Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2061/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Şirkətinin cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu Biləcəri Bələdiyyəsinə qarşı (üçüncü şəxs: X7) “qərarın qanunsuzluğunun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7221/2025 saylı, 05 mart 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı Şirkəti cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu Biləcəri Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Biləcəri X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 459 saylı 02 sentyabr 2005-ci il tarixli qərarının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-124/2025 saylı iş üzrə İddiaçı Şirkəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Bakı Şəhəri Biləcəri Bələdiyyəsinin 459 saylı 02 sentyabr 2005-ci il tarixli qərarı ilə X5 Dövlətin müstəsna istifadəsində saxlanılan sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində, 1 saylı Mədənin 5-ci sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Məlum olduğu kimi 29 sentyabr 2004-cü il tarixdə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X14 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş Qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək Qanunlarının, Fərmanlarının, yaxud inzibati Sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda, yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 150 nömrəli 14 oktyabr 2004-cü il tarixli Qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və “X14 Bi.Vi.”, ARDNŞ-in Ortaq Neft Şirkəti (“Podratçı Tərəflər”) və İddiaçı şirkətləri arasında imzalanmış X9 5-ci maddəsinin müddəalarına əsasən Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə (“Şirkət”) neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən (“Hökumət”) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, neft-qaz əməliyyatları üçün Podratçiya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: “Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və va başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Göründüyü kimi, yuxarıda qeyd olunanlardan və Qanunun sadalanan müddəalarından birbaşa aydın olur ki, Bakı Şəhəri Binəqədi Rayonu Biləcəri Bələdiyyəsinin 02 sentyabr 2005-ci il tarixli 459 saylı qərarı Sazişin qüvvəyə mindiyi 15 may 2005-ci il tarixdən sonra qəbul olunduğundan qanunsuz hesab olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7221/2025 saylı, 05 mart 2025-ci il tarixli qərardadı ilə (hakim C.Quliyev) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7221/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı “Biləcəri X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 459 saylı, xx.xx.2005-ci il tarixli qərarının qanunsuzluğunun tanınması” tələbinə dair iddiasının mümkün sayılmaqla işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair, mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, qərarın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Birinci instansiya məhkəməsi qərardadda İnzibati Prosessual Məcəllənin tamamilə yalnış və hazırki iddiaya aidiyyəti olmayan normasına istinad etmişdir ki, həmin qanunvericilik normasının tətbiqi Şirkətin müəyyənetmə və tanınma növündə olan iddiasının mümkünsüz hesab olunmasına əsas vermir. Şirkət tərəfindən iddia tanınma haqqında iddia növündə qaldırılmışdır. Belə ki, İPM-nin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Bundan başqa, Mülki Məcəllənin tələbinə görə də Şirkətin mübahisələndirdiyi hazırki iddia tələbinə müddət şamil edilə bilməz. Mülki Məcəllənin 384.0.5-ci maddəsinin tələbinə görə, Dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddətləri şamil edilmir. Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Bundan başqa, birinci instansiya məhkəməsi hazırki iş üzrə qüvvədə olan prosessual hüquq normalarına istinad etməli olduğu halda, Mülki Prosessual Məcəllənin müddəalarına əsaslanaraq qərardad qəbul etmişdir. Lakin, əslində isə iddianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmə hazırda qüvvədə olan İPM-nin və “İnzibati İcraat haqqında Qanun”un tələbinə istinad etməli idi. İnzibati qanunvericiliyin tələbinə görə isə müəyyənetmə və tanınma növündə olan iddia tələblərinə prosessual müddətlər şamil edilmir. Göründüyü kimi, məhkəmə qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla, qanunsuz qərardad qəbul etmişdir. Buradan da, belə qənaətə gəlmək olar ki, məhkəmə nə MPM-nin qüvvədən düşmüş müvafiq müddəalarına, nə də ki, İPM-nin müddətlə bağlı qüvvədə olan müvafiq müddəasına istinad edə bilməzdi. Yəni, iddia tələbi tanınma və müəyyənetmə barədə iddia növündə olduğuna görə, bələdiyyə orqanının və ya onun vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə Şirkətin hüquqlarını pozmuş aktının etibarsız sayılmasına nə MPM-nin, nə də ki, İPM-nin prosessual müddətlərlə bağlı müddəaları tətbiq edilə bilməz. Bundan başqa, Şirkət Saziş əsasında onun istifadəsinə verilmiş kontrakt sahəsinin torpaqları barəsində 2 ayrı şəxsin, yəni Bələdiyyə və vətəndaşın arasında hər hansı razılaşmanın, qərar və ya sərəncamın mövcud olmasından necə məlumatlı ola bilərdi ki? Hər kəsə bəllidir ki, bu günə kimi istənilən Bələdiyyə qurumu tərəfindən vətəndaşa torpaq sahəsinin ayrılması barədə verilmiş qərar və sərəncamlar heç bir dövlət orqanında, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmamış və bu gün də belə bir hal mümkün deyildir. Torpaq sahəsinin mülkiyyətçisi barədə məlumatlar isə istər əvvəlki zamanda, istərsə də hazırda Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin təsdiqlənmiş bazasında mövcud olmalıdır. Lakin göründüyü kimi, Biləcəri Bələdiyyəsinin vətəndaşa torpaq ayırma barədə sərəncamı adı çəkilən orqanda qeydiyyata alınmamış və bu barədə məlumat da həmin orqanın bazasında mövcud deyildir. Belə olan halda Şirkətin həmin qərarın mövcudluğundan xəbərdar olması tamamilə yalnış və absudr bir fikirdir. Bu səbəbdən də məhkəmənin həmin fikri də əsassız hesab edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin, Bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinin kobud surətdə pozularaq cavabdehin özbaşınalıq etməsinə, səlahiyyət hədlərini aşaraq, özünə aid olmayan, Şirkətin Saziş ərazisinin hüdudları daxilində (Sazişdən öncə ARDNŞ-nin və hazırda Şirkətin istifadəsində olan) müvafiq sərəncamla iş üzrə İİİ şəxsin istifadəsinə torpaq sahəsini ayırmasına göz yummuş, Şirkətin iddiasına mahiyyəti üzrə baxmamış, əksinə olaraq, iddiaya prosessual müddət tətbiq etməklə iddia tələbinin mümkünsüzlüyü barədə qərardad qəbul etmişdir. İddia tələblərindən biri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2261/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında məhkəmə kollegiyasının mövqeyi aşağıdakı kimi olmuşdur: “Belə ki, Azərbaycan Respublkasının 901-İİQD saylı, 29 aprel 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsivə hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “X14 Bi.Vi.” və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Saziş 15 may 2005-ci il tarixində qanuni qüvvəyə minmişdir. Sözügedən Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Odur ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin mülkiyyətində olmayan həmin torpaq sahəsinə dair qərar qəbul etmək və alqı-satqı həyata keçirmək səlahiyyəti olmadığından, həmçinin Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 07 sentyabr 2007-ci il tarixli, 825 nömrəli qərarı Sazişin qanuni qüvvəsini aldığı 15 may 2005-ci il tarixdən sonra qəbul edildiyindən, adı çəkilən bələdiyyə qərarının hər hansı hüquqi qüvvəsi olmamışdır”. Göründüyü kimi, Şirkətin analoji iddia tələbləri üzrə yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qərarlarda məhkəmələrin (məhkəmə tərkiblərinin) mövqeyi, habelə, Şirkətin iddialarının təmin edilməsi və ya iddia ərizələrinin hansı əsaslarla qeyrimümkün hesab edilməsi ilə bağlı məhkəmə təcrübəsi birinci instansiya məhkəmələri tərəfindən nəzərə alınmır, həmin məhkəmələr istədikləri kimi, müxtəlif əsaslarla Şirkətin iddialarını qeyri-mümkün hesab edirlər. Halbuki, həm apellyasiya instansiyası məhkəməsi, həm də kassasiya instansiyası məhkəməsi Şirkətin iddialarını mümkünsüz hesab edərkən belə, onlar Qanun statusu almış 29 sentyabr 2004-cü il tarixli Sazişin (Qanunun) 4 və 5-ci bəndinə əsaslanaraq müvafiq qərar qəbul edirlər. Hazırki iş üzrə də Bakı İnzibati Məhkəməsi qərardad qəbul edərkən, Qanunun 4 və 5-ci bəndlərinin tələbinə deyil, iddia tələbinə aidiyyəti olmayan İPM-nin və MPM-nin qüvvədən düşmüş müddəalarına istinad edərək Şirkətin iddiasını mümkünsüz saymışdır. Eyni torpaq sahəsi barəsində Şirkətin mülki iddialarına baxan məhkəmələr tərəfindən obyektiv və qəti qərarların qəbul edilməsi, həmin torpaqlarla bağlı Şirkətin inzibati iddia tələblərinə baxan məhkəmələrin qəbul etdiyi qərarların nəticəsindən asılıdır. Belə ki, bu günki, gün Şikətin inzibati iddia tələblərinin məhkəmələr tərəfindən mümkünsüz hesab edilməsi, Şirkətin mülki iddia tələblərinin də təmin edilməməsinə səbəb olur. Bu isə, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 1-8-5/2-1837/2023 saylı məktubunda qeyd olunmuş tövsiyələrə zidd olmaqla, Şirkət tərəfindən verilmiş qanuni mülki iddialarının rədd edilməsi ilə nəticələnir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7221/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı qanunsuzdur və kobud prosessual pozuntulara yol verilməklə qəbul edilmişdir. Ona görə də, qərardad ləğv edilməli və iddia icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilməmiş, üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7221/2025 saylı, 05 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçının mübahisə açdığı inzibati akt 2005-ci ildə qəbul edilmişdir. Həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı rəsmi fəaliyyət göstərdiyi vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı göstərilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, Kollegiya hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda qeyd olunan səbəblərdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq mümkün sayılmamışdır. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7221/2025 saylı, 05 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2061/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2061/2025
13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver