Məhkəmə qərarları › İş №2-1(103)-2067/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2067/2022

17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2067/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1517/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı Cavabdeh artıq ödənilmiş 13108,68 manat pensiya məbləğinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1517/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1517/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1517/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, olan cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla Cavabdeh pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən Cavabdeh xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya xx.xx.2012-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. İş materiallarından görünür ki, Cavabdeh əmək pensiyasının ödənişinin dayandırılması onunla əsaslandırılmışdır ki, Cavabdeh 5 sentyabr 1977-ci il tarixli ИTİ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1988-xx.xx.2005-ci il və xx.xx.2005xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər ərzində Respublika Gigiyena və Epidemiologiya mərkəzinin “Xüsusi Təhlükəli İnfeksiyalar” laboratoriyasında sanitarka və xadimə vəzifələrində işlədiyi müəyyən edilmişdir. Onun işlədiyi sanitarka və xadimə vəzifələri yuxarıda qeyd olunan orta tibb heyəti və kiçik tibb heyətinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göründüyü kimi, ona xx.xx.2012-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi ilə Cavabdeh artıq ödənilmiş 13108,68 manat pensiya məbləğinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixə qədər ümumi stajının 20 ildən çox olması iddiaçı tərəfindən mübahisələndirilmir. İddiaçı tərəfindən mübahisələndirilən hal həmin dövrün ən azı 10 ilinin güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi, yəni iddiaçının işlədiyi peşələrin işlədiyi sanitarka və xadimə vəzifələri yuxarıda qeyd olunan orta tibb heyəti və kiçik tibb heyətinə aid olmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, 19 iyun 2017ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 noyabr 2004-cü il tarixli 22 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X2”nın və 19 iyun 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X2”na əsasən sanitar qadın (sanitarka) peşəsi kiçik tibb heyətinə aiddir. Həmçinin, iş materiallarında olan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2015-ci il tarixli arayışında göstərilmişdir: “Verilir, X1, ondan ötrü ki, o həqiqətən Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzində Xüsusi Təhlükəli İnfeksiyalar laboratoriyasında xx.xx.1988-ci il tarixdən (xx.xx.1999-cü il tarixli 528 k№- əmr) xx.xx.2015-ci il tarixədək (xx.xx.2005-ci il tarixli 879 saylı əmr) sanitarka vəzifəsində işləmişdir. Səhiyyə Nazirliyinin xx.xx.2005-ci il tarixli 130 saylı əmrinə əsasən Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin ləğv edilməsi ilə əlaqədar xx.xx.2005-ci il tarixdən (xx.xx.2005-ci il tarixli 84k saylı əmr) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar laboratoriyasında xx.xx.2012-ci il tarixədək (xx.xx.2012-ci il tarixli 23№-li əmr) xadimə vəzifəsində işləyib. Azərbaycan Respublikasının Bakı şəhər və Respublika Gigiyena və Epidemiologiya Mərkəzlərində işləyən müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 yanvar 2004-cü ilin 2 saylı qərarına görə əmək haqqına əlavə 80% ödənilib və xx.xx.2007-ci ilin 12 saylı qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 19 hissəsinin “a” bəndinə əsasən Xüsusi Təhlükəli İnfeksiyalar laboratoriyasının vəzifələri həmin siyahıya salınmışdır. Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli 42№-li əmrinə əsasən Xüsusi Təhlükəli İnfeksiyalar laboratoriyasının ştat vahidləri ilə X3 strukturuna daxil edilmişdir.” İş materiallarından görünür ki, S.İmaməliyev adına X3 xx.xx.2015-ci il tarixli Arayışında göstərilmişdir: “Verilir, Cavabdeh, ondan ötrü ki, o həqiqətən Respublika Taun Əleyhinə Stansiyada xx.xx.2012-cü il tarixindən hal-hazıra kimi xadimə vəzifəsində çalışır. Respublika Taun Əleyhinə Stansiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli 320 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına salınmışdır. Həmin qərara əlavə edilmiş 2 saylı siyahının XXİV bölməsinin (Səhiyyə və Sosial Təminat idarələri) 22600000- 1754 şifrinə əsasən tauna qarşı idarələrdə məşğul olan bütün işçilər güzəştli şərtlərlə pensiya hüququna malikdirlər.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXİV. Səhiyyə və sosial təminat idarələri” bölməsində “a) vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində kiçik tibb heyəti” (kod 2260600a) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “19. Tibb və sosial təminat müəssisələri” bölməsində “a) vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində: orta tibb heyəti və kiçik tibb heyəti” nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. xx.xx.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası düzgün olaraq təyin edilmiş və ödənilmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Beləliklə, məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq vurğulayır ki, sadalanan qanunvericilik aktları işin faktiki hallarına uyğun gəldiyindən, Cavabdeh 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, həmçinin iddiaçının işlədiyi sanitar qadın (sanitarka) peşəsi kiçik tibb heyətinə aid olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulduğundan, iddiaçının hazırkı iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1517/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar