Məhkəmə qərarları › İş №2-1(103)-207/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-207/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-207/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2792/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən iddiaçıya 60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qeyd edilən tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının az olması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 6 ay 11 gün (xx.xx.2002- xx.xx.2005-ci il, xx.xx.2006-xx.xx.2006cı il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2006- xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı 2006-cı ilin yanvar, aprel, may, oktyabr ayları üzrə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində (4 ay) sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövrləri iddiaçının iş stajına daxil etmək mümkün deyil. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320.00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19504.75 manat təşkil etdiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2792/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən, o, xx.xx.2002-ci il tarixdə X10 X1 X9 İdarəsinin “İ.Kərimov” gəmisinə 2-ci dərəcəli aşpaz peşəsinə işə qəbul edilmiş, xx.xx.2003xx.xx.2012-ci, xx.xx.2012-ci il tarixlərində Donanmanın “S.Orucov”, “S.Vəzirov”, “Şirvan” gəmilərində 2-ci, 3-cü dərəcəli aşpaz və mətbəxçi peşələrində işləmişdir. xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı Əlisafa oğlu xx.xx.2017-ci il tarixindən hal-hazıra qədər "AXDG” QSC-nin “Şirvan” (təyinatı-kran gəmisi) gəmisində aşpaz xidməti göstərmişdir. Halbuki, həmin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin 21.2 b yarımbəndi ilə təsbit olunan güzəştlərin iddiaçının işlədiyi peşəyə şamil olunub-olunmadığının müəyyən edilməsinin mümkünsüzlüyü bildirilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırda qüvvədə olan sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, iddia tələbi üzrə 60 yaşdan Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - tələb olunan yaş həddinə çatmalı; - azı 25 il sığorta stajı olmalı; - stajının 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. İş materiallarından məlum olur ki, xx.xx.1963-cü il təvəllüdlü iddiaçının xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Arayışın surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil almışdır. Hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1996cı il tarixədək “Zəhmət” kooperativində fəhlə; xx.xx.2002-ci il tarixdən xx.xx.2012-ci il tarixədək “X2 Donanmı İdarəsində” aşpaz; xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xəzər X8 “Şirvan” gəmisinə 2-ci dərəcəli aşpaz peşəsində; xx.xx.2017-ci il tarixdən isə "xxxx" MMC-yə gəmi struktur bölməsinə aşpaz peşəsinə qəbul olunmuşdur.. Əmək kitabçasına əsasən iddiaçının Qanunla tələb olunan 25 ildən artıq ümumi iş stajı mövcuddur. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. İş materiallarından görünür ki, iddiaçının xx.xx.2002- xx.xx.2005-ci il, xx.xx.2006xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2006- xx.xx.2012-ci il tarixləri arasındakı arasındaki dövrlər nəzərə alınmaqla 09 il 06 ay 11 gün güzəştli iş stajının olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. İddiaçının güzəştli iş stajına daxil edilməyən dövrlər onun xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xəzər X8 “Şirvan” gəmisinə 2-ci dərəcəli aşpaz peşəsində işlədiyi dövrlər və "xxxx" QSC-də işlədiyi dövrlərdir. Cavabdehinxx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xəzər X8 “Şirvan” gəmisinə 2-ci dərəcəli aşpaz peşəsində işlədiyi dövrlə bağlı apellyasiya icraatı zamanı gətirdiyi dəlili ondan ibarətdir ki, “Azərbaycan X5” tərəfindən verilmiş ilkin arxiv arayışında iddiaçının xx.xx.2002-ci il tarixində X10 X1 X9 İdarəsinin “İ.Kərimov” gəmisinə 2-ci dərəcəli aşpaz peşəsinə işə qəbul edildiyi və xx.xx.2003-xx.xx.2012- ci, xx.xx.2012-ci il tarixlərində Donanmanın “S.Orucov”, “S.Vəzirov”, “Şirvan” gəmilərində 2-ci, 3-cü dərəcəli aşpaz və mətbəxtçi peşələrində işlədiyi qeyd edildiyindən xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr nəzərə alınmamışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın həmin dövrlərin nəzərə alınmaması ilə bağlı mövqeyini əsassız hesab edərək qeyd edir ki, həmin dövrlər iddiaçının əmək kitabçasında öz əksini tapmış, eyni zamanda iş materiallarında olan 14 sentyabr 2012-ci il tarixli əmrin surətindən görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixdən Xəzər X8nın “Şirvan” gəmisinə 2-ci dərəcəli aşpaz vəzifəsinə təyin edilmiş, 22 iyul 2016-cı il tarixli əmrlə əmək müqaviləsinə başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması əsası ilə xitam verilmişdir. İş materiallarında olan Xəzər X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Əlisafa oğlu xx.xx.2002-ci il tarixində X10 X1 X9 İdarəsinin “İ.Kərimov” gəmisinə 2-ci dərəcəli aşpaz peşəsinə işə qəbul edilmişdir. O, xx.xx.2003-xx.xx.2012- ci, xx.xx.2012-ci il tarixlərində Donanmanın “S.Orucov”, “S.Vəzirov”, “Şirvan” gəmilərində 2-ci, 3-cü dərəcəli aşpaz və mətbəxtçi peşələrində işləmişdir. xx.xx.2016-cı il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) əmək müqaviləsinə xitam verilmişdir. Onun tutduğu peşələr üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b" yarımbəndi, eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993- cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət - ind: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr (peşələr) siyahısına aid edilir. Apellyasiya icraatı zamanı verilmiş məhkəmənin sorğusuna cavab olaraq “Azərbaycan X5” tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2002-ci il tarixində X2 Donanması İdarəsinin istifadəsində olan “İ.Kərimov” gəmisinə 2-ci dərəcəli aşpaz peşəsinə (xx.xx.2002-ci il tarixli 212-ş/h nömrəli əmr) işə qəbul edilmişdir. O, xx.xx.2003-xx.xx.2016-cı, xx.xx.2023xx.xx.2023-cü il tarixlərində Donanmanın “S.Vəzirov”, “S.Orucov”, “V.Cəfərov”, “Şirvan” gəmilərində mətbəxtçi, 2-ci, 3-cü dərəcəli aşpaz peşələrində işləmişdir. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.”2a” maddəsinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) (xx.xx.2023-cü il tarixli 13-3-2/3-1-9415/2023 nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə, eləcə də işlədiyi gəmilər Donanmanın istifadəsində olan gəmilərə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət - ind: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına aid edilir. Əmək şəraitinə görə (xx.xx.2002-xx.xx.2016-cı, xx.xx.2023-xx.xx.2023-cü il tarixinədək) güzəştli şərtlərlə əmək stajı: 13 il, 10 ay, 23 gün təşkil edir. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xəzər X4 əmək müqaviləsi ilə çalışdığı dövrlər üzrə tələb olunan güzəştli iş stajı yığılmışdır. Digər dövrlər- 2017-ci ildən sonrakı 60 yaşı tamam olunan tarixədək olan dövrlər nəzərə alınmasa belə iddia tələbi əsaslıdır. Bununla belə cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı Əlisafa oğlu xx.xx.2017-ci il tarixindən hal-hazıra qədər "AXDG” QSC-nin “Şirvan” (təyinatı-kran gəmisi) gəmisində aşpaz xidməti göstərmişdir. Halbuki, həmin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin 21.2 b yarımbəndi ilə təsbit olunan güzəştlərin iddiaçının işlədiyi peşəyə şamil olunub-olunmadığının müəyyən edilməsinin mümkünsüzlüyü bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Əlisafa oğlu xx.xx.2017-ci il tarixindən hal-hazıra qədər "xxxx" QSCnin “Şirvan” (təyinatıkran gəmisi) gəmisində üzən heyyətə aşpaz xidməti göstərmişdir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b" yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı X6 Səhmdar Cəmiyyətinə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədilə, Grand Catering QSC ilə X5 QSC arasında bağlanmış xidməti müqavilənin və həmin xidməti müqavilə əsasında xx.xx.1963-cü il təvəllüdlü İddiaçı hansı gəmiyə aşpaz təyin edilməsi ilə bağlı ətraflı məlumatın (əmrin) məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. "xxxx" QSC-nin sorğuya 29 noyabr 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 31 avqust 2016-cı il tarixli, XA1162 saylı müqavilə əsasında “Azərbaycan X5” Qapalı Səhmdar Cəmiyyətinə iaşə xidmətləri göstərir. Həmin müqaviləyə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Azərbaycan X5” Qapalı Səhmdar Cəmiyyətinin üzən heyətinin tərkibinə aşpaz və stürad peşələri üzrə işçilər təhkim olunur. İddiaçı 09 fevral 2017-ci il tarixdən "xxxx" QSC-yə aşpaz peşəsinə qəbul edilmişdir. O işə başladığı tarixdən “Azərbaycan X5” Qapalı Səhmdar Cəmiyyətinin üzən heyətinin tərkibinə aşpaz olaraq təhkim olunmuşdur. O, əmək fəaliyyəti müddətində müxtəlif gəmilərdə əmək funsiyasını icra etmiş və ona “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli qərarına müvafiq olaraq artımlar təsis olunmuşdur. Belə ki, qərarın birinci hissəsinə müvafiq olaraq əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin yuxarı səviyyəsinə müvafiq olaraq “1.12” və həmin qərarın dördüncü hissəsinə müvafiq olaraq Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq 70 km-dən artıq uzaqlıqda xidmət apardığma görə “1.75” artım əmsalları təshis olunmuşdur. Sorğuya cavab məktubuna "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin birinci instansiya məhkəməsinə ünvanladığı 07 mart 2024-cü il tarixli məktubun surəti və “Azərbaycan X5” QSC ilə bağlanmış 31 avqust 2016-cı il tarixli xidmət müqaviləsinin surəti əlavə olunmuşdur. Beləliklə, həm Xəzər X8, həm də "xxxx" QSC tərəfindən verilmiş güzəştli arayışlardan görünür ki, iddiaçı üzən heyyətə aşpaz xidməti göstərmiş, onun tutduğu peşə üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aid olmuş, bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının "xxxx" QSC işlədiyi həmin sahə və vəzifə Xəzər X4 işlədiyi vəzifə ilə eynilik təşkil edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin 21.2 “b” bölməsində nəzərdə tutulan “üzən heyət” peşəsinə aiddir. Göründüyü kimi iddiaçının işlədiyi aşpaz peşəsi hər iki müəssisədə eyni funksional əmək fəaliyyətinin icrası ilə əlaqədar olmuşdur ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən göstərilən bu halları nəzərə almamışdır. Belə olduğu halda iddiaçının xx.xx.2023-cü il tarixədək güzəşli iş stajının 12 il 06 aydan çox təşkil etdiyi müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə kollegiyası iddiaçının 2006- cı ilin yanvar, aprel, may, oktyabr ayları üzrə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində (4 ay) sığorta ödənişlərinin öz əksini tapmaması ilə cavabdehin apellyasiya icraatı zamanı səsləndirilmiş dəlilinə münasibətdə də diqqətə çatdırır ki, həmin hal iddia tələbinin təmin edilməməsinə əsas vermir. Belə ki, qeyd olunan həmin 4 ay sığorta stajına daxil olunmasa belə, hər bir halda iddiaçının ümumi iş stajı 25 ildən çox, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2792/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar