Məhkəmə qərarları › İş №2-1(103)-2071/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2071/2022

12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2071/2022 12.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Aida Əli qızı Hüseyn və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxslər X9 və X1 qanuni nümayəndəsi X3 vəkili və həmçinin, X1 qanuni nümayəndəsi X3 nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər X9 və X4) qarşı «yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3265/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərarından üçüncü şəxslər X9 və X1 qanuni nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, X6 və X1 Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, 65 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Leyla Nəzərova ilə 20 iyul 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 25 may 2000-ci il tarixdə Hüseyn və 11 noyabr 2007-ci il tarixdə Muradəli adlı övladları doğulmuşdur. 25 aprel 2013-cü il tarixdə aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, uşaqlar analarının yanında qalmışdır. Ailə münasibətləri pozulduğu vaxtdan Leyla Nəzərova mübahisəli evdən uşaqlarla birlikdə 27 aprel 2018-ci il tarixdən nikahda olduğu ərinin evinə yaşamağa getmişlər. Onlar artıq uzun müddətdir həmin evdə yaşamırlar. Leyla Nəzərovanın əri əvvəlki nikahdan doğulmuş uşaqları övladlığa götürmüşdür. Buna baxmayaraq, hazırkı üçüncü şəxslər iddiaçıya məxsus ünvanda qeydiyyatda qalmaqda davam edirlər. Bu səbəbdən də İddiaçı həmin şəxslərin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4693/2020 saylı 22 sentyabr 2020-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: Məhkəmələr mübahisə ilə bağlı belə qənaətə gəlmişlər ki, mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş özbaşına tikili olduğu üçün cavabdehlərin evə istifadə hüquqları yaranmamış və ona görə yaranmayan hüququn itirilməsi tələbi təmin oluna bilməz. Bu zaman məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1. 180.2 və 180.3-cü maddələrinə istinad etmişlər. İddiaçı mahkəmə qərarları ilə razılaşmayaraq kassasiya şikayəti verir. İddiaçının mövqeyi ziddiyyətlidir. Onun iddiası cavabdehin istifadə hüququnun itirilmiş hesab olunması barədədir və məhkəmələr qərar vermişlər ki, cavabdehin evə istifadə hüququ yoxdur, ona görə belə iddia təmin oluna bilməz. Əslində həmin məhkəmə qərarları cavabdeh tərəfin mənafeyinə uyğun deyil. Şikayətin mahiyyətindən belə qənaət hasil olur ki, iddiaçı cavabdehin mübahisəli evdən pasport qeydiyyatından çıxarılmasını tələb edir. İddiaçıya izah olunur ki, pasport qeydiyyatına düşmə və çıxma məsələləri müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olan məsələdir. Bunun üçün mavafiq icra hakimiyyəti orqanına müraciət olunmalı, həmin orqanın qərarından narazı qaldığı təqdirdə inzibati icraatdan narazı qaldığı qərarı mübahisələndirə bilər. Qeyd olunan tələblə bağlı Bakı şəhəri Yasamal RPİ-yə müraciət olunmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin 16 noyabr 2020-ci il tarixli məktubunda qeyd olunur ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən' istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında X11, X9, X2 Yasamal rayonu, V.Əliyev küçəsi, ev 65 ünvanından qeydiyyatdan çıxarıla bilər. Bununla əlaqədar mülki qaydada məhkəməyə müraciət oluna bilər. Bu cavab əsassız hesab olunur. Cavabdeh Bakı şəhəri Yasamal RPİ-nin üzərinə X5, X6 və X1 Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, 65 saylı evdən qeydiyyatdan çıxarılması barədə öhdəlik qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3265/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan iş üzrə üçüncü şəxslər X9 və X1 qanuni nümayəndəsi X10 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar daimi olaraq fərdi yaşayış evindən istifadə edir. Amma iddiaçı əsassız olaraq onların mənzildə yaşamadığını bildirmişdir. Həmçinin, iddiaçının belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olmadığı halda, məhkəmə əsassız olaraq onun iddia ərizəsini icraata qəbul etmiş və bununla da AR Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 saylı Qərarının tələblərini pozmuşdur. Belə ki, inzibati işin sənədlərindən də görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikilidir. Yəni həmin fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Bu halda iddiaçının həmin fərdi yaşayış evinə dair mülkiyyətçi kimi heç bir hüquqları olmadığına görə onun belə bir iddia ilə müraciət etmək üçün subyektiv hüququ da yoxdur. Məhkəmə icraatında tərəflərin iştirakı: İş üzrə apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, üçüncü şəxs X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 12 avqust 2022-ci il tarixli qərardadı ilə X5 3-cü şəxs statusuna xitam verilməsi qərara alınmışdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə 12 avqust 2022ci il tarixli qərardadı ilə X9 və X4 hazırki iş üzrə zəruri cəlbetmə qaydasında cəlb edilmiş 3cü şəxs qismində tanınmışlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili izahatlarında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əlavə olaraq izahatlarında bildirdilər ki, ev kitabçasından da göründüyü kimi sözügedən ev iddiaçının atasının sahibliyində olmuş, onun ölümündən sonra da hazırki iddiaçı evə sahiblik və istifadə edir, 3-cü şəxslər iddiaçı ilə nikah münasibətindən sonra onun razılığı əsasında həmin ünvana qeydiyyata düşmüşlər. Odur ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmuşdur. Üçüncü şəxslər X9 və X1 qanuni nümayəndəsi X3 vəkili və həmçinin, X1 qanuni nümayəndəsi X3 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək, təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən mərhum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1ci maddəsi:Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifa də etmək hüququna malikdir.Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülki yyətindən mərhum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materiallarından məlum olur ki, mübahisəli fərdi yaşayış evi iddiaçıya məxsusdur və həmin ev özbaşına tikili olsa da, üçüncü şəxslərin Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, 65 saylı evə hər hansı hüququ mövcud deyil və bunu təkzib edən xüsusatlar məhkəmə icraatında müəyyən edilmir. İş materiallarına əlavə edilmiş ev kitabından da aydın göründüyü kimi, sözügedən ev keçən əsrin 60-cı illərindən iddiaçının atası X7 istifadəsində və sahibliyində olmuş, onun ölümündən sonra hazırki iddiaçının sahibliyindədir. Bugünki gündə qeydiyyatdan çıxarılması tələb olunan şəxslər iddiaçının ailə üzvləri olduğuna görə onun razılığı əsasında qeydiyyata düşmüşlər. İddiaçı hazırki iddianı qalkdırmaqda subyektiv hüquqa malikdir. Həmçinin, nəzərə alınmalıdır ki, onların sözügedən evə 3-cü şəxslərin hüququnun olmaması aidiyyəti mülki məhkəmə icraatı üzrə məhkəmə aktları ilə də təsdiqini tapır. 3-cü şəxslərin həmin ünvanda qeydiyyatda olması həmin evə sahiblik edən, öz hesabına yaxşılaşdırmış və orada qeydiyyatda olaraq yaşayan şəxsin hüquqlarını pozur. Ən azından kommunal ödənişlərlə bağlı problemlərlə üzləşir. Bundan əlavə məhkəmə araşdırması zamanı məhkəmə kollegiyasının sualına cavab olaraq 3-cü şəxlərin vəkili və nümayəndəsi 3-cü şəxslərin daimi olaraq başqa ünvanda yaşadıqlarını bildirmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh inzibati orqan Bakı şəhəri Yasamal RPİ tərəfindən aparılan inzibati icraatda İddiaçı «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş “yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi”nin tələb olunması formal xarakret daşıyır və «İnzibati icraat haqqında» AR Qanununun 15, 17-ci maddələri ilə ziddiyyət təşkil edir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxslər X9 və X1 qanuni nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3265/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Aida Hüseyn Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar