Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2069/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Mursaqulov Vaqif Ənvər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3044/2021 saylı 14 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07-10 sentyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayonu, Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsinə dair iş illərinin, 1989-cu ilin yanvar ayından 1996-cı ilin dekabr ayının sonunadək İsmayıllı rayonu, Soltankənd kəndi, Aşıq Ələsgər adına kolxozda xəzinədar vəzifəsində işləməsinə dair iş illərinin sığorta stajına daxil edilərək ona 10.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, pensiya yaşına 2019-cu ilin fevral ayının 10-da çatmış, hal-hazırda 66 yaşı var və bununla əlaqədar olaraq o, pensiya çıxmaq istəyir. Ona görə də o, müvafiq sənədlərini toplamış, o cümlədən işləməsinə dair arxiv arayışını, məhkəmə qətnaməsini cavabdehə təqdim edərək yaşa görə pensiyanın təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh əsassız olaraq ona imtina edərək bildirmişdir ki, onun işlədiyi 1989-1996-cı il sosial sığorta stajına dair arxiv arayışı olduğu üçün ona pensiya təyin olunması mümkün deyildir, bu səbəbdən ona pensiya təyin edilməmişdir. Onun əsgərlik xidməti ilə birlikdə cəmi 25 il 9 ay iş stajı vardır. Beləliklə də onun iş stajının olmasını təsdiq edən sənədləri olduğu halda cavabdeh əsassız olaraq ona yaşa görə pensiya təyin etməmiş, nəticədə o, pensiya ala bilmir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3044/2021 saylı 14 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən 01.01.2006-cı il tarixədək qazanılmış sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Qanunvericiliyə uyğun olaraq şəxsin iddia etdiyi 1989-cu ilin yanvar ayından 1996-cı ilin dekabr ayının sonunadək İsmayıllı rayonu, Soltankənd kəndi, Aşıq Ələsgər adına kolxozda işlədiyi illər barədə qeydlər onun əmək kitabçasında olmalıdır. Buna baxmayaraq, İddiaçı təqdim etdiyi sənədlərdən göründüyü kimi əmək kitabçasında sözügedən qeydlər aparılmamış, birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan əsassız olaraq iddia tələbini təmin etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, ümumilikdə, iddiaçının sığorta stajı Ermənistan Respublikası Vardenis rayonu, Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda 15 il 9 ay və hərbi xidmət müddəti 2 olmaqla 17 il 9 ay təşkil edir. Bu da qanunvericiliklə nəzərdə tutulan 25 il sığorta stajı tələbinə cavab vermir. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmasına baxmayaraq kifayət qədər sığorta stajı və ya pensiya kapitalı olmadığı üçün ona yaşa görə pensiya təyin edilməsi qanunvericiliyə ziddir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayonu, Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsinə dair iş illərinin, 1989-cu ilin yanvar ayından 1996-cı ilin dekabr ayının sonunadək İsmayıllı rayonu, Soltankənd kəndi, Aşıq Ələsgər adına kolxozda xəzinədar vəzifəsində işləməsinə dair iş illərinin sığorta stajına daxil edilərək ona 10.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və müəyyən etmişdir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçı 18.11.1975-ci ildən 14.12.1977-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-369/2019 saylı 23.04.2019-cu il tarixli qətnaməsinə əsasən 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Vardenis rayon Qoşabulaq kənd «Qoşabulaq» kolxozunda çoban işləməsi faktı müəyyən edilmişdir (qətnamə qanuni qüvvəyə minmişdir). Bundan başqa, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı rayon Dövlət Arxivinin arxiv arayışına əsasən iddiaçı İsmayıllı rayonu Soltankənd A.Ələsgər kolxozunda 1989-cu ildən 1996-cı ilədək xəzinədar vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçı 25 il 9 ay staja malikdir. İddiaçının xx.xx.1955-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu vaxtdan - 10.02.2019-cu il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh yalnız 1989-1996-ci illərdə iddiaçının işlədiyi dövrün sığorta stajına əlavə olunması üçün arxiv arayışı təqdim etdiyinə görə həmin dövrün sığorta stajına əlavə edilməsinin mümkün hesab olunmadığını qeyd etməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Lakin “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajının müəyyən edildiyi sənədlərdən biri də arxiv müəssisələri tərəfindən verilən sənədlərdir. Öz növbəsində nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, qeyd olunan müddət də iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 64 yaşı 10.02.2019-cu ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ermənistan, Vardenis rayonunda xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 18.11.1975-ci ildən 14.12.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 27.11.2020-ci i tarixli **********9 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi təqdim edilmiş sənədlərə əsasən iddiaçının ümumi iş stajının 17 il 9 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) az olması, eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı, 1989-1996-cı il tarixlərində işlədiyi dövrün sığorta stajına əlavə olunması üçün arxiv arayışı təqdim edildiyi, bu səbəbdən həmin dövrün sığorta stajına əlavə olunması mümkün hesab olunmadığı, həmçinin, 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun (17 il 9 ay) sığorta kapitalının 13158,08 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından az olması əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermədiyi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı rayon Dövlət Arxivinin 41 saylı 14.02.2019-cu il tarixli arxiv arayışından görünür ki, İsmayıllı rayonu Soltankənd kənd sakini Xamoyev X2 rayonu Soltankənd A.Ələsgər kolxozunun 33 №-li Arxiv fondunda saxlanan 1989-1996-cı illərin əmək haqqı ödənişi üzrə hesablaşma kitablarında qazandığı adam günü, əmək haqqı aşağıdakı kimi qeyd olunub: (il ərzində) 1989-cu ildə adam günü 323, əmək haqqı 2047.00, 1990-cı ildə adam günü 303, əmək haqqı 2735.44, 1991-cı ildə adam günü 288, əmək haqqı 1831.00, 1992-ci ildə adam günü 306, əmək haqqı 20342, 1993-cü ildə adam günü 309, əmək haqqı 107280, 1994-cü ildə adam günü 311, əmək haqqı 104730, 1995-ci ildə adam günü 309, əmək haqqı 305085, 1996-cı ildə adam günü 311, əmək haqqı 312180 kimi qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-369/2019 saylı 23.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd «Qoşabulaq» kolxozunda çoban işləməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 746/2020 saylı 10.03.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2(037)-369/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4256/2020 saylı 01.09.2020-ci il tarixli qərarından görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun İsmayıllı rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə 10.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsi tərəfindən Bakı İnzibati məhkəməsinə ünvanlanmış 27.01.2021-ci il tarixli SDS-233 nömrəli məktubdan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(037)-369 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün 14 oktyabr 2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 17 saylı 11.02.2021-ci il tarixli məktubundan görünür ki, İsmayıllı rayonu Soltankənd A.Ələsgər kolxozunun 33 №-li Arxiv fondunda saxlanan 1989-1996-cı illərin əmək haqqı ödənişi üzrə hesablaşma kitablarında İddiaçı illər üzrə qazandığı adam günü, əmək haqqı aşağıdakı kimi qeyd olunub: (il ərzində) 1989-cu ildə adam günü 323, əmək haqqı 2047.00, 1990-cı ildə adam günü 303, əmək haqqı 2735.44, 1991-cı ildə adam günü 288, əmək haqqı 1831.00, 1992-ci ildə adam günü 306, əmək haqqı 20342, 1993-cü ildə adam günü 309, əmək haqqı 107280, 1994-cü ildə adam günü 311, əmək haqqı 104730, 1995-ci ildə adam günü 309, əmək haqqı 305085, 1996-cı ildə adam günü 311, əmək haqqı 312180. Qeyd: Soltankənd A.Ələsgər kolxozunun 1986-1996-cı illərin daimi saxlanan sənədləri Arxiv fonduna təhvil verilmədiyi üçün İddiaçı (kolxozda işləyən kolxoz üzvlərinin) iş normasın, işə qəbul, işdən azad olma (işlədiyi müddət) barədə protokol qərarlarından çıxarış vermək mümkün olmamışdır. Arxiv fonduna təhvil verilməyən sənədlərin harada olması barədə məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq, fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. O, 18.11.1975-ci il tarixdən 14.12.1977-ci il tarixədək hərbi xidmətdə olmuş (2 il 26 gün), İsmayıllı Rayon Məhkəməsinin 2(037)-369/2019 saylı 23.04.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd «Qoşabulaq» kolxozunda çoban işləməsi müəyyən olunmuş (15 il 10 ay), arxiv arayışına əsasən iddiaçı 1989-1996-cı illərdə İsmayıllı rayonu Soltankənd A.Ələsgər kolxozunda işləmişdir (8 il). Göründüyü kimi iddiaçının hərbi xidmət illəri, məhkəmə qətnaməsi və arxiv arayışına əsasən 25 il 10 ay 26 gün iş stajı olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsinə əsas iddiaçının 25 il sığorta stajına qarşı 17 il 09 ay sığorta stajının olması və 1989-1996-cı il tarixlərində işlədiyi arxiv arayışı dövrün sığorta stajına əlavə olunmasının mümkün hesab olunmadığı, həmçinin, 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun sığorta kapitalının 13158,08 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından az olması göstərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Beləliklə, iddiaçının 1989-1996-cı illərdə İsmayıllı rayonu Soltankənd A.Ələsgər kolxozunda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1989-1996-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı rayon Dövlət Arxivinin 14.02.2019 tarixli arxiv arayışı ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bununla bağlı cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Belə ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında göstərilməsə də, onun kolxozda işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisələrə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı rayon Dövlət Arxivinin arxiv arayışı ilə də bir daha təsdiqlənmişdir. Odur ki, iddiaçının fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyalarının növləri və tərkibləri (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr 01.07.2018 - 30.06.2019, kişilər üzrə pensiya yaşı 64 il. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İddiaçının toplamalı olduğu sosial sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, iş materialları ilə iddiaçı hərbi xidmət illəri, məhkəmə qətnaməsi və arxiv arayışına əsasən 25 il 10 ay 26 gün sosial sığorta stajına malikdir. Yaş həddinə gəlincə isə 2019-cu ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 ildir. İddiaçının xx.xx.1955-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 64 yaşında, 10.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması müddəasını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3044/2021 saylı 14 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2069/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2069/2021
10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver