Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2071/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: mənzil növbəsinə götürülmə) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X1 ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2-1(112)-5430/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 sentyabr 1994-cü il tarixdən 24 sentyabr 2002-ci il tairxədək həqiqi hərbi xidmət keçmiş, 28 iyun 2002-ci il tarixli Müdafiə nazirinin əmri ilə ehtiyata tərxis edilmə barədə Müdafiə nazirinin əmri olmuşdur. Əmrin olmasına baxmayaraq xəstə olduğu üçün 30 iyun 2002-ci il tarixdən 05 iyul 2002-ci il tarixədək 214 nömrəli hərbi hospitalda, 05 iyul 2002-ci il tarixdən 29 avqust 2002-ci il tarixədək 251 nömrəli hərbi hospitalda stasionar şəraitdə müalicə olunmuş, dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır qərarı verilərək tərxis olunmuşdur. İddiaçı qeyd edir ki, hərbi xidmət dövründə aldığı xəstəliklərə əsasən ehtiyata buraxılmış, İİ qrup hərbi xidmətlə əlaqədar əlillik təyin edilmiş, 24 sentyabr 2002-ci il tarixdə qazan təminatından çıxarılmışdır.
3. Bakı İnzibati Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2-1(112)-5430/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
4. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
5. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. Arayışdan görünür ki, iddiaçı 28 iyun 2002-ci il tarixli müvafiq əmr əsasında “Hərbi xidmət haqqında” Əsasnamənin 158-ci maddəsinin b bəndinə əsasən ehtiyata buraxılmışdır. 28 sentyabr 2002-ci il tarixdən hərbi qeydiyyatdadır.
10. Xəstəlik haqqında 27 avqust 2002-ci il tarixli şəhadətnamədən görünür ki, dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olma barədə şəhadətləndirilmişdir.
11. İmtina məktubunda qeyd edilmişdir ki, iddiaçı törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaya görə 28 iyun 2002-ci il tarixli əmrə əsasən ehtiyata buraxıldığından müraciətin təminindən imtina edilmişdir.
12. Əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçı 09 sentyabr 2009-cu il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlillik təyinatı aparılmış şəxsdir.
13. Şəxsi işinə daxil olan materiallardan görünür ki, 28 iyun 2002-ci il tarixli əmrlə cinayət törədilməsi ilə əlaqədar Əsasnamənin 158-ci maddəsinin b bəndinə olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Adıçəkilən səbəbdən şərti məhkum edildiyinə görə hərbi xidmətdən ehtiyata buraxılması barədə təqdimat verilmişdir. O, Hərbi Məhkəmənin 08 aprel 2002-ci il tarixli hökmü CM-nin 342.2-ci maddəsinə nəzərdə tutulmuş əməli törətmiş, 3 il müddətinə azadlıqdan məhrum edimiş, 1 il sınaq müddəti müəyyən edilməklə cəza şərti olaraq tətbiq edilmişdir. Bundan əlavə, Füzuli-Qubadlı Hərbi Məhkəməsinin 30 iyun 2001-ci il tarixli hökmünə əsasən CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinmiş, 3 il azadlıqdan məhrum edilmiş, Amnistiya aktına əsasən 30 may 2001-ci il tarixdə cəzadan azad edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
15. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
16. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.
17. İmtina məktubundan görünür ki, iddiaçı törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəza təyinatı ilə əlaqədar ehtiyata buraxıldığından müraciətinin təminindən imtina edilmişdir.
18. Məhkəmə kollegiyası “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsini, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41 və 42-ci maddələrini, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147,158-ci maddələrini,“Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarını nəzərə alaraq qeyd edir ki, iş materiallarına əsasən iddiaçı cinayət törədilməsi ilə əlaqədar ehtiyata buraxılmış şəxsdir. Qeyd olunmalıdır ki, hazırkı mübahisə həmin əsasla hərbi xidmətdən ehtiyata buraxılan şəxslər üçün mənzil növbəsinə götürülmə və kirayə pulunun ödənilməsinə yol verilib-verilməməsi ilə bağlıdır ki, bu məsələyə münasibətdə tətbiq edilməli olan qanunvericiliyin normalarının şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul 2022-ci il tarixli Qərardad qəbul edilmişdir.
19. Konstitusiya Məhkəməsinin Plenumu mübahisəli hüquqi məsələyə münasibətdə özünün hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır.
20. Lakin qeyd edilməlidir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir.
21. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar.
22. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir.
23. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət 4 hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam Nizamnaməsi”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir.
24. Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 06 avqust 2012ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur
25. Beləliklə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.”
26. Göründüyü kimi mübahisəyə tətbiq edilməli olan hüquq normalarının şərh edərkən Konstitusiya Məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi hüquqi qüvvəyə malikdir. Bu konstitusion normanın tələbinə görə məhkəmələr baxdıqları işlər üzrə Konstitusiya Məhkəməsi tərəfindən şərh edilmiş mübahisəyə tətbiq edilməli olan qanunvericiliyin normalarını həmin şərhin mənasına uyğun tətbiq etməlidirlər.Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi həm də onun qərarlarında əks olunmuş hüquqi mövqelərə də şamil olunur. Yuxarıda göstərilənlərdən də göründüyü kimi törədilmiş cinayət işi ilə əlaqədar ehtiyata buraxılma mənzil növbəsinə götürülmə və kirayə pulunun ödənilməsi üçün əsas hesab edilmir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xəstəliyi ilə əlaqədar şəhadətləndirilməsi və ona əlilliyin təyin edilməsi də göstərilən vəziyyəti dəyişmir
27. Qeyd olunmalıdır ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.1. Bu Əsasnamə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: hərbi qulluqçuların; orqanlarda xidmət keçən şəxslərin; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların ehtiyatında olan vətəndaşların; hərbi xidmət keçmiş vətəndaşların orqanlarda xidmət keçmiş vətəndaşların; 6.3. Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbihəkim komissiyaları tərəfindən şəhadətləndirilirlər.
28. Oxşar müddəalar qüvvədən düşmüş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamə ilə də müəyyən edilmişdir.
29. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçıda hərbi xidmət dövrü xəstəliyi ilə əlaqədar dinc dövründə hərbi xidmətə yararsız hesab edilmiş, müharibə dövründə məhdud yararlı hesab edilmiş, daha sonra ona müddətsiz əlillik təyinatı aparılsa da, işin faktiki hallarından da göründüyü kimi həmin şəhadətləndirmə və əlillik təyinatı iddiaçının cinayət törətdiyi və ehtiyata buraxıldığı əmrdən sonrakı tarixlərə aiddir və onun hərbi xidmətdən məhz cinayət törətməsi ilə əlaqədar hallara hər hansı təsir etmir. Ola bilər ki, iddiaçının hazırkı vəziyyəti məhz xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsızlığı ilə əlaqədardır ki, həmin halın mövcudluğu iddiaçının məhz xəstəliyi ilə əlaqədar ehtiyata buraxıldığı anlamına gəlmir.
30. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə əsasən məhz öz iradəsindən asılı olmayan, öz xahişi və cinayət törədilməsi ilə əlaqədar olmayan səbəblərdən ehtiyata buraxılmış şəxslər üçün mənzil və kirayə xərclərinin ödənilməsi ilə əlaqədar hərbi qulluqçulara üstünlüklər vermişdir. İddiaçı isə, xəstəliyi hərbi xidmət dövründə alsa belə, ehtiyata buraxıldığı vaxt məhz həmin xəstəliklə əlaqədar ehtiyata buraxılmamış, ehtiyata buraxılma səbəbləri cinayət törədilməsi ilə əlaqədar olmuşdur.
31. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
32. Qeyd olunur ki, iddiaçı barəsində qəbul edilmiş hərbi xidmətdən ehtiyata buraxılma barədə əmr qüvvədədir, dəyişdirilməmiş və ləğv edilməmişdir və iddiaçının vəziyyəti üzrə hüquqi nəticələrə səbəb olur. Nə qədər ki, həmin inzibati akt qüvvədədir, iddiaçı məhz cinayət törədilməsi ilə əlaqədar ehtiyata buraxılmış şəxs sayılır. Onun, ehtiyata buraxıldığı vaxtdan sonra xəstəlik hərbi xidmət dövründə olsa belə, şəhadətləndirilməsi və əlillik təyinatının aparılması, onun 28 iyun 2002-ci il tarixdə ehtiyata buraxıldığı zaman xidməti vəzifələrin icrasının həyata keçirilməsinə mane olması müəyyən edilməmiş, iddiaçı hərbi xidmətdən törətmiş olduğu cinayət səbəbindən ehtiyata buraxılmış, yəni xidməti vəzifələrinin icrasının həyata keçirilməsindən imtina məhz cinayət törədilməsi ilə əlaqədar olmuş, xəstəliyi ilə əlaqədar ehtiyata buraxıldığı dövrdə hər hansı şəhadətləndirmə və ya əlillik təyinatı mövcud olmamışdır.
33. İddiaçıya izah edilir ki, o, əgər barəsində qəbul edilmiş əmrlə razı deyildirsə onun ləğvi və ya ehtiyata buraxılma əsasının xəstəliklə əlaqədar dəyişdirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququna malikdir ki, həmin müraciət üzrə iddia müddətinin ötürülüb-ötürülməməsi, ötürülmüşdürsə üzrlü səbəblərlə bağlı ötürülməsi kimi hallar hazırkı iddianın predmeti olmasa da, iddiaçının müraciətinin təmininə xidmət edir. Odur ki, iddiaçıya məhz həmin tələblə Müdafiə Nazirliyinə qarşı inzibati məhkəməyə müraciət etmək hüququ izah edilir.
34. Lakin hər bir halda işin faktiki halları ilə iddiaçının ehtiyata buraxılma səbəbi məlumdur və həmin ehtiyata buraxılma səbəbi hazırkı iddianın təminini istisna edir.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 36.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 37.Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. 38.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 39.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 fevral 2025-ci il tarixli, 2-1(112)-5430/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev