Məhkəmə qərarları › İş №2-1(103)-2070/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2070/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2070/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Kazımov Elşən Cələddin oğlu, Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibda, X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı «artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3398/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 13.765,25 manat pensiya məbləğinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, DSMF-nin Qazax rayon şöbəsi tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixindən 58 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın səhiyyə və sosial təminat idarələri bölməsinin (19) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə profilaktika idarələrində, bölmələrində kabinetləri (c) bəndində orta tibb heyəti və kiçik tibb heyəti nəzərdə tutulmuşdur. Araşdırma zamanı cavabdehin 9 dekabr 2014-cü il tarixli 2063 nömrəli güzəştli arayışında qeyd olunan xx.xx.2004-cü il tarixindən pensiya təyin edilən tarixə qədər AR Səhiyyə Nazirliyi Qazax rayonlararası Ruhi xəstəxanasında tibb bacısı peşəsində işlədiyi müəyyən edilmişdir. İddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan uşaq evlərinin psixatriya (psixonevroloji) müalicə profilaktika idarələri sahəsinə uyğun deyil. Bu səbəbdən də cavabdehin güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq ona xx.xx.2014-cü il tarixində şöbə tərəfindən qanunvericiliyə zidd olaraq 58 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və DSMF-nin Daxili nəzarət departamenti tərəfindən xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə ona 13765,25 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilərək həmin vəsaitin büdcəyə qaytarılması Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar xx.xx.2021ci il tarixli **********3 nömrəli, xx.xx.2021-ci il tarixli **********7 nömrəli, xx.xx.2021-ci il tarixli **********6 nömrəli, xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktublarla cavabdehə artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmiş və əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3398/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin edilməməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılaraq qeydolunmuşdur ki, məhkəmənin qərarı əsassızdır. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, iddiaçının işlədiyi sahə uşaq evlərinin psixatriya (psixonevroloji) müalicə profilaktika idarələri sahəsinə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajı yoxdur. Buna baxmayaraq ona xx.xx.2014-cü il tarixində şöbə tərəfindən qanunvericiliyə zidd olaraq 58 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə, ona 13765,25 manat artıq pul vəsaitinin ödənilmişdir. Həmin pulun qaytarılması barədə cavabdehə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli xx.xx.2021-ci il tarixli məktublar ünvanlanaraq artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. «Əmək pensiyaları haqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Kərimov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Birincisi, iş materiallarından isə görünür ki, cavabdehə DSMF-nin Qazax rayon şöbəsi tərəfindən xx.xx.2014-cü l tarixli qərarı ilə xx.xx.2014-cü il tarixdən yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, həmin qərar ləğv olunmamış, qüvvədədir. Digər tərəfdən, iddiaçı tərəfindən cavabdeh pensiya pensiya işinin sonuncunun iştirakı təmin olunmadan arasdırılması və onun güzəştli stajının müəyən edilməməsi əsası ilə xx.xx.2014-xx.xx.2021-ci illər ərzində ona ödənilmiş 13765,25 manat məbləğində pensiya vəsaitinin qaytarılmasının tələb olunması da inzibati icraat haqqında hüquq normalarına ziddir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İş materiallarına əsasən isə iddiaçı tərəfindən inzibati qanunvericiliyin qeyd olunan tələblərinə riayət olunduğu müəyyən olunmur. İşin mahiyyətinə gəldikdə, cavabdehdən xx.xx.2014-xx.xx.2021-ci illər ərzində ona ödənilmiş 13765,25 manat pul vəsaitinin qaytarılmasının tələb olunması da inzibati icraat haqqında hüquq normalarına uyğun hesab oluna bilməz. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırdaisə aşkar ahıl dövrünü yaşadığı və xərclədəyi həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı isə iddia ərizəsində cavabdeh tərəfindən Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməsi barədə heç bir əsaslandırma mövcud deyildir. Ümumiyyətlə, iddia ərizəsində və apellyasiya şikayətində və iş üzrə digər sənədlərə əsasən cavabdeh tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallara yol verilməsinə dair heç bir dəlili də mövcud deyil. Başqa sözlə, cavabdeh tərəfindən belə hallara yol verildiyi mübahisələndirilmir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «… etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə ödənilmiş pensiya vəsaitinin tutulmasının geri tələb edilməsinin əsassız olduğu sübuta yetirilir. İPM-in 34.1-ci maddəsinin mənası da ondan ibarətdir ki, iddiaçı o halda, öhdəliyin icrası haqqında iddia vasitəsilə cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsini tələb edə bilər ki, bu qanunla onun üzərinə düşən öhdəliyindən irəli gəlmiş olsun. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının cavabdehə ödədiyi pulları ondan tutmaq üçün faktiki şərtlərin mövcudluğu öz təsdiqini tapmır. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3398/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3398/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar