Məhkəmə qərarları › İş №2-1(103)-2064/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2064/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2064/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hakim kimi əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin hüququnun yarandığı tarixdən hesablanıb ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(112)-2712/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla iddiaçıya təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablanması, habelə pensiyaya 12 il hakim stajına görə müvafiq əlavənin hesablanması və həmin məbləğin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamı ilə Şəki rayon məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Milli Məclisinin 22 iyun 2010-cu il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və 07 avqust 2013cü il tarixədək həmin vəzifədə işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 avqust 2013-cü il tarixli Sərəncamı ilə Zaqatala rayon məhkəməsinin hakimi (sədri) vəzifəsinə təyin edilmişdir və ümumilikdə 12 il 08 ay 20 gün hakim kimi əmək stajı olmuşdur. 23 aprel 2021ci il tarixdə hakim vəzifəsində olmanın son yaş həddinə, 65 yaşa çatdığına görə 25 aprel 2021-ci il tarixdən səlahiyyətlərinə xitam verilmişdir və həmin tarixdən yaşa görə əmək pensiyası alır. 25 aprel 2021-ci ilədək hakim vəzifəsində işlədiyinə görə yaşa görə əmək pensiyası təyin edilərkən əlavə edilməli olan ödənişlər nəzərə alınmadan ona 850 manat məbləğində pensiya hesablanmış, bu zaman ona münasibətdə qanunvericiliyin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi yaşa görə əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Təqdim edilən sənədlərdə qeyd edilən məlumatlardan görünür ki, iddiaçının hakim kimi stajı 15 ildən az (12 il 8 ay 18 gün (xx.xx.2008-xx.xx.2021-ci il tarixlər arasındakı dövr) təşkil etdiyindən ona hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Sonradan iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla, ona hakim kimi əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin hüququnun yarandığı tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(112)-2712/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: S.Salahova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində imtina məktubunda, eləcə də iddiaya qarşı etirazında göstərilən dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı xx.xx.1956-cı il tarixdə Şəki şəhərində anadan olmuş, onun 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1974-cü ildən etibarən əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə işləmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 2979 saylı Sərəncamına əsasən xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Şəki Rayon Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2010-cu il tarixli 1042 nömrəli Qərarına əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Şəki Apelyasiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3053 nömrəli Sərəncamına əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Zaqatala Rayon Məhkəməsinin sədri vəzifəsində işləmiş, xx.xx.2021-ci il tarixdə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq səlahiyyətlərinə həmin tarixdən xitam verilmişdir İşdən görünür ki, iddiaçı hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla, ona hakim kimi əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin hüququnun yarandığı tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Həmin Qanunun 107-ci maddəsinə əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin Qanunun 109-cü maddəsinə əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarında Məhkəmə qərara almışdır ki: 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 23 fevral 2022-ci il tarixli 8/179 nömrəli arayışından görünür ki, iddiaçının işlədiyi son 2 ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxması və müalicə olunması üçün müavinətlər daxil olmuş və həmin ödənişlərdən məcburi sosial sığorta haqları tutulmuşdur. Belə olan halda məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini hazırkı işə tətbiq edərək hesab etmişdir ki, iddiaçı ərizəsində göstərdiyi əlavələri işlədiyi dövrdə aldığından və həmin ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan iddiaçının ona pensiya hesablanarkən həmin məbləğlərin nəzərə alınmasını tələb etmək hüququ da mövcuddur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə qeyd etmişdir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin xx.xx.2015-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakim vəzifəsinə hakimlər ilk dəfə beş il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinə - 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər. xx.xx.2014-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 168-İVQD nömrəli Qanunu ilə həmin maddəyə edilmiş dəyişikliyə əsasən (dəyişiklik xx.xx.2015-ci ildə qüvvəyə minmişdir) 96-cı maddənin birinci hissənin birinci cümləsində “beş” sözü “üç” sözü ilə əvəz edilmiş, dördüncü cümləsində “həddinə” sözü “həddinədək” sözü ilə əvəz edilsin, “- 65 yaşınadək” sözləri və beşinci cümləsi çıxarılmaqla maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir. “Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66 yaşdır.” Bununla da birinci instansiya məhkəmələrinin hakimləri üçün son yaş həddi 66 yaş olaraq müəyyən edilmişdir. Lakin həmin Qanunun keçid müddəalarını tənzimləyən 2-ci maddəsində göstərilmişdir ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci hissəsi 2015-ci ilin yanvar ayının 1-dək vəzifəyə təyin edilmiş hakimlərə şamil edilmir. Bu tarixədək hakim vəzifəsinə təyin edilmiş şəxslərə münasibətdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 96-cı maddəsinin birinci hissəsinin bu dəyişikliklərdən əvvəlki redaksiyası tətbiq olunur. İddiaçı xx.xx.2008-ci il tarixdə hakim təyin edildiyindən onun hakim kimi son yaş həddi 65 yaşdır. Deməli, iddiaçının hakim kimi pensiya almaq hüququ 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaranmışdır və ona həmin tarixdən hakim kimi pensiya təyin edilməklə hesablanıb ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1956-ci il təvəllüdlüdür və iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə (65 yaş) xx.xx.2021-ci il tarixdə çatmışdır. İddiaçı 1974-cü ildən etibarən əmək fəaliyyətinə başlamış, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 2979 saylı Sərəncamına əsasən Şəki Rayon Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2010-cu il tarixli 1042 nömrəli Qərarına əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək Şəki Apelyasiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3053 nömrəli Sərəncamına əsasən xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Zaqatala Rayon Məhkəməsinin sədri vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq səlahiyyətlərinə həmin tarixdən xitam verilmişdir. İddiaçının 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə 12 il 8 ay 18 gün hakim kimi iş stajı olmuşdur. İddiaçı cavabdeh orqana müraciət edərək ona sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinanın, eləcə də apelyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi yaşa görə əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Təqdim edilən sənədlərdə qeyd edilən məlumatlardan görünür ki, iddiaçının hakim kimi stajı 15 ildən az (12 il 8 ay 18 gün (xx.xx.2008-xx.xx.2021-ci il tarixlər arasındakı dövr) təşkil etdiyindən ona hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Qeyd etmək lazımdır ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.” “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyi nə əmin olmalıdır. Hazırkı mübahisəyə münasibətdə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalqhüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası) əsasən əmək pensiyası yaşına çatmış sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyası) əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1.5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.7.2.5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla ödənilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 20.7.1-ci və 20.7.2-ci maddələr yeni redaksiyada verilmişdir: “20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.”; 1.63. 20.7.3-cü maddə ləğv edilsin...”. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minib. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 109-cu maddəsinə (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyası) əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. ““Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 109-cu maddəsinin beşinci hissəsində “Azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş” sözləri “Hakimlərin,” sözü ilə əvəz edilmişdir. Beləliklə, göründüyü kimi, xx.xx.2017-ci il tarixədək, iddiaçının artıq 8 il 10 ay 24 gün hakim kimi iş stajı mövcud olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, analogiya olaraq yuxarı instansiya məhkəmələri tərəfindən təhsil dövrünün iş stajına hesablanmasına dair formalaşmış hüquqi mövqe (məhkəmə təcrübəsinə) nəzərə alınmalıdır. Belə ki, təhsil dövrlərinin iş stajına hesablanması ilə bağlı yuxarı instansiya məhkəmələrinin formalaşdırdığı mövqedə də, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməsi müəyyən edilmişdir. Yəni hüquq münasibətinə verilməli olan qiymət onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmasıdır. Həmçinin yuxarı instansiya məhkəmələri tərəfindən təhsil dövrlərinin iş stajına daxil edilməsi mübahisəli hüquq münasibəti kimi, onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələblərinin nəzərə alınmalı olduğu qiyməti verilmişdir. Müvafiq mübahisələr üzrə formalaşmış məhkəmə mövqelərində də pensiya hüququ verən dövrlərin hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bildiyi, həmçinin belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməli olduğu təsbit edilmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Həmçinin “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri nəzərə alınmaqla məhkəmə qeyd edir ki, iddiaçı hakim vəzifəsinə təyin edilərkən və müvafiq qanunvericilik aktları dəyişdirilənədək (xx.xx.2017-ci ilədək) pensiya çıxmaq üçün tələb olunan iş stajını (5 il) toplamışdır, yəni həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq hüquq münasibətinin yaranması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd edilənlər və eləcə də “qazanılmış hüquq” (qanuni gözlənti və hüquqi müəyyənlik prinsipləri) konsepsiyası nəzərə alınaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilədək qüvvədə olmuş normaları tətbiq edilməli və iddiaçıya işlədiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən hakim kimi pensiya təyin olunmalıdır. Ədliyyə Nazirliyinin iş üzrə materiallara əlavə olunmuş arayışından görünür ki, iddiaçının işlədiyi son 2 ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxması və müalicə olunması üçün müavinətlər daxil olmuş və həmin ödənişlərdən məcburi sosial sığorta haqları tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 20.7.3-cü maddəsinə əsasən 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Beləliklə, iddiaçı ona aylıq vəzifə maaşı miqdarında aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, hakimlik səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyətlə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət, müalicə ilə bağlı iki aylıq əmək haqqı miqdarında müavinət nəzərə alınmaqla ona hakim kimi əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin hüququnun yarandığı tarixdən əmək pensiyasının hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(112)-2712/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar