Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2067/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya təyin edilmiş əmək pensiyasının bərpa edilməsi, ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi, mənəvi ziyanın ödənilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4588/2023 nömrəli 20 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, 2020-ci ilin oktyabr ayından hazırki iş üzrə qərar qanuni qüvvəyə minənədək yığılmış və qanunsuz olaraq ödənilməmiş əmək pensiyası vəsaitinin iddiaçıya birdəfəlik şəkildə ödənilməsi, cavabdeh tərəfindən iddiaçının əmək pensiyası ödənişinin qanunsuz olaraq dayandırılması ilə ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyana görə 5.000 (beş min) manat məbləğdə pul vəsaitinin kompensasiya olaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) e-2-1(112)-4588/2023 nömrəli 20 fevral 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mübahisəsiz faktiki hallarından göründüyü kimi, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-ci ildən xx.xx.2006-cı ilədək “Suraxanıneft” NQÇİ-də quyuların yeraltı təmiri üzrə usta vəzifəsində xüsusilə zərərli işlərdə çalışıb. Onun 25 (iyirmi beş) ildən artıq ümumi əmək stajı mövcuddur. Buna görə də xx.xx.2014-cü il tarixdən (57 yaşdan etibarən) iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Daha sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Suraxanıneft” NQÇİ-də (keçmiş “Orconikidzeneft”) quyuların yeraltı təmiri üzrə usta vəzifəsində xüsusilə zərərli işlərdə çalışdığı dövrün iş stajının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli qərar, xx.xx.1993-cü il), “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2007-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2-1(82)-2478/2015 saylı Qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmədiyi üçün, sözügedən Qərar 24 avqust 2015-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin vaxtdan, yəni 2015-ci ilin sentyabr ayından 2020-ci ilin oktyabr ayınadək iddiaçının əmək pensiyası vaxtı-vaxtında ödənilib. Lakin 2020-ci ilin oktyabr ayından etibarən onun əmək pensiyasının ödənişi naməlum səbəblərdən, hər hansı əsas gətirilmədən dayandırılmışdır. Nəticədə o, faktiki olaraq gəlirsiz qalıb və bununla da iddiaçının qanunla nəzərdə tutulmuş pensiya təminatı hüququ pozulub. Bunun səbəbini öyrənməkdə maraqlı olan iddiaçı dəfələrlə şifahi və yazılı qaydada Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna (DSMF), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, habelə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə müraciət etmişdir. Buna baxmayaraq, adıçəkilən qurumlar tərəfindən məsələ ilə bağlı hər hansı tədbir görülməmişdir. Belə ki, nə iddiaçının əmək pensiyasının ödənilməsinin dayandırılması səbəbi açıqlanıb, nə əmək pensiyası bərpa edilib, nə də 2020-ci ilin oktyabr ayından bugünədək ödənilməmiş pensiya miqdarı ödənilmişdir. İddiaçı 2020-ci ilin iyul ayında xərçəng xəstəliyinə tutulub. O, dəfələrlə əməliyyat olunub. Hazırda da bu ağır xəstəlikdən əziyyət çəkir və çoxsaylı kimyaterapiyalar almaq məcburiyyətində qalır. Artıq 2 ildir ki, iddiaçının müalicə xərcləri gün-gündən artaraq davam etməkdədir. Bu isə onun maddi ehtiyaclarının sonsuz olduğuna dəlalət edir. Nəhayət, iddiaçı təkrar xx.xx.2022-ci il tarixdə rəsmi ərizə ilə DSMFə müraciət edərək, onun əmək pensiyası ödənişinin hansı əsasla dayandırılması barədə məlumat verilməsini, həmin tarixdən ərizə ilə müraciət edilənədək yığılmış və ödənilməmiş əmək pensiyası vəsaitinin birdəfəlik ödənilməsini və iddiaçının əmək pensiyasının bərpa edilməsini tələb edib. Buna cavab olaraq, cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli, **********4 saylı rəsmi cavab məktubu ünvanlanıb. Məktubun mətnində iddiaçının pensiya hüququnun təsbiti ilə bağlı şübhələr yarandığı deyilsə də, bu şübhələrin nədən ibarət olması, habelə həmin şübhələrin əsasında hansı faktın dayanması qeyd edilməyib. Digər bir tərəfdən, məktubda qeyd edilənlərə dair iddiaçı tərəfindən dəfələrlə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilib. Bu işin qeyri-müəyyən olması ilə bağlı ona şifahi məlumatlar verilib. Qaldı ki, cavabdeh tərəfindən iddiaçıya qarşı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət edilməsinə, Bakı İnzibati Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qərarı ilə mübahisəyə düzgün hüquqi qiymət verilərək icraatın mümkünsüz olduğu qənaətinə gəlinib. Belə ki, təqdim edilmiş ərizənin dəlilləri əsassız hallara söykənməklə yanaşı, həm də həmin ərizənin təqdim edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət ötürülüb. Yuxarıda qeyd edilən hüquqi və faktiki halların işığında görünən odur ki, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının pensiya haqqı ödənişini dayandırıb. Təəssüf ki, cavabdehin hüquqazidd bu əməli hələ də davam etməkdədir. Bu isə öz növbəsində iddiaçının hüquq və qanuni mənafelərinin kobud şəkildə pozulmasına səbəb olur. Odur ki, başqa çıxış yolu qalmayan iddiaçı məcburi şəkildə düşürüldüyü çarəsiz durumuna son vermək üçün əmək pensiyasının bərpası, ödənilməmiş əmək pensiyası vəsaitinin birdəfəlik ödənilməsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Təəssüf ki, məhkəmə işin həqiqi hallarına düzgün hüquqi qiymət verməyib. Nəticədə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-4588/2023 saylı qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınıb. İşə baxan məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edib. Halbuki, bu, tamamilə absurd qənaət olmaqla, iddiaçının məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılmasına xidmət edir. İşin təkzibedilməz faktiki hallarından məlumdur ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2-1(82)-2478/2015 saylı Qərarı ilə iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Suraxanıneft” NQÇİ-də (keçmiş “Orconikidzeneft”) quyuların yeraltı təmiri üzrə usta vəzifəsində xüsusilə zərərli işlərdə çalışdığı dövrün iş stajının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli qərar, xx.xx.1993-cü il), “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2007-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulub. Başqa sözlə, iddiaçının pensiyası müvafiq məhkəmə qərarı əsasında yenidən hesablanaraq artıma məruz qalıb. Həmin vaxtdan 2020-ci ilin oktyabr ayınadək ilk icraat üzrə iddiaçının əmək pensiyası vaxtı-vaxtında ödənilib. Lakin 2020-ci ilin oktyabr ayından etibarən onun əmək pensiyası ödənişi hər hansı əsas gətirilmədən dayandırılıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2-1(82)-2478/2015 saylı Qərarı hələ də qanuni qüvvədədir. Lakin buna baxmayaraq, iddiaçının 2020-ci ilin oktyabr ayından bəri qanunsuz və əsassız olaraq ödənilməsi dayandırılan əmək pensiyası verilməməkdə davam edir. Başqa sözlə, cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəmənin yekun və qanuni qüvvəli qərarını gözardı edərək, qanunsuz əməllərinə davam edir. Bu isə birbaşa olaraq iddiaçının hüquq və qanuni mənafelərinin kobud şəkildə pozulmasına səbəb olur. İddiaçı cavabdehin qanunsuz əməllərinə son qoyulması üçün çıxış yolunu universal müdafiə vasitəsi olan məhkəməyə müraciət etməkdə görüb. Lakin işə baxan məhkəmə mübahisəyə tamamilə fərqli mövqedən yanaşaraq, iddianın hüquqi mahiyyətindən uzaq qərardad qəbul edib. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)- 4588/2023 saylı qərardadının 5-ci səhifəsinin 2-ci abzasında qeyd edilib ki, ... iddiaçıya təyin edilmiş əmək pensiyası ödənişinin dayandırılması barədə cavabdeh inzibati orqanın ayrıca qərarı qəbul olunduğu halda, iddiaçı onu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Lakin hazırkı halda belə qərarın mövcudluğu müəyyən edilmir. Məhkəmənin bu qənaəti heç cür başadüşülən deyil. Ümumiyyətlə, qərarda qeyd edilən bu fikrin nəyə xidmət etdiyini hər hansı məntiq işığında anlamaq mümkün deyil. Çünki cavabdeh inzibati orqan özü iddiaçıya göndərdiyi rəsmi məktubunda da onun pensiyasının guya hansısa şübhələr əsasında rəsmi qaydadada dayandırıldığını açıq şəkildə ifadə edir. Təbii ki, bu, inzibati orqanın hər hansı aktı və ya onun vəzifəli şəxsinin rəhbər göstərişi əsasında baş verib. Belə olan halda iddiaçının iddiasının əsası cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və iddiaçının pozulmuş hüquqlarının məhkəmədə müdafiəsidir. Lakin işə baxan məhkəmə iddiaçının pozulmuş hüquq və qanuni mənafeyinə biganə qalaraq, işin mahiyyətindən kənar qanunsuz və ədalətsiz qərardad qəbul edib. İnzibati məhkəmə vətəndaşların hüquq və azadlıqlarına toxunan, məhdudlaşdıran və ya ləğv edən hər hansı inzibati orqanın istənilən qərarından, hərəkət və ya hərəkətsizliyindən verilən şikayətləri araşdırmalıdır. Bundan başqa, mövcud qanunvericilik bu tip şikayətlərə baxılması üçün vətəndaşdan mütləq şəkildə hər hansı yazılı inzibati aktın əldə edilməsi və mütləq şəkildə məhkəməyə təqdim edilməsini tələb etmir. Cavabdeh inzibati orqan özünün xx.xx.2022-ci il tarixli, **********4 saylı rəsmi cavab məktubunda müvafiq inzibati akta və ya inzibati göstərişə istinad edilərək, bəyan edir ki, guya pensiyanın hesablanması üçün müəyyən şübhələr yarandığı üçün iddiaçının pensiyası qəsdən dayandırılıb. Halbuki, iddiaçının əmək pensiyası ödənişinin dayandırılmasının heç bir hüquqi və qanuni əsası yoxdur. Buna əsas verən hər hansı qərar həqiqətən də mövcud deyil. Bu da iddiaçının öz mövqeyində haqlı olduğunu bir daha sübut edir. Çünki cavabdeh inzibati orqan heç bir hüquqi əsas olmadan, vaxtilə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iddiaçıya təyin olunmuş əmək pensiyasını ödəməkdən yayınır. Bu da onu göstərir ki, iddiaçının iddia tələbi məhz və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsinə, onun pensiyasının dayandırılmasına əsas olmuş inzibati aktın icrasına və ya inzibati göstərişə son qoyulması yönündədir. Lakin cavabdeh tərəfindən məhkəməyə bunun əksini təsdiqləyəcək hər hansı sübut təqdim edilməyib. İşə baxan məhkəmə İPM-nin 14.2-ci maddəsində göstərilənlərə də məhəl qoymayıb. Bununla da, iddiaçının hüquqlarının pozulmasına yönəlmiş müdaxilənin cavabdeh tərəfindən davam etdirilməsinə göz yumub. Göstərilənlərə əsasən qərardadın ləğv edilməsi, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarında olan sənədlərdən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2015-ci il tarixli, 2-1(82)-2478/2015 saylı Qərarı ilə İddiaçı İbi oğlunun xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Suraxanıneft” NQÇİ-də (keçmiş “Orconikidzeneft”) quyuların yeraltı təmiri üzrə usta vəzifəsində xüsusilə zərərli işlərdə işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli qərar, xx.xx.1993-cü il), “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2007-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası DSMF-nun Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçıya əmək pensiyasının təyinatı müvafiq məhkəmə qərarı əsasında aparıldığından və pensiya ödənişinin dayandırılması barədə ayrıca inzibati akt (əlverişsiz inzibati akt) qəbul olunmadığından, pensiya ödənişinin dayandırılması hərəkətlərinə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı xüsusatların yoxlanılması ilə qiymət verilə bilər. Bu isə, ayrıca inzibati məhkəmə icraatının predmeti kimi çıxış etmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əmək pensiyası məhkəmə qərarına əsasən təyin edildiyi üçün həmin pensiyanın ödənişinin dayandırıldığı və ya məhkəmə qərarının hər hansı formada icra olunmadığı halda iddiaçının məhkəmə qərarının icrasını tələb etmək hüququ vardır. Bu baxımdan hazırki tələbə iddia icraatı qaydasında baxıla bilməz, Məhkəmə kollegiyası iddia tələbinin “mənəvi ziyanın ödənilməsi” hissəsi ilə bağlı isə qeyd edir ki, bu tələb əvvəlki tələblə əlaqədardır. Bundan başqa, ziyanın məbləği göstərilməklə ödənilməsi barədə iddia qaldırılmamışdan əvvəl cavabdeh inzibati orqana müraciət olunmamışdır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl qeyd olunan tələblə əlaqədar cavabdehə müraciətini və ya cavabdeh tərəfindən onun müraciətinə verilmiş imtina cavabını məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl iddia tələbində qeyd olunan məsələ ilə əlaqədar cavabdehə müraciət etməmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina cavabı verilməmişdir (yaxud cavabdehin 35 günlük hərəkətsizliyi mövcud deyil). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4588/2023 nömrəli 20 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2067/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2067/2023
18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver