Məhkəmə qərarları › İş №2-1(103)-2068/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2068/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2068/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2- 1(112)-1668/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(112)-1668/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(112)-1668/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 57 yaşının tamam olduğu 29.09.2020-ci il tarixinə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 59.800,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24.536,13 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 12.04.2021ci il tarixli, 2-1(112)-1668/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(112)-1668/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərini izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən iddiaçının 26 iyun 2020-ci il tarixdə tarixdə 52 yaşı tamam olmuşdur. Eyni zamanda iddiaçı 1 yanvar 2006-cı il tarixədək 20 ildən artıq ümumi stajı, o cümlədən AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 10 ildən artıq staja malik olmuşdur. Birinci instansiya məhkəməsi işin hallarına «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1, 9.8-ci maddələrini, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndini, qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyi, AR Əmək Məcəlləsinin 87-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilərək İddiaçı 52 yaşdan (26 iyun 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən iddiaçıya münasibətdə pensiya əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Qeyd olunan qanunvericilik normalarına əsasə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan şərtlər iddiaçının 52 yaşına çatması, azı 20 il iş stajı olması və bu müddətin 10 ilini istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısında qeyd olunmuş işlərdə çalışmasıdır. Göründüyü kimi, qeyd olunan şərtlər sırasında pensiya kapitalının mövcud olması qeyd olunmamışdır. Eyni zamandan AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»-nın “Vİİİ. Kimya istehsalatı” bölməsinin “A” bəndində tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri “1080A010” kodu ilə nəzərdə tutulmuşdur: - polidien, polivinilpirrolidon; akril, metaakril turşuları, onların törəmələri, polimerləri və polimer kimiləri; sadə vinil efirilərinin polimerləri; polietilentereftalatlar, butadien, poliizobutilen, izopren, latekslər, örtük və onların əsasında başqa materiallar; polifosfatlar; polikarbonat örtüyü; poroplastlar; porofor; sıxılma materialları; benzol, benzoil və naftalin törəmələri, onların homoloqları; sadə mürəkkəb efirlər; - işıq tərkiblilər; qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr; kükürd-karbon; silikaqel; sintetik kauçuklar, sintetik vitaminlər; sintetik rəngləyici, piqmentlər, onların xırdalanması, qurudulması, sintetik qatranlar, laklar; barium, titan birləşmələri; spirtlər, onların törəmələri; stirol, onun törəmələri; polimerləri, polimer kimiləri; kömür-sulfid; ssintilyasiya materialları; termohəssas rənglər. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı 1 yanvar 2006-cı il tarixədək 20 ildən artıq ümumi staja, o cümlədən AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 10 ildən artıq staja malik olduğundan məhkəmə haqlı olaraq ona 52 yaşdan (26 iyun 2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərarına gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12.04.2021-ci il tarixli, 2-1(112)-1668/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar