun olaraq əmək haqqı verilməmişdir. Dolayısı ilə həmin vəsaitlərdən sosial sığorta haqqı ödənilməmişdir. Belə olan halda 13.01.1994-cü ildən 1997-ci ilədək olan dövr ona pensiya hesablanması üçün əsas götürülə bilməz. Apellyasiya şikayətinin iddiaçının 1976-cl ildən Bakı ş. X1 İcraiyyə Komitəsinin nəzdində olan Bakı Texniki İnventarlaşdırma bürosunda 1981-ci ilədək müxtəlif vəzifələrdə - mühəndis, qrup rəhbəri və 1979-cu ildən baş mühəndis vəzifələrində işləməsi, həmin vəzifələrin də dövlət qulluğu vəzifəsi hesab edilməsi, bu müddət də nəzərə alalınarsa dövlət qulluğunda qulluq stajının 20 ildən yuxarı təşkil edəcəyi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, qeyd olunan vəzifələr Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə siyahıda nəzərdə tutulmadığından həmin vəzifələr iddiaçının ümumi stajına hesablanmışdır. Həmin vəzifələr iddiaçının dövlət qullugu stajına hesablana bilməz. Eyni zamanda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının pensiya təyin edilərkən hər il məzuniyyətə görə bir aylıq əmək haqqı miqdarında müavinəti, qulluq stajına görə aylıq vəzifə maaşına 30% əlavəni, 3 vəzifə maaşı məbləğində mükafatı nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında təyin edilməsi hissəsində iddia tələbi rədd edilməli oldugundan birinci tələbdən bilavasitə doguran və ondan asılı olan ikinci tələbinin, yəni iddiaçıya pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində də araşdırmaga lüzum görmədən həmin hissədə də iddia rədd edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qərar qəbul etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(112)-737/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2060/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2060/2021
17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver