Məhkəmə qərarları › İş №2-1(103)-2071/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2071/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2071/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə iddiaçının hüquqlarının reyestrdə qeydiyyata alınması» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1508/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” məhəlləsində inşa edilmiş, çoxmərtəbəli yaşayış binasının “B” korpusu, 15-ci mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 163.7 kv.m olan 43 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq qaydada dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-1508/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” məhəlləsində inşa edilmiş, çoxmərtəbəli yaşayış binasının “B” korpusu, 15-ci mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 163.7 kv.m olan 43 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq qaydada dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 müvafiq tələblə bağlı xx.xx.2022-ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu, X6 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin müraciətə əlavə edilən sənədlərdə mənzil barədə tam məlumat (mənzil nömrəsi) qeyd edilməmişdir. Bundan əlavə mənzilin sənəd üzrə sahəsi 183 kv.m olsa da, faktiki ölçüsü 163.7 kv.m təşkil edir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(005)-318/2019 saylı qərardadı ilə "xxxx" MMC-nin adına ünvan ünvanda yerləşən 0.5530 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən mənzilə dair təqdim edilmiş sənədlər düzgün və dəqiq araşdırılmamışdır və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, iddiaçı X2 ilə "xxxx" MMC arasında Bakı şəhəri, Atatürk prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş yaşayış binasında "B" korpusunun 15-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət mənzilin nömrəsinin 45 olmasını təsdiqləyən sənəd maliyyə arayışıdır. Lakin məhkəmə tərəfindən qərarda heç bir əsaslandırma verilmədən maliyyə arayışında mənzilin nömrəsinin 43 olduğu qeyd edilmişdir. Halbuki iddiaçının özünə də mənzilin 45 olması məlum idi, bu səbəbdən ilkin iddia ərizəsində də, İdarəyə müraciətində də 45 nömrəli mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istəyirdi. Lakin sonradan heç bir əsas olmadan sənədlərinin 45 nömrəli mənzilə münasibətdə olmasına baxmayaraq, iddia tələbinə dəqiqləşmə verərək 43 nömrəli mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istəmişdir. Göründüyü kimi məhkəmə tərəfindən araşdırılma natamam olmuş, dəqiq və düzgün aparılmamışdır. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilən zaman mənzilin 15-ci mərtəbə, soldan 3-cü qapı olduğu müəyyən edilmişdir. Buna uyğun olaraq da mühəndisin qeyd etdiyi qapı və mərtəbəyə əsasən Ünvan şöbəsi tərəfindən ÜRİS (Ünvan Reyestri İnformasiya Sistemi) proqramında mənzilin nömrəsinin 45 saylı olduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” məhəlləsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının “B” korpusu, 15-ci mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 163.7 kv.m olan 45 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq qaydada dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilmiş formada təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının B korpusunun 15-ci mərtəbəsində yerləşən - saylı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 350 saylı, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "Xudafərin” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Qeyd olunan ünvanda yerləşən yaşayış binası “Xudafərin" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Həmçinin müraciətinizə əlavə etdiyiniz sənədlərdə mənzil barədə tam məlumat (mənzil nömrəsi) qeyd edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İş materiallarında olan "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 26 dekabr 2011-ci il tarixli, 465 nömrəli müqavilənin surətindən görünür ki, müqavilənin predmetini Bakı şəhəri, Atatürk prospekti 3078 A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində layihə sənədlərinə uyğun olaraq qüsursuz və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş, tikinti norma və qaydalarına görə çoxmərtəbəli binaların tikintisi təşkil edir. İcraçı "xxxx" MMC B korpusu, 15-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 183 kv.m, yaşayış sahəsi 100,33 kv.m təşkil edən mənzili müqavilədə nəzərdə tutulmuş şərtlərlə Alıcı İddiaçı təhvil verir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti, 3078 A məhəlləsində yerləşən yeni yaşayış binasında B korpusu, 15-ci mərtəbə, 3 otaqdan ibarət sahəsi 183 kv.m olan 45 saylı mənzilin müqaviləyə əsasən borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-4852 nömrəli məktubla xx.xx.2020-ci il tarixli, 350 saylı “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə”nin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Qeyd olunan icazənin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq, xx.xx.2020-ci il tarixindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, məhəllə 3078A; 8 girişli: 2 girişi zirzəmili, kürsülü, 17/18 mərtəbəli (Blok A2 və A5); 2 girişi zirzəmili, kürsülü, 18 mərtəbəli (Blok E və A3); 2 girişi zirzəmili, kürsülü, 19 mərtəbəli (Blok B və A4); 2 girişi zirzəmili, kürsülü, 17 mərtəbəli (Blok C və D) yaşayış binasının istismarına icazə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X6 prospekti məhəllə 3078A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında B korpusu, 15-ci mərtəbə 3 otaqdan ibarət, 45 saylı mənzil müqavilədə nəzərdə tutulmuş şərtlərlə iddiaçıya satılmışdır. Mənzilin dəyəri iddiaçı tərəfindən ödənilmişdir və qalıq borcu yoxdur. xx.xx.2020-ci il tarixli, 350 saylı “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə”yə əsasən qeyd olunan yaşayış binasının istismarına icazə verilmişdir. Göründüyü kimi, iddiaçı mənzili "xxxx" MMC-dən əvəzini ödəməklə almış, onun həmin mənzilə görə borcu yoxdur, mənzilin yerləşdiyi bina istismara qəbul edilmiş və müvafiq dövlət orqanları tərəfindən mənzilin istismarına razılıq verilmişdir. Beləliklə, iddiaçı mənzilə pay haqqını həmin mənzil olan müvafiq binanın məxsus olduğu quruma ("xxxx" MMC-yə) tam ödəməklə mənzilə mülkiyyət hüququnu əldə etmişdir. İddiaçı pay haqqını ödədiyindən və üzvlüyə qəbul edildiyindən, onun mənzilə hüququnun qeydiyyata alınması üçün əsas mövcuddur. Bina inşa edən qurum kimi "xxxx" MMC-nin təşkilati-hüquqi formasının MTK və ya MMC olması pay haqqı ödəmiş iddiaçıya münasibətdə fərq yaratmamalıdır. Eləcə də iddiaçı mənzilin sahibi kimi həmin əmlaka mülkiyyət hüququnun qeydiyyatını tələb etdiyindən, mənzil olan binanın altındakı torpaq sahəsinin müqəddaratı həll olunmur və həmin torpaq sahəsinin üzərinə həbs olması bu qeydiyyata təsirsizdir. Bundan başqa, cavabdeh mənzilin sənəd üzrə sahəsinin 183 kv.m, faktiki ölçüsünün isə 163.7 kv.m təşkil etməsini qeyd etsə də, iddiaçı iddia tələbini dəqiqləşdirərək mənzilin sahəsini 163.7 kv.m göstərmişdir. Eyni zamanda mənzilin nömrəsi maliyyə arayışında 45 göstərilmişdir, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilən zaman mənzilin 15-ci mərtəbə, soldan 3-cü qapı olduğu müəyyən edilmiş, buna uyğun olaraq da mühəndisin qeyd etdiyi qapı və mərtəbəyə əsasən Ünvan şöbəsi tərəfindən ÜRİS (Ünvan Reyestri İnformasiya Sistemi) proqramında mənzilin nömrəsinin 45 saylı olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı iddia tələbini dəqiqləşdirərək mənzilin nömrəsini 45 göstərmişdir. Beləliklə, mənzilin sahəsi və nömrəsi ilə bağlı hallar aradan qalxmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1508/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərarı, həmin qərarda Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” məhəlləsində inşa edilmiş, çoxmərtəbəli yaşayış binasının “B” korpusu, 15-ci mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 163.7 kv.m olan mənzilin nömrəsi - “43 saylı mənzil” sözləri “45 saylı mənzil” sözləri ilə əvəz edilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1508/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərarı, həmin qərarda Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” məhəlləsində inşa edilmiş, çoxmərtəbəli yaşayış binasının “B” korpusu, 15-ci mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 163.7 kv.m olan mənzilin nömrəsi - “43 saylı mənzil” sözləri “45 saylı mənzil” sözləri ilə əvəz edilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar