Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2064/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Baxışova Vüsalə Ələkbər qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-1667/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək,onun 1970-ci ilin sentyabr ayından 2006-cı ilin yanvar ayına kimi əmək stajının təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 28.10.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə ərizə təqdim etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6360/2020 saylı 28.10.2020-ci il tarixli qəradadı ilə iddiaçının, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizəsi icraata qəbul edilmiş, iş üzrə əsl olmayan cavabdeh “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu” əsl cavabdeh “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı”ilə əvəz edilmişdir. İddiaçı son olaraq 06.05.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 01.09.1970-ci ildən 29 iyun 1974-cü ilədək təhsil müddəti, 29 iyun 1974-cü ildən 04.12.1974-cü ilədək Ağdam rayonu Şaumyan adına sovxozda işlədiyi dövr, 12.12.1974-cü ildən 22.12.1976-cı ilədək hərbi xidmət müddəti, 22.12.1976-cı ildən 01.09.1981-ci ilədək Ağdam rayonu Şaumyan adına sovxozda, 01.09.1981-ci ildən 23.07.1993-cü ilədək Ağdam rayonu Şelli kənd orta məktəbində müəllim işlədiyi dövr, 23.07.1993-cü ildən 01.01.2006-cı ilədək Ağdam rayonu Şelli kənd orta məktəbində müəllim kimi əmək haqqı saxlanıldığı dövr sosial sığorta stajına daxil edilməklə və mövcud pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1667/2021 saylı 06.05.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-1667/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-1667/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılan işlərdə pensiyanın yenidən hesablanmasına dair mübahisə məhz 2006-cı ilədək olan staj illəri üzrə bas verir. Belə ki, iddiaçının əmək kitabçasında aparılan qeydlərin uyğunsuzluğu, xronoloji ardıcıllığın pozulması, ümumilikdə sual yaradacaq məqamların mövcudluğu kitabçanın əmək stajı kimi sübutedici əhəmiyyətində şübhə doğurur. Belə ki:
1. Hərbi biletdə qeyd edilən hərbi xidməti başa vurma tarixi ilə Sovxozda əmək fəaliyyətinə başlama tarixi arasında ziddiyyətin olması;
2. “Şelli” kənd orta məktəbində fəaliyyət müddəti ilə Sovxozda olan əmək fəaliyyətinin müddətlərinin üst-üstə düşməsi;
3. Əmək kitabçasında 04.09.1990-cı il qeydindən sonra 01.09.1981-ci il qeydinin mövcud olması. Əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının Ağdam rayonu “Şelli” kənd orta məktəbində işlədiyini iddia etdiyi 1981-2006-cı illər üzrə yalnız 2001-2005-ci illərin əmək haqqını alması X4 filialının 06.04.2021-ci il tarixli 12 nömrəli arayış ilə təsdiqlənsə də, digər illər öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının 2006-cı ilədək ümumilikdə 25 il iş stajının olmadığı müəyyən olunur Lakin iddiaçıya “Əmək pensiyaları haqqında” qanununun tələblərindən irəli gələrək avtomatlaşdırma qaydada pensiya təyinatı aparılaraq ona 2006-cı ilədək 25 il stai bağışlanılmışdır Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-1667/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2- 1(112)-1667/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: -AZE № ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1955-ci ildə doğulmuşdur, Ağdam rayonunun Qasımlı kəndində qeydiyyatdadır. -Seriya AA № 120467 saylı vəsiqənin surətindən aydın olur ki, İddiaçı məcburi köçkündür. -Щ № 016512 saylı diploma əsasən İddiaçı 1970-ci ildə Azərbaycan CCR k/m nazirliyinin Ağdam k/m mexanikləşdirmə və elektrikləşdirmə texnikumuna daxil olmuş və 1974-cü ildə k/m mexanikləşdirmə ixtisası üzrə tam kursu bitirmişdir 29 iyun 1974-cü il tarixli qərarı ilə ona k/m texnik-mexanik ixtisası verilmişdir. -06.05.1974-cü il tarixdə Ağdam rayonu Şaumyan adına sovxozun avto-traktor parkına fəhlə qəbul edilmiş. 04.12.1974-cü il tarixdə hərbi xidmətə getdiyi üçün sovxozdan azad edilmiş. 04.12.1976-cı il tarixdə hərbi xidmətdən qayıtdığı üçün sovxoza çilingər qəbul edilmiş. 24.03.1978-ci il tarixdə Şaumyan adına üzümçülük sovxozuna ştat cədvəli əsasında mühəndis keçirilmiş. 14.03.1987-ci il tarixdə vəzifəsi ixtisara düşdüyü üçün ərizəsini nəzərə alaraq traktor parkına çilingər keçirilmiş. 01.02.1988-ci il tarixdə Sovxozun çilingərliyindən azad edilib sovxozun avtotraktor parkına avtomexanik keçirilmiş. 05.09.1989-cu il tarixdə Sovxozun avtoparkına avtomexanik vəzifəsindən azad edilmiş. 08.09.1989-cu il tarixdə Sovxozun avtoparkına çilingər təyin edilmiş. 02.04.1990-cı il tarixdə Sovxozun maşin-traktor parkına matarist keçirilmiş. 04.09.1990-cı il tarixdə Ərizəsinə əsasən sovxozun matarist-çilingər vəzifəsindən azad edilmişdir. 01.09.1981-ci il tarixdə Ağdam rayon Şelli kənd orta məktəbinə ixtisası üzrə müəllim vəzifəsinə qəbul edilmiş. 29.08.2019-cu il tarixdə Əmək məcəlləsinin 69.1 maddəsinə əsasən Şelli kənd orta məktəbin müəllimliyindən azad edilmişdir. 15.08.2019-cu il tarixdə Dövlətqaçqınkom Mənzil İstismar Departamentinin Sabunçu rayon Mənzil Kommunal İstismar sahəsinə xarrat-rəngsaz işinə təyin edilmişdir. 01.04.2020-ci il tarixdə Sabunçu rayon Mənzil Kommunal İstismar sahəsində fəhlə işinə keçirilmişdir. -ВП № 048129 nömrəli hərbi biletdən görünür ki, İddiaçı 12.12.1974-cü ildən 22.12.1976-cı ilədək hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 23.06.2020-ci il tarixli **********3 saylı məktubun surətindən görünür ki, təqdim edilmiş sənədlərə əsasən 22.12.1976-ci ildə hərbi xidməti başa vurduğu halda əmək kitabçasında 04.12.1976-ci ildə işə qəbul olmaq haqqında əmr qeyd olunmuşdur. Əmək kitabçasında olan ziddiyyətin aradan qaldırılması üçün 06.05.1974-cü ildən 23.07.1993-cü ilədək olan iş stajının təsdiq olunması üçün məhkəməyə müraciət etməyi xahiş olunmuşdur. -Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağdam rayon təhsil şöbəsi tərəfindən verilmiş 29.08.2019-cu il tarixli № 16 saylı arayışından görünür ki, orta məktəbin sabiq müəllimi İddiaçı 01 sentyabr 1981-ci ildən 31 dekabr 1993-cü ilə kimi Şelli kənd orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. 01 yanvar 1994-cü ildən Nazirlər Kabinetinin 181 nömrəli qərarına əsasən 01 yanvar 2017-ci il tarixə qədər orta aylıq əmək haqqı almaqla 01 yanvar 2017-ci il tarixdən 29 avqust 2019-cu il tarixə kimi əmək stajı saxlanılmışdır. -Ağdam rayon Təhsil Şöbəsi üzrə 29.08.2019-cu il tarixli № 67 saylı əmrin surətindən görünür ki, İddiaçı Əmək məcəlləsinin 69.1 maddəsinə əsasən Şelli kənd orta məktəbin müəllimliyindən azad edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanmış 18 avqust 2020-ci il tarixli № **********1 imtina məktubundan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim edilmiş əmək kitabçası və hərbi bilet arasında, həmçinin əmək kitabçasında qeyd edilən məlumatlar arasında uyğunsuzluqlar və şübhəli məqamlar mövcuddur. Belə ki, hərbi biletdə qeyd edilən hərbi xidməti başa vurma tarixi ilə “Şelli” üzümçülük sovxozunda əmək fəaliyyətinə başlama tarixi arasında ziddiyət vardır. Həmçinin, “Şelli” kənd orta məktəbində fəaliyyət müddəti ilə “Şelli” üzümçülük sovxozunda olan fəaliyyət müddəti üstüstə düşür. Ağdam rayon təhsil şöbəsinin və “Şelli” üzümçülük sovxozunun 23.07.1993-cü ilədək olan əmr kitabları və əmək haqqı cədvəlləri işğal olunmuş ərazilərdə qaldığından 06.05.1974-cü ildən 23.07.1993-cü ilədək olan iş stajının yoxlanılması mümkün deyildir. Ağdam rayon təhsil şöbəsinin 23.07.1993-cü ildən 01.01.2006-cı ilədək olan dövrünün dondurulmuş əmək haqqı cədvəllərinin yalnız 2001-2005-ci il dövrləri üçün olan hissəsi Azərbaycan Respublikası X4 rayon filialına təhvil verilmişdir, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənir. Qeyd edilənləri nəzərə alaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq təyin olunmuş pensiya məbləğinin yenidən hesablanması üçün sığorta stajının məhkəmə qaydasında təsdiq edilməsi və daha sonra pensiya məbləğinin hesablanması üçün zəruri sənədlərlə birlikdə yenidən müraciət etməyi məqsədəmüvafiq hesab olunmuşdur. -İddiaçı səhiyyə kitabçasından görünür ki, iddiaçı 1983-cü ildə Şelli kənd orta məktəbində müəllim vəzifəsində işlədiyi vaxtda bir necə dəfə həkim yoxlanışından keçmişdir. -Azərbaycan Respublikası X4 filialı tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli № 37 saylı arxiv arayışından görünür ki, Ağdam rayon Dövlət Arxivində saxlanılan Ağdam rayon Təhsil şöbəsinin arayış xarakterli arxiv sənədlərinə əsasən İddiaçı məktəbdə müəllim işləmiş və 2001-ci il üzrə aylıq əmək haqqısı 121.812 köhnə manat, 2002-ci il üzrə aylıq 121.812 köhnə manat, 2002-cü il üzrə aylıq əmək haqqısı 197.718 köhnə manat, 2004-cü il üzrə 254.000, 2005-ci il üzrə aylıq əmək haqqısı 263.000 köhnə manat təşkil etmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 02 oktyabr 2020-ci il tarixli № ********** saylı məktubundan görünür ki, vətəndaş İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə uyğun olaraq 10.06.2020-ci il tarixindən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı aparılarkən 01.01.2006cı il tarixinədək 25 il sığorta stajı və 01.01.2006-cı il tarixindən sonra fərdi hesabın sığorta hissəsində qeydə alınmış 104.89,61 manat pensiya kapitalı nəzərə alınaraq 201,54 manat məbləğində pensiya hesablanmışdır. -Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi 15.01.2021-ci il tarixli № 09-09-03/12 saylı məktub ünvanlananaraq qeyd edilmişdir ki, Ağdam rayon Təhsil Şöbəsindən aldıqları məlumata əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Şelli kəndi işğal olunduğuna görə İddiaçı əmək kitabçası və əmək stajının hesablanması üçün zəruri olan sənədlər işğalçı ordu tərəfindən məhv olunmuşdur. Qeyd edilənlərin nəzərə alaraq İddiaçı Ağdam rayonu Şelli kənd tam orta məktəbində müəllim vəzifəsində işləyib-işləməməsi barədə məlumatın təqdim edilməsinin mümkün olmaması qeyd edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13 noyabr 2020-ci il tarixli № **********8 saylı xidməti məktubundan görünür ki, vətəndaş İddiaçı yaşa görə əmək pensiyası 2006-cı ilə qədər 25 il ümumi iş stajı olmaqla 18.532,68 manat pensiya kapitalı və 2006-cı ildən sonra 11 il sığorta stajı olmaqla 10.489,61 manat pensiya kapitalı (SH=72,84 manat) nəzərə alınaraq hesablanmış və 201,54 manat məbləğində təyin edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxs tərəfindən İddiaçı ünvanladığı 20 iyul 2020-ci il tarixli № **********7 saylı məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı il 1 yanvar tarixinədək olan dövr üçün şəxslərin sığorta stajına, 2006-cı il 1 yanvar tarixindən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Araşdırma məlumatına əsasən, 2006-cı ilin 1 yanvar tarixinədək 25 il iş stajının və 2006-cı ilin 1 yanvar tarixindən fərdi hesabınıın sığorta hissəsində toplanmış 10.489.61 manat pensiya kapitalı nəzərə alınmaqla avtomatlaşdırılmış qaydada təyin edilmiş yaşa görə əmək pensiyasın məbləği 201,54 manat təşkil edir.Təqdim olunmayan əlavə əmək stajı vardırsa müvafiq sənədlərlə qeydiyyatda olduğu ərazi üzrə DOST və ya ASAN Xidmət Mərkəzləri vasitəsilə Fondun yerli orqanına müraciət etməyi məqsədəmüvafiq olduğu qeyd edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 19 yanvar 2021-ci il tarixli № **********6 saylı məktubunda qeyd edilmişdir ki, yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciətə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Son dövrlər ölkəmizdə pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsi, pensiya təyinatı prosesinin sadələşdirilməsi və s. istiqamətlərdə mühüm əhəmiyyətə malik tədbirlər həyata keçirilmiş, effektiv mexanizmlər formalaşdırılmışdır. Belə ki, 2019-cu il 1 yanvar tarixindən etibarən sığortaolunanlara əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsinə başlanılmış, təkcə 2019-cu ildə əmək pensiyalarının minimum məbləği ümumilikdə 72,4% artırılaraq 200 manata çatdırılmış, 01.01.2020-ci il tarixdən isə əmək pensiyalarının sığorta hissəsi 16,6 faiz indeksləşdirilmiş və nəticədə pensiyaların orta aylıq məbləği 300 manata yüksəldilmişdir. 01.01.2006-cı il tarixədək 25 il sığorta stajı və fərdi şəxsi hesabının sığorta hissəsində 01.01.2006-cı il tarixdən 10.06.2020-ci il tarixədək toplanmış 10.489,61 manat pensiya kapitalı nəzərə alınmaqla hüququ yarandığı 10.06.2020-ci il tarixdən etibarən 201,54 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilərək müvafiq bank hesabına köçürülür. Belə ki, təqdim edilmiş sənədlərə əsasən hərbi xidmətdən buraxılma tarixi 22.12.1976-cı il göstərildiyi halda, kolxozda işə qəbul olunma tarixi 18 gün əvvəl yəni 04.12.1976-cı il qeyd olunmuşdur. Beləliklə, müvafiq iş stajı ilə hərbi xidmətdən buraxılma müddəti eyni dövrə təsadüf etdiyindən pensiyanın yenidən hesablanmasında nəzərə alınmamışdır. Təqdim edilmiş əmək kitabçasında və hərbi biletdəki qeydlər arasında uyğunsuzluqlar mövcuddur və qeyd olunan uyğunsuzluqların qarşılıqlı yoxlanılıb təsdiq olunması sənədlərin vaxtı ilə işğal olunan ərazilərimizdə qalması səbəbindən mümkün olmamışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.2-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanunu qüvvəyə minmiş qərarı ilə təsdiqlənir. - Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən daxil olmuş 01 mart 2021-ci il tarixli № **********4 saylı məktubundan görünür ki, İddiaçı (FİN: xxxxxxx, Pensiya hesab nömrəsi: 818961) əmək kitabçasında qeyri-dəqiqlik olduğu üçün 1970-2006-cı illər üzrə stajının təsdiqlənməsi mümkünsüz olmuşdur. Məhkəmə tərəfindən həmin illər sığorta stajına daxil edilsə ona təyin olunmuş pensiya məbləği 261,27 manat, 11.4% indeksassiyadan sonra isə 291,05 manat olacaqdır (indiki əmək pensiyası məbləği 224,52 manatdır). İddiaçının əmək pensiyası hüququnun yarandığı 10.06.2020-ci il tarixdə pensiya kapitalının məbləği 10.489,61 manat olmuşdur. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3-cü hissəsini, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndini, 109-cu maddəsinin “i” yarımbəndini, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndini, “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndini, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndini, “İnzibati icraat haqqında” Qanunun12.1, 12.2, 12.3, 19.1, 61.2, 61.3, 61.4-cü maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası və partiya bileti mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasında texniki səhvdən başqa orda olan məlumatların və partiya biletində olan məlumatın həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Ona görə də, iddia tələbi təmin edilməli, iddiaçının əmək pensiyası əmək kitabçasındakı qeydlər təhsil müddəti, hərbi xidmət müddəti və pensiya karitalı ilə birlikdə nəzərə alınmaqla yenidən hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçı Ağdam rayonundan məcburi köçkün olmuş, onun işlədiyi dövrlə bağlı arxiv sənədləri işdə olan arxiv arayışlarına görə işğal altında qalmışdır. Lakin iddiaçının əmək haqqı almasına dair partiya bileti mövcuddur. İş materiallarına əlavə edilmiş komsomol bileti və partiya biletinin surətindən görünür ki, iddiaçı 1975-1991-ci illər arasındakı dövrlərdə əmək fəaliyyəti ilə məşğul olaraq əmək haqqı almış, aldığı əmək haqqına uyğun olaraq üzvlük haqqı ödəmişdir. Belə olan halda iddiaçının əmək kitabçasındakı qeydlərdə mövcud texniki səhv, həmin dövrlərin qarşılıqlı yoxlanılmasının mümkünsüzlüyü iddiaçının həmin dövrlərdə işləməməsi mənasını verməməlidir. İddiaçının digər əmək fəaliyyəti 01 sentyabr 1981-ci ildən başlayaraq Ağdam rayonu Şelli kənd orta məktəbində müəllim işləməsi ilə bağlıdır. Buna dair qeydlər həm əmək kitabçasında, həm də Ağdam rayon Təhsil Şöbəsi tərəfindən verilmiş arayışda öz əksini tapmışdır. Cavabdeh iddiaçının 1981-1993-cü illərdə Ağdam rayonu Şelli kənd orta məktəbində müəllim işləməsinə dair qeydlərə də şübhə ilə yanaşmış, qarşılıqlı yoxlanılmasının mümkün olmaması səbəbindən həmin dövrləri sığorta stajı kimi nəzərə almamışdır. Lakin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarı iddiaçıya da tətbiq edilmiş, məcburi köçkün kimi 01 yanvar 2017-ci il tarixə qədər orta aylıq əmək haqqı saxlanılmışdır. Bu hal da onu sübut edir ki, iddiaçı işğaldan əvvəlki dövrdə müəllim vəzifəsində çalışmış, özündən asılı olmayaraq iş yerindən məhrum olduğu üçün ona orta aylıq əmək haqqı ödənilmişdir. İşğaldan sonrakı dövrdə əmək haqqı, 2001-2005-ci illərdə Şelli kənd orta məktəbinin müəllim kimi əmək haqqı almasını nəzərə alan inzibati orqan Ağdam rayonunun 23 iyul 1993-cü ildə işğal edildiyini, 1993-cü ildən sonra Şelli kənd orta məktəbinin faktiki fəaliyyət göstərmədiyini nəzərə almadan arxiv sənədlərinin mövcud olmaması bəhanəsi ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Nəzərə almamışdır ki, iddiaçının 1993-cü ildən sonrakı dövrdə Şelli kənd orta məktəbinin müəllimi kimi əmək haqqı alması, onun əvvəlki dövrlərdə həmin məktəbdə müəllim işlədiyi üçün mümkün olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli, 2-1(112)-1667/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azər Hüseynov
Hakimlər: Vüsalə Baxışova
Vidadi Məmmədov