Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2060/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və s.” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-627/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gömrük orqanlarından xaric olunmağına və xidmətinə xitam verilməsinə dair cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2021-ci il tarixli, 1000/751Ş saylı əmrin ləğv edilməsi, iddiaçının gömrük orqanlarında əvvəlki vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 27 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin skanlaşdırma şöbəsinə inspektor vəzifəsinə işə qəbul olunmuşdur. 18 avqust 2018-ci il tarixdə Komitənin sərancamına götürülmüş və həmin tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsi skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinə inspektor vəzifəsinə təyin olunmuşdur. Tərəfindən xidməti intizam hadisəsi törədilməsi əsası ilə araşdırma başlanılmışdır. Obyektiv olmayan araşdırmanın nəticələrinə görə törətdiyi xidməti pozuntuya uyğun gəlməyən intizam tədbiri ilə cəzalandırılmışdır və cavabdehin xx.xx.2021-ci il tarixli, 1000/75 saylı əmrilə “GOXH" Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmişdir. Sözügedən əmrdə gömrük orqanlarından xaric edilməyinin əsası kimi "17 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X3 idarə etdiyi "DAF XF 105.460”markalın 99UV655/99ZF655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə "HCVG” markalı stasionar rentgen qurğusu vasitəsilə baxış keçirərkən nəqliyyat vasitəsinin yük yerində gömrük orqanına bəyan edilməyən siqaretlərin olduğunu aşkar edə bilməmiş, nəticədə 149800 ədəd siqaretin gömrük orqanına bəyan edilmədən Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə münbit şərait yaranmış, Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşlarının sayıqlığı nəticəsində bu halın qarşısı alınmış, bununla da İddiaçı xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozmuşdur". İddiaçı qeyd edərək bildirmişdir ki, işlədiyi müddət ərzində intizam xətasına yol verməmiş, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərimi qüsursuz yerinə yetirmiş və heç bir intizam tənbehi almamışdır, buna baxmayaraq, barəsində ən sərt (ağır) intizam tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şilahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. “Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin 46-cı maddəsinə əsasən Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarım pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə; 4) xüsusi rütbəni bir pillə aşağı salma; 5) vergi orqanlarında xidmətinə xitam verilmə. Cavabdeh ona intizam tənbehi tətbiq edərkən onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, əvvəllər intizam tənbehi almamağı, habelə ailə vəziyyətini nəzərə almamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, Əmək Məcəlləsi əmək funksiyası tam və ya qismən yerinə yetirməyən, yaxud keyfiyyətsiz yerinə yetirən, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, aşağı vəzifəyə keçirmə, xüsusi rütbəni bir pillə aşağı salma imkanlarını da nəzərdə tutmuşdur. Bu baxımdan iddiaçı hesab edir ki, hətta o iddia olunan pozuntuya yol vermiş olsaydı belə, həmin pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun xarakterinə adekvat olmamışdır. Yük nəqliyyat vasitəsinə "HCVG” markalı stasionar rentgen qurğusu vasitəsilə baxış keçirərkən nəqliyyat vasitəsinin yük yerində gömrük orqanına bəyan edilməyən siqaretlərin olduğunu aşkar edə bilməməyinə gəldikdə isə bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə, 16-17 radələrində xidməti otağında iş fəaliyyətini davam etdirərkən, ölkəyə idxal istiqamətində maşın yaxınlaşır. Həmin avtomaşını rentgendən keçirilməsi üçün HGB 62 aparatına daxil olur, iş yoldaşı Pirməmmədov Ceyhun bayırdan aparatı işə salır və aparat işləməyə başlayır. Onlara sürücülərlə ünsiyyətdə olmağı onlardan hər hansı bir sənədi əlbəəl almağa icazə verilmədiyi üçün iş yoldaşı avtomaşının nömrəsini ona bildirmişdir. Aparat maşını tam çəkib bilirdikdən sonra çəkilmiş fotoşəkillərdən maşını analiz edir. Analiz etdiyi zaman maşınla bağlı onda şübhə yaranır və o dərhal invoyslara açıb baxır invoyslardan müəyyən olunur ki, avtomaşında bir çox adlarda və keyfiyyətdə tikinti materialları vardır. Həmin mallar (skoçlar, döşəmə altı plyonka və.s) tikinti materiallarından ibarətdir. Eyniləşdirir malları və qənaətə gəlir ki, burda hər hansı invoysdan kənar mallar yoxdur. Heç bir şübhə qalmadığı üçün təsdiq edib maşını buraxmışdır. Həmin andan 10 dəqiqə keçdikdən sonra əməliyyatçılar xidməti otağına daxil olaraq həmin maşından nə keçdiyini soruşduqda eyni formada onlara cavab vermişdir. Sonradan müəyyən olunur ki, avtomaşında qaçaqmalçılıqla tütün məhsulları keçirmişlər. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-627/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-627/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “İddiaçı tərəfindən vəzifələrin icrası zamanı xidməti intizamını kobud surətdə pozulması işin mübahisəsiz halı olduğundan və cavabdeh inzibati orqanın qeyd edilən pozuntuya bir dəfə də olsun yol vermiş əməkdaş barədə gömrük orqanlarından xaric edilmə intizam tənbeh tədbirinin tətbiq edilərkən səlahiyyəti qanunvericilikdə təsbit edildiyindən, yol verilmiş pozuntuya görə tətbiq edilən intizam tənbeh tətbirinin növünün müəyyən edilməsi inzibati orqanın diskresion səlahiyyətinə aid edildiyindən iddia əsassızdır və təmin edilə bilməz.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktub ilə təqdim edilmiş İddiaçı gömrük orqanlarından xidmətinə xitam verilməsinə dair sənədlərə əsasən: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/889ş saylı əmri ilə xx.xx.2018-ci il tarixindən İddiaçı Xaçmaz Gömrük İdarəsinin Skanlaşdırma şöbəsinə inspektor vəzifəsinə 3 ay müddətli təyin edilməklə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Vəzifədən azad etmə haqqında” Gömrük orqanlarında xidmət haqqında əsassnamənin 50-ci maddəsinə əsasən 100/1220Ş nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə Binnətov X1 götürülmüşdür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Vəzifəyə təyin etmə haqqında” 100/1219Ş nömrəli xx.xx.2018-ci il tarixl əmri ilə İddiaçı Xaçmaz Gömrük İdarəsinin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Xüsusi rütbənin verilməsi haqqında” Gömrük orqanlarında xidmət haqqında əsassnamənin 7-ci maddəsinə əsasən 100/902Ş nömrəli xx.xx.2018-ci il tarixl əmri ilə skanlaşdırma şöbəsinin inspektoru İddiaçı gömrük xidməti kiçik leytenantı, 1000/1033ş saylı, xx.xx.2019-cu il tarixli əmrə əsasən gömrük xidməti leytenantı, 100/568Ş saylı əmri ilə xx.xx.2021-ci il tarixdə isə gömrük xidməti baş leytenantı xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Şimal Ərazi Baş Gömrük idarəsinin əməkdaşı İddiaçı gömrük orqanlarından xaric edilməsi haqqında” 1000/751ş saylı xx.xx.2021-ci il tarixli əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Şımal Ərazi Baş Gömrük İdarəsi Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin inspektoru gömrük xidməti baş leytenantı İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilməklə və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8- ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam xitam verilmişdir. Cavabdeh daxili Təhlükəsizlik İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı izahatı alınmışdır. O, öz izahatında “HCVG” markalı stasionar rentgen qurğunun qeydə aldığı fərqli cizgilərin həmin yük nəqliyyat vasitəsində olan mallara dair 09 noyabr 2021-ci ii tarixli 310-4 nömrəli hesab-faktura sənədinin 1-ci mal mövqeyində göstərilən parket və laminat altı döşəmə adlı mala aid olduğunu düşünərək həmin hissədə gömrük orqanına bəyan olunmayan hər hansı bir mal olduğundan şübhələnməmişdir. İddiaçı izahatında yol verdiyi nöqsanı diqqətsizliyi ilə əlaqələndirmiş və səhvini səmimi etiraf etmişdir. Aparılmış araşdırmanın nəticəsindən müəyyən edilmişdir ki, Şimal Ərazi Baş Gömrük idarəsi Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin inspektoru, gömrük xidməti baş leytenantı İddiaçı 17 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı X3 idarə etdiyi “DAF XF 105.460” markalı 99UV655/99ZF655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə “HCVG" markalı stasionar rentgen qurğusu vasitəsilə baxış keçirərkən nəqliyyat vasitəsinin yük yerində gömrük orqanına bəyan edilməyən siqaretlərin olduğunu aşkar edə bilməmiş, nəticədə 149800 ədəd siqaretin gömrük orqanına bəyan edilmədən Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə münbit şərait yaranmış, Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşlarının sayıqlığı nəticəsində bu halın qarşısı vaxtında alınmış, bununla da, İddiaçı xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozmuşdur. Həmçinin xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Şimal Ərazi Baş Gömrük İdarəsi Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin inspektoru, gömrük xidməti baş leytenantı İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən intizam məsuliyyətinə cəlb edilməsi hesab edilmişdir. Cavabdeh məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, 17.11 2021-ci il tarixdə, saat 16:00 radələrində Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük idarəsinin Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan və Rusiya Federasiyası, Sverdlvskaya vilayəti, Aramil şəhəri, Reçnoy döngəsi 2A ünvanında qeydiyyatda olan "TPQ SOLİD” MMC-dən Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan "Mil Tikinti” MMC-yə 1994 kq. çəkidə və 504816,48 Rus Rublu dəyərində “plastmasdan digər lövhələr, vərəqlər, plyonkalar, zolaqlar və ya lentlər,stirol polimerlərindən laminat altı döşəmə və plastmasdan plyonkalar” yüklərini daşıyan Azərbaycan Respublikası vətəndaşı X3 idarə etdiyi “DAF XF 105 460" markalı, 99UV655/99ZF655 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsi stasionar rentgen aparatından keçdikdən sonra saxlanılaraq gömrük yoxlaması keçirilməsi məqsədilə "Samur” gömrük postuna geri qaytarılmışdır. Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerindən mal-müşayıət sənədlərində qeyd olunmayan 4990 qutu (99800 ədəd) “X10 Smell” markalı, 1000 qutu (20000 ədəd) “X11' markalı. 1000 qutu (20000 ədəd) “X13” markalı və 500 qutu (10000 ədəd) "Milano London” markalı siqaretlər aşkar edilərək götürülmüşdür. İş üçün əhəmiyyəti nəzərə alınıb, “bioloji və əmtəəşünaslıq" ekspertizası təyin edilməsi barədə qərardad tərtib olunmuş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. xx.xx.2021-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021 -ci il tarixli, 9/8461 saylı ekspertiza rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş “Milano London” markalı siqaretin 1 qutusunun qiyməti 2 (iki) manat, “X13" markalı siqaretin 1 qutusunun qiyməti 2 (iki) manat, “X10 Smell" markalı siqaretin 1 qutusunun qiyməti 6 (altı) manat və “X11” markalı siqaretin 1 qutusunun qiyməti 6 (altı) manat olmaqla, 4 adda siqaretlərin ümumilikdə xx.xx.2021-ci il tarixə olan orta bazar qiyməti 38940,00 (otuz səkkiz min doqquz yüz qırx) manat müəyyən edilmişdir. X5 ərizə ilə müraciət edərək inzibati xətanın bilavasitə obyekti olan 4990 qutu (99800 ədəd) “X10 Smell" markalı, 1000 qutu (20000 ədəd) “X11” markalı, 1000 qutu (20000 ədəd) “X13" markalı və 500 qutu (10000 ədəd) “Milano London” markalı siqaretləri gömrük rəsmiləşdirməsindən keçirtmək üçün müvafiq sənədlərinin (lisenziya) olmadığına görə həmin siqaretlərdən dövlət nəfinə imtina etmiş və hüquqpozma predmeti olan siqaretlər müvafiq tədbir görülməsindən ötrü 18.01,2022-ci il tarixli, 1700-013/0xx-xx/000180 saylı məktubla Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir.xx.xx.2021-ci il tarixdə X5 barəsində aşkar olunmuş malların dəyərinin 40 %-i həcmində yəni 15576,00 (on beş min beş yüz yetmiş altı) manat məbləğində inzibati cərimə olunması haqqında 01400/1922 saylı qərar qəbul olunmuş, lakin qərar X5 tərəfindən könüllü icra olunmadığından qanunla nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilməsi üçün ərazi aidiyyəti üzrə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən icraata başlama haqqında qərar qəbul olunmuşdur. Göründüyü kimi iddiaçının inzibati icraat zamanı və məhkəmə iclasında verdiyi ifadələrdən və iş materiallarından müəyyən olunur ki, 149800 ədəd siqaretin gömrük orqanına bəyan edilmədən Azərbaycan Respublikasının gömrük ərazisindən keçirilməsinə səbəb olduğu işin mübahisəsiz halıdır. Qeyd edilən hal da onun xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq vəzifələrini yerinə yetirərkən intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna dəlalət edir. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin əsasnamənin 2-cı bəndinə əsasən gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin əsasnamənin 16-cı bəndinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin: 1) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa; 1-1) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 2) gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa; 3) müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə yetirməyə; 4) öz xidməti vəziyyətindən istifadə etməklə üçüncü şəxslərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bir yardım göstərmək və bunun müqabilində haqq, imtiyazlar və xidmətlər əldə etməyə; 5) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsi ilə iştirak etməyə; 6) tətillərin təşkili və onların keçirilməsində iştirak etməyə; 7) siyasi partiyalar yaratmağa və yaxud onların işində iştirak etməyə; 8) əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görməyə (elmi-tədris və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur. Həmin əsasnamənin 44-cü bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq. Həmin Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında ” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4) 6 ay müddətinə aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanununun 14-cü maddəsinə əsasən: - İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin əsasnamənin 69-1-ci bəndinə əsasən bu Əsasnamənin 69-cu maddəsinin 7- ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Həmin Əsasnamənin 120-ci bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 1) öz təşəbbüsü ilə; 2) bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə; 3) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə; 4) təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə; 5) vəzifəli şəxsin gömrük orqanlarında xidmətə yararsız olması barədə müvafiq tibb komissiyasının rəyinə əsasən xəstəliyə görə; 6) müvafiq tibb komissiyasının qərarı əsasında səhhətinin vəziyyətinə görə gömrük orqanlarında xidmət etmək üçün məhdud yararlı olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında səhhətinin vəziyyətinə dair tələblərə uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina edərsə; 7) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin gömrük orqanlarında onun ixtisasına uyğun olan digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda; 8) gömrük orqanlarından xaric edildikdə; 9) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda; 10) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə. 11) digər hüquq mühafizə orqanlarına işə keçdikdə, qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə; 12) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə; 13) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı olduğu halda. Bu maddənin birinci hissəsinin 2-ci, 4-13-cü bəndlərində göstərilən əsalara görə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir. Göründüyü kimi gömrük əməkdaşı tərəfindən yol verilmiş pozuntu barədə intizam tənbeh tədbirinin növünü müəyyən edərək tətbiq etmək cavabdeh inzibati orqanın özü seçiminə verilmişdir. Yəni yol verilmiş pozuntuya görə intizam tənbehlərindən biri tətbiq etmək cavabdeh inzibati orqanın diskresion səlahiyyətinə aid edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, “Əsasnamə”də cavabdeh inzibati orqan tərəfindən intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına görə də tətbiq edilmə nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 627/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-627/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2060/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2060/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver