Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2063/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X1 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-950/2025 saylı, 07 yanvar 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək pensiyasından tutulmalar barədə hərəkətinin qanunsuz hesab edilməsi, əmək pensiyasından edilən qanunsuz tutulmaların dayandırılması və əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, 01 iyun 2017-ci il tarixdən iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının miqdarı hazırkı tarixdə 2223,57 manat miqdarındadır. İddiaçı pensiya məbləğindən 146,03 manat çıxılması barədə bildiriş almışdır. Həmin məbləğin hansı səbəbdən geri çıxılmasmı öyrənmək üçün Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə müraciət edərkən məlum olmuşdur ki, həmin şöbə ona məktub göndərərək, əmək pensiyasının artıq hesablanmasını əsas gətirərək, həmin məbləğin çıxılacağı bardə ona xəbərdarlıq məktubu göndərmişlər. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 2051/2024 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2051/2024 saylı qərarın ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-950/2025 saylı, 07 yanvar 2025-ci il tarixli qərarı ilə iddia qismən - tutulmuş məbləğin geri qaytarılması hissəsində təmin edilmiş, cavabdehin İddiaçı pensiya məbləğindən tutulma aparması qanunsuz hesab edilmiş və tutulmuş 146,03 manat pensiya məbləğinin geri qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının qismən – iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli və ləğv edilən hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının – iddia tələbinin rədd edilmiş hissəsinin ləğvinə yönəldiyi üçün hazırkı apellyasiya baxışının predmetini – tələbin birinci hissəsi , “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2051/2024 saylı qərarın ləğv edilməsi” təşkil edir. “İnzibati icraat haqqında” Qanundan: 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Hazırkı işin hallarından görünür ki, 01 iyun 2017-ci il tarixdən iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-2051/2024 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, inventarizasiya ilə əlaqədar iddiaçının pensiya məbləği 2472,61 manatdan 2301,91 manata endirilmişdir. “Pensiya təyinatı” altsistemindın çıxarışdan görünür ki, iddiaçının pensiyasından bugünədək aparlmış tutulmanın məbləği 146,03 manat olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, faktiki olaraq cavabdeh tərəfindən qəbul edilmiş əlverişsiz inzibati akt “İnzibati icraat haqqında” Qanunun tələbləri (maraqlı şəxsi icraata cəlb etmək, onun dinlənilmə hüququnu təmin etmək və s.) riayət edilmədən qəbul edildiyi işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarından da göründüyü kimi cavabdeh tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilməmişdən öncə iddiaçıya bildiriş göndərilməsi, şəxsin inzibati icraata dəvət edilməsi və dinlənilmə hüququnun təmin edilməsi müəyyən edilmir. Göründüyü kimi işin hallarına əsasən İddiaçı dinlənilmə hüququnu istisna edən qanuni müddəa olmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün əsas vətəndaşın təqsiri ucbatından baş verməyən “əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını” aşkar edilməsi olmuşdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” qanuna əsasən: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın öz təşəbbüsü ilə inzibati icraat başlanması hüququ qanunda nəzərdə tutulmuşdur. Hazırda mübahisələndirilən qərardan da görünür ki, yenidən hesablanmanın yaranma səbəbi “inventarizasiya”dır. Bununla belə, həmin hüquq digər vəzifələrlə əlaqəli şəkildə tətbiq edilməli, inventarizasiya nəticəsində müəyyən olunan halların inzibati orqana əvvəllər məlum olmasının və ya aşkar olunmasının mümkünlüyü ilə birlikdə qiymətləndirilməlidir. Əks yanaşma hüquqi dövlət, hüquq müəyyənliyi və etimad hüququnun qorunması prinsiplərinə uyğun hesab edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Hazırkı işin hallarından görünür ki , həmin aktın ləğv olunmasını şərtləndirən hallar hələ daha əvvəldən məlum olsa da, cavabdeh tərəfindən müvafiq hesablama inzibati icraat qaydalarına riayət etmədən 2024-cü ildə həyata keçirilmişdir. Hazırkı işin hallarında cavabdeh tərəfindən Qanunun 67.6.1-ci maddəsinin (rüşvət, hədəqorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda) hallarının mövcudluğuna istinad edilmir. Qeyd edilənlərə əsasən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsi ilə müəyyənləşdirilmiş bir illik müddət ötürülmüşdür. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsaslanır: “56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).
58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz”. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2051/2024 saylı qərarı inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tələbin mübahisələndirilən hissəsinə münasibətdə düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 950/2025 saylı, 07 yanvar 2025-ci il tarixli qərarı mübahisələndirilən - iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə - “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2051/2024 saylı qərarın ləğv edilməsi” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-950/2025 saylı, 07 yanvar 2025-ci il tarixli qərarı qismən – iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2051/2024 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.