Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2062/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11 və X12) “çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-65/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixli bildirişi qanunsuz hesab edib, X13 adına verilmiş JN-29651 saylı şəhadətnamənin ləğv edilməsinə dair müvafiq məhkəmə qərarının çıxarılması və 24 mart 2006-cı il tarixli 37312 saylı müqavilə üzrə ona verilmiş 0, 12 ha torpaq sahəsinin iddiaçıya aid olmasına dair müvafiq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-bağ Təsərrüfatının İnkişafı Departamenti, X2 və X10 ərazi massivi ünvanında yerləşən 1751 saylı bağın istifadəyə verilməsi haqqında həmin təşkilatla arasında 24 mart 2006-cı il tarixli rəsmi müqavilə bağlanmış olsa da belə, çoxssaylı tələbkarlıqlarin sabiq səlahiyyətli nümayəndəsi X14 tərəfindən edilməsinə baxmayaraq, sözügedən bu daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edəcək müvafiq sənədin əldə edilməsi bu günədək mümkün olmur. 24 mart 2006-cı il tarixli müqavilənin surəti iddia ərizəsinə əlavə edilmişdir. Cavabdeh təşkilat tərəfindən 12 aprel 2016-cı il tarixli, **********44 saylı bu cavab məktubunda bildirilmişdir ki, Binəqədi rayonu, Goradil bağ massivi ünvanında yerləşən 1751 saylı bağ sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 19 mart 2016-cı il tarixli ərizənizə baxılmışdır və "Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, Belə ki, göstərilən bağ sahəsi JN-29651 saylı şəhadətnamə ilə üst-üstə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır," məzmunlu ədalətsiz bu fikirlər ifadə olunmaqla, iddiaçının qanunla qorunan mülkiyyət hüququna qarşı ciddi bir hörmətsizlik edilib, bu hüququnun pozulduğu rəsmi bu sənədlə ona bəlli edilmişdir. 12 aprel 2016-cı il tarixli bildirişin surətini iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı hesab edir ki, ona ünvanlanmış əsassız olan cavab məktubundan bir daha məlum olur ki, qanunla əldə etdiyi sözügedən bu bağ evinə hüquqların onun adına qeydiyyata alınması mümkün olmadığı kimi, həmin bağ evinə mülkiyyət hüququnun da onun adına məxsus olduğunu təsdiq edə biləcək müvafiq çıxarışın verilməsinin mümkün olmasından edilən imtina ədalətsizliyə olunan xidmət kimi qəbul edilib, qanun pozuntusu kimi dərk olunmalıdır. Çünki, torpağın mülkiyyətə verilməsinə dair JN-29651 məlum şəhadətnamə üzrə X13 adına müəyyənləşdirilməsi və onun ailə üzvülərinə aid edilməsi ciddi qanun pozuntuları ilə həyata keçrilib, iddiaçıya aid olan mülkiyyət hüququnun pozulmasına xidmət etmişdirsə, əlbəttə, belə halda, həmin şəhadətnamə qanuni və əsaslı sənəd ola bilməz. Onun ləğvi məhkəmə qaydasında həyata keçrilməlidir. xx.xx.2018-ci ildə nümayəndəsi Ə. Əsgərov cavabdeh bu təşkilata təkrar müraciət etsə də, həmin ərizə bu günədək cavabsız qalmışdir. Ərizənin surəti iddia ərizəsinə əlavə olunmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin rəhbərliyi rəis müavini C.Kərimovun bu məsələdə yanlış mövqe tutub, özünün fərziyyə və mülahizəsi üzərində maraqlı olaraq göndərmiş olduğu bu sənəddə; "..göstərilən bağ sahəsi üzrə JN-29651 saylı şəhadətnamə ilə üst-üstə düşür", məzmunda bu cür fikir ifadə etməsi və daha sonra da, məhz bu səbəbdən "ərizənin icrası mümkün olmamışdır", məzmunlu növbəti bu cür fikirlərin məntiqsiz ifadə edilməsi bu gün ədalətli və qanuni görünə bilmir, ən azı ona görə ki, sabiq səlahiyyətli nümayəndəsi X5 çoxsaylı iclaslarda cavabdeh təşkilatda nümayəndə qismində iştirak edib, tələbkarlıq göstərməsinə baxmayaraq, həmin sənədin (mülkiyyət hüququnun mənim adıma verilməsini təsdiq edə biləcək ÇİXARİŞİN) verilməsini tələb etsə də, həmin sənədin nümayəndəsinə verilməməsi, artıq iddiaçıda cavabdeh təşkilata qarşı ciddi şübhələr və inamsızlıq yaradıb, onların məsələdə maraqlı olduğu ona bildirilmişdir. Ona görə də artıq hesab edir ki, bu məsələ məhkəmə müzakirə mövzusu olduğundan, hadisələrin məhkəmə araşdırması ilə müəyyənləşdirilməsi həyata keçrilib, pozulmuş hüquqlarının prosessual bərpasına hüquqi təminat, məhz məhkəmə qaydasında tənzimlənməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2006-cı il tarixli 37332 saylı müqavilə üzrə iddaçıya ayrılmış 0,12 ha olan 1752 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-65/2023 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-65/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2006-cı il tarixli 37332 saylı müqavilə üzrə iddaçıya ayrılmış 0,12 ha olan 1752 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı tərəfindən göstərilən ərazinin bir hissəsi X16 məxsus keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququ haqqında JN-29651 şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən göstərilən torpaq sahələrinin konfiqurasiyaları müxtəlifdir. Belə ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivindəki 1751 nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi sahənin bir hissəsi (təqribən 110 kv.m) **********37 reyestr nömrəli çıxarışa əsasən X7 məxsus olan ünvan 2i ünvanında yerləşən torpaq sahəsi (kateqoriyası: sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar) ilə, digər hissəsi isə **********87-06301 reyestr nömrəli çıxarışa əsasən X8 məxsus ünvan 2i ünvanında yerləşən qeyri- yaşayış binasının yerləşdiyi torpaq sahəsi ilə kateqoriyası: sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar) üst-üstə düşür. Ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Bu səbəbdən bağ sahəsinin dəqiq yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, təqdim edilmiş müqavilə 1751 saylı bağ sahəsinə aid olsa da, məhkəmə qərarının nəticəvi hissəsində 1752 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2016-cı il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildiriş məktubunda qeyd etmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, göstərilən bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən bağ sahəsi JN- 29651 saylı şəhadətnamə ilə üst-üstə düşür. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Daha sonra iddiaçı məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddia tələbinin təmin edilməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilmişdir. İş materiallarından müəyyən edilən : - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli müşayiət məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq Binəqədi rayonu, Goradil bağ massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan 1751 nömrəli bağa və 1543 saylı torpaq sahələrinə dair sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilmişdir. -Azərbaycan Respublikası Bakı Şəhər İcraiyyə Komitəsinin X2 və İstismarı Birliyi tərəfindən verilmiş (Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1991-ci tarixli 130 saylı qərarına əsasən), Goradil bağlar sahəsi ərazisində yerləşən, 191 nömrəli BTK nəzdində olan, 0,12 ha torpaq sahəsi olan 1543 saylı bağ sahəsi X1 adına 82 nömrəli Order verilmişdir. - Azərbaycan Respublikası Bakı Şəhər icra Hakimiyyəti Başçısının Əhaliyə Xidmət Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş (Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 1053 saylı qərarına əsasən), Göradil bağlar sahəsi ərazisində yerləşən, 75 nömrəli BTK-nın nəzdində olan, 0,12 ha torpaq sahəsi olan 1751 saylı bağ sahəsi X9 adına 149 nömrəli Order verilmişdir. - İddiaçı (İddiaçı), Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsi ərazisində, X9 adına ayrılmış 1751 saylı bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsi ilə bağlı olaraq Bakı şəhər X2 və İstismarı Birliyinə ərizə ilə müraciət etmişdir. - X17, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar sahəsi ərazisində onun adına ayrılmış 1751 saylı bağ sahəsinin iddiaçının adına sənədləşdirilməsinə etiraz etməməsinə dair ərizə ilə Bakı şəhər X2 və İstismarı Birliyinə ərizə ilə müraciət etmişdir. (ərizə möhür və imza ilə təsdiq edilmişdir. - Bakı şəhər X2 və İstismarı Birliyi və İddiaçı arasında, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 0,12 ha torpaq sahəsi olan, 1751 saylı bağ sahəsinə dair xx.xx.2020-ci il tarixli, 37332 saylı müqavilə bağlanılmışdır. (Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cı il tarixli, 70 nömrəli Sərəncamına əsasən) - JN seriyalı, 29651 D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1496 saylı qərarı və Bağlar Təsərrüfatının İdarəsinin 85 saylı Orderi ilə Goradil bağlar sahəsində 89 nömrəli BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 1543 saylı bağ sahəsi X13 mülkiyyətinə verilmişdir. - MA seriyalı, ******* nömrəli xx.xx.2010-cu il tarixli (**********87-06301 reyestr nömrəli) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisində olan qeyri yaşayış binası (pansionatın yarımçıq tikilisi) X6 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyata alınmışdır.(Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən) Birinci instansiya məhkəməsi ilə razılaşan Kollegiya bildirir ki, iş materiallarından iddiaçıya xx.xx.2006-cı il tarixli 37332 saylı müqavilə əsasında 0,12 ha olan 1751 nömrəli bağ sahəsinin ayrıldığı müəyyən edilir. Cavabdehin apellyasiya şikayətinin əsasını iddiaçının naturada göstərdiyi torpaq sahəsinin başqa şəxslərə ayrılmış torpaq sahələri ilə üst-üstə düşməsi təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasları müəyyən etmişdir. Kollegiya hesab edir ki, iddiaçının təqdim etdiyi və məhkəmə sorğuları ilə doğruluğu təsdiqlənən xx.xx.2006-cı il tarixli 37332 saylı müqavilə (hüquqmüəyyənedici sənəd) iddiaçıya ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Belə ki, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Cavabdeh tərəf apelyasiya şikayətində iddiaçının naturada göstərdiyi torpaq sahəsinin digər şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirsə də, aparılmış araşdırmalar nəticəsində Kollegiya belə qənaətə gəlir ki, torpaq sahələrinin üstüstə düşməsi halının müəyyən edilməsinə səbəb elektron kadastr baza məlumatlarında olan uyğunsuzluqdur. Belə ki, iş materiallarında olan imtinadan görünür ki, cavabdeh iddiaçının müraciətini rədd edərkən, ilkin olaraq iddiaçının iddia etdiyi bağ sahəsinin bir hissəsinin X16 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etmişdir. Bundan sonra cavabdehin üst qrumu olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********170 saylı məktubunda elektron baza məlumatlarına əsasən iddiaçının iddia etdiyi bağ sahəsinin vətəndaş X6 mülkiyyətində olan qeyri-yaşayış binası ilə, eyni zamanda bağ sahəsinin bir hissəsinin X16 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə baxış kecirilərkən isə orada qeyriyaşayış binasının olduğu müəyyən edilməmişdir. Həmcinin cavabdehin xx.xx.2022-ci il tarixli **********68 saylı məktubu ilə məhkəməyə ünvanlanmış mütəxəssis rəyində isə iddiacının iddida etdiyi torpaq sahəsinin bir hissəsinin elektron baza məlumatlarına əsasən dövlət reyestrində qeydə alınmış X7 məxsus, diğər hissəsinin isə X8 məxsus torpaq sahəsi ilə üst məhkəməyə üst-üstə düşdüyü qeyd edilmişdir. Göründüyü kimi, vahid elektron baza məlumatlarına əsaslanaraq cavabdeh tərəfindən, eyni torpaq sahəsinə dair müxtəlif məzmunlu məlumatların verilməsi bu məlumatların həqiqiliyini şübhə altına alır. Belə olan halda, xx.xx.2022-ci il tarixli, 10/6902 nömrəli ekspert rəyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********68 nömrəli mütəxəssis rəyinə əsaslanaraq verildiyindən məhkəmə kollegiyası ekspert rəyini də mötəbər sübut kimi qəbul etmir. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, imtina məktubunda və apellyasiya şikayətində iddiaçının iddia etdiyi torpaq sahəsinin Əliyeva Bellaya məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmə olması qeyd olunsa da, mütəxəssis rəyi ilə bu təkzib edildiyindən, birinci instansiya məhkəməsi tərəfindən X13 məhkəmə icraatında üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Bundan başqa Kollegiya cavabdehin apellyasiya şikayətində sxematik xəritə ilə uyğunsuzluğun olması ilə bağlı qeyd edilənlərə münasibətdə bildirir ki, bağların bölgüsünə dair sxematik xəritədəki uyğunsuzluq iddiaçının iradəsindən asılı olan deyil və bu hal onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. İstər elektron baza məlumatlarında olan, istərsədə sxematik xəritədə olan uyğunsuzluğun aradan qaldırılması cavabdeh inzibati orqanın səlahiyyətidir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23-cü və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən (Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmişdir) hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək (3.0.2), təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq; (3.0.3). bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək; (3.0.4). dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək; (3.0.8) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; (3.0.11) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; (3.0.23). vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; (3.0.29) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq; (3.0.31) xidmətin vəzifələrinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu : Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd edilənləri nəzərə alan Kollegiya hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmış “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar mövcud olmadığından, əksinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-ci maddəsində göstərilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən olunduğundan iddia tələbinin təmin edilməsilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İş materiallarından müəyyən olunur ki, iddiacının iddia etdiyi bağ sahəsinin nömrəsi “1751” olduğu halda, qərarın nəticə hissəsində yanlışlığa yol verilərək “1752” yazılmışdır ki, bu texniki səhv də aradan qaldırılmalıdır. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı nəticə hissəsində yol verilən texniki yalnışlıq düzəldilməklə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-65/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı nəticə hissəsində qeyd edilən “1752 nömrəli bağ sahəsi” ifadəsi, “1751 nömrəli bağ sahəsi” ifadəsi ilə əvəz edilməklə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2062/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2062/2023
27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver