Məhkəmə qərarları › İş №2-1(103)-2064/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2064/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2064/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təyin edilmiş pensiya məbləğinin yenidən hesablanılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1418/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasına çıxdıqdan sonra işlədiyi müddət ərzində qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və hüquqi yardıma görə ödədiyi 100 manat pulun ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2005-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası alır. Əmək pensiyası AR Əmək və ƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. İddiaçı pensiya təyin olunduqdan sonra 2005-ci ildən bu günədək əmək fəaliyyəti ilə məşğul olub. İddiaçı 2022-ci ilin aprel ayında ərizə ilə cavabdehə müraciət edərək pensiyaya çıxdıqdan sonra işlədiyi müddət ərzində qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciətinə xx.xx.2022ci il tarixli məktubla imtina cavabı verilmişdir. İddiaçı imtinanı əsassız və qanunsuz hesab edir. Son olaraq iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, pensiyaya çıxdıqdan sonra fərdi şəxsi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 12 iyul 2005-ci il tarixində xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən onu əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 1681,20 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: - əmək pensiyasının sığorta hissəsi - 243,30 manat; - qulluq stajına görə əmək pensiyasına əlavəsi - 1437,90 manat. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən “ bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 31588,03 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 31588,03 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 150 (32360,70:150 (65 il-58 il 6 ay=78 ay+(144 ay-72 ay)=210,59 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 453,89 (243,30+210,59) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (1437,90 manat) həmin artımlar qədər (210,59 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 453,89 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 1227,31 (1437,90-210,59) manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1418/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, iddiaçı pensiyaya çıxdıqdan sonra fərdi şəxsi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayın birindən ödənilir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissəslərinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarına əsasən, əmək pensiyası təyin olunduqdan əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Göründüyü kimi, iddiaçının fərdi hesabında qeyd olunan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində Mərkəzi Filiala müraciət etdiyi tarixədək toplanmış pensiya artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Əlavə olaraq Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli Qərarı təqdim edərək qeyd etdi ki, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə əsasən yenidən hesablanmışdır. Bu zaman Qanunun 29.2-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği artımlar qədər azaldılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdi. Həmçinin, məhkəmə kollegiyasının hüquqi yardımına əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli Qərar ləğv edilməklə, pensiyaya çıxdıqdan sonra fərdi şəxsi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla əlavələr azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının hüquqi marağını nəzərə alaraq, prosessual qənaət prinsipinə əsaslanaraq təqdim edilən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul edilməsini qərara aldı. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin hallarından göründüyü kimi, iddiaçının 35 ildən çox xidmət ili üzrə stajı olmuş, xx.xx.2005-ci il tarixdə qanunvericiliyə uyğun olaraq Müdafiə Nazirliyi orqanlarından əmək pensiyasına çıxmışdır. İddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonra digər sahədə 6 ildən çox əmək fəaliyyətini davam etdirmişdir və bu hal cavabdeh tərəfindən təkzib olunmur. Cavabdeh tərəfindən İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********37 nömrəli qərara əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərara əsasən müvafiq hesablanmaya qədər 1681,20 manat olmaqla iddiaçının əmək pensiyasının sığorta hissəsi 243,3 manat, qulluq stajına əlavə 1437,90 manat olmuşdur. Hazırda iddiaçının 1681,20 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası aşağıdakı tərkibdən ibarətdir: - əmək pensiyasının sığorta hissəsi - 453,89 manat; - qulluq stajına görə əmək pensiyasına əlavə - 1227,31 manat. Göründüyü kimi, iddiaçının fərdi şəxsi hesabında yığılmış kapitalı nəzərə alınmaqla onun pensiyası yenidən hesablansa da, iddiaçının tələbinin əsası məhz yenidən hesablanma zamanı fərdi şəxsi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla qulluq stajına görə əlavələr azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması ilə bağlıdır. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunub. İddiaçının fərdi hesabında qeyd olunan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb, yəni iddiaçının fərdi hesabının sığorta hissəsində Mərkəzi Filiala müraciət etdiyi tarixədək toplanmış pensiya artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə cavab olaraq qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsi təşkil edir. Qanunvericiliyə əsasən hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Cavabdeh inzibati orqan isə Qanunun 37.3.1-ci maddəsini 29.2-ci maddə ilə birlikdə tətbiq edərək, iddiaçının əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğini həmin artımlar qədər azaltmaqla yenidən hesablayır. Qanunun 29-cu maddəsi adından da göründüyü kimi Əmək pensiyalarının indeksləşdirilməsi adlanır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01 yanvar 2023-cü ilədək qüvvədə olan 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, iddaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqi qanuni hesab edilmir. Həmçinin, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli Qanunun 1.12.2-ci bəndinə əsasən Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Bu normaya əsasən Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi ilə ziddiyət təşkil edən 29.2-ci maddəsi ləğv edildiyindən və göstərilən hal iddiaçının vəziyyətini yüngülləşdirdiyindən iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldıİmamaqla yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli Qərar iddiaçının hüquqi maraqlarına toxunduğundan ləğv edilməli, iddiaçı pensiyaya çıxdıqdan sonra fərdi şəxsi hesabında toplanan sığorta kapitalı nəzərə alınmaqla qulluq stajına görə əlavələr azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1418/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarı dəyişdirilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********7 nömrəli qərarı ləğv edilsin. İddiaçı yaşa görə əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əsasında pensiyanın sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar