Məhkəmə qərarları › İş №2-1(103)-2069/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2069/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2069/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2999/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh2nə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiləşdirilməsinə dair ərizə təqdim edərək, ona məxsus olmuş 52 nömrəli qaraja görə 15.000,0 manat və 92/13 №-li qaraja görə 15.000,0 manat, ümumilikdə, 30.000,0 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (Bakı şəhəri Cavabdeh2 iş üzrə icraatda cavabdeh kimi prosessual iştirakına xitam verilmişdir.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... 26 Bakı Komissarı adına rayon X1 İcraiyyə Komitəsinin 22 may 1987-ci il tarixli 99/9080 saylı qərarı ilə iddiaçıya “Kaspiyets-İİ” Kooperativində maşın yeri (boks) almaq icazəsi verilmişdir. Həmin icazə əsasında iddiaçı tərəfindən 52 və 92 nömrəli maşın yeri (boks) alınmışdır. Bundan sonra, həmin yerdə iddiaçı tərəfindən 2 ədəd qaraj tikilmiş və 2008-ci ilədək cavabdehlər tərəfindən sökülənə kimi qaraj kimi istifadə etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2504 nömrəli sərəncamının icrası ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısı xx.xx.2008-ci il tarixli 580 nömrəli sərəncam vermiş və bu sərəncamla, ərazidə olan qarajların və digər tikililərin sökülməsi Cavabdeh2nə həvalə edilmişdir. Lakin həmin qarajlar sökülən zaman iddiaçıya kompensasiya ödənilməmişdir. Həmin vaxt onun mülkiyyətində olmuş qarajın qiyməti 15 000 manat təşkil etmiş, bununla əlaqədar olaraq 18 iyun 2022-ci il tarixində ərizə ilə həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də Cavabdeh2nə müraciət etmiş, hər iki müraciətində, ona məxsus olmuş 52 və 92 nömrəli qarajlarının hər birincə görə 15.000,0 manatdan olmaqla, ümumilikdə 30 000 manat kompensasiyanın ödənilməsi istənilmişdir. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 04 avqust 2022-ci il tarixli, B-170-150 nömrəli cavab məktubunda iddiaçının müraciətinin araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün Cavabdeh2nə göndərildiyi qeyd edilmişdir. Cavabdeh2 Başçısı Aparatının 30 avqust 2022-ci il tarixli, 10-B-45/2-149/2-t/l nömrəli cavab məktubunda kompensasiya ödənilməsinə köməklik göstərilməsi barədə Cavabdeh2nə ünvanlanmış B- 170-150 saylı, xx.xx.2022-ci il tarixli müraciətə baxıldığı, qaldırılan məsələnin araşdırılması məqsədilə aidiyyatı üzrə müvafiq tapşırıqların verildiyi, qaldırılan məsələ ilə əlaqədar rayon İcra Hakimiyyətinin arxivində hər-hansı məlumatın aşkar edilmədiyi qeyd edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2999/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə aşağıdakılar qərara alınmışdır: “İddia qismən təmin edilsin. “Kaspiets-2” kooperativində yerləşən İddiaçı məxsus olmuş ümumi sahəsi 28,8 kv.metr olan 52 nömrəli qaraja görə 8640 manat, ümumi sahəsi 20,4 kv.metr olmuş 92/13 nömrəli qaraja görə 6120 manat olmaqla, iddiaçıya ümumilikdə 14.760 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə yaranmış 600 manat prosessual xərc cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən tutularaq, İddiaçı ödənilsin...” Həmin qərardan hər iki tərəf apellyasiya şikayəti vermişdir: iddiaçı həmin qərarın ləğv edilərək iddia tələbinin tam təmin edilməsi, cavabdeh isə həmin qərarın ləğv olunaraq iddianın rədd edilməsi - barədə yeni qərar qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Məhkəmənin qərarı qismən təmin olunduğu hissədə qanunsuz və əsassızdır. Belə ki, 2012-ci il üzrə müəyyən edilmiş qiymət real deyil, nominal zərəri nəzərdə tutur və real zərər yalnız 2024-cü ilin iqtisadi göstəriciləri əsasında müəyyən edilə bilər. Analoji işlər üzrə 12 il əvvəl hesablanmış bazar qiymət heç bir real və ədalətli bazar qiymətini nəzərdə tuta bilməz və oxşar işlər üzrə məhkəmə qərarında müəyyən edilmiş bazar qiyməti hazırki iş üzrə bazar qiymətinin müəyyənləşdirilməsinə əsas ola bilməz. Çünki, torpağın 2012-ci ildə qiyməti əsas götürülməklə zərərin hesablanması illik inflyasiya dərəcəsinin nəzərə alınmaması ilə real zərərin müəyyən edilməməsinə işarə edir. Halbuki, 2012-ci ilə əsaslanan nominal qiymət növbəti illər üzrə inflyasiyanın təsirinə görə qiymət səviyyəsinin artımına gətirib çıxarır. İqtisadiyyat elmində bu artım X2 deflvatoru (GDP deflator) vasitəsilə ölçülür və deflyator müəyyən dövr əsas götürülərək zamanla baş verən dəyişikliklərin ölçülməsinə imkan verir. Konkret halda, 2012-ci ildə əsas götürülmüş torpağın qiyməti yalnız nominal qiyməti ehtiva edir və həmin torpağın real qiyməti yalnız deflyator vasitəsilə inflyasiya dərəcəsi nəzərə alınmaqla 2024-cü il üçün müəyyən edilə bilər. Bu isə xüsusi bilik tələb etdiyindən iqtisadi ekspertiza vasitəsilə müəyyən edilə bilər və həmin ekspertizasının rəyi ilə torpağın 2024- cü ildəki real bazar qiyməti təsbit edilə bilər. Qeyd edilməlidir ki, ədalətli dəyər anlayışı aktivin qiymətləndirilmə tarixinə bazar iştirakçıları arasında normal şərtlər çərçivəsində satılmasına görə alına bilən qiyməti özündə əks etdirir (Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-si il tarixli Q-01 nömrəli qərarı ilə təsdiq edilmiş “Maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın 6.1.5-ci bəndi) Odur ki, torpaqların alınması əvəzində ödənilən kompensasiya o halda ədalətli hesab edilə bilər ki, nominal deyil, real bazar qiymətinə əsaslansın və bazar qiymətinin real olması da onun köhnə deyil, məhz müasir iqtisadi göstəricilərə uyğunluğundan irəli gəlir. İşdə olan "xxxx" MMC-nin rəyi real və müasir bazar qiymətini nəzərdə tutmuşdur və ədalətli kompensasiya ödənilməsinə imkan vermişdir. Məhkəmə təcrübəsinin gözlənilməsi bir işin faktiki hallarının digər işin faktiki hallarına uyğunlaşdırılmasın) deyil, bir iş üzrə hüququn tətbiqinin digər iş üzrə eyni cür tətbiqini nəzərdə tutur. Digər tərəfdən qeyd edilməlidir ki, oxşar işlər üzrə məhkəmə qərarında müəyyən edilmiş qiymət digər iş üzrə bazar qiymətinin müəyyənləşdirilməsinə əsas ola bilməz. Çünki oxşar işlər üzrə məhkəmə qərarı fərqli iddia obyekti və predmetinə, habelə faktiki hallara əsaslanır. Həmin işlər üzrə məhkəmə qərarı işin faktiki halları ilə bağlı deyil, yalnız hüququn tətbiq təcrübəsi (hüquq normasının necə və hansı şəraitdə tətbiq edilməli olması) hissəsində digər işlər üzrə tətbiq edilə bilərdi ki, bu da işin faktiki halları üzrə deyil, məhz normanın tətbiq təcrübəsi üzrə məhkəmə təcrübəsinin vahidliyinə xidmət edir. Odur ki, oxşar işlər üzrə məhkəmə aktında əks olunan faktiki hallar (sübutlar əsasında müəyyən edilmiş hallar) digər işə aid ola və digər iş üzrə faktiki halların əsasını təşkil edə bilməz.Bu baxımdan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 2999/2023 nömrəli qərarı əsassız və qanunsuz olmuşdur...” Cavabdeh isə apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə qanunsuz olaraq qaraja aid heç bir hüquqi sənəd tələb etmədən vəsaitin ödənilməsi barədə qərar çıxararaq, dövlətin mənafeyini deyil, iddiaçının əsassız təiəbini təmin etmiş. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icrası mümkün olmayan qərar qəbul etmişdir. “Kaspiyets-H" Kooperativi tərəfindən verilmiş Bakı şəhəri Səbail rayonu, F.Mehdiyev küçəsində yerləşən ümumi sahəsi 28,8 kv.metr olan 52 saylı və 20.4 kv. metr olmuş 92/13 saylı qaraj İddiaçı istifadəsinə verilmişdir. “Kaspiyets-2" Kooperativi hər hansı şəxsə qaraj ayrılması barədə qərar verməkdə səlahiyyətli olmamışdır. Məhkəmə isə işə obyektiv yanaşmayaraq, yalnız iddiaçının mülahizəsinə əsaslanmaqla həmin qarajın məhz Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülüb-sökülmədiyini araşdırmadan, heç bir sübuta əsaslanmadan qarajın məhz Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi qənaətinə gəlmişdir. Həmçinin iş materiallarından göründüyü kimi, iddiaçıya məxsus qaraj müvəqqəti istifadə üçün nəzərdə tutulduğundan, daşınmaz əmlak kimi qiymətləndirilərək reyestrdən texniki sənəd belə verilməmişdir. Həmin ünvanda yerləşən qarajların, eləcə də İddiaçı məxsus qarajların da hüquq müəyyənedici sənədləri olmadığndan sökülmüşdür. Eyni zamanda qarajın yerləşdiyi torpaq sahəsi də hər hansı hüququ qeydiyyata alınmamışdır. xx.xx.1970-ci il tarixli Azərbaycan SSR Torpaq Məcəlləsinin 24-26-cı, xx.xx.1991 -ci il tarixli Torpaq Məcəlləsinin 29-30-cu, habelə qüvvədə olan xx.xx.1999- cu il tarixli Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1 -ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Qarajın yerləşdiyi torpaq sahəsi isə dövlətə məxsusdur. Ona görə də iddiaçının bu əsasla kompensasiya tələb etmək hüququ yoxdur. Maddi və prosessual hüquq normalarının pozulması məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə tərəflərin apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə ona məxsus olmuş iki qaraja görə, hər birinə 15.000,0 manatdan olmaqla, ümumilikdə, 30.000,0 manat məbləğində kompensasiyanın ödənilməsini tələb etmişdir. İş mateiallarına əsasən həqiqətən də müəyyən olunur ki, 26 Bakı Komissarı adına rayon X1 İcraiyyə Komitəsinin 22 may 1987-ci il tarixli 99/9080 saylı qərarı ilə iddiaçıya “Kaspiyets-İİ” Kooperativində maşın yeri (boks) almaq icazəsi əsasında həmin kooperativin xx.xx.2005-ci il tarixli 5 nömrəli protokoluna əsasən üzvülüinə qəbul edilmiş iddiaçıya 2 paydan ibarət 52 və 92 nömrəli maşın yeri (boks) ayrılmış, həmin qarajlara dair ona arayış-orderlər verilmiş, həmin ərazidə iddiaçı tərəfindən 2 ədəd qaraj tikilmiş və 2008-ci ilədək, yəni, cavabdehlər tərəfindən sökülənə kimi qaraj kimi istifadə etmişdir. Lakin işə əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2008-ci il tarixli 580 №li Sərəncamından görünür ki, həmin sərəncamla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2504 saylı Sərəncamının icrası barədə verilmişdir. Həmin sərəncamla ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamların ləğv edilmiş, ərazidə olan qarajların və digər qanunsuz tikililərin sökülməsi Cavabdeh2nə həvalə edilmiş və həmin ərazidə olan “Kaspiyets-İİ” Kooperativinin üzvlərinə, o cümlədən, iddiaçıya məxsus sözügəedən qarajlar sökülmüş və konkret halda, artıq mövcud olmadığı və onların yerində hal-hazırdı dövlət əhəmiyyətli digər tikili və qurğuların yerləşdiyi işin mübahisəsiz halıdır. İş materiallarına əsasən isə müəyyən olunan odur ki, cavabdeh tərəfindən mübahisələndirilən sərəncam qəbul olunarkən, həmin sərəncamla maraqlarına toxuunan iddiaçı inzibati icraata cəlb edilməmiş, onun mülkiyyətçi hüquqları nəzərə alınmaqla, ona məxsus qarajların sökülməsi məsələsi müzakirə olunmamış, kompensasiya ödənilmədən birbaşa sərəncam icra olunmuş, nəticədə, iddiaçı xeyli miqdarda maddi ziyana məruz qalmışdır. 1 sentyabr 2000-ci il tarixdən qüvvədə olan 1100-cü maddəsi isə nəzərdə tutur ki, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Birinci instansiya məhkəməsi qərarında da məhz həmin normaya istinadən hesab etmişdir ki, məhkəmə iddiaçıya məxsus olmuş qarajların "xxxx" MMC-nin qiymətləndirmə hesabatındakı bazar qiymətini real saymır və analoji mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 2(102)-2620/2012, 2-1(102)- 3440/2019 saylı qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq həmin ərazidə qarajların hər kvadrat metrinə görə kompensasiyanın məbləğinin 300 manatdan hesablanmasını məqsədəuyğundur Belə olan halda, ümumi sahəsi 28,8 kv.metr olan 52 nömrəli qaraja görə 8640 manat (28,8 x 300) və ümumi sahəsi 20,4 kv.metr olan 92/13 nömrəli qaraja görə 6120 manat (20,4 x 300) olmaqla, ümumilikdə 14.760 manat məbləğində dəymiş ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməlii, ddia 15240 manat kompensasiyanın tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Çünki, iddiaçı respublika ərazisində, o cümlədən, Bakı şəhərində yaşpdığı halda, əslində, mülkiyyətində olmuş həmin qarajların 2008-ci ildə söküldüyündən xəbər tutmamış ola bilməzdi. Lakin bununla bağlı o, öz pretetenziyisını belə cavabdehə bildirməmiş, 16 il keçdikdən sonra yalnız, birdən-birə cavabdehə qarşı hazırkı kompensasiya tələbini irəli sürmüşdür ki, bu da ödənilməsini tələb etdiyi həmin kompensasiya məbləğinin devalvasiyaya uğramasına gətirib çıxarmışdır ki, bütün bunlar bir növ onun öz məsuliyyət çərçivəsinə aid təqsirli hərəkətsizliyinin nəticəsidir. Ona görə də qeyd olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, konkret halda, qanuna görə vurulmuş zərərin əvəzinin ödənilməsi öhdəliyi üzərinə düşən cavabdeh inzibati orqanın məsuliyyətini azaldan səbəblər kimi qiymətləndilməklə, hazırkı kmpensasiya tələbinin məbləğinin müəyyən edilməsində nəzərə alınmaya bilməz. Belə ki, Mülki Məcllənin 386.1-ci maddəsinin tələbindən görünür ki, öhdəlik həm də zərər vurulması nəticəsində də əmələ gəlir. Həmin Məcəllənin 458.1-ci maddəsi isə nəzərədə tutur ki, tələbinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin olunaraq, iddiaçıya 28,8 kv.m və 20,4 kv.m sahələri olan iki qaraja görə həmin dövrdə oxşar iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarına istinadən, məhkəmə təcrübəsinə əsaslanaraq, 1 kv.m-nin qiyməti 300 manatdan olmaqla, ümumilikdə 14.760 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması əsaslıdır. Odur ki, qeyd olunanlar baxımından, məhkəmə kollegiyası həm iddiaçının, həm də cavabdehin birinci instansiya məhkəməsinin qərarının, onlar tərəfindən mübahisələndirilən hissələrində qanunsuz olduğunu, maddi və parosessual hüquq normalarının pozulması ilə çıxarıldığını əsaslandıran dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2999/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2999/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar