Məhkəmə qərarları › İş №2-1(103)-2065/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2065/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2065/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3105/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın azaldılanadək olan məbləğinin bərpa edilməsini, artıq hesablama adı ilə tutulmuş pul məbləğinin geri qaytarılması və artıq ödəmə adı altında pul məbləğinin tutulmasının cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 09 iyul 2008-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxtdan təyin edilmiş əmək pensiyası heç bir şərt qoyulmadan ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilmiş və ödənişlərlə bağlı da cavabdeh və DSMF-nun hər hansı digər qurumu tərəfindən heç bir qeyd şərt göstərilməmişdir. Lakin cari ildən ona ödənilən pensiya məbləğindən tutulmaların aparılması məlum olmuş, bununla əlaqədar olaraq aidiyyət üzrə cavabdehə müraciət edilmişdir. Cavabdeh 16 may 2021-ci il tarixli məktubla məlumat verərək qeyd etmişdir ki, aparılmış daxili audit araşdırması nəticəsində ona təyin edilən pensiya məbləği düzgün müəyyən edilməmiş, yanlış hesablama nəticəsində artıq pensiya məbləği ödənilmişdir. Cavabdeh qeyd etmişdir ki, ona xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasında 7240,63 manat artıq pensiya məbləği ödənilmişdir. Bununla bağlı olaraq da tutulmaların aparılmasına yazılı razılığın verilməsi əks halda müvafiq tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq tədbir kimi də pensiya məbləği aşağı salınmış və pulun tutulması aparılmağa başlanılmışdır. Hesab edir ki, nə hüquqi, nə faktiki əsası olmadan qəbul edilmiş cavabdehin hərəkətləri pensiya hüququmun pozulmasına gətirib çıxarmaqla qanunvericiliyin kobud pozuntusudur. Daha sonra birinci instansiya məhkəməsi tərəfindən iddiaçının “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının 17 avqust 2021-ci il tarixli, **********8 nömrəli (7240,63 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin dövlət büdcəsinə qaytarılması barədə) qərarının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının 10 sentyabr 2021-ci il tarixli **********2 nömrəli qərarının (pul tələbinin icraya yönəldilməsi barədə) ləğv edilməsini və artıq hesablama adı ilə tutulmuş pul məbləğinin geri qaytarılması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3105/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, iddiaçıya xx.xx.2013-31 12.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7240,63 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Cavabdeh qurum tərəfindən qanunvericiliyin qeyd olunan şərtlərinə riayət edildikdən sonra artıq ödənilmiş pensiyanın geri qaytarıılması barədə qərar qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Həmçinin, cavabdehin nümayəndəsi izahatında iddiaçının əmək pensiyasının xx.xx.2022-ci il tarixli **********1 nömrəli qərar ilə yenidən hesablandığını, yenidən hesablanmış pensiya məblığinin 648,58 manat təşkil etdiyini, iddiaçı tərəfindən isə hazırda mübahisələndirilən qərarların ləğv edilmədiyini qeyd etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2065/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin “artıq hesablanma adı ilə hesablanmış pul məbləğinin iddiaçıya geri qaytarılması” hissəsində icraata xitam verilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddiaçı subyektiv hüquqa malikdir. Mübahisələndirilmə haqqında iddia tələbi ilə iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021 və xx.xx.2021-ci il tarixli qərarların ləğvini tələb etmişdir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmədə baxılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirilən qərarların iddiaçıya təqdim edilmə tarixi bəlli olmasa da, işdən aydın görünür ki, iddiaçı xx.xx.2021 və xx.xx.2021-ci il tarixli inzibati aktları xx.xx.2021-ci il tarixdə iddia qaldıraraq mübahisələndirmişdir. İddianın mahiyyəti üzrə Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi qanuni və əsaslıdır. İnzibati işdən görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Yasamal Rayon Şöbəsi tərəfindən İddiaçı xx.xx.2008-ci il tarixdən pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı ilə İddiaçı xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 7240,63 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin dövlət büdcəsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “pul tələbinin icraya yönəldilməsi haqqında” 10 sentyabr 2021-ci il tarixli **********2 nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarı (icra sənədi) icraya yönəldilməsi qərara alınmışdır. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırki işdə artıq ödənilmiş pensiya məbləğinin qaytarılması barədə qərar qəbul etməzdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2008-cı il tarixdən dövlət qulluqçusu kimi təyin edilmiş pensiya barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati akt qüvvədə olduğu halda təyin edilmiş pensiya məbləğini azaltmış və artıq ödəmə adı ilə müvafiq məbləğin iddiaçı tərəfindən ödənilməsi barədə inzibati akt qəbul etmişdir. Bu barədə iddiaçıya yalnız sonuncu inzibati akt, həmçinin həmin inzibati aktın icraya yönəldilməsi barədə inzibati akt barədə məlumat vermiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası tərəfindən inzibati işin araşdırılması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********1nömrəli qərarla iddiaçının əmək pensiyası yenidən hesablanmış, yenidən hesablanmış pensiya məbləği 648,58 manat olmuşdur. Lakin cavabdeh tərəfindən hazırda mübahisələndirilən inzibati aktlar ləğv edilməmiş, həmin inzibati aktlarda qeyd edilmiş əsaslarla bağlı olaraq azaldılmış şəkildə ödənilmiş pensiya məbləğləri bərpa edilməmişdir. Beləliklə, göstərilənlərə əsasən Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 17 avqust 2021-ci il tarixli, **********8 nömrəli (7240,63 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin dövlət büdcəsinə qaytarılması barədə) qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, yəni mövcud qanunvericiliyə əsasən nə iddiaçının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığı nədə ki, müvafiq məhkəmə qərarı olmadan qəbul edildiyindən ləğv edilməli olması, həmçinin, 17 avqust 2021-ci il tarixli, **********8 nömrəli (7240,63 manat məbləğində artıq ödənilmiş pul vəsaitinin dövlət büdcəsinə qaytarılması barədə) qərar qanunsuz olduğundan, həmin qərarın icrası ilə bağlı qəbul edilmiş 10 sentyabr 2021-ci il tarixli **********2 nömrəli qərarın da (pul tələbinin icraya yönəldilməsi barədə) ləğv edilməli olması ilə bağlı birinci instansiya məhkəməsi mövqeyi qanuni və əsaslı olmuşdur. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3105/2022 saylı, 16 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar