Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2062/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluğu stajının müəyyən edilərək dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-4921/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək ona məxsus əmək kitabçasında göstərilən 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər Daşkənd Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində və 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X4 Xidmətinin aparatında işlədiyi dövrü dövlət qulluğu stajına daxil edilməklə, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə Özbəkistan Respublikası Daşkənd Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində başlayaraq 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər həmin İdarədə xidmət keçib. Sonradan, yəni 22 noyabr 2005-ci il tarixdən 20 may 2009-cu il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparatında işləmişdir. Sonradan, yəni 25 iyun 2012-ci il tarixdən 18 may 2015-ci il tarixə qədər Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Aparatında, 2 may 2016-cı il tarixdən 9 yanvar 2017-ci il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Dənizkənarı Bulvar İdarəsinin Aparatında, 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X4 Xidmətinin Aparatında dölvət qulluğu vəzifələrində işləyib. Odur ki, 01 aprel 2020-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qulluq stajı 15 ilə qarşı 20 il 10 ay təşkil edir. Dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 2 dəfə ərizə ilə müraciət edib. Həmin ərizələrə bütün lazımi sənədlərin əlavə edilməsinə baxmayaraq, cavabdeh onun xahişini təmin etməyərək, guya ki, dövət qulluğu stajının 15 il əvəzinə, 6 il 11 ay olduğunu bəhanə gətirməklə, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və bu barədə 12 fevral 2021-ci il tarixli imtina məktubu göndərmişdir. Cavabdehin imtinasını əsassız hesab edir, ona görə ki, iddiaçının 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər Daxili İşlər İdarəsində, 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X4 Xidmətinin Aparatında işlədiyi dövr qanunazidd olaraq dövlət qulluğu stajına daxil edilməmişdir. Bununla əlaqədar məcburiyyət qarşısında qalaraq, əmək kitabçasında göstərilən 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər Özbəkistan Respublikası Daşkent Şəhər İcraiyyə Komitəsinin Baş Daxili İşlər İdarəsində, 22 noyabr 2005-ci il tarixdən 20 may 2009-cu il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Aparatında, 25 iyun 2012-ci il tarixdən 18 may 2015-ci il tarixə qədər Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Aparatında, 2 may 2016-cı il tarixdən 9 yanvar 2017-ci il tarixə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Dənizkənarı Bulvar İdarəsinin Aparatında, 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X4 Xidmətinin Aparatında dövət qulluğu vəzifələrində işlədiyi iş illərinin dövət qulluğu stajına daxil edilərək, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsini məhkəmədən xahiş edir. Bakı İnzibati Məhkəməsinin 07.05.2021-ci il tarixli qərardadı ilə iddianın tələbinin İddiaçı əmək kitabçasında göstərilən 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər Daşkənd Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində və 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X4 Xidmətinin aparatında işlədiyi dövrü dövlət qulluğu stajına daxil edilməklə, dövlət qulluqçusu kimi 01 aprel 2020-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-4921/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı əmək kitabçasında göstərilən Özbəkistan SSR-in X7 İdarəsində (Daşkənd Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində 01 sentyabr 1978ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər keçdiyi xidmət dövr dövlət qulluğu vəzifəsi kimi nəzərə alınaraq iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 01 aprel 2020-ci il tarixdən yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə, yəni 10 yanvar 2017-ci il tarixdən 13 iyun 2019-cu il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan X4 Xidmətinin aparatında işlədiyi dövrün dövlət qulluğu vəzifəsi kimi müəyyən olunması hissəsində təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-4921/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (6 il 11 ay (22.11.2005-20.05.2009-cu, 17.08.2012-18.05.2015-ci, 02.05.2016-09.01,2017-ci illər) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-4921/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə birinci instansiyanın qərarından cavabdehin verdiyi apellyasiya şikayəti iddianın təmin olunmuş hissəsində ləğvinə yönəlmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti üzrə verilmiş 17.03.2018-ci il tarixli əmrlə Xidmətin Aparatının Hüquq və beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini İddiaçı dövlət qulluğu stajına 11 il 5 ay daxil edilmiş və 2008-ci il 1 yanvar tarixindən tətbiq edilmişdir (Əsas: Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin Daşkənd şəhərinin Baş Daxili İşlər İdarəsinin 2007-ci il 22 oktyabr tarixli 27/6-2079 nömrəli məktubu, arxiv arayışı, Azərbaycan Respublikasının Prezidenti yanında X2 üzrə Komissiyasının 2007-ci il 28 dekabr tarixli 01/07/1005-DQ-S nömrəli məktubu və Xidmət rəisinin dərkənarı). - Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin Daşkənd şəhərinin Baş Daxili İşlər İdarəsinin 2007-ci il 22 oktyabr tarixli 27/6-2079 nömrəli məktubuna əsasən, iddiaçı müvafiq xidmətdən Daşkənd şəhər İcraiyyə Komitəsinin 03 fevral 1990-ci il tarixli əmri ilə azad edilmişdir. Beləliklə, həmin dövrdə daxili işlər idarəsinin İcraiyyə Komitəsinin tabeliyində olduğu müəyyən edilir (Управление Внутренного Отдела Ташгорисполкома). Qeyd edilən məktuba əsasən, Daşkənd İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin adı 29 mart 1993-cü ildə Daşkənd şəhərinin Daxili İşlər İdarəsinə dəyişdirilmişdir. - Azərbaycan Respublikasının Prezidenti yanında X2 üzrə Komissiyasının 2007-ci il 28 dekabr tarixli 01/07/1005-DQ-S nömrəli məktubuna əsasən, İddiaçı Azərbaycan Respublikasının ərazisindən kənarda 1978-1990-cı illər ərzində işlədiyi dövr dövlət qulluğu stajına daxil edilə bilər. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq X3 04.05.2021-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalan”nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikasının 29 iyun 2001ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmət keçmə bu orqanlarının funksiya, vəzifə və hüquqlarını öz peşə fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Yuxarıda qeyd edilən hüquqi aktlara əsasən daxili işlər orqanlarında xidmət keçmə dövlət qulluğunun xüsusi növü hesab edildiyi üçün iddiaçının Özbəkistan SSR-in X6 Baş İdarəsində xidmət keçdiyi dövr dövlət qulluğunun xüsusi növündə qulluq stajına daxil edilir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununun 23.2, 23.3-cü maddələrini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 20.1.7, 20.11, 32.1, 32.1-1-ci maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia tələbi əmək kitabçasında göstərilən Özbəkistan SSR-in X7 İdarəsində (Daşkənd Şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsində) 01 sentyabr 1978-ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər keçdiyi xidmət dövr dövlət qulluğu vəzifəsi kimi nəzərə alınaraq iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının 01 aprel 2020-ci il tarixdən yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Qeyd olunan normalara əsasən kollegiya hesab edir ki, iddiaçının 01 sentyabr 1978ci il tarixdən 03 fevral 1990-cı il tarixə qədər keçdiyi xidmət dövrü dövlət qulluqçusunun qulluq stajının hesablanması zamanı nəzərə alınmalıdır. Eyni zamanda, iddiaçının qulluq etdiyi dövlət orqanı – Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında X2 üzrə Komissiyasının 2007-ci il 28 dekabr tarixli 01/07/1005-DQ-S nömrəli məktubu əsasında müəyyən edilərək həmin 11 il 5 ay xidmət dövrü əmək kitabçasına daxil edilmişdir. Baxılan iş üzrə iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Odur ki, 64 il 6 ayının tamam olduğu 01.04.2020-ci il tarixdən yaşa görə pensiya təyin olunması hüququ yaranmışdır. İddiaçının dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün minimum 15 il qulluq stajı qulluq stajı qarşılığında 18 il 4 ay qulluq stajı var (6 il 11 ay + 11 il 5 ay). Eyni zamanda müəyyən edilir ki, həmin tarixdən iddiaçıya yaşa görə pensiya təyin edilmişdir, odur ki, qeyd edilən tarixdən (01.04.2020-ci il) iddiaçının dövlət qulluqçusu kimi pensiyasının yenidən hesablanması cavabdeh qurumun üzərinə qoyulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan hissədə iddianı təmin etməklə düzgün qərar qəbul etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2-1(112)-4921/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2062/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2062/2021
17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver