Məhkəmə qərarları › İş №2-1(103)-207/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-207/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-207/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X8 ibarət tərkibdə, X12-Yusiflinin katibliyi, İddiaçının qanuni nümayəndəsi (atası) X3, iddiaçının qanuni nümayəndəsi (anası) X4 nümayəndəsi və vəkili Vəkil qızının iştirakı ilə, İddiaçı cavabdeh Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7574/2023 saylı 12 may 2023-cü il tarixli qərarından iddiaçının qanuni nümayəndəsi (anası) X10 tərəfindən verilmiş apellyasiya şikayətinə 17 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2003-cü il tarixdə verilmiş AZE ******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X4 yaşayış yeri üzrə qeydiyyatı – Bakı şəhəri, Y.Yasamal -1, 14, 13 ünvanı olmuşdur. xx.xx.2015-ci il tarixdə verilmiş AZE 14970147 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X4 yaşayış yeri üzrə qeydiyyatı – ünvan 4 kəndi ünvanı olmuşdur. xx.xx.2003-cü il tarixdə verilmiş AZE ******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X3 yaşayış yeri üzrə qeydiyyatı – Bakı şəhəri, Y.Yasamal -1, 14,13 ünvanı olmuşdur. xx.xx.2014-cü il tarixdə verilmiş AZE 14354477 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X3 yaşayış yeri üzrə qeydiyyatı – ünvan 4 kəndi ünvanı olmuşdur. Seriya AA 229859 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Dövlətqaçqınkomun xx.xx.2010-cu il tarixli qərarına əsassən X6 məcburi köçkün statusu verilmişdir. İddiaçı ona qaçqın statusu və vəsiqəsinin verilməsi ilə bağlı cavabeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01/888 saylı xx.xx.2023-cü il tarixli məktubda Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinin tələblərinə istinad edilərək tələbin təmin olunmasından imtina edilmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, İddiaçı anadan olmasından əvvəl anası X10 xx.xx.2004-cü il tarixdə ayrıca yaşayış sahəsi əldə edib, xx.xx.2003-cü il tarixdən xx.xx.2015-ci il tarixinədək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata düşdüyündən, iddiaçının Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalara əsasən məcburi köçkün statusu almaq hüququ olmamışdır. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı “ona məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası məcburi köçkün statusuna malikdir və onun qeydiyyat ünvanı işğaldan azad olunmuş Laçın rayonudur. Hesab edir ki, ona məcburi köçkün statusunun verilməsindən imtina qanunsuz və əsassızdır. İmtinaya əsasən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı yarımbəndinə görə məcburi köçkün statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. Onun atası məcburi köçkün statusuna malik olduğundan və valideyinlərinin mülkiyyətində hal-hazırda hər hansı əmlak olmadığından, onun məcburi köçkün statusunu tələb etmək hüququ yaranır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı anadan olmasından əvvəl, yəni xx.xx.2003-cü il tarixdə X10 nikah dövründə X11 ilə birgə mülkiyyətlərində olmuş (xx.xx.2004-cü il tarixdə X4 adına qeydiyyata alınmışdır) ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdırlar. Göründüyü kimi, iddiaçının valideynləri iddiaçı anadan olmamışdan əvvəl daşınmaz əmlaka sahib olmuşdurlar ki, bu da “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı yarımbəndinə görə iddiaçının məcburi köçkün statusunun yaranmadığını göstərir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7574/2023 saylı 12 may 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçının qanuni nümayəndəsi (anası) X10 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iş materiallarına uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, atası X1 Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Birinci Qarabağ müharibəsi veteranıdır, ona 028396 saylı 1994-cü il tarixli veteran vəsiqəsi verilmişdir. Laçın rayonu erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra o zaman yaşadığı və hal-hazırda qeydiyyatda olduğu Laçın rayonun Minkənd kəndindən qaçqın düşmüşdür. xx.xx.1997-ci ildə X2 Qəmər Hüseyn qızı ilə rəsmi nikah münasibətlərinə girərək ailə qurmuş, bu nikahdan onların 4 övladı anadan olmuşdur. Anasının, atasının, bacı və qardaşının məcburi köçkünlüyünü təsdiq edən məcburi köçkün vəsiqəsi vardır. Lakin ona məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilməmşdir. Bununla bağlı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə müraciət edilsə də, sonuncu tərəfindən X3 və X4 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 ev 14, 43 saylı mənzildə "qeydiyyatda olmaları" və həmin mənzilin X4 "mülkiyyıtində" olması bəhanəsilə imtina edilmişdir. Lakin cavabdeh imtinasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə cavabdehin heç bir sübuta əsaslanmayan etirazına əsasən qərar çıxarmışdır. Bununla da onun Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında təsbut edilmiş insan və vətəndaş hüqüqları pozulmuşdur. Valideynləri Laçın rayonunu Minkənd kəndində qeydiyyatdadırlar. Məhkəmənin işdə olan sübutları nəzərə almadan ona məcburi köçkün statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbini rədd etməsi qanunsuz və əsassızdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir və iş üçün əhəmiyyətli olan hallar, yəni onun valideynlərinin, bacı qardaşının qaçqın ailəsinin üzvləri olmasını, atasının Laçın rayonu Minkənd kənd sakini olmasını, onun məcburi qaçqın olmasını, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, onun indiyə kimi Laçın rayon Minkənd kəndində qeydiyyatda olmasını, atasının, anasının və ailə üzvlərinin məcburi qaçqın statusunu təsdiq edən vəsiqələrinin olmasını, qeyd olunan ünvanda onların müvəqqəti yaşadıqlarını, adlarına qeydə alınmış hər hansı daşınmaz əmlakın olmadığını, Laçın rayonu Minkənd kəndindın başqa heç bir ünvanda qeydiyyatda olmadıqlarını, cavabdehin ona qarşı heç bir sübutunun olmamasını məhkəmə nəzərə almamışdır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Əlavə olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına istinad edilmişdir. Tərəflərin izahatları: İddiaçının qanuni nümayəndəsi (atası) X3, iddiaçının qanuni nümayəndəsinin - anası X4 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. xx.xx.2024-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubu xx.xx.2023-cü il tarixlidir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddaçı İddiaçı cavabdeh Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı tələbi “ona məcburi köçkün vəsiqəsinin verilməsi” barədədir. Bununla bağlı cavabeh inzibati orqana müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndin tələblərinə istinad edilərək tələbin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, İddiaçı anadan olmasından əvvəl anası X10 xx.xx.2004-cü il tarixdə ayrıca yaşayış sahəsi əldə edib, xx.xx.2003-cü il tarixdən xx.xx.2015-ci il tarixinədək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata düşdüyündən, iddiaçının Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalara əsasən məcburi köçkün statusu almaq hüququ olmamışdır. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının doğulmamışdan əvvəl onun anasının artıq ayrıca yaşayış sahəsinə malik olmasına, ailənin həmin ünvanda qeydiyyatda olmasına, bununla bağlı kassasiya instansiya məhkəməsinin 2-1(102)- 2113/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında müvafiq hüquqi mövqenin mövcudluğuna əsaslanaraq və cavabdeh inzibati orqanın imtinasını qanuni və əsaslı sayaraq iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 148 saylı 08 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi həyata keçirir. Sadalanan normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Hazırki işdən görünür ki, iddiaçının atası xx.xx.1964-cü il təvəllüdlü X3 və anası xx.xx.1972-ci il təvəllüdlü X4 yaşayış yeri üzrə qeydiyyatları – ünvan 4 kəndi ünvanıdır. İddiaçının bacı və qardaşlarının da məcburi köçkün statusu və vəsiqəsi vardır. İddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edən cavabdeh orqan “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə istinad etmişdir. Belə ki, həmin normanın tələbinə görə, “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 14, 43 saylı mənzil xx.xx.2004-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 4-Ə/375 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün İddiaçı anası X4 və atası X3 ünvan 9 ünvanında hansı tarixlərdə (həmin tarixlər dəqiq göstərilməklə) qeydiyyatda olmaları, həmçinin İddiaçı anası xx.xx.1972-ci il təvəllüdlü X4 və atası xx.xx.1964-cü il təvəllüdlü X3 2004-cü ildən sonra hansı ünvanlarda qeydiyyatda olmaları barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə məhkəmə sorğuları göndərilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, X10 xx.xx.2003xx.xx.2004-cü il tarixlərdə ünvan 10 ünvanında, xx.xx.2015-ci ildən bugünədək Laçın rayonu, X11 isə xx.xx.2003-xx.xx.2004-cü ildən bu günədək ünvan 12 ünvanında qeydiyyatda olmuşlar. Eyni zamanda xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Qəmər Hüseynova xx.xx.2004-xx.xx.2015-ci il tarixlərdə ünvan 10 ünvanında, xx.xx.2015-ci ildən bugünədək Laçın rayonu, Mirkənd ə/d, Mirkənd kəndi ünvanında, X11 isə xx.xx.2004-cü ildən bu günədək ünvan 15 kəndi ünvanında qeydiyyatdadır. Göründüyü kimi, iddiaçının anası Qəmər Hüseynova xx.xx.2004-cü ildə (iddiaçı doğulmamışdan əvvəl) Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 14-də yerləşən 43 saylı mənzili əldə etsə də, həmin mənzili xx.xx.2004-cü ildə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmiş, həmin evdə xx.xx.2004-cü il tarixədək (iddiaçı doğulanadək) qeydiyyatda olmuş, sonradan xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək ünvan 10 ünvanında, xx.xx.2015-ci il tarixdən bu günədək isə Laçın rayonu Minkənd kəndində qeydiyyatdadır. Yəni, xx.xx.2006-cı il təvəllüdlü iddiaçı doğulmamışdan əvvəl onun anası Bakı şəhərində bir mənzil əldə edib (onun 4 gün mülkiyyətində olub), orada çox az bir müddətdə qeydiyyatda olsa da (cəmi 18 gün), sonradan həmin mənzili özgəninkiləşdirmiş və Bakı şəhərində başqa ünvana qeydiyyata düşmüş, hazırda (iddiaçı doğulduqdan sonra) Laçın rayonu Minkənd kəndində qeydiyyatdadır. Nəzərə alınmalıdır ki, iddiaçının anasının “məcburi köçkün” statusu olmamışdır, buna rəğmən iddiaçının atası, bacı və qardaşının “məcburi köçkün” statusu və vəsiqəsi vardır. Hazırki vəziyyətdə iddiaçı o doğulanda atasının “məcburi köçkün” statusunun olduğuna istinad edərək ona da bu statusun verilməsini istəyir. Birinci instansiya məhkəməsi iddianın rədd olunması qənaətinə gələrkən kassasiya instansiya məhkəməsinin analoji iş üzrə müvafiq qərarındakı hüquqi mövqeyinə istinad etmişdir. Halbuki həmin qərarda işin faktiki halları fərqli olmuşdur. Hazırki iş üzrə birinci instansiya məhkəməsi zəruri araşdırmanı aparmadan, yəni sorğular verib, iddiaçının anasının uşaq doğulmamışdan əvvəl əldə etdiyi mənzilinin hazırda da onun mülkiyyətində olub-olmadığını, anasının və atasının həmin mənzildə qeydiyyatda olub-olmadıqlarını tam araşdırmadan və ümumiyyyətlə, iddiaçının doğulanadək valideynlərindən birinin (atasının) “məcburi köçkün” statusunun olması faktının iddiaçıya “məcburi köçkün” statusunun verilməsi üçün əsas olmasını, belə ki, indiyənədək baxılan oxşar işlərdə yuxarıda adı çəkilən Qaydaların sonradan qəbul edildiyi üçün həmin Qaydaların qəbuluna qədər doğulmuş uşaqlara münasibətdə tətbiqinin onların hüquqi vəziyyətini ağırlaşdırdığı və hüquqi vəziyyəti ağırlaşdıran müddəaların geriyə tətbiqinin mümkünsüzlüyü barədə hüquqi mövqenin mövcud olduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilərkən “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı maddəsinə istinad olunması düzgün olmamışdır. Belə ki, qeyd olunduğu kimi, əvvəla iddiaçının valideynlərindən birinin (atasının) iddiaçı doğulmamışdan (2006-dan) əvvəl (1999-cu ildən etibarən) “məcburi köçkün” statusu olmuş, digər tərəfdən, anası iddiaçı doğulmamışdan əvvəl bir mənzil əldə etsə də, onu 4 gündən sonra özgəninkiləşdirmiş və həmin ünvanda qeydiyyatda deyildir. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunduğu kimi, Qaydaların 4.1.6-cı maddəsinin də iddiaçıya tətbiqi düzgün deyil. Belə ki, hər iki müddəa sonradan Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş Qaydalarda qəbul edilmiş və xx.xx.2006-cı il təvəllüdlü iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi yuxarıda göstərilən qaydada olmuşdur (2-1(102)-618/2020 saylı xx.xx.2020-ci il, 2-1(102)-710/2021 saylı xx.xx.2021-ci il və 2-1(102)-506/16 saylı 25 may 2016-cı il tarixli qərarlar). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; Həmin Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; Həmin Qanunun 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; Həmin Qanunun 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanuni nümayəndəsi (anası) X10 tərəfindən verilmiş apellyasiya təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7574/2023 saylı 12 may 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının qanuni nümayəndəsi (anası) X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7574/2023 saylı 12 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı, xx xxxxx 2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusunu təsdiqləyən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar