Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2065/2025 04.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “tikintiyə icazə verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasında yerləşən 300 kv.m torpaq sahəsində qeyri-yaşayış obyektinin bərpasına və qeyri-yaşayış obyektinin eskiz layihəsinə uyğun tikilməsinə icazə verilməsi öhdəliyinin və tikinti işlərinin aparılması üçün xüsusi nişan verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-777/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı adına istifadə hüququ ilə qeydiyyata alınmış Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 30/42 və 34/67 saylı binaların arasındakı 0.03 ha ölçüdə torpaq sahəsində qeyri-yaşayış binasının tikintisi ilə bağlı müraciət üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Hazırda cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın iddia tələbinin qismən təmin edildiyi hissədə ləğv edilməsi və iddianın tam rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, icraatın bütün iştirakçıları kimi cavabdehə münasibətdə də şikayət verə bilmək hüququnun yaranması üçün həlledici şərt mövcud olmalıdır - qəbul edilmiş məhkəmə qərarı ilə cavabdehin tələblərinin təmin olunmaması halı baş verməlidir. Bu zaman, dəqiqləşdirilməli olan məqam ondan ibarət olmalıdır ki, məhz hansı hallarda qəbul edilmiş məhkəmə qərarları cavabdehlərə münasibətdə onların “tələblərinin təmin olunmaması” vəziyyətini yaratmış olur. «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.” Birinci instansiya məhkəməsi qərarda qeyd edir ki, “… qanun inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, öz səlahiyyətləri və imkanları daxilində inzibati orqanların bir-birinə hüquqi yardım göstərməsini nəzərdə tutur, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçinin üzərinə öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. Qeyd olunanları işin faktiki halları ilə müqayisə etdikdə müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı “İnzibati icraat haqqında” Qanunun, eləcə də Şəhərsalmma və Tikinti Məcəlləsinin yuxarıda sadalanan tələblərinə formal yanaşılmaqla lazımınca əməl olunmamışdır. … Hazırkı halda cavabdeh orqanın imtina məktubunda tikintiyə icazə verilməsindən imtina üçün gətirdiyi dəlillərin hüquqi əsası olmamaqla bu imtina iddiaçının hüquq və qanuni mənafeyini pozmuşdur. İddiaçının müraciəti ilə bağlı əlavə araşdırmanın aparılması zəruridir və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün deyildir. Belə ki, inzibati məhkəmə nəzarətinin məqsədi inzibati orqanın yerinə inzibati icraat aparmaq deyil, əsaslandırılmış inzibati icraatın qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Eyni zamanda məhkəmə qeyd edir ki, əgər inzibati orqan yuxarıda sadalanan Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından tikintiyə icazə verilməsi, tikiləcək obyektin layihəsinin şəhərsalma əsaslandırmasını yoxlanılmasını və ya yenidən razılaşdırılmasını tələb edirsə bu halda cavabdeh “İnzibati icraat haqqında” Qanunun 15, 19, 24-cü maddələrinə əsasən sənədlərin toplanılması və araşdırılması ilə bağlı iddiaçı tərəfə yardım etməklə yeni inzibati icraat aça, yeni icraat zamanı Qanunla tələb olunan layihə və əsaslandırmanı qəbul edərək yoxlama apara bilər”. Göründüyü kimi, hazırkı mübahisə birinci instansiyası məhkəməsi tərəfindən mahiyyəti üzrə həll edilməmiş, inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına hər hansı məhkəmə qərarı qəbul olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məzmunda qərar qəbul edilməsi inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına şərh oluna bilməz. Odur ki, cavabdehin birinci instansiyası məhkəməsinin hazırkı qərarından apellyasiya şikayəti vermək hüququ da istisna edilir. Bu baxımdan, barəsində şikayət verilən məhkəmə aktından cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, birinci instansiyası məhkəməsinin qərarından apellyasiya şikayəti vermək üçün İPM-in 81.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qərardan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyasının yuxarıda nəzərdə tutulan nəticəyə gəlməsi analoji işlər üzrə Azərabaycan Respublikasının Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsindən irəli gəlir. Belə ki, Azərabaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 1108/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadının qəbul edilməsilə nəticələnən işin mahiyyətindən müəyyən olur ki, cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlbolunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 81, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-777/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2065/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2065/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver