Məhkəmə qərarları › İş №2-1(103)-2065/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2065/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2065/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-450/2024 saylı 29 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. 441524 nömrəli xx.xx.1978-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə İddiaçı xx.xx.1978-ci il tarixdə nikah bağlamışlar. Azərbaycan SSR Ədliyyə Nazirinin verdiyi 04 oktyabr 1978-ci il tarixli 563 nömrəli əmrin və 207 nömrəli əmrin, 387 nömrəli xx.xx.1981-ci il tarixli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, X9 1 oktyabr 1978-ci il tarixdən etibarən Göyçay Rayon Məhkəməsində xalq hakimi seçilməsi ilə əlaqədar olaraq Sumqayıt Şəhəri Məhkəməsindəki xalq hakimi vəzifəsini icra etməkdən azad edilmiş, 21 iyun 1982-ci il tarixdən etibarən isə Ağsu Rayon Məhkəməsinə xalq hakimi seçilmişdir. 073777 nömrəli xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının həyat yoldaşı X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Bununla bağlı İddiaçı 1 may 2022-ci il tarixdən ailə başçısıının itirilməsinə görə əmək pensiyası təyin edilmiş və bu barədə 20 may 2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, mərhum həyat yoldaşı X6 vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1386,00 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 207,90 manat olmaqla orta aylıq əmək haqqı 1593,90 manat təşkil etdiyindən mərhuma ödənilməli olan əmək pensiyası 6 il 3 ay 20 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1593,90 manat) 80 faizi- 1275,12 manat məbləğində müəyyən edilmişdir. ƏPQ-nun 20.7-1- ci maddəsinə əsasən əmək pensiyasının mərhuma ödənilməli olan əmək pensiyasının (1275,12 manat) 80 faizi- 1020,10 manat məbləğində ailə başçısını itirməyə görə pensiya məbləği müəyyən edilərək iddiaçının müvafiq kart hesabına köçürülür. Lakin İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının mərhum həyat yoldaşının hakim kimi işləməsi ilə bağlı təyin edildiyi üçün mərhumun Göyçay və Ağsu rayonlarında işlədiyi dövrlərdə onun məhkəmə sədri olması nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin iddiaçının tələbinin təmin olunmasından imtina olunmuşdur. Bundan sonra iddiaçı qeyd olunanlarla bağlı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 14 fevral 1978-ci il tarixdə nikaha daxil olmuşdur. Onun əri X9 Azərbaycan Respublikası Prokurorluğunun 16 oktyabr 1991-ci il tarixli 514 nömrəli əmri ilə 1991-ci ildən Prokurorluq yanında xüsusilə mühim işlər üzrə müstəntiq vəzifəsində çalışmışdır. Daha sonra o, vəzifəsindəki yüksək xidmətlərinə görə Azərbaycan Respublikasının Prokurorluğu tərəfındən 13 aprel 1992-ci il tarixli əmrlə mükafatlandırılmışdır. Prokurorluğun 20 fevral 1993-cü il tarixli əmrilə prokuroluq orqanlarına daimi işə qəbul olunmuş və rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmişdir. Şəkur Kərimov hakim vəzifəsində də çalışmışdır. O, 08 fevral 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçıya mərhum ərinə əmək pensiyası yaşına çatmasa da, qanunun analogiyası tətbiq edilməklə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin olunarkən tətbiq olunmuş qanunun analogiyası prinsipi eyni qaydada tətbiq olunaraq iddiaçıya da ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmalıdır. İddiaçı tərəfindən cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 7 iyun 2022-ci il tarixli məktubla müraciət olunmuşdur. Cavabdeh təşkilatın 6 iyul 2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, mərhum ərinin vaxtilə işlədiyi vəzifə üzrə orta əmək haqqı 1.593,90 manat təşkil etmişdir. Onun 6 il 3 ay 20 gün hakim kimi iş stajına uyğun olaraq, ona orta əmək haqqının 80%-i məbləğində (1.275 manat) əmək pensiyası təyin edilmişdir. Bu əmək pensiyasının 80 faizi – 1.020 manat müəyyən edilərək müvafiq kart hesabına köçürüləcəkdir. Lakin o vaxtdan sonra iddiaçının kart hesabına heç bir məbləğ köşürülməmiş, şifahi olaraq bir neçə dəfə müvafiq quruma müraciət olunmasına baxmayaraq, hər hansı tədbir görülməmişdir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 4., 14, 18, 20-ci maddələrinə, İPM-nin 2.2.2, 14.3 və 35.1-ci maddələrinə əsaslanaraq, mərhum əri X4 hesablanmış əmək stajına əsasən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı güzəştli şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsinə aidiyyəti üzrə baxılaraq, 14 iyul 2023-cü il tarixli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərə və Baş Prokurorluğun 16 mart 2023-cü il tarixli arayışına əsasən onun əmək pensiyası prokurorluq orqanlarının sabiq əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə hesablanacağı təqdirdə 1.678,26 manatdan 1.589,51 manata azalması səbəbindən əmək pensiyasının yenidən hesablanması təxirə salınmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş şəxsin atası, anası, əri, arvadı həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61 – 80 faiz və ya 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İddiaçının mərhum əri X9 12 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Ona 1 may 2022-ci il tarixdən sabiq hakimin ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdehə müraciət edilən zaman iddiaçı ailə başçısı itiməyə görə əmək pensiyası hüququ verən yaş həddinə çatmışdır. Beləliklə, iddiaçıya ailə baçısını itirməyə görə pensiya təyin edilməsi üçün istinad olunan «Əmək pensiyaları haqqında» Qanunun 14-cü maddəsinin bütün tələbləri ödənir. Həmin Qanunun 20.1-ci maddəsində qulluq stajına görə əmək pensiyasına əlavələr təsbit olunmuşdur. Qanunun 20.1.4-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş sabiq hakimin hakimlik stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən bu Qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixdən iddiaçının mərhum ərinin vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1.988 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 298,20 manat olmaqla, orta aylıq əmək haqqı 2.286,20 manat təşkil etmişdir. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 3 ay 20 gün hakim kimi iş stajına uyğun olaraq mərhum X6 vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (2.286,20 manat) 80 faizi – 1.828,96 manat məbləğində hesablanmışdır. İddiaçının əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 20.7-1-ci maddəsinə əsasən mərhuma ödənilməli olan şərti əmək pensiyasının (1.828,96 manat) 80 faizi – 1.463,17 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına körçürülür. Həmin Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1.678,26 manata artırılaraq ödənilir. İddiaçının mərhum əri 16 oktyabr 1991-ci il tarixdən başlayaraq prokurorluq orqanlarında da işlədiyindən sözügedən orqanların sabiq əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə daha yüksək pensiya təminatına malik olmağı ehtimalı səbəbindən cavabdeh orqan tərəfindən araşdırma aparılmış və müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu göndərilmişdir. Baş Prokurorluğun 16 mart 2023- cü il tarixli arayışına əsasən mərhum X1 kateqoriyada vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1.953,50 manat, qulluq stajına görə əlavəsi 392,28 manat, rütbəyə görə əlavəsi 127 manat, digər növ əlavələri 122,58 manat olmaqla orta aylıq əmək haqqı 2.595,36 manat məbləğində hesablanmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 20.8-1, 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.8.3-cü maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»na əsasən 2022-ci ilin dekabr ayı üzrə prokurorluq orqanlarının sabiq əməkdaşının ailə üzvü kimi ailə başçısının itirməyə görə iddiaçının əmək pensiyası 1.385,80 manat məbləğində hesablanmışdır. Cari il üzrə indeksləşdirmə ilə əlaqədar iddiaçının əmək pensiyası 1.589,51 manat məbləğində müəyyən edilmişdir. İddiaçı 6 iyul 2022-ci il tarixdən sonra kart hesabına heç bir məbləğ yüklənmədiyini iddia edir. Lakin DSMF tərəfindən məhkəməyə təqdim edilən 036994 nömrəli pensiya işi və elektron pensiya alt sistemindən çıxarışa əsasən iddiaçıya 13 iyun 2022-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və 13 oktyabr 2022-ci il tarixdə əmək pensiyası yenidən hesablanmışdır. İddiaçıya münasibətdə əmək pensiyası mərhum ərinin sabiq hakim kimi deyil, prokurorluq orqanlarının sabiq əməkdaşının ailə üzvü kimi ailə başçısını itirməyə görə hesablanacağı təqdirdə 1.678,26 manatdan 1.589,51 manata qədər azalacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-450/2024 saylı 29 yanvar 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı ailə başçısının itirilməsinə görə təyin olunmuş əmək pensiyasının hüququnun yarandığı 12 fevral 2020-ci il tarixdən mərhum əri X4 vaxtilə işlədiyi məhkəmə sədri vəzifəsi üzrə əmək pensiyasına uyğun hesablanması öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 450/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı məhkəmənin gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən iddia təmin olunan hissədə ləğv edilməli, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən salanılmasını xahiş etmişdir. Həmçinin iddiaçının iddianın dəqiqləşdirilməsinə dair ərizəsini təqdim edərək, iddiaçıya ailə başçısını itirməyə görə pensiyanın hüququnun yarandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən mərhum əri X4 Göyçay və Ağsu rayonlarında xalq hakimi kimi işlədiyi müddətin məhkəmə sədri kimi işlədiyi müddət olaraq nəzərə alınmaqla təyin olunması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 20 may 2022-ci il tarixdir. İş materiallarından həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması müəyyən edilmir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası İPM-nin 73.2-ci maddəsinə əsasən iddianın vaxtında verildiyinə əsaslanaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması” barədədir. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı ailə başçısının itirilməsinə görə təyin olunmuş əmək pensiyasının hüququnun yarandığı 12 fevral 2020-ci il tarixdən mərhum əri X4 vaxtilə işlədiyi məhkəmə sədri vəzifəsi üzrə əmək pensiyasına uyğun hesablanması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarına görə, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, o, xx.xx.1978-ci il tarixdə Şəkur Kərimovla nikaha daxil olmuş, iddiaçının həyat yoldaşı xx.xx.2020-ci il tarixdə ölmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, bununla bağlı ona 1 may 2022-ci il tarixdən ailə başçısıının itirilməsinə görə əmək pensiyası təyin edilmiş və bu barədə 20 may 2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, mərhum həyat yoldaşı X6 vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1386,00 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 207,90 manat olmaqla orta aylıq əmək haqqı 1593,90 manat təşkil etdiyindən mərhuma ödənilməli olan əmək pensiyası 6 il 3 ay 20 gün hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1593,90 manat) 80 faizi- 1275,12 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin olunarkən mərhum ərinin 1978-1982-ci illərdə Göyçay rayon Xalq Məhkəməsinin, 1982-1985-ci illərdə isə Ağsu rayon Xalq Məhkəməsinin tək hakimi olduğu üçün onun sədr səlahiyyətlərini icra etdiyi nəzərə alınmamışdır. Bu barədə iddiaçı cavabdeh quruma müraciət etsə də, tələbi təmin olunmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. İddiaçı hesab edir ki, vəfat etmiş ailə başçısını itirməyə görə ona pensiya mərhum ərinin 1978-1982-ci illərdə Göyçay rayon Xalq məhkəməsində, 1982-1985-ci illərdə isə Ağsu rayon Xalq Məhkəməsində hakim işlədiyi dövrdə sədr səlahiyyətlərini icra etməsi ilə bağlı hesablamalar aparılmaqla verilməlidir. Cavabdeh inzibati orqan isə iddiaçının mərhum ərinin prokurorluq işçisi olması ilə bağlı iddiaçıya ailə başçısını itirməyə görə təyin edilən pensiya məbləğinin mərhumun hakim olması ilə bağlı təyin ediləcək pensiya məbləğindən artıq olduğuna istinad edərək və ümumiyyətlə iddiaçının mərhum ərinin müvafiq dövrlərdə məhkəmə sədri səlahiyyətlərini icra etməsi ilə bağlı ailə başçısını itirməyə görə iddiaçıya pensiyanın təyin olunmasından imtina etmişdir. Əvvəla qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Hazırki işdə iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür və onun avtomatlaşdırılmış qaydada pensiyaya çıxmaq üçün 62 yaş 6 ayı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. Həmin tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçının mərhum əri xx.xx.1949-cu il tarixdə doğulmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun vəfat etdiyi tarixə yaşı 70-dən çox olmuşdur. İddiaçı onun yaşa görə əmək pensiya hüququ yarandığını nəzərə alaraq digər növdə pensiyanın, yəni ona ailə başçısını itirməyə görə pensiyanın təyin olunması ilə bağlı cavabdeh quruma xx.xx.2022—ci il tarixdə müraciət etmişdir. Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə pensiyanın təyin olunması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Həmin təyinat zamanı cavabdeh qurum iddiaçının mərhum ərinin vəfat etdiyi tarixə hakimlik stajının 6 il 3 ay 20 gün olduğunu, əmək haqqının və ona əlavələrin hakimə hesablanmalı olması kimi nəzərə almışdır. Hazırda iddiaçı ona ailə başçısını itirməyə görə təyin edilən pensiya məbləği ilə razılaşmayaraq ona mərhum ərinin müvafiq dövrlərdə tək hakimli məhkəmədə xalq hakimi olduğu üçün sədr səlahiyyətlərini icra etməsi ilə bağlı pensiyasının yenidən hesablanıb verilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); https://e-qanun.az/framework/11566 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11- 1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3- cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Hazırki işdə iddiaçının mərhum ərinin vəfat etdiyi xx.xx.2020-ci il tarixə müvafiq iş stajının, hakimlik stajının, iddiaçının əmək pensiyasına çıxmaq üçün tələb olunan yaşının, həm də onun ailə başçısını itirməyə görə pensiya almaq hüququnun olduğu bir daha cavabdeh qurumun xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq olunur. Odur ki, həmin halların bir daha araşdırılması və bu barədə hazırki qərarda müvafiq əsaslandırmanın aparılmasına məhkəmə kollegiyası zərurət görmür. Hazırda mübahisə iddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş pensiyasının mərhum ərinin müvafiq dövrlərdə (1978-1982, 1982-1985) məhkəmə sədri işləməsi ilə bağlı pensiyaya uyğun hesablanıb ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 22 yanvar 2024-cü il tarixli 3-16- 6/2-53 nömrəli məktubunda qeyd olunmuşdur ki, Ş.Kərimov 1978 – 1982-ci illərdə Göyçay Rayon Xalq Məhkəməsinin, 1982 – 1985-ci illərdə isə Ağsu Rayon Xalq Məhkəməsinin hakimi işləmişdir. Hazırda qüvvədən düşmüş Azərbaycan SSR Ali Sovetinin «Azərbaycan SSR məhkəmə quruluşu haqqında» 1960-cı il 8 dekabr tarixli Qanununun 26-cı maddəsinə görə xalq məhkəməsi tərkibinə bir neçə xalq hakimi seçilmiş rayonlarda (şəhərlərdə) rayon (şəhər) zəhmətkeş deputatları Soveti seçilmiş xalq hakimlərindən birini müvafiq surətdə Azərbaycan SSR Ali Məhkəməsi, Naxçıvan MSSR Ali Məhkəməsi və ya X11 Vilayəti Vilayət Məhkəməsi sədrlərinin təqdim etməsi ilə baş xalq hakimi təsdiq edir. «Azərbaycan SSR məhkəmə quruluşu haqqında» Azərbaycan SSR Ali Sovetinin hazırda qüvvəsini itirmiş 1981-ci il 16 iyun tarixli Qanununun 25-ci maddəsinin ikinci hissəsində isə qeyd olunur ki, rayon (şəhər) xalq məhkəməsinə bir xalq hakimi seçildikdə, o, rayon (şəhər) xalq məhkəməsi sədrinin səlahiyyətlərini həyata keçirirdi. Sözügedən məsələ ilə bağlı müvafiq sorğuya əsasən bundan əvvəl DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına cavab ünvanlanmışdır. Bununla bağlı işə baxmış birinci instansiya məhkəməsi iddiaçıya ailə başçısını itirməyə görə təyin olunmuş pensiyanın mərhum ərinin 1978-1982 və 1982-1985-ci illərdə məhkəmə sədri vəzifəsi üzrə əmək pensiyasına uyğun hesablanması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması qənaətinə gəlmişdir. Lakin həmin məsələ cavabdeh qurum tərəfindən apellyasiya şikayəti verilməklə yenidən mübahisələndirildiyi üçün apellyasiya baxışı zamanı bu məsələyə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müvafiq sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli məktubla bilidirilmişdir ki, hakim Şəkur Kərimov 1978-1982-ci illərdə Göyçay Rayon Xalq Məhkəməsində, 1982-1985-cı illərdə isə Ağsu Rayon Xalq Məhkəməsində işlədiyi dövrlərdə tək hakim olmuşdur. Qüvvədən düşmüş Azərbaycan SSR Ali Sovetinin «Azərbaycan SSR məhkəmə quruluşu haqqında» 1960-cı il 8 dekabr tarixli Qanununun 26-cı maddəsinə görə xalq məhkəməsi tərkibinə bir neçə xalq hakimi seçilmiş rayonlarda (şəhərlərdə) rayon (şəhər) zəhmətkeş deputatları Soveti seçilmiş xalq hakimlərindən birini müvafiq surətdə Azərbaycan SSR Ali Məhkəməsi, Naxçıvan MSSR Ali Məhkəməsi və ya X11 Vilayəti Vilayət Məhkəməsi sədrlərinin təqdim etməsi ilə baş xalq hakimi təsdiq edir. «Azərbaycan SSR məhkəmə quruluşu haqqında» Azərbaycan SSR Ali Sovetinin hazırda qüvvəsini itirmiş 1981-ci il 16 iyun tarixli Qanununun 25-ci maddəsinin ikinci hissəsinə görə, rayon (şəhər) xalq məhkəməsinə bir xalq hakimi seçildikdə, o, rayon (şəhər) xalq məhkəməsi sədrinin səlahiyyətlərini həyata keçirməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının mərhum ərinin 1978-1982 və 1982-1985-ci illərdə məhkəmə sədri işləməsi ilə bağlı, yəni buna uyğun pensiyasının hesablanmasını tələb etməkdə haqlıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edərək, iddiaçıya qeyd olunan qaydada pensiyanın hesablanması və bu hesablamanın iddiaçının hüququnun yarandığı tarixdən, yəni həyat yoldaşının vəfat etdiyi “xx.xx.2020-ci il tarixdən” aparılması qənaətinə gəlmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əvvəla iddiaçının mərhum həyat yoldaşının vəfat etdiyi tarix xx.xx.2020-ci il tarix deyil, xx.xx.2020-ci il tarix olmuşdur (bu barədə ölüm haqqında şəhadətnamədə qeyd olunub i.v.6). Digər tərəfdən, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün əvvəlcə onun pensiya yaşına çatdığı tarix nəzərə alınmalı, yəni ilkin olaraq iddiaçının özünün əmək pensiya yaşına çatıb-çatmadığı, çatdığı halda onun belə yaşa çatması ilə bağlı pensiya təyin olunduğu halda onun digər növdə pensiya təyin olunmasını tələb etmək hüququnun olub-olmadığı araşdırılmalıdır. Hazırki işdən görünür ki, iddiaçının mərhum ərinin vəfat etdiyi xx.xx.2020-ci il tarixdə iddiaçı ona avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin olunması üçün müəyyən edilmiş yaş həddinə (62 yaş 6 ay) hələ çatmamışdı, onun tələb olunan 62 yaş 6 ayı xx.xx.2022-ci il tarixdə tamam olduğu üçün əmək pensiyası da cavabdeh qurum tərəfindən məhz həmin tarixdən təyin olunmuşdur. Odur ki, iddiaçının arzusu ilə ona istədiyi qaydada ailə başısını itirməyə görə əmək pensiyasının təyin olunacağı tarix ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunduğu, yəni pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən daha əvvəlki tarix ola bilməz. İddiaçının ona ailə başçısını itirməyə görə pensiya təyin olunması ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizə verməsi və həmin ərizəsi nəzərə alnmaqla cavabdeh qurum tərəfindən ona xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunduğu (xx.xx.2022-ci il tarixli qərarla), lakin belə təyinat aparılarkən iddiaçının mərhum ərinin müvafiq dövrlərdə (1978-1982, 1982-1985) məhkəmə sədri olması nəzərə alınmaqla hesablamaların aprılmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya mərhum ərinin müvafiq dövrlərdə məhkəmə sədri vəzifəsində işləməsi nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanıb ödənilməsi iddiaçının hüququnun yarandığı tarixdən- xx.xx.2022-ci il tarixdən həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Lakin nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, işə birinci instansiya qaydasında baxan məhkəmə “iddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın mərhum ərinin müvafiq dövrlərdə məhkəmə sədri vəzifəsində işləməsi nəzərə alınmaqla hesablanması” qənaətinə gələrkən bu zaman ailə başçısını itirməyə görə pensiyanın (mərhum ərinin hakim olmasına görə) iddiaçıya xx.xx.2022-ci il tarixdən təyin edildiyini, buna görə də yenidən hesablama aparılacağı halda (mərhumun məhkəmə sədri olması ilə bağlı) iddiaçının yalnız müvafiq dövrlə bağlı hesablanan əmək pensiyası ilə hesablanmalı olan pensiya məbləği arasındakı fərq məbləğini tələb etmək hüququnun olduğunu nəzərə almamışdır. Həmçinin birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qəranının nəticəvi hissəsində yalnız müvafiq qaydada pensiyanın hesablanması öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulduğunu göstərmişdir. Bu zaman məhkəmə nəzərə almamışdır ki, iddiaçının hüquqi marağı müvafiq pensiya məbləğinin (əslində yaranan fərqin) nəinki hesablanması, həm də onun ödənilməsinə yönəlmişdir. Əks təqdirdə yaranmış fərq məbləği olsa belə, onun yalnız hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiaçının hüquqi marağını tam əhatə etmiş olmur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının onun hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən mərhum ərinin müvafiq dövrlərdə (1978-1982, 1982-1985) işlədiyi məhkəmə sədri vəzifəsi nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı mübahisəyə həm də Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Qeyd etmək lazımdır ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.” “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Hazırkı mübahisəyə münasibətdə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalqhüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Lakin yuxarıda qeyd olunan halların birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması maddi və prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilir ki, bu da məhkəmə qərarının ləğv edilməsi üçün əsas yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 450/2024 saylı 29 yanvar 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi iddiaçının nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəyə uyğun təmin olunmalı, iddiaçıya ailə başçısının itirilməsinə görə təyin olunmuş əmək pensiyasının mərhum əri X4 müvafiq dövrlərdə (1978-1982, 1982-1985) məhkəmə sədri kimi işlədiyi müddət nəzərə alınmaqla, hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyumalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-450/2024 saylı 29 yanvar 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı iddia tələbi apellyasiya baxışı zamanı verilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəyə uyğun təmin olunsun. İddiaçı ailə başçısını itirməyə görə təyin olunmuş əmək pensiyasının mərhum əri X4 müvafiq dövrlərdə (1978-1982, 1982-1985) məhkəmə sədri kimi işlədiyi müddət nəzərə alınmaqla, hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar