Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2061/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-615/2022 №-li qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Əmanətlərin Sığortalanması Fondu cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə 24 dekabr 2020-ci ildə şəxsi hesab vərəqəsinə hesabladığı 514573.00 manat vergi öhdəliyinin ləğv edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul eilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “…Fondun şəxsi hesab vərəqəsinə cavabdeh tərəfindən 19 yanvar 2021-ci il tarixinə 514573 manat məbləğində vergi öhdəliyi qoyulmuşdur. Sözügedən idarə tərəfindən 25 dekabr 2020-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişlə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir. Buna müvafiq olaraq Fondunun (VÖEN **********) “Kapitalbank" ASC-də olan AZ62AİİB******************** hesabına 05 yanvar 2021-ci il tarixində sərəncam qoyulmuşdur. Vergi Məcəlləsində vergilərin müəyyən edilməsinin əsas şərtləri müəyyən edilmiş və aşağıda göstərilən kimidir: vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergi tutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergitutma bazası; vergi dövrü; vergi dərəcəsi; verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti. Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Vergitutma bazası vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Vergi orqanı tərəfindən hesablanmış 514573.00 manat vergi məbləğinin vergitutma obyekti, vergitutma bazası və vergi dərəcəsi mövcud deyil. Ona görə də hesablanmış 514573.00 manat vergi məbləği Məcəlləninin 12-ci maddəsində nəzərdə tutulmuş vergilərin müəyyən edilmə tələblərinə cavab vermir. Göstərilən vergi öhdəliyinin hansı vergi növünə aid olması və həmçinin həmin öhdəliyin vergi ödəyicisi və ya vergi orqanı tərəfindən hesablanmasını müəyyən etmək mümkün deyil. Cavabdeh orqan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli 2-1(085)-207/2019 saylı qərarını rəhbət tutaraq həmin vergi öhdəliyini hesablamışdır. Lakin, bu özlüyündə tamamilə iddiaçının hüquqlarının və hüquqi müəyyənlik prinsipinin tələblərinin pozulmasıdır. Belə ki, həmin qərara əsasən məhkəmə hökmü ilə təmin edilmiş məbləğ üzrə vərəqədə əksini tapan 514573 manat vergi borcunun Cəmiyyətin şəxsi hesab vərəqəsində silinərək ödəməyə öhdəlik daşıyan aidiyyəti vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 1 (060)-17/2016 nömrəli hökmündə göstərilmişdir ki, “iş üzrə mülki iddia təmin edilsin və mülki iddia üzrə 514573 manat olan vergiyə dair məbləğ "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilsin”. Sözügedən məhkəmə hökmünün icrası ilə əlaqədar 23 dekabr 2016-cı ildə “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin tələblərinə müvafiq olaraq tələb 0041/A nömrəsi ilə kreditor tələbi kimi qeydə alınmışdır. Əvvəla, sözügedən məbləğin mənbəyinə dair bildirmək istəyirik ki, bu məbləğ "xxxx" MMC-nin “Zaminbank “ASC-də mövcud olan hesabındakı vəsaitdir. Belə ki, “Zaminbank" ASC-də iflas proseduruna başlanıldıqdan sonra nümayəndəsi Nizami Gözəlov ərizə ilə müraciət edərək "xxxx" ASC-nin MMC qarşısında olan 583648,61 manat məbləğində borc öhdəliyinin kreditor tələbi kimi qeydə alınmasını xahiş etmişdir. Bununla əlaqədar 22 noyabr 2016-ci il tarixində həmin məbləğ 0219 nömrəsi ilə kreditor tələbi kimi qeydə alınmışdır.Məhkəmə hökmü ilə müəyyən edilmiş məbləğ "xxxx" ASC-yə hesablanmış vergi borcu deyil, bu "xxxx" MMC-nin dövlət büdcəsi üçün vergi borcunun ödənilməsi ilə bağlı təqdim etdiyi vəsaitdir. Belə ki, bu məbləğ "xxxx" MMC-yə münasibətdə vergi öhdəliyi olsa da, ləğv prosesində olan "xxxx" ASC-yə münasibətdə kreditor tələbidir. Odur ki, cavabdeh orqanın müəyyən etdiyi kimi hər hansı vergi öhdəliyindən danışmaq əsassızdır. Cavabdeh orqan Fondun hüquqi təbiətini və fəaliyyət istiqamətini düzgün qiymətləndirə bilməmişdir. Belə ki, Fond iki istiqamətdə yəni, ləğvedici kimi (ləğv prosesində olan bankların ləğvini həyata keçirən) və sığortaçı kimi (qanunla qorunan hesab edilən əmanətlərə görə kompensasiya ödənişi həyata keçirən) fəaliyyət göstərir. Əmanətlərin Sığortalanması Fondu sığortaçı qismində ləğv prosesində olan Bankla heç bir halda eyniləşə bilməz. Halbuki, istər qanunvericilikdə, istərsə də mövcud məhkəmə praktikasında aydın şəkildə Fond (sığortaçı) və ləğv prosesində olan Bankın ayrı-ayrı hüquqi şəxslər olduğunu qeyd etmişdir. Sözügedən məhkəmə qərarı üzrə ləğvedici cavab verməli olduğu üçün “sığortaçı” bununla bağlı hər hansı bir öhdəlik daşımır və beləliklə də, “Banklar haqqında” Qanunun və Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarının tələbləri kobud şəkildə pozulmuş olur. Vergi orqanı qanunu pozaraq Fonda vergi öhdəliyinin müəyyən etməsi həmin orqanının özünün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qərarında verdiyi izahatda öz əksini tapır. Belə ki, həmin qərarın 8-ci səhifəsinin ikinci abzasında göstərilmişdir ki, “Qeyd edilən vergi borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməməsini bu borcun "xxxx" ASC-yə, yaxud Fonda aid edilməli olduğuna aydınlıq gətirə bilməmələri ilə izah edirlər”. Digər tərəfdən həmin qərarın 5-ci səhifəsinin 7ci abzasında göstərilmişdir ki, “vergi ödəyicisi tərəfindən məhkəmə qərarının izah edilməsi üçün müvafiq icra qurumuna müraciət edilmiş və Azərbaycan Respublikası Sumqayıt Şəhər Məhkəməsinin izah xarakterli 08 avqust 2018-ci il tarixli S-1 nömrəli məktubu ilə izah verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin izah xarakterli məktubunda cəmiyyətin vergi borcunun silinməli olduğu birbaşa qeyd olunsa da, Azərbaycan Respublikasının Əmanətlərin edilməli olduğu məsələsinə aydınlıq gətirilməmişdir. Göründüyü kimi, nə vergi orqanı, nə də məhkəmə sözügedən öhdəliyin kimə aid olmasını müəyyənləşdirilə bilməmişdir. Buna baxmayaraq hazırkı iş üzrə cavabdeh olan orqan daha da irəli gedərək heç bir əsas olmadan, əvvəllər müəyyən etməkdə çətinlik çəkdiyi halda öhdəliyin Fondun üzərinə qoyulması qərarına gəlmişdir. Bu da, qanunsuz və əsassızdır. Beləliklə, ləğv prosesində olan "Zaminbank” ASC-nin ləğvedicisi və Əmanətlərin Sığortalanması Fondu faktiki ayrı-ayrı hüquqi şəxslərdir, öz əmlaklarına malikdir. Belə ki, hər iki hüquqi şəxs ayrıca vergi ödəyicisidir. Əmanətlərin Sığortalanması Fondunun vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi **********, ləğv prosesində olan "xxxx" ASC-nin vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi ********** kimi qeydiyyata alınmışdır. Buradan da görünür ki, hər iki hüquqi şəxs ayrılıqda vergi ödəyiciləridir və onların öhdəliklərini eyniləşdirmək qeyri-mümkündür. Azərbaycan Respublikası Konsitutsiyasının 73-cü maddəsinin İİ bəndinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz…” Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1 (105)-357/2019 saylı qərarı ilə təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-207/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(102)- 2662/2019 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1 (105)- 357/2019 saylı qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə isntansiayları öz qərarlarında 514573,0 manat vergi borcunun müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi barədə gəldikləri qərarı, qanuni qüvvəyə minmiş Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə əsaslandırmışlar. Sumqayıt şəhər Məhkəməsinin həmin qərarı ilə 514573 manat vergi borcu "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Respublikasının Əmanətlərinin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. “Banklar haqqında” Qanunun 77.8-ci maddəsinə əsasən məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. İddia ərizəsindən qeyd edilir ki, nə vergi orqanı nə də məhkəmə mübahisələndirilən məbləğin kimə aid olmasını müəyyənləşdirə bilməmişdir. Buna baxmayaraq vergi orqanı əsas olmadan öhdəliyin Əmanətlərin sığortalanması Fondunun üzərinə qoyulmasını qərara almışdır. Qərarın nəticə hissəsində məhkəmə qərara almışdır ki, “iş üzrə mülki iddia təmin edilsin və mülki iddia üzrə qalıq 514.573 manat olan vergiyə dair məbləğ “Zamin Bank" ASC-nin ləğvedicisi Azərbaycan Respublikasının Əmanətlərinin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilsin". Göründüyü kimi mübahisələndirilən məbləğin kimə aid olmasını müəyyənləşdirilməsində hər hansı qeyri-müəyyənlik mövcud deyil. Əksinə, məhkəmə qərarında birbaşa qeyd edilmişdir ki, vergiyə dair məbləğ ƏSFdan tutulub dövlət büdcəsinə ödənilsin. Həmçinin məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçı tərəfidnən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarından apellyasiya şikayəti verilməmişdir. Bu da o anlama gəlir ki, iddiaçı Sumqayıt şəhər Məhkəməsinin qərarına əsasən 514.573 manat olan vergiyə dair məbləğ "xxxx" ASC-nin ləğvedicisidən tutulub dövlət büdcəsinə ödənilməsinə dair mövqeyi ilə razılaşmışdır. İddia ərizəsinin dəlillərindən digəri ondan ibarətdir ki, ƏSF və "xxxx" ASC vergi ödəyicisi kimi fərqli eyniləşdirilmə nömrələrinə malikdirlər və belə olan halda öhdəliklərin eyniləşdirilməsi qeyri-mümkündür. Qeyd edilənlərə və “Banklar haqqında” Qanunun 59.2-ci və 71-ci maddəsinin normalarına istinadən cavabdeh hesab edir ki, iddia əsassızdır…” Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-615/2022 №-li qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. İddiaçı, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 1-ci, Vergi Məcəlləsinin 3.3, 83.1, 83.2-ci, “Banklar haqqında” Qanunun 77.1, 77.8, 82.1.7, AR Konstitusiyasının 13, 73-cü, İPM-in 2.2.3, 34.1-ci maddələrini tələbələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına istinadən apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Birinci instansiya məhkəməsi qərarı qəbul edərkən maddi-prosessual hüquq normalarını pozmuşdur. Əlavə olaraq, Fondun Vergi orqanı qarşısında hər-hansı icra edilməmiş öhdəliyi mövcud deyildir. Mübahisə predmeti olan vergi öhdəliyi iddia ərizəsində tam ətraflı qeyd edildiyi kimi "xxxx" ASC-də hüquqi şəxsin hesabında olan pul vəsaitidir ki, həmin vəsait də “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən kreditor tələb kimi qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 1(060)-17/2016 nömrəli hökmü ilə müəyyən edilmiş məbləğin tutulması öhdəliyinin Əmanətlərin Sığortalanması Fondundan tutulması kimi anlayış vermişdir. Qərarın qəbul edilməsi əsası isə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsi olmuşdur. Lakin istinad edilən normanın düzgün tətbiq edilməməsi iddia tələbimizin rədd edilməsi əsasını müəyyən etmişdir. Qanunun tətbiq edilən normasında ləğvedici fəaliyyəti ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətləri müəyyən edilmişdir. Norma özündə onu ehtiva edir ki, ƏSF bankın öhdəliklərini deyil bankın idarəetmə orqanının səlahiyyətlərini qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2017-ci il tarixli qərarının müəyyən etdi hissəsində qeyd edilir ki, “İş üzrə icraatın dayandırılması tərəflərin məhkəmə müdafiəsi hüququnun qorunmasına, ədalət mühakiməsinin obyektivliyi və hüquqi müəyyənlik prinsipinə xələl gətirməməlidir. Mülki Prosessual Məcəllənin 254.2-ci maddəsinə əsasən, məhkəmə qanunla nəzərdə tutulan digər hallarda da iş üzrə icraatı dayandırır. Qanunun bu müddəasında “digər hallar”ın konkret dairəsinin müəyyənləşdirilməməsinə baxmayaraq, hər bir halda işin dayandırılması üçün Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən Qərarında qeyd edildiyi kimi, “mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmadığı hallar” nəzərə alınmalıdır. Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, göstərilən fərqləndirici əlamətlərinə görə müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar;
2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar.” Qeyd edilənlərə əsasən hesab edirik apellyasiya şikayətimiz tam təmin edilməli iş üzrə iddia tələbimizin təmin edilməsinə dair qərar qəbul edilməlidir...” Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Mustafayev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, cavabdehin nümayəndəsi L.Əhmədova isə məhkəmənin qərarına əsasən pulun bankın ləğvedicisindən tutulmalı olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsələri dinləyib, iş materiallarını araşıdırb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin mübahisələndirilməyən hallarına görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-3620/2016-cı il saylı qərarına əsasən "xxxx" ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu (yəni, hazırkı iddiaçı) xx.xx.2016- cı il tarixindən etibarən "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. İşə əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(060)- 17/2016 saylı Qərarından isə görünür ki, iş üzrə mülki iddia təmin edilərək və mülki iddia üzrə qalıq 514.573,00 (beş yüz on dörd min beş yüz yetmiş üç) manat olan vergiyə dair məbləğ "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Respublikasının Əmanətlərinin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı 1(060)-17/2016-cı il saylı, xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin həmin qərarı xx.xx.2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. Konkret halda, iddiaçının tələbindən göründüyü kimi, cavabdehin üzərinə öhdəliyin icrası haqqında iddia vasitəsilə, 24 dekabr 2020-ci il tarixdə cavabdeh tərəfindən şəxsi hesab vərəqəsinə daxil edilmiş 514573.00 manat vergi öhdəliyinin ləğv edilməsi vəzifəsinin qoyulmasını tələb etmişdir. İddiaçının ilk öncə, Vergi Məcəlləsinin 83.1 və 83.2-ci maddələrinin tələbinə istinad etməklə, dolayısı ilə cavabdeh tərəfindən məhkəmə qərarı ilə ondan dövlət büdəsininə tutulmalı olan həmin vergi vəsaitinin onun şəxsi hesab vərəqəsinə işlənilməsi əsassızdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin qeyd olunan maddələri isə aşağıdakıları nəzərdə tutur: 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən onun şəxsi hesab vərəqəsinə daxil edilən 514573.00 manat məbləğ onun vergi öhdəliyi kimi şəxsi hesabında qeyd olunmasını qanunvericiliyin tələblərinə zidd hesab etsə də, bu zaman nəzərə alımır ki, həmin məbləğin dövlət büdcəsinə ödənilməsini təmin etmək öhdəliyi qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli 1 (060)-17/2016 nömrəli qərarından irəli gəlir. Belə ki, həmin qərarda təsbit olunur ki, mülki iddia üzrə “qalıq 514.573,00 (beş yüz on dörd min beş yüz yetmiş üç) manat olan vergiyə dair məbləğ "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Respublikasının Əmanətlərinin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilməsi üzrə 514573 manat olan vergiyə dair məbləğ "xxxx" ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan tutulub dövlət büdcəsinə ödənilsin.” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə (24.1.1); hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməyə borcludur. Azərbaycan Respublikası Konstitusiyasının: 129-cu maddəsinə əsasən - İ.Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. ...; 147-ci maddəsinə əsasən - İ. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. İİ. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. İİİ. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 83.1-ci maddəsinin mənası baxımından, qeyd edir ki, şəxsi hesab vərəqi vergi ödəyicisinin fəaliyyətini əks etdirən bir uçot sənədi saylır. Cavabdeh vergi orqanı olaraq həmin uçot sənədində Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəsini almış qərarına əsasən dövlət büdcəsinə ödənilməli olan 514573,0 manat məbləğin iddiaçının şəxsi hesab vərəqinə daxil etməsi - onun Vergi Məcəlləsi və birbaşa hüququi qüvvəyə malik olan AR Konstitusiyanın qeyd olunan normaları baxımından üzərinə düşən öhdəliyidir. Sözügedən vəsaitin dövlət büdcəsinə ödənilməsinin təmin edilməsinə gəldikdə, Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməli olan həmin 514573,0 manat pul məbləği "xxxx" MMC-nin (qanuni təmsilçsi X5r) 22 sentyabr 2016-cı il tarixinə olan əsas vergi borcudur. İddiaçı tərəfindən, iddia ərizəsində qeyd edilir ki, məhkəmənin qərarı ilə müəyyən edilmiş həmin məbləğ "xxxx" ASC-yə hesablpanmış vergi borcu deyil, bu "xxxx" MMC-nin dövlət büdcəsi üçün vergi borcunun ödənilməsi ilə bağlı təqdim etdiyi MMC-yə münasibətdə vergi öhdəliyi olsa da, ləğv prosesində olan "xxxx" ASC-yə münasibətdə kreditor tələbidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 71.4-cü maddəsinin 2-ci hissəsinə əsasən Ləğvedici bu Qanunun müddəaları ilə tələb edilən hallarda göstəriş almaq üçün istənilən vaxt məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 82 və 87-ci maddələri isə qeyd alınmış kreditor tələbi üzrə ödəniş qaydaları müəyyən olunmuşdur. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, "xxxx" ASC-nin ləğvedicisi olan iddiaçı isə Sumqayıt şəhər Məhkəməsinin qərarına əsasən dövlət büdcəsinə ödənilməsi tələb olunan 514.573,00 vergi məbləğinin həmin borclunun bankda qeydə alınmış kreditor tələbi üzrə vəsaiti hesabına büdcəyə ödənilməsinin təmin edilməsini həyata keçirmək üçün heç bir addım atmamış, əksinə, məhkəmə qərarı ilə üzərinə düşən öhdəliyini yerinə yetirmək əvəzinə, qanunvericiliyin tələblərinə zidd olaraq həmin qərarla üzərinə düşən öhdəliyinin şəxsi hesab vərəqəsindən ləğv edilməsini tələb etmişdir. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olsun və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını faktlar-nöqteyi nəzərindən düzgün nəticə kimi qiymətləndirir və iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 615/2022 №-li qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-615/2022 №-li qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.