Məhkəmə qərarları › İş №2-1(103)-2066/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2066/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2066/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10145/2022 nömrəli 21 noyabr 2022-ci il tarixli qərarından cavabdeh verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək "xxxx" ATSC-də karamel sexinin maşinisti vəzifəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona xx.xx.2021-ci il tarixdən, 63 il 6 ay müddətdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona 61 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-10145/2022 nömrəli 21 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 61 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin tarixdən hesablanaraq fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə Gəncə şəhərində anadan olmuşdur. İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. xx.xx.2021-ci il tarixdə əlilliyinin müddəti bitdiyindən yaşa görə əmək pensiyasının tayin edilməsi üçün xx.xx.2021-ci il tarixdə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan iddiaçının yeterli pensiya kapitalının olmaması səbəbindən, eləcə də onun 25 ildən az (22 il 03 ay 01 gün) sosial sığorta stajı olduğundan İddiaçı yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Belə ki, mübahisələndirilən dövr iddiaçının "xxxx" ATSC-də işlədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrüdür. Həmin dövrün staja daxil edilməməsinə səbəb isə müəssisəyə verilən sorğu zamanı iddiaçının orada çalışmasıyla bağlı məlumatların aydın olmamasıdır. Qeyd edilən müəssisənin xx.xx.2021-ci il tarixli 31 nömrəli sorğuya cavabından da görünür ki, müəssisə iddiaçının həmin fabrikdə işləməsinə dair məlumatların təqdim edilməsindən imtina etmişdir. Cavabdeh orqan "xxxx" ASC-ə iddiaçının adıçəkilən müəssisədə işləməyi ilə bağlı məlumatların təqdim edilməsi barədə yazılı müraciət etmişdir. Lakin müəssisə sorğuya cavab verməkdən imtina etmişdir. Bunun nəticəsində, cavabdeh orqan iddiaçının həmin müəssisədə işlədiyi illər ilə əlaqədar araşdırma apara bilmədiyindən həmin dövrü staja daxil etməkdən imtina etmişdir. Belə ki, həmin müəssisədə keçirilən qarşılıqlı yoxlama zamanı məlum olmuşdur ki, həmin müəssisədə iddiaçının əmək haqqı cədvəlləri mövcud deyil. Belə olan halda, həmin dövrün staja daxil edilməsi cavabdeh orqanın imkanı xaricindədir. Odur ki, iş üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərar qanunsuz hesab edilməlidir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 04 aprel 2022-ci il tarixli, **********2 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubda qeyd olunur: Təqdim etdiyiniz xx.xx.1981-ci il tarixində adınıza açılmış İT-İ №0456054 saylı əmək kitabçanıza əsasən sığorta stajınız 22 il 3 ay təşkil edir ki, qanunla tələb olunan sığorta stajından (25 ildən) azdır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Əlavə olaraq bildiririk ki, xx.xx.1981-ci il tarixli İT-İ №0456054 saylı əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmış, bu məqsədlə Gəncə-Qənnadı" ASC-yə yazılı müraciət edilmişdir. Lakin sözügedən müsəssisə özündə saxlanılan arxiv sənədlərini təqdim etməkdən imtina etmişdir. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, əmək kitabçanızda xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək qeyd olunmuş "xxxx" ATSC-nin arxiv sənədləri X10 filialına təhvil verilməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər (xx.xx.1998xx.xx.2003-cü il üzrə) əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddəyə əsasən Sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1976-cı il tarixdə “Kirovabad Çörək-Qənnadı” fabrikində karamel sexinə köməkçi vəzifəsinə qəbul olunmuş, xx.xx.1981-ci il tarixdə maşinist vəzifəsinə keçirilmişdir, xx.xx.1985-cı il tarixdə “Kirovabad Çörək-Qənnadı” fabrikinin adı “Kirovabad Qənnadı” fabrikinə dəyişdirilmiş, xx.xx.1986-cı il tarixdə həmin sexdə 3-cü dərəcəli karamelçi vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı il tarixdə maşinist vəzifəsinə keçirilmişdir, Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 714 nömrəli əmrinə əsasən "xxxx" fabriki "xxxx" X12 Cəmiyyəti adlandırılmışdır, xx.xx.2003-cü il tarixdə ƏM-in 69-cu maddəsinə uyğun olaraq öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 12 oktyabr 2022-ci il tarixli məktubda bildirilmişdir ki, "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 981 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş X7 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən xx.xx.1998-ci il tarixinə hazırlanmış sənədlərə əsasən bildirilir ki, müraciətdə qeyd olunan iddiaçı X2 adı əmək kollektivinin üzvü kimi (vəzifəsi - karamelçi, işə qəbul tarixi -xx.xx.1976-cı il) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məhkəməyə ünvanlanmış məktubunda bildirilmişdir ki, elektron uçotməlumat bazasına əsasən X5 Səhmdar Cəmiyyəti (VÖEN: **********) dövlət qeydiyyatı xx.xx.1998-ci il tarixli D-2847 nömrəli sənədlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır və hazırda fəaliyyəti aktivdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X4 xx.xx.1994-cü ildə nikahlarını bağlamışlar, nikah bağlanandan sonra qadına Məmmədova soyadı verilmişdir. Həmin məktuba əlavə edilmiş DSMF Gəncə şəhər Nizami rayon şöbəsinin və Gəncə- Qənnadı ATSCnin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2014-cü il tarixli yoxlama aktının surətindən görünür ki, İbrahimova (Məmmədova) Naidə Musa qızının adına verilmiş sığorta stajı qarşılıqlı yoxlanılarkən aşkar edildi: Yoxlama zamanı heç bir qanunauyğunsuzluq aşkar edilmədi. Məlum oldu ki, X4 xx.xx.1976-cı ildə 125 nömrəli əmrlə işə qəbul edilmiş, xx.xx.2003-cü ildə 1 nömrəli əmrlə işdən azad edilmişdir. Məlumatlar əmrlər kitabına əsasən yoxlanılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2018 - 30 iyun 2019-cu il üzrə qadınlara pensiya təyin edilməsi üçün yaş həddi 61 ildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1958-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun xx.xx.2019-ci il tarixdən (61 il ), “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının 22 il 03 ay ümumi staja malik olması cavabdeh tərəfindən mübahisələndirilmir, lakin iddiaçının "xxxx" ATSC-də işlədiyi dövrlər üzrə əmək stajı cavabdeh tərəfindən mübahisələndirilir və cavabdehin qənaətinə görə həmin dövrlər üzrə sənədlərin arxivə təhvil verilməməsi səbəbindən həmin dövrlər iddiaçının əmək stajına daxil edilə bilməz. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bundan başqa, müəssisəinin sənədlərinin arxivə təhvil verilməməsinə görə iddiaçı cavabdehlik daşımır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 12 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 981 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş X7 bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən xx.xx.1998-ci il tarixinə hazırlanmış sənədlərə əsasən iddiaçı X2 adı əmək kollektivinin üzvü kimi (vəzifəsi - karamelçi, işə qəbul tarixi -xx.xx.1976-cı il) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. Bundan başqa, iddiaçıya ilkin olaraq əlilliyə görə əmək pensiyası təyin edilərkən cavabdeh tərəfindən onun işlədiyi dövrlər yerində yoxlanılmış və xx.xx.2014-cü il tarixdə yoxlama aktı tərtib edilmişdir. DSMF Gəncə şəhər Nizami rayon şöbəsinin və Gəncə- Qənnadı ATSCnin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş xx.xx.2014-cü il tarixli yoxlama aktından görünür ki, İbrahimova (Məmmədova) Naidə Musa qızının adına verilmiş sığorta stajı qarşılıqlı yoxlanılmış, yoxlama zamanı heç bir qanunauyğunsuzluq aşkar edilməmiş, məlum olmuşdur ki, X4 xx.xx.1976-cı ildə 125 nömrəli əmrlə işə qəbul edilmiş, xx.xx.2003cü ildə 1 nömrəli əmrlə işdən azad edilmişdir, məlumatlar əmrlər kitabına əsasən yoxlanılmışdır. Qeyd olunan sənədlərin də mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər də iddiaçının ümumi stajına daxil edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ümumi stajı 25 ildən çoxdur (xx.xx.1976-xx.xx.2003 – cəmi 26 il 3 ay 6 gün). Göründüyü kimi, iddiaçının xx.xx.2019-cu il tarixdən (61 il) əmək pensiyası hüququ yaranmış və həmin tarixədək iddiaçı 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10145/2022 nömrəli 21 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar