Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2072/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1214/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 21-22 sentyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 13.02.2019-cu il tarixindən, 57 yaşdan «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin birdəfəlik ödənişlə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun 57 yaşının tamam olduğu 13 fevral 2019-cu il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş məbləğinin hesablanaraq birdəfəyə ödənilməsi xahişi ilə cavabdehə rəsmi müraciət etmişdir. Lakin cavabdeh 03 iyun 2020-ci il tarixli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, «26.09.1984-15.02.1996-cı il tarixləri arasındakı dövrdə Şirvanneft NQÇİ-də çalışdığı sürücü-motorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Onun xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, xx.xx.1962-ci ildə Salyan rayonunda doğulmuşdur. Orta təhsilini başa vurduqdan sonra 18.09.1979 – 30.10.1980 tarixlərində X16 Alətlər Bazasında təmirçi-çilingər işləmiş, 10.11.1980 – 21.11.1982-ci il tarixlərində həqiqi hərbi xidmətdə olmuş, 17.01.1983 – 24.10.1983-cü il tarixində Əli-Bayramlı Cihazlar zavodunda elektrik montyoru işləmiş, 14.11.1983 – 26.09.1984-cü ilə kimi Şirvanneft NQÇİ-nin X7 səyyar buxar qurğusu maşinisti vəzifəsində işləmiş, 26.09.1984 – 15.02.1996-cı il tarixinə kimi Şirvanneft NQÇİ-nin X8 3-cü avtobölməsində sementləyici aqreqatda sürücü-motorçu vəzifəsində işləmiş, 15.02.1996 – 30.11.2000-ci il tarixinə kimi X1rıcı maşinist vəzifəsində işləmiş, 01.12.2000-ci ildən 25.09.2001-ci ilə kimi Qarasu Əməliyyat Şirkətində qaldırıcı maşinist, 25.09.2001 – 11.01.2002-ci ilə kimi həmin müəssisədə fəhlə, 11.01.2002 – 01.12.2003-cü ilə kimi yenə də orada qaldırıcı maşinist, 01.12.2003 – 01.11.2008-ci ilə kimi mexanik-sürücü, 01.11.2008 – 01.01.2009-cu ilə kimi avtomobil sürücüsü, 01.01.2009-cu ildən hal-hazıra kimi həmin müəssisədə avtomobil sürücüsü peşəsində çalışır. Onun əmək fəaliyyəti dövründə 01.01.2006-cı il tarixinə kimi qeyd edilən vəzifələrdə 25 ildən çox ümumi, 19 ildən çox güzəştli pensiya hüququ verən iş stajı vardır. Güzəştli iş stajı, 14.11.1983 – 26.09.1984-cü ilə kimi Şirvanneft NQÇİ-nin X7 səyyar buxar qurğusu maşinisti- 2 saylı Siyahıda - 2.Neft-qaz və qaz kondensatının hasilatı-2136200a-13969 buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri - 10 ay 12 gün, 26.09.1984 – 15.02.1996-cı tarixinə kimi Şirvanneft NQÇİ-nin X8 3-cü avtobölməsində sementləyici aqreqatda sürücü-motorçu - 2 saylı Siyahıda 2.Neft-qaz və qaz kondensatının hasilatı - 2130200a-14754 sementləşdirici aqreqatların motorçuları - 11 il 4 ay 19 gün, 15.02.1996 – 30.11.2000-ci il tarixinə kimi X1rıcı maşinist - 2 saylı Siyahıda 2.Neft-qaz və qaz kondensatının hasilatı - 2130200a-14012 qaldırıcıların maşinistləri - 4 il 9 ay 15 gün, 01.12.2000 – 25.09.2001-ci ildə Qarasu Əməliyyat Şirkətində qaldırıcı maşinist - 2 saylı Siyahı 2.Neft-qaz və qaz kondensatının hasilatı - 2130200a-14012 qaldırıcıların maşinistləri - 9 ay 24 gün, yenə də orada 11.01.2002 – 01.12.2003-cü il tarixində qaldırıcı maşinist - 2 saylı Siyahı 2.Neft-qaz və qaz kondensatının hasilatı - 2130200a-14012 qaldırıcıların maşinistləri - 1 il 10 ay 20 gün olmaqla toplanmışdır. Cavabdeh öz imtina məktubunda ona təqdim etdiyi güzəştli iş stajını təsdiq edən arayışları nəzərə almamışdır. Onun 26.09.1984 – 15.02.1996-cı il tarixinə kimi Şirvanneft NQÇİ-nin X8 3-cü avtobölməsində sementləyici aqreqatda sürücü-motorçu peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmadığını bildirmişdir. Bu fikir əsassız və qərəzlidir, çünki həmin vəzifə qeyd edilən Siyahıda mövcuddur, sadəcə motorçu peşəsinin əvvəlinə sürücü sözünün əlavə edilməsini cavabdeh bəhanə gətirərək Siyahıda məhz sürücü-motorçu peşəsinin göstərilmədiyini bildirərək xahişini yerinə yetirməkdən imtina etmişdir. Onun çalışdığı motorçu peşəsinin qarşısında həm də sürücü sözünün qeyd edilməsi onunla bağlıdır ki, işlətdiyi sementləyici aqreqat avtomobil şassisi üzərində yığılmışdır. Həmin nəqliyyat vasitəsini sürücü idarə edərək neft quyularının meydançasına sürür və orada saxlayır. Motorçu isə avtomaşın meydançada tərpənməz səkildə dayandıqdan sonra onun arxa hissəsində yığılmış sementləyici aqreqatı işə salaraq, neft quyularında sementləmə işlərini həyata keçirir. Bəzi şirkətlər əlavə işçi qüvvəsinə ehtiyac yaratmamaq məqsədilə həmin avtomaşının quyu meydançasına sürülməsini həmin aqreqatı işlədəcək motorçuya həvalə edirlər. Motorçu, sementləyici aqreqatı çalışdırmaqdan əlavə həm də həmin aqreqatın quraşdırıldığı avtomaşını neft quyularına idarə edərək aparmalı olur. Bu səbəblə də onun peşəsi artıq sadəcə motorçu deyil, sürücü-motorçu olaraq qeyd edilmişdir. Onun işlədiyi sürücü-motorçu vəzifəsinin sementləyici aqreqat motorçuları vəzifəsi ilə eynilik təşkil etməsi barədə təqdim etdiyi aydınlaşdırıcı sənəddə bu barədə açıq-aydın təsdiqini tapsa da, cavabdeh «İnzibati icraat haqqında» Qanunun 24.2-ci maddəsinə görə «inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz» - müddəasını pozaraq hüquqi mahiyyətinə görə hazırki mübahisədə onun xeyrinə olan məqamları nəzərə almamışdır. «İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Yəni əslində onun xeyrinə olan sübutların toplanması nəzərdə tutulur. Lakin cavabdeh bu mənada hərəkətsizlik etmiş, onun təqdim etdiyi sübutları (güzəştli arayışları) isə qəbul etməyərək, qərəzli qərar qəbul etmişdir. Göründüyü kimi, cavabdeh işin düzgün həlli üçün tam, obyektiv, xidməti vəzifəsində irəli gələn araşdırma aparmamış, onun xeyrinə olan halları nəzərə almamış, onun təqdim etdiyi sənədlərin mötəbərliyini əks sübutlarla təkzib etməmiş, öz tərəfindən nə onun xeyrinə, nə də onun maraqlarına əks sübutlar toplamamışdır. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca riayət etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin imtina kifayət qədər əsaslandırılmamış, mümkün hüquqi müdafiə məsələləri vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 13.02.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1214/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı (10) bölməsinin neft, qaz və qaz kondensatının hasilatı (10.2) bəndində sementləşdirici aqreqatların motorçuları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 18.09.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 26.09.1984-15.02.1996-cı il tarixləri arasındakı dövr əzrində “Şirvanneft” NQÇ-nin Traktor Nəqliyyat sexində sürücü-motorçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi vəzifə yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X12 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 57 yaşının tamam olduğu 13.02.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı da daxil olmaqla, işlədiyi dövr nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 13.02.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 10.11.1980-cı il tarixdən 21.11.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan İddiaçı məxsus İT-İ № ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 18.09.1979-cu ildə “Azneft” Birliyinin Boru-instrumental bazasında instrumental sahədə kontora 1-ci dərəcəli çilingər-təmirçi vəzifəsinə qəbul edilmiş, 30.10.1980-cı ildə Sovet ordusu sıralarına getdiyinə görə tutduğu vəzifədən azad edilmiş, 10.11.1980-cı ildən 21.11.1982-ci ilədək Sovet Ordusunda xidmət etmiş, 17.01.1983-cü ildə Əli Bayramlı cihazlar zavodunda təmir mexanika sexinə 3-cü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, 24.10.1983-cü ildə 3-cü dərəcəli elektrik montyoru vəzifəsindən azad edilmiş, 14.11.1983-cü ildə Şirvan TNİ-də 3 saylı avtomobil dəstəsi 3-cü dərəcəli 3 Səyyar buxar deaksilyasiya qurğusunun maşinisti vəzifəsinə qəbul edilmiş, 26.09.1984-cü ildə “AZİNMAŞ-37”-yə 6-cı dərəcəli motorçu sürücü vəzifəsinə keçirilmiş, Quruda Neft və X4 24.02.1995-ci il tarixli 52 saylı əmrinə əsasən Şirvan TNİ-si 01.03.1995-cı ildən struktur bölmə kimi traktor nəqliyyat sexi adı ilə “Şirvanneft” NQÇİ-nin tabeçiliyinə keçirilmişdir, 15.02.1996-cı ildə Azərbaycan Respublikasının ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndi ilə "xxxx" müştərək müəssisəsinə köçürülmə yolu ilə işdən azad olunmuş, 01.02.1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X15 Şirkətinin X5ndə Traktor nəqliyyat sexinə 6-cı dərəcəli qaldırıcı maşinist qəbul edilmiş, 30.11.2000-ci ildə “Azərpetoıl” MM-nin ləğvi ilə əlaqədar olaraq bağlanmış 01.02.1996-cı il müddətində fərdi əmək müqavilələrinə Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir, 01.12.2000-ci ildə "xxxx" Əməliyyat Şirkətində Texnoloji nəqliyyat sexinə 6-cı dərəcəli maşinist-qazmaçı qəbul edilmiş, 25.09.2001-ci ildə Quruların Əsaslı və Yeraltı Təmir sexinə fəhlə keçirilmiş, 11.01.2002-ci ildə Texnoloji nəqliyyat sexinə UPA-2 qaldırıcı maşına sürücü maşinist keçirilmiş, 01.12.2003-cü ildə əsaslı təmir sahəsinə mexanik-sürücü vəzifəsinə təyin edilmiş, 01.11.2008-ci ildə Ağır avadanlıqlar şöbəsində avtomobil sürücüsü işinə təyin edilmiş, 01.01.2009-cu ildə Nəqliyyat sexində avtomobil sürücüsü işinə keçirilmişdir. İş materiallarında olan Karasu Əməliyyat Şirkətinin 30.05.2019-cu il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr üzrə iş stajı haqqında arayışından görünür ki, İddiaçı Karasu Əməliyyat Şirkətində Nəqliyyat sexində, Avtomobil sürücüsü vəzifəsində işləyir. İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Karasu Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir: 1.X7 6 (altıncı) dərəcəli qaldırıcı maşinist (01.12.2000-25.09.2001). 2.Quyuların Əsaslı və Yeraltı təmiri sexində fəhlə (25.09.2001-11.01.2002). 3. Texnoloji Nəqliyyat sexi UPA-2-də qaldırıcı maşinist (11.01.2002-01.12.2003) 4. Əsaslı Təmir sahəsinə mexanik-sürücü: (01.12.2003-01.11.2008). 5. Ağır Avadanlıqlar şöbəsində avtomobil sürücüsü (01.11.2008-01.01.2009). 6. Nəqliyyat sexində avtomobil sürücüsü (01.01.2009-31.05.2019) - cəmi: 3 il. X5 Traktor Nəqliyyat sexində 6 (altıncı) dərəcəli qaldırıcı maşinist qəbul edilmişdir (01.02.1996-01.12.2000). Qeyd: Əmək kitabçasında göstərilən 9, 10, 11 nömrəli qeydlərə əsasən cəmi: 4 il 10 ay. Ümumi 7 il 10 ay. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə İddiaçı 7 il 10 ay imtiyazlı iş stajına malikdir – 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şiştin emalı: 10.2. Neft, qaz və qaz kondensatının hasilatı a) fəhlələr: qaldırıcıların maşinistləri. İş materiallarında olan «X21 Alətləri» ASC-nin 05.04.2020-ci il tarixli 14 nömrəli arayışından görünür ki, İddiaçı 18.09.1979-cu ildə X16 Alətlər Bazasında 1-ci dərəcəli təmirçi-çilingər ştatına işə qəbul edilmişdir (əmr 89/k, 17.09.1979-cu il), 30.10.1980-ci ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmişdir (əmr 87/r, 29.10.1980-ci il). İddiaçı göstərilən vəzifədə 01 il 01 ay 12 gün iş stajı vardır. X18 X22 X6 27.03.2002-ci il 32 nömrəli əmri ilə onun struktur tərkibindən çıxarılmış və onun bazasında X20 Alətləri ASC yaradılmışdır. İş materiallarında olan “X11 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 24 fevral 2020-ci il tarixli 03 saylı arayışında qeyd olunur: İddiaçı həqiqətən “Şirvanneft ” NQÇİ-nin Traktor Nəqliyyat sexinin 3-cü avtobölməsində SBQ-3 maşinisti və 6-cı dərəcə sementləyici aqreqatın motorçusu peşəsində işləmişdir. “Shirvan OCL" Şirkətində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı “Şirvanneft " NQÇİ-də 12 il, 02 ay, 29 gün əmək stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 10-cu bəndinin 10.2 yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı “Şirvanneft ” NQÇİdə güzəştli şərtlərlə 12 il, 02 ay, 29 gün əmək stajı vardır. Belə ki, 179/k saylı 14.11.1983-cü il tarixli əmrlə 14.11.1983-cü ildən 26.09.1984-cü il tarixədək “X10 İdarəsinin 3-cü avtobölməsində SBQ-3 (Səyyar buxar qurğusu) maşinisti peşəsində işləmişdir. 00-il-10 ay 12 gün. Buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri. 158/k saylı 26.09.1984-cü il tarixli əmrlə 26.09.1984-cü il tarixdən 15.02.1996-cı il tarixədək “Şirvanneft ” NQÇİ-nin Traktor Nəqliyyat sexinin 3-cü avtobölməsində 6-cı dərəcə sementləyici aqreqatın motorçusu peşəsində işləmişdir. -(11 il, 04 ay, 19 gün.) -(səh. 66. -sementləşdirici aqreqatların motorçuları). İddiaçı 15.02.1996-cı il tarixli 11/k-a saylı əmrlə "xxxx" Müştərək Müəssisəsinə keçirilməsilə ilə əlaqədar 15.02.1996-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndilə işdən azad edilmişdir. İş materiallarında olan SOCAR tərəfindən məhkəməyə ünvanlanmış 21.12.2020-ci il tarixli arayışında qeyd olunur: SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 14.11.1983-cü il (əmr № 179/k, 14.11.1983-cü il) X10 İdarəsinin 3 saylı avto kolonuna iki həftəlik təcrübə müddəti ilə PPU-3, 51-84 № maşına 3-cü dərəcəli maşinist (PPU-3) peşəsinə işə qəbul edilmişdir. 28.11.1983-cü ildə (əmr № 188/k, 30.11.1983-cü il) təcrübə müddətindən sonra sərbəst işə başlamışdır. 26.09.1984-cü ildə (əmr № 158/k, 26.09.1984-cü il) iki həftəlik təcrübə müddəti ilə "AZİNMAŞ- 37”-yə 6-cı dərəcəli motorçu sürücü peşəsinə keçirilmişdir. 10.10.1984-cü ildə (əmr № 166/k, 09.10.1984-cü il) təcrübə müddətindən sonra sərbəst işə başlamışdır. 10.02.1987-ci ildə (əmr № 22/k, 10.02.1987-ci il) yeni alınmış “AZİNMAŞ-37”-yə təhkim olunmuşdur. Quruda NQÇ İB-nin 24.02.1995-ci il tarixli, 52 saylı əmrinə əsasən Şirvan TNİ 01.03.1995-ci ildən struktur bölmə kimi TNS adı ilə “Şirvanneft” NQÇİ-nin tabeliyinə keçirilmişdir. 15.02.1996-cı ildə (əmr № 11/k-A, 15.02.1996-cı il) Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndi ilə "xxxx" Müştərək Müəssisəsinə köçürülmə yolu ilə işdən azad olunmuşdur. 01.02.1996-cı ildə (əmr № 7/p, 09.02.1996-cı il) "xxxx" MM-nin TNS-nə 6-cı dərəcəli qaldırıcı maşinist peşəsinə işə qəbul edilmişdir. 15.02.1996-cı ildə (əmr № 11/p) Mişovdağ sahəsinə 6-cı dərəcəli sürücü (UBA 50) peşəsinə keçirilmişdir. 12.01.1998-ci ildə (əmr № 27, 28.01.1998-ci il) TNS-yə 01-03 AQO №-li avtomaşına sürücü peşəsinə keçirilmişdir. 17.05.1999-cu ildə (əmr № 24/p, 20.05.1999-cu il) UPA 50, KRAZ- 255 avtomaşınına 6-cı dərəcəli maşinist peşəsinə keçirilmişdir. Haqq-hesab cədvəllərində olan qeydə əsasən 01.01.2000-ci ildən (əmr № 7/p, 26.01.2000-ci il) UPA4, UPA2 və “AUDEKO" qaldırıcı qurğularını idarə etmək üçün 8-ci dərəcəli sürücü peşəsinə keçirilmiş, 2000-ci ilin iyul ayınadək 8, avqust-oktyabr aylarında isə 6-cı dərəcəli sürücü kimi əmək haqqı almışdır. İşdən azad olunma barədə qeyd aşkar olunmamışdır. Məlumat üçün bildirilmişdir ki, ARDNŞ-nin 18.01.2001-ci il tarixli, 4 nömrəli əmrinə əsasən 22.11.2000-ci ildə "xxxx" MM ləğv edilmiş və onun bazasında Qarasu Əməliyyat Şirkəti yaradılmışdır. 15.02.1996-cı il tarixli, 11/k-A nömrəli işdən azad olunma əmrində peşəsi “AZİNMAŞ’’-37nin 6-cı dərəcəli qaldırıcı maşinisti kimi göstərildiyindən, araşdırmaq məqsədi ilə 1984- 1996-cı illər üzrə haqq-hesab cədvəlləri izlənilmiş, cədvəllərdə peşəsi mot.Az-37 olaraq göstərilmişdir. ARDNŞ-nin 22.08.1997-ci il tarixli 158 nömrəli və Quruda Neft və X4 26.08.1997-ci il tarixli 179 nömrəli əmrləri ilə “Şirvanneft” NQÇİ 01.09.1997-ci ildən ləğv olunmuş və onun bazasında "xxxx" BMMM yaradılmışdır. “Şirvanneft” NQÇİ-nin arxiv sənədləri Baş ofisin Mərkəzi Arxivinə təhvil verilmişdir. Vətəndaşın iş stajı barədə arayış arxiv sənədlərinə (əmrlər və şəxsi vərəqə) istinadən verildiyindən tərəflərindən güzəştli iş stajının olub-olmaması barədə qeydin göstərilməsi imkan xaricindədir. İş materiallarında olan “X11 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 07.04.2021-ci il tarixli 20 saylı arayışından görünür ki, İddiaçı həqiqətən “Şirvanneft ” NQÇİ-nin Traktor Nəqliyyat sexinin 3-cü avtobölməsində SBQ-3 maşinisti və 6-cı dərəcə sementləyici aqreqatın motorçusu peşəsində işləmişdir. “Shirvan OSL" Şirkətində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı “Şirvanneft " NQÇİ-də 12 il, 02 ay, 29 gün əmək stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 saylı qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının 12-ci bəndinin 2-ci yarımbəndinə əsasən (21302000 Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı “Şirvanneft ” NQÇİ-də güzəştli şərtlərlə 12 il, 02 ay, 29 gün əmək stajı vardır. Belə ki, 179/k saylı 14.11.1983-cü il tarixli əmrlə 14.11.1983-cü ildən 26.09.1984-cü il tarixədək “X10 İdarəsinin 3-cü avtobölməsində SBQ-3 (Səyyar buxar qurğusu) maşinisti peşəsində işləmişdir. 00-il-10 ay 12 gün, 2136200a-13969 buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri). 158/k saylı 26.09.1984-cü il tarixli əmrlə 26.09.1984-cü il tarixdən 15.02.1996-cı il tarixədək “Şirvanneft ” NQÇİ-nin Traktor Nəqliyyat sexinin 3-cü avtobölməsində 6-cı dərəcə sementləyici aqreqatın motorçusu peşəsində işləmişdir. -(11 il, 04 ay, 19 gün.) - (2130200a—14754. -sementləşdirici aqreqatların motorçuları). Sementləşdirici aqreqatlar keçmiş SSRİ dövründə KRAZ markalı avtomaşınların bazasında yığılmış AZİNMAŞ markalı qurğulardır. Həmin qurğular neft-qaz quyularının qazılması zamanı və artıq istismar edilən neft-qaz quyularında sementləşdirmə işlərinin həyata keçirilməsində istifadə edilir. “Sürücümotorçu” sementləşdirici aqreqat motorçusu peşəsinin öhdəliklərini və sürücünün də peşə öhdəliklərini həyata keçirir. X13 15.02.1996-cı il tarixli 11/k-a saylı əmrlə "xxxx" Müştərək Müəssisəsinə keçirilməsilə ilə əlaqədar 15.02.1996-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndilə işdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin 07.04.2020-ci il tarixli 100/02-161 saylı arxiv arayışdan görünür ki, İddiaçı həqiqətən Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin Əli Bayramlı şəhər “Cihazlar” zavodunun (Hal-hazırda Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC) Mexaniki təmir sexinə 17.01.1983-cü il tarixində 6/K №-li əmrlə 3cü dərəcəli elektrik montyoru peşəsi işinə qəbul edilmişdir. İddiaçı Azərbaycan SSR ƏQMnin 37-ci maddəsinə əsasən (öz təşəbbüsü) 24.10.1983-cü il tarixli 165 saylı əmrlə işdən azad edilmişdir. Qeyd: Cihazqayırma Nazirliyinin 523 saylı 19.10.1988-ci il tarixli ləğv olunmuş əmrinə əsasən SSRİ-nin 60 illiyi adına Əli Bayramlı şəhər “Cihazlar” zavodunun heyət və əmlakı Əli Bayramlı şəhər “Sənaye Avtomatika və Telemexanika” zavoduna daxil edilmişdir. Elektrotexnika Sənayesi və Cihazqayırma Nazirliyinin 153 saylı 04.07.1991-ci il tarixli əmrinə əsasən Əli Bayramlı şəhər “Sənaye Avtomatika və Telemexanika” zavodu Əli Bayramlı şəhər “Telemexanika” İstehsalat Birliyi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli Fərman ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilmiş və onun bazasına Müdafiə Sənayesi Nazirliyi yaradılmış Əli Bayramlı şəhər “Telemexanika” İstehsalat Birliyi “Telemexanika” zavodu adlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 03.06.2020-ci il tarixli **********9 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi İdarəyə təqdim edilmiş sənədlərdə 26.09.1984-15.02.1996-cı il tarixləri arasındakı dövr ərzində "Şirvannneft” NQÇİ-nin X7 əmək fəaliyyəti ilə məşğul olduğu sürücü-motorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 13.02.2019-cu il tarixdə tamam olmuşdur və o, 10.11.1980-cı il tarixdən 21.11.1982-ci il tarixədək həqiqi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş (2 il 11 gün), əmək kitabçasına əsasən iddiaçı 18.09.1979-cu il tarixdən 30.10.1980-cı il tarixədək “Azneft” Birliyinin Boruinstrumental bazasında instrumental sahədə kontora 1-ci dərəcəli çilingər-təmirçi vəzifəsində (1 il 1 ay 12 gün), 17.01.1983-cü il tarixdən 24.10.1983-cü il tarixədək Əli Bayramlı cihazlar zavodunda təmir mexanika sexinə 3-cü dərəcəli elektrik montyoru vəzifəsində (9 ay 7 gün), 14.11.1983-cü il tarixdən 30.11.2000-ci il tarixədək Şirvan TNİ-də 3 saylı avtomobil dəstəsi 3-cü dərəcəli 3 Səyyar buxar deaksilyasiya qurğusunun maşinisti, “AZİNMAŞ-37”-yə 6-cı dərəcəli motorçu sürücü, 15.02.1996-cı il tarixdə "xxxx" müştərək müəssisəsinə köçürülmüş və Müəssisədə Traktor nəqliyyat sexinə 6-cı dərəcəli qaldırıcı maşinist vəzifəsində (17 il 16 gün), 01.12.2000-ci il tarixdən "xxxx" Əməliyyat Şirkətində X7 6-cı dərəcəli maşinist-qazmaçı, Quruların Əsaslı və Yeraltı Təmir sexinə fəhlə, X7 UPA-2 qaldırıcı maşına sürücü maşinist, əsaslı təmir sahəsində mexanik-sürücü, Ağır avadanlıqlar şöbəsində avtomobil sürücüsü vəzifəsində işləmiş və hal-hazırda həmin Şirkətin Nəqliyyat sexində avtomobil sürücüsü vəzifəsində işləyir (01.01.2006-cı il tarixədək 5 il 1 ay). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Göründüyü kimi iddiaçının hərbi xidmət və təhsil müddəti nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 26 il 16 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının 14.11.1983-cü il tarixdən 26.09.1984-cü ilədək Şirvan TNİ-nin 3-cü avtobölməsində Səyyar buxar deaksilyasiya qurğusunun maşinisti – AR Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahıda Xİİ Bölmə Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı, kömürün və şistin emalı, 2-ci yarımbölmə Neft-qaz və qaz kondensatının hasilatı, kod 2136200a—13969 - buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri (10 ay 12 gün); 26.09.1984-cü il tarixdən 15.02.1996-cı il tarixədək “Şirvanneft” NQÇİ-nin Traktor Nəqliyyat sexinin 3-cü avtobölməsində işlədiyi 6-cı dərəcəli motorçu sürücü - AR Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahıda Xİİ Bölmə Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı, kömürün və şistin emalı, 2-ci yarımbölmə Neft-qaz və qaz kondensatının hasilatı, kod 2130200a—14754 - sementləşdirici aqreqatların motorçuları (11 il 4 ay 19 gün); 01.02.1996-cı il tarixdən 01.12.2000-ci il tarixədək X3 Traktor Nəqliyyat sexində işlədiyi qaldırıcı maşinist (4 il 10 ay) AR Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahıda Xİİ bölmənin 2-ci bəndində qeyd olunan Neftqaz və qaz kondensatının hasilatı (kod: 2130200a-14012 - qaldırıcıların maşinistləri), Karasu Əməliyyat Şirkətində 01.12.2000-ci il tarixdən 25.09.2001-ci il tarixədək X7 işlədiyi 6 dərəcəli qaldırıcı maşinist, 25.09.2001-ci il tarixdən 11.01.2002-ci il tarixədək Quyuların Əsaslı və Yeraltı təmiri sexində işlədiyi fəhlə, 11.01.2002-ci il tarixdən 01.12.2003-cü il tarixədək Texnoloji Nəqliyyat sexi UPA-2-də işlədiyi qaldırıcı maşinist (3 il), AR Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiqlənmiş 2 saylı Siyahıda Xİİ bölmənin 2-ci bəndində qeyd olunan Neft-qaz və qaz kondensatının hasilatı (kod: 2130200a - a) fəhlələr, 2130200a-14012 - qaldırıcıların maşinistləri), eləcə də AR Nazirlər Kabinetinin hazırda qüvvədə olan 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahıda 10.2. Neft, qaz və qaz kondensatının hasilatı a) fəhlələr: qaldırıcıların maşinistləri peşələrinə uyğun olduğundan ona güzəştli əmək pensiyasına çıxmağına əsas verir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 20 il 1 ay 1 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdehin apelyasiya şikayətindəki “26.09.1984-15.02.1996-cı il tarixləri arasındakı dövr ərzində "Şirvannneft” NQÇİ-nin X7 iddiaçının işlədiyi sürücü-motorçu peşəsinin qeyd olunan siyahıda nəzərdə tutulmadığı” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “X11 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 07.04.2021-ci il tarixli 20 saylı arayışından müəyyən olunur ki, iddiaçı 26.09.1984-cü il tarixdən 15.02.1996-cı il tarixədək “Şirvanneft” NQÇİ-nin Traktor Nəqliyyat sexinin 3-cü avtobölməsində 6-cı dərəcə sementləyici aqreqatın motorçusu peşəsində işləmişdir (2130200a—14754 -sementləşdirici aqreqatların motorçuları), sementləşdirici aqreqatlar keçmiş SSRİ dövründə KRAZ markalı avtomaşınların bazasında yığılmış AZİNMAŞ markalı qurğulardır, həmin qurğular neft-qaz quyularının qazılması zamanı və artıq istismar edilən neft-qaz quyularında sementləşdirmə işlərinin həyata keçirilməsində istifadə edilir, “Sürücü-motorçu” sementləşdirici aqreqat motorçusu peşəsinin öhdəliklərini və sürücünün də peşə öhdəliklərini həyata keçirir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 26.09.1984-ci il tarixdən 15.02.1996-cı il tarixədək işlədiyi sürücü-motorçu peşəsi əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməsi kimi nəzərə alınmalıdır. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 13.02.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1214/2021 saylı 28 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2072/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2072/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver