Məhkəmə qərarları › İş №2-1(103)-2070/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2070/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2070/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Qəhrəmanova (Ağayeva) Aytən İlqar qızının iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “ötürülmüş müddətə görə sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14206/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı “əlilliyin yenidən bərpa edilməsi üçün X4 göndərişinin rəsmiləşdirilməməsi səbəbindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ötürülmüş müddətə görə sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2011-ci ildən həbsdədir. İİ dərəcə əlilliklə bağlı sosial müavinət almışdır. Təkrar müayinə əsasında xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək ona əlilliyə görə sosial müavinət təyin edilmiş və ödənilmişdir. Təkrar müayinə aparılmadığı üçün xx.xx.2021-ci ildən sosial müavinətin verilməsi dayandırılmışdır. Göstərilən tarixdə o, X2 saxlanılmışdır. X5 Hissəsinə rəsmi ərizə ilə müraciət edərək təkrar müayinəyə göndərilməsini xahiş etmişdir. Bundan sonra, o, prosesi sürətləndirmək məqsədilə Tibb Baş İdarəsinin rəisinə və Səhiyyə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Onun tələbi 1 il 1 ay sonra X4 göndərişi əsasında təmin edilmiş və o təkrar müayinəyə göndərilmişdir. Müayinədən sonra əlilliyin bərpası prosesi təxminən 17 ay çəkmişdir. xx.xx.2022-ci ildə ona təkrar əlillik təyin edilmişdir. xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək ona əlilliyə görə sosial müavinət ödənilməmişdir. Hesab edir ki, buraxılmış müddət – 17 ay məhkumluq həyatı yaşadığı üçün onun təqsiri səbəbindən baş verməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı əlilliyə görə ödənilməmiş sosial müavinətin ödənilməsi tələbilə Fonda müraciət etmiş, lakin qanunvericiliyin tələblərinə əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya təkrar müayinə əsasında xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək İİ dərəcə əlillik müəyyən edilmiş və müvafiq olaraq həmin dövrlər üzrə əlilliyə görə sosial müavinət təyin edilərək ödənilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək orqanizmin funksiyalarının 55 faiz pozulmasına görə əlillik müəyyən edilmişdir. Müvafiq olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdən proaktiv qaydada sosial müavinət təyin olunmuş və hazırda ödənişi 150 manat məbləğində olmaqla davam etdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Hazırki iddia tələbi iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə ödənilməmiş sosial müavinətin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018-ci il tarixli Qanunun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq hesab olunur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İddiaçının əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox (17 ay) müddət keçdiyindən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğu üçün ötürülmüş müddət üzrə (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (102)-195/2021 nömrəli xx.xx.2021-ci il tarixli (sədrlik edən hakim: Nigar Rəsulbəyova) və 2-1(102)-630/2021 nömrəli xx.xx.2021-ci il tarixli (sədrlik edən hakim: İspəndiyar Şəfiyev) oxşar qərarlarında (18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslərə ailə başçısını itirməyə görə pensiya təyini) haqlı olaraq müvafiq qanunvericilik normalarına istinad edilməklə ədalətli yekun nəticəyə gəlinmişdir. Belə ki, göstərilən qərarlarda qeyd olunur: Azərbaycan Respublikası Konstitusiyada təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə özü həmin qiymətləndirməni inzibati orqanın əvəzinə apara bilməz. Məhkəmə yalnız həmin qiymətləndirməni aparmış inzibati orqanın gəldiyi nəticənin qanuniliyini və əsaslılığını diskresion səlahiyyətlərin həyata keçirilməsinin yoxlanılması qaydasında qiymətləndirə bilər. Beləliklə, hazırkı qanunvericilik normalarının tələbinə görə əgər şəxs 18 yaşı tamam olduqdan sonra əlilliklə bağlı TSEK-ə müraciət etmiş və onun əlilliyi məhz 18 yaşından sonra müəyyən olunmuşsa, əlilliyin müəyyən edilməsinə dair həmin qərar qüvvədə olduğu halda, məhkəmə tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə istinadla həmin şəxsə ailə başçısının itirməyə görə pensiya təyin edilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, 18 yaşından sonra əlilliyi müəyyən edilmiş şəxslər əgər əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) 18 yaşınadək əldə etdiklərini güman edərək “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə uyğun olaraq ailə başçısının itirməyə görə pensiya təyin edilməsinə nail olmaq istəyirlərsə, bu halda, əlilliyin təyin edilməsinə dair qərarı mübahisələndirməklə, həmin qərarda əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) yaranma tarixinin 18 yaşından əvvəlki tarix kimi göstərilməsini tələb edə bilərlər. Bundan başqa, həmin şəxslər həm də inzibati orqana yeni bir tələblə müraciət edərək əlilliyin və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun bununla bağlı qərarın qəbul edildiyi tarixdən əvvəl yarandığına dair qərar qəbul edilməsini də tələb edə, eləcə də inzibati orqanın həmin müraciətlə bağlı qərar və ya hərəkətini (hərəkətsizliyini) yenə də məhkəmədə mübahisələndirə bilərlər.” Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il, 2-1(102)-1388/2023 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının müddəaları sosial dövlət prinsipinə uyğun olaraq dövlətin üzərinə müəyyən pozitiv öhdəliklər qoyur. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məsələ özünün tənzimlənməsini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində tapmışdır. Buna görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsində isə təsbit edilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.... “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanundan göründüyü kimi, xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (25 iyul 2021-ci il dən qüvvəyə minmişdir) gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu yeni normanın əlilliyi olan şəxslərin xx.xx.2021-ci il tarixdən sonra yaranan hüquqlarına münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, bu normanın Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsaslanmaqla geriyə tətbiq edilməsi yolverilməzdir. Əvvəla, sözügedən Qanunun özündə onun yeni müddəasının geriyə tətbiq edilməsinə dair müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunla əvvəllər mövcud olmayan yeni məzmunlu normativ tənzimləmə həyata keçirilmişdir. Sözügedən tənzimləmələr əlillik təyin edilmiş şəxsin - iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən xarakterli tənzimləmə olmamış, eləcə də onların qazanılmış hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Beləliklə, xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yeni norma, dövlətin sosial təminat hüququ sahəsində malik olduğu geniş mülahizə sərbəstliyi çərçivəsində həyata keçirilmiş yeni tənzimləmə olmuşdur. Müvafiq olaraq qanunun özündə onun əvvəlki münasibətlərə tətbiq ediləcəyinə dair müddəa olmadığından, normayaratma fəaliyyətinin ümumi prinsipinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixdən sonra yaranmış münasibətlərə şamil edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14206/2024 nömrəli, 16 dekabr 2024-cü il qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan iddia ərizəsinin məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Qəhrəmanova (Ağayeva) Aytən İlqar qızı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya (həbsxana vasitəsilə) ünlanlanmış “ötən dövr üzrə əlilliyə görə sosial müavinətin ödənilməsinin mümkün olmaması haqqında” məktubdan görünür ki, təkrar müayinə əsasında xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixədək İİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq ona həmin dövrlər üzrə əlilliyə görə sosial müavinət təyin edilərək ödənilmişdir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən təkrar müayinə əsasında xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək orqanizmin funksiyalarının 55 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Müfaviq olaraq ona xx.xx.2022-ci il tarixindən proaktiv qaydada sosial müavinət təyin olunmuş və hazırda ödənişi 150 manat məbləğində olmaqla davam etdirilir. Təkrar müayinə əsasında əlilliyi əvvəlki əlilllik müddətinin bitdiyi tarixdən 17 ay sonra – xx.xx.2022-ci il tarixində müəyyən edildiyi üçün sosial müavinətinin ödənişi də həmin tarixdən bərpa olunmuşdur. İddiaçı hazırda “əlilliyin yenidən bərpa edilməsi üçün X4 göndərişinin rəsmiləşdirilməməsi səbəbindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ötürülmüş müddətə görə sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. - 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. “Əlilliyin qiymətləndirilməsi Qaydaları”: 1.7-ci maddəsinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. 4.0.1.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir. 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının 17 mart 2014-cü il tarixə olan redaksiyasına əsasən: 1.1.2. Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 270 (iki yüz yetmiş) manat - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 220 (iki yüz iyirmi) manat - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə — 150 (yüz əlli) manat. Məhkəmə kollegiyası hеsаb еdir ki, iddiaçının tələbinin təmin edilməməsində cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi sübutа yеtirilmədiyindən, birinci instansiya məhkəməsi iddianın təmin еdilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının əlillik müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən təkrar müayinə edilib əlillik müəyyən edilən tarixədək, yəni xx.xx.2022-ci il tarixədək olan müddət üçün (xx.xx.2021-xx.xx.2022 - 17 ay) sosial müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından əsaslı deyil, cavabdeh inzibati orqan tərəfindən müavinətin ödənilməməsi ilə qanunvericiliyin hər hansı tələbi pozulmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi ilə iddiaçının sosial təminat hüquqları pozulmamışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14206/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14206/2024 nömrəli, 16 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar