Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2063/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-1387/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1982-ci il redaksiyalı Azərbaycan SSR Mənzil Məcəlləsinin 34, 35-ci maddələrini rəhbər tutaraq mənzil növbəsinin bərpa olunması və ailəsinin yaşayış sahəsi ilə təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-1387/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-1387/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 birinci qrup Qarabağ müharibəsi əlili kimi güzəştli əsaslarla Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 83 saylı sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. Qardaşı subay olmuş, onun ilə bir ailədə yaşadığına görə iddiaçı və ailəsinin digər üzvləri qardaşının ailə üzvləri hesab olunurlar. Mənzil növbəsinə qeydiyyatdan keçmək üçün toplanmış sənədlərdə olan forma 2 saylı arayışında iddiaçının və digər ailə üzvlərinin adı X1nun ailə üzvləri kimi qeyd olunmuşdur. 2010-cu ildə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən mənzillər güzəştli şərtlərlə növbəyə duranlar arasında paylaşdırılanda qardaşının növbəsi 51-ci sırada olmuşdur və onun sağ olduğu zaman adına verilməli olan yaşayış sahəsi qardaşına deyil, başqa şəxsə verilmişdir, yəni hələ qardaşı dünyasını dəyişməzdən əvvəl qardaşının adına verilməli olan yaşayış sahəsi qardaşına deyil, qardaşından sonrakı sıra sayına aid olan başqa şəxsə verilmişdir. X1 01 may 2012-ci il tarixdə dünyasını dəyişmişdir və mövcud qanunvericiliyin tələbinə görə onun mənzil növbəsi ailənin sağ qalan digər ailə üzvünə keçirilməli olduğu halda cavabdeh təşkilat bunu etməmiş və qardaşının ailə üzvlərini mənzil növbəsindən çıxartmışdır. Cavabdehin hərəkəti qanunazidd olmuşdur, nəticədə ailəsinin hüquqları pozulmuşdur. Mənzil Məcəlləsində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanları uçotundan çıxarmaq üçün nəzərdə tutulmuş əsaslar sırasında cavabdeh təşkilatın hərəkətləri öz əksini tapmamışdır. Ona görə də Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin X1nun ölməsi ilə əlaqədar onların mənzil növbəsindən çıxarılmaları mənzil şəraitini yaxşılaşdırmağa ehtiyaclarının olduğu halda onların hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)- 1387/2021 saylı qərardadının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-1387/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 25.05.2010-cu il tarixli 83 saylı sərəncamına əsasən vətəndaş X2 ailə tərkibi 3 nəfərlə (özü, atası və anası) yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsi və vətəndaş A.H.Hüseynovun Qarabağ müharibəsinin veteranı və 1-ci qrup əlil olması nəzərə alınaraq, mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 07.09.2016-cı il tarilxi 191 saylı sərəncamına əsasən X3 vəfat etdiyi üçün X2 Binəqədi Rayon İcra Hakimiyyətində mövcud olan Qarabağ müharibəsinin veteranı kimi güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə xitam verilməsi və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 25.05.2010-cu il tarixli 83 saylı sərəncamının qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.03.2018-ci il tarixli 2-1(81)-1194/2018 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1nun ailə üzvü kimi mənzil növbəsinin iddiaçının, İddiaçı adına keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 09.08.2018-ci il tarixli 2-1(103)-1603/2018 saylı qərarı ilə İddiaçı tərəfindən apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1194/2018 saylı 30 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mənzil növbəsinin bərpa olunması və ailəsinin yaşayış sahəsi ilə təmin olunması tələbi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının subyektiv hüququ yoxdur. Bundan başqa, iddia tələbi mənzil növbəsinin bərpa olunması və ailəsinin yaşayış sahəsi ilə təmin olunması tələbi ilə əlaqədardır. Lakin iddia ərizəsinə əlavə edilmiş cavabdehin imtina məktubunda vəfat etmiş ailə üzvünün mənzil növbəsinin iddiaçının adına keçirilməsi barədə müraciətə baxılması qeyd olunur. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar iddiaçı tərəfindən cavabdeh orqana müraciət edilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya təklif edilməsinə baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdeh orqana iddia tələbində göstərilən məsələ ilə əlaqədar müraciət edilməsinə dair sübutları iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1nun ailə üzvü kimi mənzil növbəsinin onun adına keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddiaçı mərhum A.Hüseynovun bacısı olsa da, ailə üzvü olmadığından iddia tələbi rədd edilmişdir və həmin qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd); İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. (15.6-cı bənd). Baxılan iş üzrə iddiaçı cavabdeh tərəfindən mənzil növbəsinə götürülməmişdir. Qardaşı və valideynləri (növbəyə götürülmə haqqında sərəncamda qardaşının ailə üzvləri kimi qeyd olunmuşlar) vəfat etdikdən sonra qardaşının növbəsi ləğv olunmuşdur. Bundan sonra iddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1nun ailə üzvü kimi mənzil növbəsinin iddiaçının, İddiaçı adına keçirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1194/2018 saylı 30 mart 2018-ci il tarixli qərarı ilə İddiaçı iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 09.08.2018-ci il tarixli 2- 1(103)-1603/2018 saylı qərarı ilə İddiaçı tərəfindən apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1194/2018 saylı 30 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququ pozulmadığından onun hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yaranmamışdır. Ona görə də, 1-ci instansiya məhkəməsi məhkəmə haqlı olaraq iddianın mümkün sayılmamasına dair qərardad qəbul etmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçı, indiydək əvvəlki mənzillərində 15 nəfər ailə üzvü ilə (digər qardaşları, onların arvadları və uşaqları ilə) yaşadığını və bu səbəbdən həddən artıq sıxlığa görə mənzil şəraitlərinin qənaətbəxş olmadığını göstərsə də, bu hal vəfat etmiş qardaşının növbəsinin bərpası üçün səbəb ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-1387/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2063/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2063/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver