Məhkəmə qərarları › İş №2-1(103)-2060/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2060/2022

02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2060/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3241/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Xətai Rayon İcra Hakimiyyəti tərəfindən onun ehtiyatda olan zabit kimi güzəştli mənzil növbəsinə uçota alınmağı barədə və güzəştli mənzil növbəsinə götürüldükdən sonra dövlət tərəfindən mənzil və ya torpaq sahəsi təmin edilənədək Nazirlər Kabinetinin “Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarına əsasən kirayə pulu ilə təmin edilməyi və indiyədək ödənilməyən pul vəsaitinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 20 ildən çox xidmət etmiş ehtiyatda olan zabit kimi güzəştli mənzil növbəsinə qeydiyyata alınmağı və mənzillə təmin olunana qədər mənzil kirayə xərclərinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3241/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3241/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia əizəsinin dəlillərinə uyun əsaslandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat vrilməsiə baxmayaraq kollegiya iclasında iştirak etmirlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır . İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 101, M2, 6 saylı mənzil ümumi sahəsinin ölçüsü 82.4 kv.m olmaqla İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş EZ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.2018-ci ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) polkovnik rütbəsindən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 143 nömrəli məktubu ilə göndərilmiş İddiaçı şəxsi işinə aid sənədlərdən görünür ki, polkovnik İddiaçı xx.xx.2018-ci il tarixə olan xidmət illəri: təqvim: 27 il, 01 ay, 04 gün, güzəştli 04 il, 08 ay, 13 gün, cəmi 31 il, 09 ay, 17 gün təşkil edir. Birinci instansiya məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********49 nömrəli məktubunda bidlirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, 101, М2, 6 nömrəli mənzilin İddiaçı adına qeydiyyata alınmasına əsas olmuş sənədlərin surəti təqdim olunur. Sözügedən mənzil hazırda İddiaçı adına qeydiyyata alınmışdır və həmin əmlak üzərində məhdud əşya hüquqlarının (servitut, istifadə) dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri 53 saylı notariat kontorunda 17/29 nömrəli, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı adlanacaq Sərhədçi 2015 MTK ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüquqları DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan daşınmaz əmlakı alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə verir. Müqavilənin 1.6.3-cü maddəsinə əsasən kredit üzrə illik 4 % dərəcəsinə əsasən fazi hesablanır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, Q-197-068 nömrəli məktubunda bildirilmişdir ki, ərizənizdə ehtiyatda olan zabit kimi güzəştli əsaslarla mənzil növbəsinə alınmağınızı xahiş edirsiniz. Araşdırma zamanı məlum olmuşdur ki, siz xx.xx.2017-ci il tarixdən Bakı şəhəri, Sadıqcan küçəsində yerləşən 101 saylı evin yaşayış sahəsi 41,4 kv.m olan 2 otaqlı 101 saylı mənzili ipoteka yolu ilə almısınız və hal-hazırda göstərilən mənzildə 4 nəfər ailə tərkibi ilə qeydiyyatda olmaqla yaşayırsınız. O ki, qaldı müvafiq yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsinə bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyul 2006-cı il tarixli 171 saylı Qərarının 1-ci hissəsinə əsasən yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) və xüsusi təyinatlı təhsil müssisələrinin ailəvi kursantlarına müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən məbləğlərdə kompensasiya ödənilir. Yuxarıda qeyd edilənləri və “Hərbi Qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsini nəzərə alaraq siz əlavə yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilmədiyinizə görə xahişinizi tərəfimizdən təmin etmək mümkün deyildir. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, Q-102-068 nömrəli məktubunda bildirilmişdir ki, ərizənizdə ehtiyatda olan zabit kimi 4 nəfər ailə tərkibində (özü, h/yoldaşı, 2 övladı) yaşayışyeri üzrə güzəştli mənzil növbəsinə alınmağınızı xahiş edirsiniz. Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sizə təqdim etdiyi müvafiq arayışa əsasən sizin ünvan 6 ünvanında 2 otaqlı yaşayış sahəsi 47.4 kv.m olan ipotekada mənziliniz vardır. Odur ki, qüvvədə olan mənzil qanunvericiliyinin tələblərinə əsasən sizin xahişinizi yerinə yetirmək imkanımız xaricindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, İşin hallarından müəyyən olunur ki, İddiaçı 27 ildən çox (təqvim ili üzrə) xidmət etmiş Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hərbi qulluqçudur. İddiaçı ehtiyatda olan zabit kimi 4 nəfər ailə tərkibində (özü, h/yoldaşı, 2 övladı) yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi ilə bağlı qeydiyyatda olduğu Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edilmədiyinə əsaslanaraq müraciətin təminindən imtina etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12ci maddəsinin 2-ci bəndinin 1-ci abzasına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin maddənin 7-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Qeyd edilən normaların tələbinə əsasən mənzil növbəsinə qəbul edilmək üçün tələb olunur: -hərbi qulluqçu azı 15 təqvim ili xidmət etməli; -hərbi qulluqçu xidməti mənzillərdə yaşayan olmalı və ya hərbi qulluqçunun yaşayış sahəsi olmamalıdır. İş materialları ilə iddiaçının 15 təqvim ilindən artıq xidmət etməsi sübut olunur. Belə ki, iddiaçının hərbi bileti, Səfərbərlik və Hərbi Xidmətinə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin sorğuya cavab məktubu ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, 27 ildən çox (təqvim ili ilə) həqiqi hərbi xidmətdə olmuşdur. Kollegiya qeyd edir, hazırkı halda iddiaçının yaşayış sahəsi ilə təmin olunması məqsədilə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün birinci şərt ödənilsə də, iddianın təmin edilməsi üçün tələb olunan ikinci şərt, yəni iddiaçının yaşayış sahəsinin olmaması iş üzrə müəyyən edilmir. Belə ki, hərbi qulluq haqqında qanunvericilik yaşayış sahəsi olmayan şəxslərə kimlərin aid olması, həmin şəxslərin mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi qaydasını tənzimləmir. Yaşayış sahəsinə ehtiyac meyarı Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyəorqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 101, M2, 6 nömrəli mənzil üzərində xüsusi mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Belə olan halda iddiaçı yuxarıda qeyd edilən Qanunun tələbinə uyğun olaraq yaşayış sahəsi olmayan ehtiyatda olan hərbi qulluqçu hesab edilə bilməz. Mənzil Məcəlləsinin: -49.4-cü maddəsinə görə yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. -49.5-ci maddəsinə görə dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddələrin tələbindən göründüyü kimi şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Mənzil Məcəlləsinin 49.5-ci maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün yaşayış sahəsinin uçot normasının və 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Lakin hazırkı tarixədək bu qaydalar qəbul edilməmişdir. Hazırda Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ın tələbləri götürüldükdə yenə də həmin tələblər ödənilmir. Belə ki, həmin Qaydaların 26-cı hissəsinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində qeyd edildiyi kimi yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Bu normaları əsas götürən məhkəmə kollegiyası qeyd edir ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas qismində çıxış edən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması 8 kvadrat metrdən az ola bilməz. İşin sadalanan hallarından müəyyən olunur ki, iddiaçının ailə üzvləri arvadı və iki övladıdır. İddiaçının hazırda yaşadığı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 101, M2, 6 nömrəli mənzil istər ümumi sahəsinin ölçüsü 82.4 kv.m, istərsə də mənzilin texniki pasportuna əsasən yaşayış otaqları olan iki otağın ölçüsü 47.4 kv.m (17.4 kv.m+30 kv.m) Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinin tələbi baxımdan nəzərə aldıqda 4 nəfər ailə üzvü üçün nəzərdə tutulmuş normadan - 32 kv.m-dən (4x8 kv.m) artıqdır. Belə olan halda müəyyən olunur ki, iddiaçının hazırda mülkiyyətində olan mənzilin sahəsi onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas vermir. Həmçinin o da qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 55.1-ci maddəsinə əsasən aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə. Sadalanan normadan görünür ki, əgər şəxsə yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verilibsə, o, yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Yəni həmin şəxs artıq yaşayış sahəsinə ehtiyacı olan hesab edilmir və buna görə də uçotdan çıxarılır. İş üzrə müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 101, M2, mənzil 6 illik 4 % dərəcəsi ilə, yəni güzəştli ipoteka krediti ilə iddiaçıya verilmişdir. Belə olan halda Mənzil Məcəlləsinin adıçəkilən 55.1.4-cü maddəsinin tələbinə görə iddiaçı güzəştli ipoteka krediti ilə mənzil əldə etmiş olduğundan yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilməz. Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: -53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; -53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; -53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Kollegiya vurğulayır ki, yuxarıda sadalanan mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. Bununla bağlı dövlətin vəzifəsimüvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı halda iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilməmişdir. İddia tələbinin ikinci hissəsi - kirayə haqqının ödənilməsi tələbinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi” barədə 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq vurğulayır ki, Nazirlər Kabinetinin adıçəkilən Qərarı mənzil növbəsinə götürülmüş hərbi qulluqçulara kirayə xərclərinin ödənilməsini nəzərdə tutmuşdur. Belə olan halda hazırkı iş üzrə iddia tələbinin birinci hissəsi-mənzil növbəsinə götürülmə tələbi təmin olunmadığından, iddia tələbinin ondan asılı olan ikinci hissəsi-mənzillə təmin olunanadək kirayə haqqının ödənilməsi tələbi də təmin edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3241/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar